”Postunu atasından alan avtoritar prezident İlham Əliyev seçim etməlidir”

”Birinci xanımın restoranı aşpazla birgə Marbelyadan gətirilib”

Source:
İlham Əliyev
İlham Əliyev


Ukrayna və Dağlıq Qarabağ münaqişələrini nə birləşdirir; Azərbaycanla Ermənistanda vətənpərvərlik eyforiyasını həmişə nəzarətdə saxlamaq mümkün olmaya bilər – 20 may Qərb mediasının icmalı.

«Gələn ay Bakıda keçiriləcək «Formula 1» yarışlarında sürət maşınları Bakının gözqamaşdıran mərkəzindən, beşulduzlu otellərin, bahalı «Brioni» və «Chopard» mağazalarının yanından şütüyəcək. Bu maşınlar ölkənin daha az işıqsaçan dayanıqsız iqtisadiyyatı, despotik siyasi sistemi və Dağlıq Qarabağ münaqişəsinin də yaxınlığından ötüb keçəcək. Axı belə bir sürət bu keçmiş sovet respublikasında qeyri-təhlükəsizliyin əlamətlərini aşkarlamağa imkan vermir».


«The Economist»


 dərgisi «Gələcəyin Bakısı» adlı məqaləsində «Formula 1»in Azərbaycandan ötrü şan-şöhrət layihəsi olduğunu vurğulayır.

Məqalədə deyilir ki, 2003-2015-ci illərdə neft və qaz gəlirləri 119 milyard dollar olub və bu pul infrastruktura, silahlara, mənasız layihələrə xərclənib. Pulun bir hissəsi ölkənin güclü şəxslərinin ofşor hesablarına axıb. Ancaq neft ucuzlaşınca, musiqinin də səsi kəsildi. İndi Bakıda taksi sürücüləri də qiymətlərin qalxmasından, Qran-pri yarışlarına boş məsrəflərdən gileylənirlər.

«Ölkə iqtisadiyyatının böyük hissəsinə nəzarət edən siyasi klanların da yerləri silkələnib. Postunu atasından alan avtoritar prezident İlham Əliyev indiyədək Qərbin neft və qaz layihələrinə söykənib. Ancaq indi ölkəsini daha da müasirləşdirmək, yoxsa diktaturaya sürükləmək arasında seçim etməlidir», – yazıda oxuyuruq.

Məqalədə vurğulanır ki, 2014-cü ildə Kiyevdə Maydan hərəkatından sonra Azərbaycan Rusiyanın repressiv taktikasını təkrarladı. Lakin Rusiyanın Krımı ilhaqı etməsi Əliyevi də əndişələndirdi. İndi cənab Əliyev Qərblə münasibətlərinin bərpasına çalışır. Vaşinqton səfərindən öncə 10-dan çox siyasi məhbusu azadlığa buraxdı. Amma iki tanınmış məhbus, ReAL Hərəkatının lideri İlqar Məmmədov və araşdırmaçı-jurnalist Xədicə İsmayılova həbsdə saxlandı. Hərəkatın katibi Natiq Cəfərli deyir ki, onlara kiçik bizneslərdən, hətta SOCAR-dan yeni üzvlər qoşulmaqdadır.

«On ilə islahatlar planlaşdırırdıq. İndi onları daha tez həyata keçirməliyik», – prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyir. Onun sözlərincə, ölkədə böyük infrastruktur qurulub, ancaq çatışmayan cəhət insan kapitalıdır.

«Azərbaycan illərdir iqtisadiyyatını şaxələndirməkdən danışır. İndi bu «boş ritorika» reallığa çevrilməkdədir, – bir Qərb diplomatı belə deyir. İslahatlar modeli kimi Malayziya qəbul olunur. Elita inanır ki, siyasi sistemə toxunmadan iqtisadi islahatları idxal edə bilər. Bakı küçələrinə London taksilərini də belə gətirdilər, Birinci ledinin sevimli restoranı isə aşpazı, çəngəl-bıçağı, hər şeyi ilə birlikdə Marbelyadan (İspaniyanın cənubundan şəhər – red.) gətirilib», – «The Economist» yazır.

Yazıda qeyd olunur ki, Azərbaycanda islahatları həyata keçirəcək bürokratik sistem olmasa da, parlaq Qərb təhsilli gənclər var. Məsələn, Kembric Universitetində doktorluq dərəcəsi almış Tale Ziyadov Bakının yeni limanında azad ticarət zonasının rəhbəridir. O deyir ki, «bütün ölkənin islah olunmasını gözləməyə vaxt yoxdur».

Dərgi Azərbaycan Diplomatik Akademiyasını – ADA-nı yeni elitanın təlim düşərgəsi adlandırır. Burada dərslər ingiliscədir, əsas heyət də xaricilərdir. Rektoru, Birinci ledinin 75 yaşlı əmisi Hafiz Paşayevin sözlərincə, missiyaları «tələbələrin azad düşünə biləcəyi özəl mühit yaratmaqdır».

«Keçmiş sovet fiziki olan cənab Paşayev yaxşı bilir ki, ADA məzunları sonucda daha çox səlahiyyət naminə indiki elitanı sıxışdıracaq. 1980-ci illərdə sovet intelligensiyası da belə etmişdi. Ancaq Paşayev ölkənin ən güclü ailələrindən birinin üzvüdür, elitanın idarəolunan şəkildə əvəzlənəcəyinə ümid edir, Gürcüstan və Ukraynadakı kimi radikal formada deyil».

«Klan-köklü avtokratiyanın belə bir modernləşdirmə proqramını uğurla reallaşdıracağı şübhə doğurur, ancaq millətçilik də güclü motivatordur. Cənab Paşayev iddialı şəkildə deyir ki, «məqsədimiz ölkəni dünyada aparıcı mövqeyə çıxarmaqdır». Ola bilsin, ADA bu yöndə uğur qazansın. Ancaq neft quyuları və sürət maşınlarının bol olduğu bir ölkədə rüşvətxorluq və korrupsiyaya meyllilik də güclüdür», – «The Economist» yazır.

Tərcümə: Azadlıq radiosu

Ana səhifəXəbərlər”Postunu atasından alan avtoritar prezident İlham Əliyev seçim etməlidir”