“Parlament Cəmil Həsənlinin yox, İlham Əliyevin siyahısı əsasında formalaşacaq”


İntiqam Əliyev: “İslahat oyunları baş aldatmağa, hakimiyyətin ömrünü uzatmağa xidmət edir”


Fevralın 9-da Azərbaycanda parlament seçkiləri olacaq. Bu yarışda kimlər qalib gələcək? Uduzanlar kimlər olacaq? Hökumətin islahat açıqlamaları, vəzifədən kənarlaşdırılan məmurlar və siyasi məhbus problemləri ilə bağlı Meydan TV hüquqşünas İntiqam Əliyevlə müsahibə edib.




Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşündə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycandakı siyasi məhbuslarla bağlı qərarından danışıb. Deyib ki, bu sənəd onun üçün kağız parçasıdır və icra etməyəcəklər. Bu barədə nə deyə bilərsiniz?

– Təbii ki, bu qətnamənin qəbulunu alqışlayıram. Bu uğur ölkədə çox çətin şəraitdə fəaliyyət göstərən, sayları çox olmasa da mobilliyini qoruyub saxlayan hüquq müdafiəçilərinin və digər vətəndaş cəmiyyəti təmsilçilərinin (siyasi, ictimai) səyləri nəticəsində oldu. Təbii bu qətnamənin qəbulunda prinsipial mövqe sərgiləyən Avropa Şurası məruzəçisinin və AŞPA-dakı vicdanlı siyasətçilərin də əməyi var. 2011-ci ildə Azərbaycan hökumətinin AŞPA-nın diplomatlarını pulla ələ almaq hesabına Ştrasserin hazırladığı eyniməzmunlu hesabatını bloklaması bu qurum üçün üz qarası, böyük bir ləkə idi. Prezidentin dediklərinə gəldikdə, bu ritorika daha çox daxili auditoriyaya hesablanıb. Hakimiyyət dalana dirənmək üzrədir. Daha əvvəlki kimi “dəcəllik”, kim istəsə bunu “dəlilik” kimi də oxuya bilər, edə bilməyəcək. Əminliklə demək olar ki, bundan sonra Avropanın (təkcə oranın yox) ən nüfuzlu beynəlxalq təşkilatının deputatlarının, – prezidenti, vitse-prezidenti də daxil – səslərini kürü ilə almağın mümkün olduğu dövr geridə qalıb. Rusu, türkü və Azərbaycan kimi avtoritar ölkələrdən olan siyasətçiləri, diplomatları qoyuram bir kənara, fransızın, almanın, ispanın, italyanın, lap elə ingilisin əvvəlki kimi siyasi məhbus, seçki və bu kimi hökumətimiz üçün həssas məsələlərdəs onu əvvəlki kimi aşkar və hətta həyasızcasına müdafiə etməsi asan olmayacaq. Çünki beynəlxalq ictimai rəy “Aha, alıb!” – deyə, düşünəcək və haqlı olacaq. Axı marağın yoxdursa, qarnının azarı nədir ki, yalan və saxta olanı açıq-aşkar müdafiə edirsən?! Ölkə rəhbəri bunu anlamamış deyil. Çavuşoğluna dediyi “Sən AŞ-ın Prezidenti olanda nə gözəl günlər idi!” – cümləsi daha çox ötən dövrlər üçün xiffət idi. Yeri gəlmişkən, Türkiyənin indiki xarici siyasətinin rəhbərinin Avropa Şurasının o vaxtkı rəhbərliyində fəaliyyətinin ciddi araşdırılmasına ehtiyac var… Fikir vermisinizsə, daha bu cür sənədlərin qəbulundan sonra dövlət və ona yaxın KİV-lərdə “bizi gözü götürməyən ermənipərəst qüvvələri” yıxıb sürümək, “göy əskiyə bürümək” üçün əvvəlki növbələr yoxdur. Həm ölkədə, həm də dünyada baş verən mürəkkəb geopolitik və xüsusilə də bəd iqtisadi proqnozlar şəraitində Avropa qurumları ilə münasibətləri korlamaq Azərbaycan hakimiyyətinin marağında deyil. Onun əsas dəstəkçiləri də əvvəlki kimi qüdrətli deyillər. Əsas qardaş – Rusiyada Putin rejimi hələ güclü olsa da, onun dayaqlarının önəmli şəkildə zəifləyəcəyi bu ölkədə çox ciddi dəyişikliklərin baş verəcəyi istisna deyil. Odur ki, beynəlxalq qurumlarla münasibətləri korlamamaq üçün hakimiyyətin siyasi məhbus probleminin həlli istiqamətində müəyyən addımlar atacağı şübhəsizdir. Böyük ehtimalla, əfv, məhkəmə qərarları yolu ilə türmələrin onlardan azad olunması prosesi seçkidən sonra davam edəcək. Amma bir şey aydındır ki, hakimiyyətin siyasi məhbus problemini bir institut kimi aradan qaldırmaq fikri yoxdur…



– Buna nə mane olur?

– Avropa Şurasının sənədində də qeyd edildiyi kimi – siyasi məhbus problemi sistem problemidir. Hakimiyyət bölgüsü, siyasi plüralizm, müstəqil media, məhkəmələr, vətəndaş cəmiyyəti, azad seçki olmayan ölkədə siyasi məhbuslar həmişə olacaq. Ola bilər say bir vaxt artsın, başqa vaxt azalsın. Amma olmaması mümkün deyil. İlham Əliyev, Putin, bir başqası istəsə belə bunu edə bilməz. Çünki bunları etsə, gərək hakimiyyəti təhvil verə. Ona görə o heç vaxt azad seçki keçirə bilməz. Bu islahat oyunları, köhnə-təzə komanda hoqqası da baş aldatmağa, vaxt qazanmağa və hakimiyyətin ömrünü uzatmağa xidmət edir. Fevralın 9-na çox qalmayıb. Hərçənd ki, özünü korluğa qoymayanlar üçün indinin özündə də hər şey aydındır.




Bəs yeni və köhnə qvardiya qarşıdurması, bunun seçki müstəvisində də davam etməsi barədə deyilənlər necə? Bu fikirləri səsləndirənlər arasında yetərincə ciddi adamlar var…

– Hakimiyyətdəkiləri köhnə, yeni qvardiyaya və ya mühafizəkarlar və islahatçılara bölmək, onların arasında az qala müharibə getdiyi barədə iddialar da yaxşı halda xülyadır. Pis halda isə məqsədli yalandır. Kim kimə müharibə açıb? İslahatçı Paşayevlər mühafizəkar Əliyev(lər)ə qarşı? Əliyevlər və Paşayevlər o qədər ağılsız deyillər ki, birilərinin zəifləməsinin müştərək hakimiyyətləri üçün nə qədər təhlükəli olduğunu anlamasınlar. Yoxsa bir yerdə “köhnə qvardiya” və ya “mühafizəkar” adlanan qüvvəyə qarşı? Yəni, birincilər azad seçki keçirmək istəyirmişlər, Ramiz Mehdiyev imkan vermirmiş? Və ya siyasi məhbusların hamısını buraxmaq istəyirmişlər, ancaq Əli Həsənov qoymurmuş? Hazırda bu iki nəfəri Əli Əhmədov əvəz edirmiş, Qarabağı azad etmək istəyirmişlər, o biri Əli Həsənov tankları ilə durub qarşılarında? Korrupsiyanı, iqtisadiyyatda monopoliyanı yığışdırmaq istəyirmişlər, Kəmaləddin Heydərov qabaqlarını kəsibmiş? Məhkəmələri müstəqil görmək istəyirmişlər, amma Fikrət Məmmədov öz xalası oğluna qarşı çıxırmış? Bu sözlərmi? Hakimiyyətdə fərqli düşünən, hətta narazıların olması mümkündür, amma onların mühafizəkarlara savaş aça bilməsi, qvardiyası yoxdur və ola da bilməz. Çünki mühafizəkarların başında Əliyevin özü dayanır. “Oğurla!”nı da o deyir, “saxtalaşdır!”ı da, “tut”u da, “döy”ü də! Bunu görməmək, anlamamaq ya siyasi korluqdur, ya da yallanmış (yağlanmış) riyakarlıq. İlham Əliyev azad seçkini bacarmadığı üçün yox, xalqına etibar etmədiyi üçün keçirmir. Bilsə ki, ədalətli seçkiyə getsə, xalqı gəlib ona və ya onun sədaqətlə xidmətində dayanan təzəli-köhnəli qvardiyasına səs verəcək, bunu edər. Real siyasi, sosial-iqtisadi islahatları da ona görə etmir ki, məsələn, anlayır ki, təhsildə rüşvəti yığışdırsa, müəlliminə yaxşı maaş versə, onlardan eyni rahatlıqla seçkilərin saxtalaşdırılmasında istifadə edə bilməyəcək. Bilsə ki, televiziyalara, mediaya tam azadlıq versə, özü və ailəsi tənqiddən kənarda qalacaq, korrupsiyanı, iqtisadiyyatda monopoliyanı yığışdırsa, məhkəmələrə müstəqillik versə, sahibkarı, hakimi, prokuroru yenə də hər sözünə ləbbeyk deyəcək, bunu da edər. Amma əmin deyil. Şübhələrində də haqlıdır. Bu səbəbdən televizordan millətə islahatlardan, ədalətdən, hüququn aliliyindən danışır. Bunları real tələb edənləri isə döydürür, ölkədən qovdurur, həbsə atdırır…




Bir həftədən çoxdur media və sosial şəbəkələrdə Milli Şuranın sədri Cəmil Həsənlinin parlamentə mandat alacaq şəxslərin bəlli siyahısı müzakirə edilir. Siyahıya yanaşmalar müxtəlifdir. Bir qrup deyir ki, bu siyahı insanları ruhdan salmaqla, seçki aktivliyinə ciddi zərbə vurur və ya vura bilər. Əks fikirdə olanlar da var, siz necə düşünrsünüz?

– Cəmil Həsənlinin siyahısını bu ölkədəki duruma bələd olan, siyasətdən də az-çox başı çıxan hər kəs tərtib edə bilər. Eynilə də bu cür siyahıların hər seçkiöncəsi köhnə-təzə qvardiyanın yerləşdiyi binada hazırlandığını da. Yalnız sadəlövh və ya özünü korluğa qoyanlar buna şübhə ilə yanaşa bilərlər. Siyahının seçki fəallığına mənfi təsir etdiyi barədə deyilənlər də boş söhbətdir. Müxalifətin bir qisminin seçkini boykot etməsi və ya elə bu siyahının yayılması ilə bağlılığı yoxdur. Ya da bu bağ ümumi nəticəyə təsir etməyəcək qədər cüzidir. Adamlar seçkiyə tamam başqa səbəblərə görə gəlmirlər. Hakimiyyətin seçkiləri saxtalaşdırmaq üçün də, hər hansı etirazları yatırmaq üçün də resursları yetərincədir. Ölkədəki müxalif kəsimin (təkcə müxalif partiyaları nəzərdə tutmuram), indiki insan, maddi və digər resursları ilə nə saxtalaşdırmanın qarşısını almağa, nə də ona qarşı etirazları təşkil etməyə gücü var. Adamlar bunu görürlər, anlayırlar və fevralın 9-da gördüklərinə və anladıqlarına uyğun davranacaqlar. Kimsənin bu insanları qınamağa haqqı yoxdur. Yeri gəlmişkən, indi də belə “klaviatura qəhrəmanları” az deyil. Seçkidən sonra sayları daha da artacaq. Durumun əsas səbəbkarı qalacaq bir tərəfdə, xalqı, müxalifəti asıb-kəsəcəklər.

İntiqam Əliyev
İntiqam Əliyev




Deyirsiniz ki, fevralın 9-dan sonra parlament Cəmil Həsənlinin siyahısı əsasında formalaşacaq?

– Yox, parlament İlham Əliyevin siyahısı əsasında formalaşacaq. Bu iki siyahı arasında 5-10, hətta 20-30 faiz belə fərq (hərçənd, buna çox az ehtimal var) heç nəyi dəyişmir.




Fikirlərinizdən belə çıxır ki, seçkiyə qatılan müxalif partiyaların və müstəqillərin zəhməti hədərdir?

– Yox, elə çıxmır. Bir qisim insanın təcrübə toplamaq, insanlarla canlı ünsiyyətdə olub özlərini, təmsil etdikləri siyasi qüvvəni tanıtması pis deyil. Başqa biriləri seçki institutunun tamamilə ölməsinin qarşısını almaq üçün seçkiyə gedir. Təbii islahat nağıllarına inanıb yarışa qatılanlar da var. Amma belələrinin çox olduğunu düşünmürəm. Yenə deyirəm, çəkilən zəhmət hədər getmir. Seçkinin uğursuz nəticələri belə, bu insanların, o cümlədən onlara dəstək verənlərin – seçicilərin, yerli və xarici müşahidəçilərin (təbii ki, vicdanlılarını nəzərdə tuturam), seçki pozuntularını fiksə edən və onları yayan jurnalistlərin, fəalların, adi adamların, pozuntularla bağlı şikayətləri DSK, MSK, məhkəmə adlı ölüxanalardan keçirib Avropa Məhkəməsinə daşıyan vəkillərin, hüquq müdafiəçilərinin səyləri hesabına, toplumu real dəyişikliklərə aparan yolda növbəti addımlardır.

Ana səhifəVideo“Parlament Cəmil Həsənlinin yox, İlham Əliyevin siyahısı əsasında formalaşacaq”