‘’Paket maaşlardan imtina edilir”

Natiq Cəfərli: “Korrupsiya minlərlə, hətta onminlərlə gizli iş yerləri yaradıb”

Source:
Natiq Cəfərli
Natiq Cəfərli


Natiq Cəfərli: “Korrupsiya minlərlə, hətta onminlərlə gizli iş yerləri yaradıb”

“Gömrükdə son rüsum artımının məntiqi həm də odur ki, ölkənin ən korrupsiyalaşmış qurumunda “paket” maaşlardan imtina edilir. Son rüsum artımından yığılan vəsaitin 50 faizi gömrük işçilərinə maaşa əlavə mükafat kimi veriləcək”.

İqtisadçı Natiq Cəfərli belə deyir. Bildirir ki, gömrük orqanlarında maaşların rəsmiləşməsi yaxşıdır, sadəcə bunu edəndə korrupsiyanı da birdəfəlik yox edələr:

“Bu, mümkündürmü? Məncə, yox, çünki, məsələn, xırda məmur olan növbə rəisi aya 10 min manat qazanırdısa, indi maaş və mükafatla birgə, ən yaxşı halda aya 2000 manat qazanacaq. Amma həmin məmurun ailəsi, məşuqəsi, bağbanı, bağda saxladığı keşikçisi, evdə-bağda işləyən xadiməsi 10 min manata öyrəşmişdilər. Məmurcuq o 2000 manatla necə dolansın?! Ailəsinə necə anlatsın ki, bu il qışda Parisə, yayda Bodruma gedə bilməyəcək?! Uşaqlarına 7-8 repititor tutmuşdu, onların da yarısı, bağban və keşikçi vəzifəsi bağda ixtisara düşəcəklər, xadimə işdən qovulacaq, məşuqəsi küsub gedəcək. Xülasə, son 25 ildə elə eybəcər sistem qurulub ki, məmurlar və məmurcuqlar oğurlamasa, minlərlə qeydiyyatsız işləyən adamlar işsiz qalacaq”.

İqtisadçı bildirir ki, Azərbaycanda dünyada rast gəlinməyən korrupsiya sxemləri və mexanizmləri bərqərar olub:

“Korrupsiya minlərlə, hətta onminlərlə gizli iş yerləri yaradıb. Korrupsiyadan imtina bu sistemdə mümkün deyil, çünki aşağıdan ta yuxarıya qədər korrupsiya həm də hakim zümrəyə loyallığın təmin edilməsinə xidmət edir. Hökumətin cəlbedici hekayəsi, ideologiyası yoxdur deyə bütün loyallıq xətləri çirkli pullar üzərinə inşa edilib”.

Natiq Cəfərli deyir ki, sistem kökündən dəyişməsə, rüsumları qaldırmaqla, “ağ maaşlara” keçməklə heç nə dəyişən deyil.

Nazirlər Kabineti “Gömrük yığımlarının məbləğləri”ndə dəyişikliklər edib.

Dəyişikliklər sentyabrın 6-da qüvvəyə minəcək.

Qərarda qeyd olunur ki, malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi (tranzit xüsusi gömrük proseduru istisna olmaqla) və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərə, həmçinin fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsi zamanı gömrük borcu yarandığı halda həmin malların rəsmiləşdirilməsinə və yük (karqo) manifesti vasitəsilə Azərbaycan ərazisində hava gəmilərinin konstruksiyası ilə müəyyən edilmiş tutumlarına doldurulan və heyət üzvlərinin, xidmətedici heyətin, sərnişinlərin istifadəsi və hava gəmisinin istismarı üçün ehtiyatlar hesab olunan malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları məbləği belə olacaq:

“Gömrük dəyəri 1 000 manatadək olduqda 15 manat (Hazırda 10 manatdır), gömrük dəyəri 1 000 manatdan yuxarı və 10 000 manatadək olduqda 60 manat (hazırda 50 manatdır), gömrük dəyəri 10 000 manatdan yuxarı və 50 000 manatadək olduqda 120 manat ( hazırda 10 000 manatdan 100 000 manata qədər olduqda 100 manatdır), gömrük dəyəri 50 000 manatdan yuxarı və 100 000 manatadək olduqda 200 manat.

Ana səhifəXəbərlər‘’Paket maaşlardan imtina edilir”