”Oğlum yanğından iki gün əvvəl mərkəzə yerləşdirilmişdi”

Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı məhkəmədə zərərçəkmişlər ifadə verib

Source:
Narkoloji mərkəz (illüstrasiya)
Narkoloji mərkəz (illüstrasiya)


Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı məhkəmədə zərərçəkmişlər ifadə verib

Respublika Narkoloji Mərkəzində baş vermiş yanğına görə həbs olunan şəxslərin məhkəməsi sentyabrın 21-də davam etdirilib. Mərkəzin direktoru Telman Məmmədhəsənov, mühəndis Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəməsində üç nəfər zərərçəkmiş ifadə verib. Onlardan ikisi yanğında övladını itirib, biri isə hadisə vaxtı özü orada olub.

Zərərçəkmiş Arzu Rzayeva bildirib ki, oğlu Əkbər xəstə idi, ağrıları vardı, hadisədən iki gün əvvəl ora yerləşdirilmişdi: “On günlük getmişdi. İşləyirdi, beş aylıq uşağı vardı”.

Zərərçəkmiş Əsgərxan Ələkbərov bildirib ki, oğlu İsmayıl narkotik istifadəçisi olub: “Ona kimsə demişdi ki, orada müalicə olunsa, kökələcək. Getmişdi ki, zəhrimarlar canından çıxsın, amma belə oldu”.

Zərərçəkmiş Elşən Hüseynov bildirib ki, narkotik asılılığına görə Narkoloji Mərkəzdə, yanğın olan korpusdakı 6-cı palatada qalırdı: “Elnur adlı oğlanla qalırdım. Məni o oyatdı. Səhərə yaxın idi. Ayaqyalın, başıaçıq çıxıb qaçdıq. Adamların çoxu dərmanlara görə halsız idi”.

Zərərçəkmiş yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov barədə sualı cavablandırarkən bildirib ki, onu Mərkəzdə görüb, amma aqressiv hərəkətinin, danışığının şahidi olmayıb: “Hadisədən bir gün əvvəl axşam deyəsən, söz-söhbət olmuşdu. Dedilər ki, dərman istəyib, verməyiblər, o da mübahisə eləyib kiminləsə. Ancaq hadisə günü Məhəmmədi görməmişəm”.

Zərərçəkmiş əlavə edib ki, yanğın olan korpusun iki qapısı vardı və hər ikisi bağlı idi. Hadisə vaxtı Amid adlı mühafizəçi onlardan birini açıb, adamlar oradan qaçıb çıxıblar: “O biri qapı bağlı idi. Həm də o tərəf çox alovlanmışdı”.

Məhkəmə prosesi sentyabrın 28-nə qədər təxirə salınıb.

Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə almış Məhəmməd Məmmədov Cinayət Məcəlləsinin 120.2.4 (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə ittiham olunur.

Əvvəlcə o, həbs olunub. Daha sonra Mərkəzin sabiq direktoru Telman Məmmədhəsənov, mühəndis Mahir Abdullayev və şöbə müdiri Azad Ələkbərov həbs olunub. Hər 3 şəxs barəsində CM-nin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə – ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Başqa bir şöbə müdiri Afət Məmmədova isə həbs olunmasa da, onun da barəsində cinayət işi başlanıb, CM-in 311-ci (rüşvət alma) maddəsilə ittiham elan olunub.

A.Ələkbərovun səhhətində problemlər olduğu üçün onun barəsindəki cinayət işi ayrılıb. O, ürəyindən əməliyyat olunub.

Ana səhifəXəbərlər”Oğlum yanğından iki gün əvvəl mərkəzə yerləşdirilmişdi”