“NoWar”çı xalalar

“NoWar”-çıların etdiyi də sadəcə budur: ermənini insan kimi identifikasiya etmək və məhz humanist dəyərlər üzərindən aparılan ictimai dialoqlarla problemin həll olunacağına inanmaq.

Source: Specify Source


Anlamaq lazımdır ki, şeytan yoxdur, bütün qətliamlar insanlar tərəfindən törədilir

“Allah Yer kürəsin canlı üçün yaradıf. Sərhəd qoymuyufdu Allah-təala ki, burdan xristian keçəjəh, burdan müsəlman keçəjəh. Belə şey Quranda da yoxdu. Yaxşı olardı, sülh yoluyla olardı. Məsələn, mən “Youtube”-da görmüşəm də, sadə erməni milləti övladlarını sərhədə yola salanda nətər ağlayırlar. Bizimkilər də eyni ağlayır, hamı eyni ağlayır. Hamı eyni düşüncədədi ki, balam gedir ölümə. Sülh yoluyla olsaydı, qırğın olmazdı də…" – Nigar Əsgərova – Ağdam rayonundan məcburi köçkün (Meydan TV-yə müsahibəsindən).

İctimai sabitlik, birgəyaşayış və icmanın təhlükəsizliyini saxlamaq üçün insanlar milyon illərlə davam edən sosiallaşma zamanı müəyyən fəndlər mənimsəyiblər. Bunların ən vaciblərindən biri də fərqli birini sürüdən qovmaq və ya onu həmrəng, həmxasiyyət etməkdi. Bu, eynilə vəhşi təbiətdə xəstə heyvanın sürüdən qovulması davranışına uyğun gəlir. Xəstə fərd sürünü zəiflədir, onun hədəfə çatmasına mane olur. Dolayısı ilə, sosial davranışların da bioloji arxa fonu var orda bir xeyli "eşələnmək" mümkündür. Bəs müəyyən əxlaqi dəyərlər formalaşdırmış sosial heyvan icmanın "xəstəsini" sürüdən necə qovmalı? Ən optimal variant onun sürüyə aid olmadığını iddia etmək, hətta mümkünsə, düşmən sürü ilə əlaqəsini tapıb, ortaya çıxarmaqdır. Müharibə başlayandan "nowar"çılara qarşı edilənlər də məhz bu sürü davranışıdır. Əgər tənqid və təhqirlərin ritorika xülasəsinə baxsaq, gözəçarpan dərəcədə aşkar bir cərəyanı görə bilərik. Müharibə əleyhdarları toplu şəkildə cəmiyyətin üzvü olmamaqda, hətta qarşı cəbhədən təlimat almaqda ittiham edilir. Olduqca ibtidai və çox asanlıqla məhv edilə bilən arqument – daha doğrusu, instinktiv davranış. Yazıya əbəs yerə Nigar xanımın sözləri ilə başlamadım. Həmin qadın nə qrant alır, nə Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir, (yəqin ki, bu iddiaya görə üzrlü hesab edilərəm) nə də doğma yurdunu, qovulduğu torpaqları digərlərindən az sevir. O, bütün karyerası müxtəlif Qərb təşkilatlarından qrant layihələri dilənmək üçün qapılarda keçib, bu gün "nowar"çıların qranta görə sülh istədiyini iddia edənlərdən fərqli olaraq, dünyada QHT adlı bir bazarın varlığından belə xəbərsizdir. Buna baxmayaraq, sülh istəyir, sülh diləyir və bunu açıq şəkildə ifadə edir. Üstəlik, ermənilərlə empatiya belə qurur. Qaçqın düşərgələrində olanlar təsdiqləyə bilər: Azərbaycanda sülhün ən çox istəndiyi yer məhz həmin gettoları xatırladan uçuq-sökük binalar, tikililərdir. Hətta yuxarıdakı sitatı anaların ümumi fikri kimi də təqdim etmək olar. Çünki həmin adamların hər biri müharibəni hüceyrələrinə qədər yaşayıblar və bunun nə demək olduğunu yaxşı başa düşürlər. Onlar üçün müharibə “YouTube”da "uçan əsgər" görüntüləri izləmək demək deyil. Onlar üçün döyüşlər şaxtada günlərlə yol getmək, doğmalarını gözünün qarşısında itirmək, soyuqdan göyərmiş körpəni isitmək üçün heç bir şey tapmamaq və nəhayət, illər boyu başqalarının töhmətinə məruz qalmaq, alçaldılmaqdır. Bütün müharibə fraqmentlərini sadalamaq niyyətində deyiləm, zənnimcə, fikrim aydındır: müharibəyə qarşı olmaq davranışını xarici təşkilatlara, beynəlxalq qurumlara, xüsusi xidmət orqanlarına bağlamaq riyakarlıqdır. Bu, ən ibtidai insani davranışlardan biridir və çoxqatlı manipulyasiyalara rəğmən belə dəyişməyə bilir. Elə isə, çoxluğu məhz bu humanist arzudan məhrum edən nədir? Bu anda situasiyanı anlamaq üçün bizim köməyimizə əlahəzrət bir söz gəlir: dehumanizasiya.

Dehumanizasiya – bir şəxsi və ya qrupu insanlıqdan çıxarmaq, onları fərqli varlıq kimi identifikasiya etməkdir. Dehumanizasiya, əsasən, ictimai fikir formalaşdıran – təhsil, televiziya və digər vasitələrlə ortaya çıxarılır. Məsələn, təsvir edilərkən haqqında insan kimi yox, yırtıcı varlıq kimi danışılan, zehnimizdə yaradılan erməni profilinə nəzər salaq: körpəliyi qulağına türklərə nifrət sözləri deyilərək keçmiş, hiyləgər, üzdə mehriban, amma arxadan vurmaq üçün hər zaman hazır, hamilə qadınların qarnından uşaq çıxaran, gəlinlərin belinə qaynar samovar bağlayan və s. “Zori Balayanın kitabı”ndan sitat kimi təqdim olunan cümlələri yazıda təkrarlamaq istəmirəm. Həmin sitatdan ölkəmizdə hamı xəbərdardır, amma əslində, elə bir kitabın, elə bir qeydin olmadığını çox az adam bilir. Əlbəttə, erməni ictimai şüuru da bu tip hekayələrlə doludur. Beləcə, illər sonra bir-birlərini sadəcə nifrət təbliğatı sayəsində tanıyan iki nəsil üz-üzə gəlir. Bu tip real və uydurma hekayələrlə qarşı tərəf insanlıqdan çıxarılır, ictimai şüurda hansısa başqa bir məxluq yaradılır. Beləliklə, birgəyaşayış təcrübəsi olan nəsillər düşməni insan kimi, olmayanlar isə bədheybət kimi xarakterizə edirlər. Bu, bütün düşmən cütlüyün qismən az, qismən çox etdiyi, əsrlərdir dəyişməyən davranışdır. Əslində, başqa cür müharibə etmək mümkün də deyil. Əbəs yerə deyilmir ki, müharibədə heç vaxt insan öldürülmür. Ölü hər kəs öldürən üçün hansısa xəyali, vəhşi bir məxluqun insan cildindəki təzahürüdür. Məhz qaçqın və məcburi köçkün düşərgəsində daha çox humanizmin, sülh arzusunun olması paradoks kimi görünsə də, əslində, sadə bir məntiqə əsaslanır. Çoxluqdan fərqli olaraq, onlar ermənilərlə birgəyaşayış təcrübəsinə sahibdirlər. Qonaq gələndə erməni qonşudan qənd, çörək borc alıb, şübhəsiz ki, eynisini də özü edib. Başqa sözlə, Nigar xanım erməninin insan olduğunu bilir və ona qarşı düşüncəsi də məhz bunun əsasında formalaşır. Yeni nəsil belə təcrübə yaşamadığı və dövlət təbliğatı, nifrət dili və propaqandasının təsiri altında olduğu üçün ermənilərlə sülhün, birgəyaşayışın mümkünlüyünə inanmır. Əlbəttə, burda yaş faktoru da rol oynayır. Daha yaşlı insan, əsasən əsgər və ya potensial əsgər valideynidir, buna görə də, “Youtube”da "uçan erməni əsgər" onun zehnində gizlincə 10 dəfə "iraq olsun" dediyi düşüncəni canlandırır.

Dehumanizasiyaya məruz qoymaq əksər hallarda problemin həllini çətinləşdirir və onun arxa fonunu görməyə imkan vermir. Hitler, eləcə də, Xocalı qətliamını törədən şəxsləri insanlıqdan çıxararaq, şeytan və s. anlayışlara bürüməklə məsələni dərk etmək şansımızı itiririk. Anlamaq lazımdır ki, şeytan yoxdur, bütün qətliamlar insanlar tərəfindən törədilir və bunun qarşısını yalnız onlara qarşı insani rəftarla ala bilərik. Əks rəftar, zorakılıq sadəcə problemin dairəvi həlli modelini ortaya çıxarır: zorakılıq növbəti zorakılıq üçün zəmin hazırlayır. Qan davalarının populyar olduğu dövrlərdə insanlar fərd olaraq heç də daha az mərhəmət sahibi deyildilər. Sadəcə, ədalət anlayışı zorakılığın məhz zorla aradan qaldırılması üzərində formalaşmışdı. Amma bu gün dərk edirik ki, qan davasında hər qisas sadəcə növbəti qətlin əsasını qoyur, çıxılmaz dairə effekti yaradır. Müharibəyə də total qan davası kimi yanaşsaq, onun bəşər tarixində elə çox ömrünün qalmadığı bəlli olar. Çünki bugünədək heç bir müqəddəs müharibə sülhsüz, sülh quruculuğu olmadan öz məqsədlərinə çatmayıb.

"NoWar"-çıların etdiyi də sadəcə budur: ermənini insan kimi identifikasiya etmək və məhz humanist dəyərlər üzərindən aparılan ictimai dialoqlarla problemin həll olunacağına inanmaq. Əks hal, yəni, nifrət nitqinin və dehumanizasiyanın davamı gələcək üçün basdırılmış, ağır nəticələri olacaq minalardır. Hər halda, Azərbaycan rəsmi səviyyədə Dağlıq Qarabağın işğaldan azad edilməsindən sonra orada erməni və azərbaycanlı icmasının birlikdə yaşayacağını bəyan edib. Qonşumuzu hansısa bədheybət kimi xarakterizə etsək, onunla dil tapmayacağımız dəqiqdir. Bu isə növbəti müharibə, növbəti faciələr – dairənin içində sonsuz hərəkət deməkdir.

Yazını şəhid anası, şuşalı Səkinə Qəmbərovanın 7 il öncə “Yurd TV”-dəki sorğuda kövrələrək dediyi fikirlərlə yekunlaşdırmaq istərdim. Səkinə xalanın yaşayıb-yaşamadığını, bu günləri görüb-görmədiyini bilmirəm, amma arzusunun məhz müharibə ilə reallaşmasının yaşadığı halda onda hansı emosiyalar yaratdığını təxmin etmək çətin deyil. Müharibə onu yaşamışlar üçün bir də təkrarlanmasını istəməyəcəkləri dəhşət, kənardan izləyənlər üçün adi bir oyundur.

  • Gün o gün olsun, biz Şuşaya qayıdaq, ancaq müharibə istəmirəm. Mənim kimi heç bir ana ağlar qalmasın, qızlar…


Elvin Cəbizadə

Ana səhifəXəbərlər“NoWar”çı xalalar