Bir yasağın yumruğu

Elə Vergilər Nazirliyinin özünün də “Relax”da baş verənlərdən gileylənmək kimi bir lüksü ola bilməz.

Foto: Meydan TV


"Relax" hadisəsindən sonra tragikomik situasiya yaranıb

Hansısa deputatın obyektində (“Relax” istirahət və turizm mərkəzi) yoxlamaya gələn vergi işçilərinin döyülməsi xeyli hay-küy doğurdu, halbuki bunda nə heyrətlənəcək, nə təəccüblənəcək bir şey yox idi. Bizim ölkədə səbəbi qoyub, nəticə üzərindən fikir yürütmək, qara-qışqırıq salmaq adi haldır. Belədə isə ortaya əcaib mənzərə çıxır: adama elə gəlir ki, bizim camaat Azərbaycana hardansa qəfil gəlib düşüblər, bu ölkənin reallıqlarından xəbərsizdirlər.

Elə İqbal Məmmədov ad-soyadlı həmin deputatın obyektində baş verənlərlə bağlı da eyni mənzərə yarandı. Bu dəfə də uca millət, sevgili xalq səbəbi qoyub nəticə üzərindən hay-haray saldı. Guya bu boyda qanunsuzluq, özbaşınalıq olmazmış!

Olar, özü də bal kimi olar!

Niyə?

Bu sualın saysız-hesabsız cavabları var. Məsələn: vergi işçilərinin döyülməsinə dəhşət qəzəblənən camaatımız bilirmi ki, eyni Vergilər Nazirliyi kommersiya şirkətlərinin ödədiyi vergilər barədə məlumatları "dövlət sirri" kimi gizli saxlayır, bu cür məlumatlara ictimaiyyətin çıxışını yasaqlayıb? Bilmirsə, qüsura baxmasın, başına nə gəlirsə, əcəb olub gəlir.

Yox, bilirsə, ancaq həmin yasağın niyə qoyulduğunu bu günəcən bir dəfə olsun soruşmayıbsa, onun qaldırılmasını indiyədək bircə dəfə tələb etməyibsə, yenə də qüsura baxmasın, bu gün də çıxıb hansısa məmurun, deputatın heyvərəliyindən gileylənmək haqqına sahib deyil.

Öz ölkəsində özünü vətəndaş kimi yox, turist kimi aparan, heç bir haqsızlığa, hüquqsuzluğa, özbaşınalığa zamanında səsini çıxarmayan insanlar sonradan bunun acı meyvələrini dadmağa məhkumdurlar.

Bu məsələnin bir tərəfi. Gələk o biri tərəfinə…

Elə Vergilər Nazirliyinin özünün də "Relax"da baş verənlərdən gileylənmək kimi bir lüksü ola bilməz. İşlərin bu yerə çatacağını vergi məlumatlarının ictimaiyyətə açıqlanmasına qadağa qoyarkən düşünmək lazım idi. Haqqında danışdığımız yasağı gətirənlər bununla şıltaq oliqarxları daha da dəcəlləşdirəcklərini hesablamalı idilər, hesablamamışdılarsa, onda necə deyərlər, "öz cəzandı, çək, Balaş" (Cəfər Cabbarlı).

Qısası, hər şey çox bəsitdir: deputatın obyektində vergi işçilərinə qalxan yumruq, əslində, dünyanın heç bir sivil, hüquqi-demokratik ölkəsində rast gəlməyəcəyimiz, qeyri-şəffaflığın, korrupsiyanın, rüşvətin əl-qolunu açan həmin o qadağanın yumruğu idi!

Yeri gəlmişkən, "Relax" hadisəsindən sonra tragikomik situasiya yaranıb: indi belə çıxır ki, biz vergi ödəmələri barədə məlumatları ancaq hansısa məmur, ya da deputat obyektində vergi işçiləri döyüləndən sonra öyrənə bilərik; çünki Vergilər Nazirliyi deputatın o yekəlikdə istirahət və turizm mərkəzinin yarım ildə vur-tut 972 manat vergi ödədiyini məhz işçilərinin şillə-təpiklə qarşılanmasından sonra açıqlayıb.

Mən məlum döyülmə olayına gətirib çıxaran başqa səbəblər də sadalaya bilərəm: görünür həyatda heç bir uğur hekayəsi olmadığından tələbəlik illərində otaq yoldaşı Rövnəq Abdullayevin qabları ona yuduzdurmasını hər müsahibəsində fəxrlə gözümüzə soxan bir adamın deputat mandatına nə cür yiyələndiyindən vergidən yayınma cəsarətini kimdən, hardan, necə aldığına dair… Yəni birilərinə doğrudanmı elə gəlir ki, biz çörəyi elliklə qulağımıza yeyirik, İ.Məmmədovun büdcəyə cəmi-cümlətanı 972 manat odədiyi halda, kim bilir, həmin rəqəmin neçə qatı qədər qeyri-rəsmi ödənişlər etdiyini ağlımıza gətirmir, vergi əməkdaşları ilə o cür davranma cürətini də özündə məhz buna görə tapdığını düşünmürük?!

"Biz – “Sahil-D Kompani” MMC-nin Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156-cı məhəllə ünvanında inşa etdiyi 24 mərtəbəli, 4 saylı yaşayış binasının sakinləri – Məmmədov Şakir Fərman oğlu (mənzil 80) və Məmmədov Əli-Ağa Məmməd Həsən oğlu (mənzil 74) dəyərli vaxtınızı aldığımız üçün əvvəlcədən üzr istəyirik. Bu gün Milli Məclisdə oturan, xalqın ona göstərdiyi etimadı doğrultmaq üçün gecə-gündüz çalışaraq insanların problemlərini həll etmək əvəzinə, öz mənafeyini xalqın, dövlətin mənafeyindən üstün tutaraq, millət vəkili vəsiqəsindən sui-istifadə edərək bizi, halal zəhmətimizlə aldığımız mənzillərimizi əlimizdən almağa çalışan Məmmədov İqbal Nəriman oğlu haqqında sizə müraciət etmək məcburiyyətində qoyub. Belə ki, biz yuxarıda qeyd olunan mənzillərin sahibləri Məmmədov İqbal Nəriman oğlu tərəfindən təhdid və təhqirlərə məruz qalmışıq. O, əvvəlcə Xətai Rayon Məhkəməsinə müraciət edərək bizi öz mənzillərimizdən çıxarmaq istəmişdir. Xətai Rayon Məhkəməsinin hakimi Səadət Səlimovanın qanuni çıxardığı Qətnaməni heçə sayaraq, heç bir aidiyyəti olmayan Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. Bu dəfə Nərimanov rayon Məhkəməsinin köməkliyi ilə bizim mənzillərdən çıxarılmağımız barədə Qətnamə əldə etmişdir…" – bu, eyni deputatın özbaşınalığından ötən il mətbuat vasitəsilə "yuxarılara" ünvanlanmış şikayətdən bir parçadır.

Niyə xatırlatmaq istədim, bilirsinizmi?

Ona görə xatırlatmaq istədim ki, ölkənin yiyələri bu adi həqiqəti, nəhayət, anlasınlar: siz sadə vətəndaşın haqqını tapdalayanın başını oxşayarsanız, kürəyinə vurub "get kef elə" deyərsəniz, bir gün onun yumruğu sizin özünüzə də qalxar. Necə ki, "Relax"da qalxdı…

Ana səhifəXəbərlərBir yasağın yumruğu