Naxçıvanda 3 hərbçinin qəzaya düşdüyü bildirilir (yenilənib)

Zabitlər Günnüt istiqamətində həlak olublar

Source:


***


Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidməti xəbəri təsdiqləyib. Bildirib ki, 3 hərbçi avtomobil qəzasında həlak olub, 11-i yaralanıb.


“Günnüt kəndi istiqamətində döyüş növbətçiliyi aparan hərbçiləri daşıyan BMC markalı avtomobil iyulun 5-i saat 18:30 radələrində qəzaya düşüb. Nəticədə 3 hərbçi həlak olub, 11 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə hərbi hospitala yerləşdirilib. Yol-nəqliyyat hadisəsində həyatını itirən hərbçilərdən 1991-ci il təvəllüdlü, baş leytenant Hümmətov Orxan Bayram oğlu Tovuz rayonunun Qaraxanlı kəndində, 1995-ci il təvəllüdlü, gizir Həsənli Novruz Nəbi oğlu Şərur rayonunun Maxta kəndində, 1987-ci il təvəllüdlü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Seyidov Raman Mirsalam oğlu Şərur rayonunun Danyeri kəndində dəfn edilib”.


***


Zabitlər Günnüt istiqamətində həlak olublar

Naxçıvan Muxtar Respublikası ərazisində xidmət edən 3 hərbçinin həlak olduğu bildirilir. Hərbçilərdən birinin yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, hadisə iyulun 5-də baş verib. Kəşfiyyatçı zabitləri avtomobil qəzasında həlak olublar. Onların Şərur rayonunun Maxta kənd sakini Həsənov Novruz Nəbi oğlu, Şərur rayonunun Şəhidmirməmməd sakini, MAXE (Müddətdən artıq xidmət edən hərbi qulluqçu) Seyidov Ramal Mirsalam oğlu və Tovuz rayon, Qaraxanlı kənd sakini Orxan Hümbətov olduğu bildirilir.

Məlumatda deyilir ki, zabitlər Günnüt istiqamətində posta qalxarkən avtoqəza baş verib və nəticədə həyatlarını itiriblər.

Məsələ ilə bağlı Müdafiə Nazirliyi açıqlama yaymayıb. Qurumdan Meydan TV-nin suallarını cavablandırmayıblar.

Deputat Adil Əliyev isə öz “Facebook” səhifəsində hadisə ilə bağlı məlumat paylaşıb:

“Şərur rayonunun Günnüt kəndi istiqamətində Şərur rayon Maxta kəndindən olan igid, Vətən oğlu Həsənli Novruz Nəbi oğlu şəhid olmuşdur. Novruz Günnüt kəndinin azad olunmasında fəallıq göstərmişdir. Allah rəhmət eləsin. Ruhu şad olsun. Doğmalarına Allah səbr versin”.

Ana səhifəXəbərlərNaxçıvanda 3 hərbçinin qəzaya düşdüyü bildirilir (yenilənib)