Yadigar Sadıqlı

Источник: Meydan TV

Başlıq: Yadigar Sadıqlı

Nasistlərin Qleyvits təxribatı

Polyaklar daha inadkar çıxdılar, sonrakı aylar ərzində heç bir hədə-qorxuya, basqıya boyun əymədilər

Birinci dünya müharibəsinin nəticələrindən biri də XVIII əsrin sonlarında süqut edən Polşa dövlətinin bərpası oldu. Bu dövlətin Baltik dənizinə çıxış əldə etdiyi “Polşa dəhlizi” Almaniya ərazisini ikiyə böldü: mərkəzi Köniqsberq (indiki Kalininqrad) olan Şərqi Prussiya Almaniyanın əsas ərazisindən ayrı düşdü.

Bundan əlavə, Versal müqaviləsi əhalisinin böyük əksəriyyəti almanlardan ibarət olan “azad Dansiq şəhəri” adlı dövlətin yaradılmasını nəzərdə tuturdu. Ərazisi 1966 kv. km olan bu dövlətə polyakların Qdansk adlandırdıqları Dansiqdən əlavə 4 balaca şəhər, 252 kənd və 62 xutor daxil idi. Polşa Dansiqdə bir sıra imtiyazlara malik idi, həmçinin şəhəri beynəlxalq arenada təmsil edirdi.

1933-cü ildə hakimiyyətə gələn Hitler Versal müqaviləsinin bir sıra şərtləri kimi sözügedən status-kvo ilə də barışmaq niyyətində deyildi. Amma ilk vaxtlarda Polşa ilə münasibətləri korlamaq da istəmirdi. Buna görə ilk vaxtlarda Polşa ilə mehriban davranırdı, hətta 1934-cü ilin yanvarında iki dövlət arasında “Zor tətbiq etməmək haqqında” bəyannamə imzalandı.

Sonrakı illərdə Dansiq almanları arasında nasistlərin nüfuzu xeyli artır, şəhər onların nəzarətinə keçir. Amma Hitler onlara Polşa əleyhinə heç bir aksiya keçirməməyi tapşırır. Fürer polyakları dəfələrlə əmin edir ki, Dansiqin statusunun dəyişdirilməsi ilə bağlı təklifləri heç zaman dəstəkləməyəcək. Polşa da bu illərdə Almaniyaya çox etibar edir. Hətta 1938-ci ildə Sudet böhranı zamanı Almaniyanın müttəfiqi kimi davranır, Çexoslovakiyaya qarşı ərazi iddiası irəli sürür və mübahisəli Teşin vilayətinin özünə birləşdirilməsinə nail olur.

Amma polyakların sevinci uzun sürmədi. Planlaşdırdığı bütün anneksiyaları həyata keçirən Hitlerin növbəti hədəfi artıq Dansiq idi. 1938-ci il oktyabrın 24-də Almaniyanın xarici işlər naziri fon Ribbentrop Polşa səfiri Yuzef Lipski ilə görüşərək Dansiqin reyxə birləşdirilməli olduğunu söylədi. Bundan əlavə, nazir almanların eksterritorial hüquqla Şərqi Prussiyaya şose və dəmiryolu çəkmək istədiklərini bildirdi. Lipski bu iddiaları qəti rədd etdi.

1939-cu il yanvarın 5-də Polşanın xarici işlər naziri Yuzef Beki qəbul edən Hitler “kökə və qamçı” siyasətindən istifadə etdi. Dansiqin əvvəl-axır Almaniyanın bir hissəsi olacağını qeyd edən fürer özünə məxsus müstəsna yalançılıqla əlavə etdi: “İstənilən bütün hallarda Almaniya güclü Polşa dövlətinin mövcudluğunda maraqlıdır”.

Almanlar güman edirdilər ki, Avstriya və Çexoslovakiya ilə bağlı hallarda olduğu kimi Polşa da onların təzyiqinə davam gətirməyib sonda təslim olacaq və şərtləri qəbul edəcək. Amma polyaklar daha inadkar çıxdılar, sonrakı aylar ərzində heç bir hədə-qorxuya, basqıya boyun əymədilər. Berlin anladı ki, məsələni zor tətbiq etmədən həlli mümkün olmayacaq. Dünya ictimai rəyində haqlı tərəf olmaq üçün isə zor tətbiqinə bəhanə tapmaq lazım idi.

***

1939-cu il avqustun 10-da Baş təhlükəsizlik xidmətinin (RSHA) rəisi Reynhard Heydrix SS şturmbannfüreri Alfred Nauyoksu yanına çağırdı. Heydrixin verdiyi tapşırıq “başqa bayraq altında” ümumi adı ilə məşhur idi. RSHA şefi divarda asılan xəritədə Nauyoksa Polşa ilə sərhəddən 10 km məsafədə Almaniya ərazisində yerləşən kiçik Qleyvits şəhərini göstərdi və buradakı radiostansiyaya hücum təşkil etməyi tapşırdı. Amma hücum polyaklar edibmiş kimi səhnələşdirilməli idi. Bununla da müharibəyə başlamaq üçün bəhanə qazanılacaqdı. Üstəlik, Polşanın günahkar kimi təqdim olunması onunla müttəfiqlik öhdəliyinə malik olan Fransanın müharibəyə qoşulmaqdan imtinasına səbəb ola bilərdi.

Əməliyyatda 6-7 nəfərin iştirak edəcəyi gözlənilirdi. Onlar radiostansiyanı ələ keçirməli, polyak dilində bir neçə dəqiqə danışmalı (bunun üçün qrupda polyak dilini bilən vardı) və havaya atəş açaraq binanı tərk etməli idilər. Gedərkən ortada bir sübut da buraxılacaqdı: polyak formasında olan cəsədlər.

Təxribatı həyata keçirmək üçün hərbi kəşfiyyatın (abver) rəisi admiral Kanarisdən Polşa hərbi forması istənildi. Kanaris aydınlıq üçün Baş qərargah rəisi Keytelə müraciət edir. Keytel də öz növbəsində deyinərək “belə şeyləri xoşlamadığını” bildirir, amma əmr Hitlerdən gəldiyinə görə edəcək bir şey olmadığını söyləyir. Kanaris də formaları verməli olur.

Avqustun ortalarında Nauyoks Qleyvitsə gəlir və əmr gözləməyə başlayır. Şərtləşməyə görə, əməliyyata başlamaq üçün ona telefonla “Nənə öldü” xəbəri verilməli idi. Bu günlərdə SSRİ ilə “Hücum etməmək haqqında müqavilə” imzalanmasına nail olan Hitler hücumu ilkin olaraq avqustun 26-na təyin etdi. Amma həmin tarixə bir gün qalarkən iki xoşagəlməz xəbər gəldi.

Birinci xəbər İtaliyanın Baş naziri Mussolinidən gəldi. Polad paktı əsasında Almaniya ilə müttəfiqlik öhdəliyi götürən duçe yazırdı ki, əgər İngiltərə və Fransa Almaniyaya qarşı müharibəyə başlarsa, “İtaliyanın hərbi hazırlıqlarının səviyyəsi döyüş təşəbbüsü göstərməyə” imkan verməyəcək. Başqa sözlə, İtaliya bitərəf qalacağını bəyan edirdi. İkinci xəbər Londondan gəldi və Mussolininin qorxularının əsassız olmadığını göstərdi. Burada İngiltərə və Polşa arasında qarşılıqlı hərbi yardım haqqında müqavilə imzalandı.

Bu iki xəbər Hitleri əməliyyata başlamaq haqqında göstərişini dayandırmağa vadar etdi. Yaranmış siyasi vəziyyəti yenidən dəyərləndirmək lazım idi. Sonrakı günlərdə fürer qərara gəldi ki, İngiltərə və Fransa hədə-qorxu gəlirlər, əslində Polşaya görə müharibəyə qoşulmayacaqlar. Baxmayaraq ki, hər iki dövlət ona bunun əksini sübut etməyə çalışırdılar.

Həmin günlərdə Fransanın Baş naziri Eduard Daladye Hitlerə yazdığı məktubda bildirirdi: “Əgər siz fransız xalqının şərəf duyğusunun almanlardakından az olduğunu düşünmürsünüzsə, Fransanın başqa dövlətlər, məsələn, Polşa qarşısındakı öhdəliklərə sadiq qalacağına şübhə etməyə bilərsiniz”.

Amma Hitler inanmadı və ya inanmaq istəmədi. Polşaya hücumun növbəti tarixi sentyabrın 1-nə təyin olundu. Avqustun 31-də Nauyoksun Qleyvitsdə qaldığı otel nömrəsinin telefonuna zəng gəldi. Dəstəyi qaldıran SS-çi “Nənə öldü” xəbərini eşitdi. Əməliyyata başlamaq olardı.

***

Qleyvits radiostansiyası əslində ötürücü idi, yaxınlıqda yerləşən Breslau (polyakca: Vrotslav) radiosunun verilişlərini retranslyasiya edirdi. Amma burada qasırğa təhlükəsi öncəsi əhalini xəbərdar etmək üçün texniki imkanlar vardı. Həmin gün radiostansiyanı mühafizə edən iki polis əməliyyat barədə məlumatlandırılmışdılar, işçilər isə xəbərsiz idilər.

Nauyoksun rəhbərlik etdiyi dəstə saat təxminən 20.00-da radiostansiyaya daxil oldu. Onlar buradakı üç işçini otaqların birinə qapatdılar. Amma tezliklə məlum oldu ki, texniki işləri özləri yerinə yetirmək iqtidarında deyillər. İşçilərdən biri studiyaya gətirildi və mikrofonu quraşdırdı. Bundan sonra polyak dilini bilən dəstə üzvü əvvəlcədən hazırladığı mətni mikrofona oxumağa başladı.

“Diqqət, danışır Qleyvits. Radiostansiya polyakların əlindədir” sözləri ilə başlayan çıxış 4 dəqiqəyə yaxın çəkdi. Bundan sonra silahı mikrofona yaxın tutaraq atəş açıldı, çıxanda isə stansiyanın şüşələri gülləbaran edildi. Sübut üçün həyətdə bir meyid də buraxıldı, bu, Françişek Honiok idi.

Yaxınlqıdakı Pohlom kəndində yaşayan Honiok polyak əsilli idi və Polşaya rəğbətini gizlətmirdi. Məhz bu amil onun üçün faciəvi nəticələndi. Belə birisinin radiostansiyaya hücumda iştirakının inandırıcı olacağını düşünən nasistlər onu bir gün əvvəl oğurlamışdılar. Təxtibatdan öncə isə narkotik inyeksiyası vasitəsilə huşsuz vəziyyətə gətirilən Honiok radiostansiyasının həyətində güllələndi.

Almaniya-Polşa

Almaniya-Polşa

Источник: Meydan TV

Amma Honiok tək deyildi, başqa cəsədlər də vardı. Onlar müxtəlif əməllərə görə ölüm cəzasına məhkum edilən və çox güman ki, Dahau düşərgəsində saxlanılan məhkumlar idilər. Bu adamlar da Honiok kimi əvvəlcədən huşsuz vəziyyətə gətirilmiş, sonra güllələnmişdilər. Beləliklə, radiostansiyanın ətrafında guya döyüş getdiyi görüntüsü yaradıldı. Almanlar həmin cəsədlərə öz jarqonlarında “konserv” deyirdilər. Buna görə də bəzi ədəbiyyatlarda əməliyyat yanlış olaraq “Konserv əməliyyatı” adlandırılır.

Radiostansiyaya hücum həmin gün həyata keçirilən genişmiqyaslı “Himmler” əməliyyatının bir epizodu idi. Həmin gün bir xeyli daha kiçik təxribatlar hazırlanmışdı (polyak hərbi forması da Qleyvitsdə deyil, başqa təxribatlarda istifadə olundu). Bütün bunlar, dediyimiz kimi, müharibənin başlanması günahını Polşanın üzərinə qoymağa hesablanmışdı.

Elə həmin gün saat 22.30-da Almaniya radiosu Qleyvits və başqa sərhəd “münaqişələri” haqqında məlumat yaydı. Səhər saat 04.30-dan etibarən alman aviasiyası Polşa ərazisini bombaladı. 04.45-də isə quru qoşunları sərhədi keçərək hərbi əməliyyatlara başladılar.

***

Dünya ictimaiyyəti Qleyvits və digər təxribatların polyaklar tərəfindən törədilməsi iddiasına inanmadılar. İngiltərə və Fransa iki gündən sonra Almaniyaya müharibə elan etdilər. Buna görə də “Himmler” əməliyyatının uğursuzluğa uğradığını, öz məqsədlərinə çatmadığını söyləmək olar.

Bununla belə, təxribatın almanlar tərəfindən törədilməsini sübut etmək üçün müharibənin sonunu gözləmək lazım gəldi. Alfred Nauyoks 1944-cü ilin payızında amerikalılara əsir düşdü. O, Londona aparıldı və İngiltərənin Mİ-5 əks-kəşfiyyat idarəsi tərəfindən dindirildi. Onun ifadələrində ən çox maraq doğuran Qleyvits barədə etirafları oldu. Dünya ictimaiyyəti isə bu barədə Nauyoksun Nürnberq məhkəməsi zamanı verdiyi ifadəsindən sonra xəbər tutdu.

İkinci dünya müharibəsindən sonra Qleyvits Polşaya verildi və indi rəsmən Qlivits adlanır. Hərbi əməliyyatların başlanması üçün bəhanə kimi istifadə olunan radiostansiya qülləsi indi də mövcuddur və tursitlərin ən çox baş çəkdikləri yerlərdən biridir.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/dalofv

Самое читаемое