Şuşa

Источник: Brendan Hoffman/Getty Images

Başlıq: Şuşa

Müharibə, yoxsa insan həyatı?

Dağlıq Qarabağ: sülhü mümkünsüz edən müharibə, yoxsa müharibədən sonra birgəyaşayış...

Ermənistan və Azərbaycan arasında imzalanmış humanitar atəşkəs sazişinə baxmayaraq Prezident İlham Əliyev Azərbaycanın Dağlıq Qarabağdakı ərazilərin azad edilməsi üçün hərbi əməliyyatlara davam etdiyini deyib.

Əliyev bundan öncə danışıqlara qayıtmağa hazır olduğunu desə də, Ermənistanın güzəştə hazır olmadığını və başqa bir ölkənin Bakının münaqişədəki iradəsinə təsir edə bilməyəcəyini dəfələrlə səsləndirib.

Televiziya vasitəsilə xalqa son müraciəti zamanı Əliyev Ermənistanın Dağlıq Qarabağın Ermənistan ərazilərinin bir hissəsi olduğunu israr etməyə davam edəcəyi təqdirdə danışıqların olmayacağını vurğulamışdı.

O, Azərbaycanın güc tətbiq etməklə bölgədəki həqiqətləri dəyişdirdiyini və münaqişənin hərbi yolla həllinin olduğunu sübut etdiyini bildirmişdi.

Bunun qarşılığında Ermənistanın Baş naziri Nikol Paşinyan çərşənbə günü xalqa müraciətində: “Erməni xalqını qorxutmaq, sındırmaq, məğlub etmək mümkün deyil. Mübarizəmizin məqsədi Qarabağın dövlət müstəqilliyidir”, - deyə bildirib.

Tərəflər arasındakı kompromisə açıq olmayan bu qarşıdurma, sadəcə, Qarabağ dağlarında ağır artilleriya yolu ilə deyil, eyni zamanda hər iki tərəfə məxsus əsas mətbuat vasitələri və sosial mediada narahatlıq doğuracaq şəkildə aparılır. Bununla hər iki millət arasında qarşılıqlı nifrət, qorxu və etibarsızlıq mühiti yaradılır.

İki həftədən çox davam edən qarşıdurma dövründə sosial medianın monitorinqi xüsusilə maraqlı mənzərəni ortaya çıxarıb. Azərbaycan itirilmiş torpaqları az-az geri qaytardıqca, ölkədə sanki bayram ab-havası yaşanır.

“İgid əsgər, möhkəm dayan” notları altında səngərə və sığınacaqlara ehtiyat qida və yaşayış vasitələri göndərilir və qarşılığında evlərə həlak olmuş əsgərlərin üçrəngli bayrağa bürünmüş nəşləri daxil olur. Buna baxmayaraq, sosial mediadan da göründüyü kimi, insanlar eyforiyada yaşamağa davam edir, “irəli” şüarları altında prezidentin azad edilmiş torpaqlarla bağlı növbəti müraciətini dördgözlə gözləyirlər.

Bütün bunlar illərdir ki, müharibəni uduzan Azərbaycan üçün başa düşülən olsa da, müharibə əleyhdarı olan azlıqda qalan insanlara qarşı başladılmış dövlətdəstəkli təbliğat kampaniyasını və “Müharibəyə Yox!” şüarı ilə qarşıdurmanın sonlanmasını tələb edən gənclərin təhlükəsizlik xidmətlərinə şikayət edilməsini anlamaq da müşküldür.

“Axı niyə öz dinc düşüncələrini səsləndirən fəalları Milli Təhlükəsizliyə şikayət edirsiniz? Bununla nə əldə etməyə çalışırsınız? Onsuz da olmayan söz azadlığını daha da bitirməkdirmi niyyətiniz? Bu gənclər artıq ölüm, mülki şəxslərə qarşı şiddət görmək istəmirlər. Bu gənclər öz dostlarını və ailələrini müharibəyə verməkdən yorulublar. Onların fikirlərinə hörmət etmək bu qədərmi çətindir?” - sülh fəalı Zamira Abbasova sosial media hesabında qeyd edib.

“Sülh istəyənlərdən əl çəkin. Siz minlərlə yazıçı və şairi Stalin rejiminə təhvil verənlərdən heç də fərqlənmirsiniz!”, - o bidirib.

Bunun qarşılığında millətçilik duyğusuyla alovlanmış sosial media hesabları bu cür sülh çağırışlarını susdurmağa çalışır, indiki qarşıdurmanın Azərbaycanın itirilmiş ərazilərinin geri qaytarılması üçün önəmli, pasifizmin yersiz, sülh və barışıq düşüncələrinin önünün açılmasının yalnız müharibə qələbə ilə bitərsə, mümkün olduğunu qeyd edirlər.

Ən maraqlısı isə odur ki, hər iki tərəfin 26 illik danışıqlar dövrü zamanı başladılmış xalqlararası diplomatiyanın aktiv üzvləri olan sözdə sülhməramlılar və pasifistlər indi öz dövlətlərinin militarist addımlarına haqq qazandırmağa çalışırlar.

Onlar Dağlıq Qarabağda baş verənlərin ardından insanların millətçi instinktlərinin təbii olaraq üzə çıxdığını və bu səbəbdən dialoqa yer olmadığını müdafiə edirlər.

“Həqiqət budur ki, bu cür insanlar əvvəlcədən “sülh quranlar” olmayıblar. Onlar qarşı tərəfin təcrübələrindən və travmalarından etibarlı məsafə saxlayaraq bir növ “liberal multikulturalizm” ilə məşğul olublar”, - "Caucasus Talks" platformunun təsisçilərindən biri Leon Aslanov sosial media hesabında qeyd edib.

Aslanov bu tip insanların indiyə qədər keçirilmiş ikitərəfli görüşlərdən nəticə çıxarmadıqlarını, özlərini “başqasının” yerinə qoymadıqlarını, qarşıdakının psixologiyasının dərinliklərinə enməkdə çətinlik çəkdiklərini və nəsildən-nəslə ötürülən psixoloji travmaların aradan qaldırılması üçün heç bir əmək sərf etmədiklərini qeyd edir.

“Öz müqəddəratını təyinetmə və dövlət ərazi bütövlüyü ilə bağlı mübahisələr münaqişənin mərkəzində olan psixoloji travmalar qarşısında faydasızdır. Bu üsullar, müharibə yolu daxil, heç bir münaqişəni həll etməyəcək və yalnızca qarşı tərəfi radikallaşdırmağa xidmət edəcəkdir”, - Aslanov bildirib.

“Saxta vətənpərvərlik bu radikallaşmanı daha da artıracaq”

Münaqişə və vaxtaşırı pozulan atəşkəslə davam edən müharibə 1980-ci illərin sonlarından bəri hər iki millətin nümayəndələrinı ağrı və acıya məruz qoyub.

Azərbaycan münaqişənin ərazi bütövlüyü, Ermənistan isə problemin Dağlıq Qarabağın etnik ermənilərinin öz müqəddaratını təyinetmə çərçivəsində həllinə nail olmağa çalışıblar. Bu illər ərzində münaqişə beynəlxalq ictimaiyyətin nəzarətində, ATƏT-in Minsk qrupunun illərdir davam edən görüşlərində həllini tapmaqla məşğul olub.

“Bu müharibə Əliyevin liderliyini legitimləşdirmək üçün əlində qalmış yeganə kartdır. (Bununla o), ömürlük prezident olacaq. Bəs bu, bizi hara aparacaq? Müstəqil səslərin basdırıldığı, korrupsiyaya uğramış, qeyri-demokratik bir idarəçiliyə”, - jurnalist və ictimai fəal Arzu Qeybulla IWPR-a yazdığı məqaləsində qeyd edir.

“Azərbaycan indiyədək demokratiya qurmağı bacarsaydı, əminəm ki, indi biz bu vəziyyətdə olmazdıq”

Hazırda hər iki tərəf pandemiya və iqtisadi çətinliklərdən əziyyət çəkir.

Dünya Səhiyyə Təşkilatı bu həftə Azərbaycanda ötən həftə ərzində COVİD-19-un 80 faiz artıdğını, Ermənistanda isə son iki həftə ərzində infeksion xəstəliyin ikiyə qatlandığını deyib.

Belə olan halda təngə gəlmiş əhalinin hər iki tərəfin hərbi-siyasi elitaları tərəfindən münaqişənin hərb yoluna cəlb edilməsi daha da asanlaşır və problemin potensial konstruktiv həllini növbəti onilliklər boyu təxirə salınır.

“Dağlıq Qarabağdakı son hərbi toqquşmalar bölgədə sülhün bərqərar olması üçün heç bir fayda vermir”, - Azərbaycanın sol cərəyan gəncləri tərəflərarası dialoqun vacibliyini vurğulayaraq bildiriblər.

Münaqişənin uzanması və iki xalq arasında nifrətin artması üçün atılan addımları pisləyən gənclər birgə bəyannamələrində münaqişənin həll yolunun “kostyumlu kişilər” tərəfindən müəyyən edilməməli olduğunu vurğulayırlar. Onlar dinc yanaşı yaşamağın yeni yollarını təsəvvür edib yaratmağın mümkünlüyündən danışırlar.

“Bunun üçün sülh danışıqlarını və əməkdaşlığı bərpa edəcək ilk növbədə adi yerli vətəndaşlardan ibarət olan siyasi təşəbbüsləri canlandırmaq çox vacibdir”, - deyə sol gənclər bildiriblər.

Yaranmış gərginliyin fonunda bu cür inisiatiflərin ortaya çıxma potensialının mümkünlüyü sual doğursa da, qeyd etmək lazımdır ki, mövcud ssenari əvvəlkilərdən heç də fərqlənmir.

Azərbaycan Ermənistanı işğal olunmuş ərazilərinin bir hissəsini geri qaytarmağa məcbur etmək üçün gücdən istifadə edir və bununla, əslində, Ermənistanı danışıqlar masasında güzəştə getməyə məcbur edə biləcəyinə inanır.

“Lakin digər münaqişələrin tarixi göstərir ki, davamlı sülh sazişinə nail olmaq üçün hərbi tarazlıqdan daha çox iki tərəf arasındakı etimad vacibdir”, - Qlobal Risk Analizi Qrupunun direktoru Oksana Antonenko deyir.

Onun fikrincə Dağlıq Qarabağda atəşkəs bərpa edilsə də, mövcud eskalasiya irsinin aradan qaldırılması üçün çox vaxt lazım olacaq.

“İki tərəf arasında daha böyük danışıqların davam etməsindən əvvəl inamı bərpa etmək üçün bəzi inam yaratma tədbirləri həyata keçirilməlidir”, - o bildirib.

Belə olan halda üfüqdə münaqişənin davamlı siyasi həlli görünməsə də və müharibə gedən ərəfədə sülhdən danışmaq çətin olsa da, həlli mümkün edən yeganə yol tərəflərin ilk öncə silahı yerə qoyması, konfliktin məşhur akademik müşahidəçisi Audrey Alstatdın dediyi kimi “itiriləcək həyatlarla torpaq tutmağın vacibliyini dəyərləndirməsidir.

Bütün bunlara baxmayaraq, Azərbaycan hakimiyyəti ölkənin ərazi bütövlüyü bərpa olunduqdn sonra Qarabağda yaşayan erməni vətəndaşlarına bütün hüquqları tanıyacağını və Dağlıq Qarabağda birgəyaşayışı bərpa edəcəyini bəyan edib.

Hətta müharibə ərəfəsində Azərbaycan hökuməti Dağlıq Qarabağda yaşayan mülki ermənilərə müraciət edərək münaqişənin tərəfi olmamağa çağırışlar edib, zərər görməmək üçün müharibə dövründə yaşadıqları ərazini tərk etməyi tövsiyə edib.

Ermənistan Prezidenti Armen Sarkisyan isə ermənilərlə azərbaycanlıların dinc birgəyaşayışına inanmır. O, "Kommersant" qəzetinə açıqlamasında İlham Əliyevin azərbaycanlılarla ermənilərin Dağlıq Qarabağda dinc şəkildə birlikdə yaşayacağına dair fikirlərinə münasibət bildirərək deyib ki, azərbaycanlılar ermənilərə qul kimi yanaşacaqlar. Hətta Sarkisyan Azərbaycan prezidentinin kimə müraciət etdiyindən xəbərsiz olduğunu da deyib.

Görünür, münaqişə xalqların münasibətlərinə ciddi təsir göstərib, amma buna baxmayaraq, "birgəyaşayış mümkün deyil" kimi fikirlərlə situasiyanı dəyərləndirmək də düzgün deyil...

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/ivo84o

Самое читаемое