Moskvadakı havadarlarımız

Münaqişə başlayandan Moskvanın siyasi-ictimai səhnəsinə tamaşa edirəm.

Source: Мейдан ТВ

Münaqişə başlayandan Moskvanın siyasi-ictimai səhnəsinə tamaşa edirəm.

Vaxtilə çox yüksək qiymətləndirdiyim sovet dissidentlərinin və azadlıqsevər liberal ziyalıların əksəriyyətinin kütlüyünə və satqınlığına heyrətlə baxıb nəhayətdə anlamışam ki, bu, əsla kütlük və satqınlıq deyil, sadəcə siyasi biznesin adi təzahürüdür və onu praqmatik biclik adlandırmaq daha düzgün olardı.

Həmin vaxt məni, əyalət adamını restoran masasının ətrafında hesabıma savadlandırmaq istəyən abırsız moskvalı ictimai fəal gülə-gülə izah edirdi: “Böylə sadəlövh olma! Erməniləri müdafiə edən moskvalı xadimlərin heç birinin azərbaycanlılarla qərəzi yoxdur! Onlar ermənilərə də, azərbaycanlılara da eyni dərəcədə biganədirlər. İnan mənə ki, sizin hamınız, ermənilər də, azərbaycanlılar da, sabah qəfildən yıxılıb ölsəniz, heç birimiz bir damla göz yaşı axıtmaz! Sadəcə indiki şəraitdə ermənilərin dostu və havadarı olmaq xeyirli işdir və böyük siyasi qazanc gətirir”.

Mən bu deyilənlər barəsində xeyli düşündüm və anladım ki, bəzi istisnaları çıxmaq şərtilə, bu sözlərdə böyük həqiqət var. Bizdən, hansısa mücərrəd beynəlxalq və sovet qanunlarına inanan əyalət sakinlərindən fərqli olaraq imperiya paytaxtının sakinləri olan moskvalılar bütün ictimai-siyasi təzahürlərə daha açıq gözlə baxırdılar, çünki onlar hadisələrin gizlinlərini bilirdilər.

Məsələn, biz Qarabağ müşkülündə sovet və beynəlxalq qanunlara görə Azərbaycanın haqlı, Ermənistanın haqsız olduğunu düşünürdüksə, moskvalılar dəqiq bilirdilər ki, bu danılmaz həqiqətin qara qəpiklik qiyməti yoxdur, zira ermənilərin tərəfində SSRİ-nin süqutunu istəyən Mixail Qorbaçov və onun ətrafı durub, beynəlxalq aləm isə erməniləri ona görə dəstəkləyir ki, bu kiçik, qədim və məğrur xalq irridentizm külüngü ilə həm sovet quruluşuna, həm öz başlarına, həm də azərbaycanlıların başlarına dərin və sağalmaz yaralar vurur.

Kim istəməz ki, strateji düşmən özü-özünü məhv etməsin?

Çox illər sonra, dünyadakı münaqişələrin gedişinə daha diqqətlə tamaşa etdikdə anladım ki, imperiya mərkəzləri bu münaqişələrin davamlılığı üçün öz ölkələrinin görkəmli incəsənət, elm və siyasət xadimlərinə açıq tapşırıq verir, onlar da bu vacib tapşırığın icrasından heç cür imtina edə bilmirlər, zira “mayalarına ziyan dəyər”. Bu tapşırığa görə bəzi dünya şöhrətli kino ulduzları, məsələn, qəfildən cənubi sudanlıları cani-dildən müdafiə etməyə başlayırlar, onların xeyrinə dünya miqyasında xeyriyyə tədbirləri keçirirlər, saysız müsahibələr verib qəddar Sudan hakimiyyətini kəskin ifşa edirlər.

Bütpərəst Cənubi Sudan separatşıları Qərbin təmənnasız köməyi sayəsində otdan və yarpaqlardan hörülmüş libaslarını fabrik istehsalı olan parça libasa dəyişəndən sonra bataqlıq və cəngəlliklərdən çıxıb oxlarını və nizələrini tullayırlar kənara, əllərinə avtomat silah götürüb “milli-azadlıq mübarizəsinə” başlayırlar.

Vay Sudan hakimiyyətini halına! Elə ki bu hakimiyyət separatçılara qarşı ilk hərbi əməliyyatını apardı, elə həmin an Ancelina Coli və Bred Pitt bir dənə yekə mətbuat konfransı keçirib günahsız və məsum cənubisudanlılara tutulan vəhşi qətliamdan ürək ağrısı ilə danışmağa başlayırlar. Sonra isə humanist Qərb dövlətləri BMT-nin Təhlükəsizlik Şurasına Sudan hakimiyyətinə özünü müdafiəni qadağan edən bir göyçək qətnamə layihəsi təqdim edir və səsvermədən şırıppıltı ilə keçirir. Zira dünyada Sudan dövlətinin bircə dənə fərli havadarı yoxdur.

Əcəb olur ona, yəni Sudana!

Düzdür, Cənubi Sudan böyük Sudandan ayrılıb müstəqilləşəndən sonra həmin bu milli-azadlıq mübarizəsinin iki şanlı lideri arasında neft gəlirlərinin bölünməsi ətrafında ikiillik kiçik silahlı diskussiya getdi və nəticədə on minlərlə cənubisudanlı qırıldı və didərgin düşdü, lakin nədənsə bu qəziyyəyə nə Ancelina Coli, nə də Bred Pitt qarışdı, çünki onlar tapşırığı artıq yerinə yetirib qurtarmışdılar.

Qarabağ münaqişəsi başlayanda vəziyyət oxşar idi, sadəcə cənubisudanlıların rolunu ermənilər, şimalisudanlıların rolunu azərbaycanlılar ifa edirdilər. Zira bizim hakimiyyətimiz Ömər əl-Bəşirə çox bənzəyirdi və bənzəyir. Ancelina Colinin rolunu yüzlərlə görkəmli rusiyalı kino, ədəbiyyat, jurnalistika, siyasət və ictimaiyyət xadimi ifa edirdi. Qalina Starovoytovadan tutmuş Şeynis-Şabad-Vellerə qədər hamının ürəyi məzlum ermənilərə yanırdı.

Keçənə güzəşt deyərlər. Rusiya istədiyinə çatandan sonra bölgəyə diqqətini azaltdı və bu zaman bəzi sərbəst düşünməyi bacaran və istəyən rusiyalı adam oyanıb Azərbaycanın tərəfinə keçdi. Bu yandan da ermənilər Qarabağ məsələsinin birdəfəlik həll olunduğunu zənn edib istədilər Rusiyaya “Tı kto takoy, davay do svidaniya” oxusunlar.

Rusiya möhkəm incidi. İnciməyib neynəsin? Bu Yaxın Şərqə səpələnmiş kütləni əzab-əziyyətlə bir yerə yığmaq, onlara tarixi vətən yapmaq, oxudub adam etmək, əllərinə, türkün məsəli, silah verib onlardan qalib tərəf qayırmaq məgər asan işdir? Burunlarından gəlsin Rusiyanın zəhməti!

Yox, ermənilərə başa salmaq lazımdır ki, oyun hələ qurtarmayıb. Bunun üçün nisbətən ağır çəkili bir rus siyasətçisi mütləq Azərbaycanın tərəfinə keçməlidir. Bu tapşırığı kimə versinlər? Kimə?

Vladimir Jirinovskiyə!

Jirinovski əvvəl istədi etiraz etsin, dedi:“mən dünən demişəm ki, Heydər Əliyevin 7 milyon qoyunu var, azərbaycanlılar məndən möhkəm inciyiblər, inanmazlar ki, mən onların tərəfinə keçirəm”.

Kremldə ona izah etdilər ki, narahat olmağa dəyməz, zira çoxsaylı təcrübələr danılmaz tərzdə sübut edib ki, azərbaycanlıların nə tarixi, nə də qeyri-tarixi yaddaşı yerli-dibli yoxdur, istənilən zahiri görüntüyə uyub inanırlar. Həm də ki, bu xalq dünyada hər şeydən çox xoş sözü qiymətləndirir, xoş söz deyib istədyini etmək olar, həqiqətdən isə zəhlələri gedir. Odur ki, onlara nə qədər yalan tərif desən, bir o qədər sənə inanacaqlar.

Jirinovski soruşdu ki, “Neçə”? Rəqəmi səsləndirəndə dedi ki, “əşşi, mən ki, dünəndən razıydım!”

Beləliklə, Azərbaycanın Moskvada ali səfə çox yaxın olan bir məqamda yeni havadarı tapıldı. Bu havadar bir qədər qəribədir, bir yanda qardaş Türkiyəyə açıq və səmimi-qəlbdən nifrət edir, o biri tərəfdən nədənsə Azərbaycanı sevib.

Qəribədir, deyilmi?

Xeyr, qəribə deyil. Anası rus, atası hüquqşünas olan bu istedadlı siyasi cüvəllağının əsl həyat tarixçəsini kim bilsə, bu qəribəliyə təəccüblənməz.

Mən 1989-cu ildə Sov.İKP-nin tapşırığı ilə DTK-nın yaratdığı Liberal-Demokrat Partiyası barədə həqiqəti demirəm. Mən 30 il ərzində o boyda böyük rus xalqını barmağına dolayan mahir siyasi dələduz haqqında bütün rus mediasının yazdıqları və göstərdikləri həqiqəti nəzərdə tutmuram.

Mən, sabiq həmkarım Dağlı Mamedin danışdığı həqiqəti nəzərdə tuturam.

Bəli, əhvalat vaqe olur 1970-ci illərin ortalarında. Dağlı Mamed şərqşünaslıq fakultəsinin türkologiya şöbəsini bitirib yollanır hələ o zaman qardaş olmayan, qatı düşmən NATO-nun cənub cinahında SSRİ-yə qarşı bəndərgahları qoruyan düşmən Türkiyəyə dilmanclıq etməyə. Bu Türkiyə də SSRİ-yə və Rusiyaya düşmən gözü ilə baxır, türk kommunistlərini harda tapırsa, halən və fövrən vurub öldürür, kommunizm ideologiyası ilə bağlı nə varsa, hamısını qəti yasaq edir.

Və təsadüfən Dağlı Mamed Türkiyəyə dilmanclıq etməyə göndərilmiş Volodya Jirinovski namlı bir gənclə tanış olur. Görür ki, bu Volodya olmayan yerdən pul qazanmağı bacarır. Bu qabiliyyəti Dağlı Mamed sidqi-ürəkdən alqışlayır. Lakin Volodyanın biznesinin bir sahəsi ağciyər Dağlı Mamedi ciddi narahat edir. Görür ki, Volodya Leninin uşaqlıq şəkilləri olan döş nişanlarını türk kommunistlərinə yaxşı pula satır. Ona ahəstə deyir ki, “Volodya, bu iş xatalı işdir. Türk kəşfiyyatı xəbər tutsa, sənin dədənin goruna od qoyarlar”. Balaca Volodya Ulyanovun uşaqlıq şəkilləri olan döş nişanlarının satışından xəyali yüksək qazanc götürən gənc Volodya bu ağciyər Dağlı Mamedə deyir ki, “Ne dreyf, turetskiye kommunistı krepkiye mujiki, menya ne vıdadut”. Yəni türk kommunistləri möhkəm adamlardır, məni satmazlar.

İş elə gətirir ki, türk muxabaratı bir türk kommunistini ifşa edib tutur, evində axtarış aparanda qəribə bir döş nişanı tapır. Bu türk kommunisti yarımcan olana qədər döyüləndən sonra etiraf edir ki, bu döş nişanındakı şəkil, tifil Leninin şəklidir.

Türk muxabaratı dəli olur. Necə yəni tifil Lenin! Döyülmə və həbslər davam edir və sonda gəlib çıxırlar tacir Volodya Jirinovskiyə, tutub salırlar onu qoduqluğa və başlayırlar döyməyə. Volodya Jirinovski bu anlarda Dağlı Mamedi xatırlayırdı, ya yox, bunu dəqiq bilmirəm, lakin Dağlı Mamed danışdı ki, gənc Volodya çox sürətlə sınıb hələ xırıd etmədiyi döş nişanlarını da türk kəşfiyyatına təhvil vermişdi.

Nə isə, türkoloq Jirinovskini salırlar türk zindanına ki, türk həyatı ilə daha yaxından tanış olsun. O zamankı türk zindanları barəsində həm türk siyasi və qeyri-siyasi məhbusların, həmin zindanlarda yatmış əcnəbilərin dəhşətli və iyrənc təfərrüatlarla zəngin xatirələri mövcuddur. Bu barədə “Yarıgecə sürət qatarı” adlı məşhur bir film də çəkilib.

Dağlı Mamedin danışdığına inansaq, gənc Volodya Jirinoski türk zindanlarının əksər ayinlərindən keçdiyindən türklərə indiyəcən səmimi-qəlbdən nifrət edir.

Lakin onun tacir xisləti əsla imkan vermir ki, səmimi-qəlbdən nifrət etdiyi azərbaycanlıları müdafiə etməsin.

Sabiq dilmanc Jirinovski rusları aldadıb özünün türk dilini bildiyini sübut etmək məqsədilə hərdən guya ki, türkcə konuşmağa cəhd göstərməsi məni əmin edir ki, Vladimir Volfoviç Jirinivski həqiqətən türk dilini bilir, lakin onun tatar ləhcəsini.

İndi bu yeni havadar bizə neçəyə başa gəlir və onun faydası nədən ibarətdir, belə havadar bizə Qarabağ müşkülünü açmağ kömək edirmi, qoy bu barədə bilənlər desin.

Nə mən, nə də Dağlı Mamed bu barədə bir şey deyə bilmərik.

Ana səhifəMənim FikrimcəMoskvadakı havadarlarımız