Alya Yaqublu

Источник: Foto: Meydan tv

Оглавление: Alya Yaqublu

Eleanor Ruzvelt - dünyanın birinci ledisi

(üçüncü hissə)

Prezident vəfat edəndə Eleanor Ruzvelt müxtəlif bölgələrdə vuruşan 4 oğluna teleqram vurur: “Əzizlərim. Bu gün günorta atanız bizi tərk etdi. O, axıra qədər öz borcunu yerinə yetirdi. Siz də belə etməlisiz”.

Böyük ağıllar ideyaları müzakirə edirlər, orta ağıllar hadisələri, kiçik ağıllar insanları.

Eleanor Ruzvelt

Birinci ledini buna İkinci dünya müharibəsinin başlaması məcbur etmişdi və yəqin ki, Demokrat Partiyasının üzvləri də ölkəni “böyük depressiya”dan çıxarmış, sonralar Corc Vaşinqton və Avraam Linkolnla eyni cərgəyə qoyulacaq Franklin Ruzveltin üçüncü dəfə prezident seçilməsinə məhz buna görə razılıq vermişdilər. Tarix Eleanorun da, onların da yanılmadığını göstərəcəkdi.

ABŞ müharibə vəziyyətinə keçəndə ölkə daxilində ədalət mübarizəsinin arxa plana keçəcəyi fikri missis Ruzvelti depressiyaya salsa da, tezliklə o, dövrün tələblərinə uyğun fəaliyyət göstərməyə başlayır, yəhudi qaçqınların Amerikaya buraxılması məsələsini gündəmə gətirir, amma “beşinci kolon”un təxribatlarından ehtiyat edən prezident həmin il (1940) yalnız 83 yəhudiyə sığınacaq verir, bir çox başqa hallarda Eleanorun səyləri nəticəsiz qalır. Sonrakı illərdə oğlu Ceyms yazacaqdı ki, “Ömrünün sonunda anamın ən böyük təəssüfü atamı daha çox sayda faşizm qurbanına sığıncaq verməyə inandıra bilməməsiydi”.

Yenə həmin il Eleanor Avropaya gedib Qırmızı Xaça kömək etmək istəyir, amma prezidentin mələhətçiləri onun birinci ledi olaraq əsir düşməsinin ağır nəticələrə gətirib çıxaracağını, ona görə də belə bir səfərin mümkün olmadığını deyirlər.

1941-ci ildə missis Ruzvelt Mülki Müdafiə İdarəsinin həmsədri seçilir və könüllülərə müharibə hazırlıqlaında iştirak etmək imkanları yaradır. Həmin il onun ssenarisi əsasında “Qadınlar müdafiədə” filmi çəkilir. Dekabr ayında Yaponiya Perl-Harbora hücum edəndən sonra Amerikada yaşayan yaponları (o cümlədən, italyanları da, çünkri ABŞ bu hadisənin ardınca Yaponiyayla birlikdə onun müttəfiqi İtaliyaya da müharibə elan edir) xüsusi düşərgələrə yerləşdirilməyə başlayırlar, Eleanor bunu “milli azlıqlara qarşı böyük isterika” adlandıraraq hökumətin siyasətinə qarşı çıxır və buna görə genişmiqyaslı tənqidlərə məruz qalır. “Los Anceles Tayms” (“Los Angeles Times”) qəzeti onun hətta “ictimai həyatdan çəkilməsi” tələbiylə çıxış edir.

Birinci ledi qadınların və afroamerikalıların müharibəyə yardım işində iştirakını artırmaq siyasətinə də dəstək verir. Müxtəlif peşələrdə çalışan qadınlara müraciət edib onları fabrik və zavodlarda kişilərin boş qalmış yerlərini tutmağa səsləyir, “Mən gənc olsaydım, istənilən fabrikə gedib bir peşə öyrənər və ölkəyə fayda verərdim” deyir.

Uşaqlı anaların tez-tez işdən qaldığını eşidən missis Ruzvelt gündüz saatlarında azyaşlıların dövlət hesabına baxılması kampaniyasını başladır. Qaradərili mülki təyyarəçilərin hərbi pilot olmaq təşəbbüslərinə dəstək olmaq məqsədilə afroamerikalı mülki təlimatçı C.Alfred Andersonun təyyarəsinə minib yarım saat onunla birlikdə uçur.

Bir dəfə Eleanor Ağ Evdən erkən çıxıb Baltimor həbsxanasına gedir. Günorta onunla hansısa məsələni müzakirə etmək istəyən Franklin Ruzvelt katibindən xahiş edir ki, arvadını onun yanına çağırsın.

- Birinci ledi həbsxanadadır, cənab prezident.

- Təəəccüblənmirəm. Amma nəyə görə?

****

Mülki əhalini müdafiə xidmətinin direktor müavini vəzifəsində çalışdığı dönəmdə missis Ruzvelt sığınacaqların, xəstəxanaların, şəxsi evlərin, uşaq evlərinin və istirahət yerlərinin təhlükəsizliyinin artırılması işlərinə nəzarət edir; eyni zamanda, cəmiyyətdə ruh yüksəkliyinin artmasına çalışır. Amma bu da respublikaçıların xoşuna gəlmir, onların sərt tənqidi nəticəsində birinci ledi həmin vəzifədən gedir, yarım il sonrasa ofis fəaliyyətini dayandırır.

1942-ci ildə Eleanor İngiltərəyə gedib həm bu ölkənin, həm də ordakı Amerika ordusunun əsgərlərinə baş çəkir, həm hərbçilər, həm də əhali onu böyük coşğuyla qarşılayır. Dünya mətbuatında ABŞ-ın birinci ledisinin səfərini təqdir edən çoxsaylı məqalələr dərc edilir.

1943-44-cü illərdə birinci ledi əsgərlərin döyüş ruhunu artırmaq üçün ABŞ-ın Sakit okeanın cənubundakı, o cümlədən, Karib dənizi, Avstraliya, Yeni Zenlandiya və Mərkəzi Amerikadakı hərbi bazalarında olur. Belə səfərlərə Eleanor həm xəbərsiz, həm də tez-tez gedir deyə, Yeni Hebrid adalarındakı bölümün komandiri onun qəfil gəlişindən ehtiyat edərək əsgərlərə köynəksiz dolaşmağı qadağan edir.

Amerikalıların yaponlarla döyüşdə böyük itkilər hesabına ələ keçirdiyi Quadalkanal adasına da getmək istəyən Eleanora oranın komandanı etiraz edib deyir ki, Yaponiya hələ də adaya hava hücumlarını davam etdirir. Buna baxmayaraq birinci ledi fikrindən dönmür, adaya gedib əsgərlərlə görüşür.

Admiral Uilyam Holsi onun hərbi hissələri ziyarətinin əhəmiyyəti haqda sonralar belə deyəcəkdi: “Missis Ruzeltin təkbaşına bacardığı iş mənim nəzarətimdəki əraziyə gəlmiş mülki şəxslərin hamısının gördüyü işdən çoxuydu” (Halbuki o dövrdə rəqib Respublikaçılar Partiyasının Konqresdəki nümayəndələri onu onsuz da az olan hərbi maliyyəni mənasız səfərlərə xərcləməkdə ittiham etmişdi).

Hərbi bazalarda Eleanor əsgərlərlə söhbət edir, şəkil çəkdirir, onlara avtoqraf verir, geri dönəndə onların məktublarını doğmalarına göndərir. Prezident Ruzvelt arvadının bu səfərlər barədə təəssüratlarını dinləyir, onun gətirdiyi məlumatlardan faydalanır.

****

Bəziləri birinci ledinin prezidentə həddindən artıq təsir etdiyini düşünür, buna görə onu tənqid edirlər. Ona görə də publik çıxışlarında Eleanor ərini qərarlarındakı rolunu kiçiltməyə çalışır. Məsələn, bir dəfə açıq deyir ki, “mənim hər hansı məsələylə bağlı mövqeyim nə qədər qəti olur-olsun, heç vaxt ərimi konkret addımlar atmağa məcbur etməmişəm”. Başqa bir dəfə isə sözlərinə bunu da əlavə edir: “Elə onun da mənə təsir etməyə çalışdığı heç bir hadisə xatırlamıram”.

Elanorun Ağ Evdəki hökmranlığıyla bağlı zarafat etməyi xoşlayan prezident bir dəfə dostlarından birinə belə deyir: “Heç vaxt Eleanorla mübahisəyə başlama, ona qalib gələ bilməzsən” (Hərçənd arvadının ağlına və məntiqinə çox inanıb, həmişə onun fikirlərinə önəm verib).

Təsadüfi deyil ki, publisist Paymond Klapper 1941-ci ildə yazdığı məqalələrinin birində Eleanoru Vaşinqtonun 10 ən nüfuzlu şəxsindən biri, Ruzveltin portfelsiz naziri adlandırmışdı.

ABŞ-ın birinci lediləri haqqında kitab və məqalələrin müəllifi, fəlsəfə doktoru Mayra Qatinsə onun haqqında belə yazıb: “Eleanor Ruzvelt o vaxta qədərki birinci ledilərin hamısından daha çox prezidentə təsir edə bilib. Ərinin hökumətində çalışıb, çox vaxt onun vicdanı olub”.

Amma Eleanorun arzusuna rəğmən Franklin Ruzvelt Yalta konfransına çox sevdiyi qızı Ennlə gedib (Çörçil də qızıyla gəlmişdi), ona Vaşinqtondakı vəziyyətlə bağlı ətraflı məlumatlar göndərən arvadına ordan duyğulu məktub yazıbmaqla “günahını yuyub”.

ABŞ-a qayıdanda missis Ruzvelt ondan nə üçün Baltik ölkələrinin müstəqilliyində israr etmədiyini soruşur, prezident arvadına belə cavab verir: “Estoniya, Latviya və Litvanın azad edilməsi üçün vuruşmağa hazır olan neçə amerikalı var?”

****

1945-ci ilin aprel ayı. Vaşinqton. Eleanor mağazaları gəzir. Qəfil zəng gəlir, ondan təcili Ağ Evə qayıtmağı xahiş edirlər. Səbəbini demirlər, ancaq danışanın səsindəki həyəcan və təlaşdan hiss olunur ki, nəsə “dəhşətli bir şey” baş verib.

ABŞ-ın 32-i prezidenti Franklin Ruzveltin beyninə qan sızmış və o, özünə gəlmədən vəfat etmişdi. Ağ Evə gələn birinci ledi geri xəbərə belə reaksiya verir: “Mən özümdən çox ölkəmizə və dünyaya görə təəssüflənirəm”.

Sonra Eleanor müxtəlif bölgələrdə vuruşan 4 oğluna teleqram vurur: “Əzizlərim. Bu gün günorta atanız bizi tərk etdi. O, axıra qədər öz borcunu yerinə yetirdi. Siz də belə etməlisiz”.

Missis Ruzvelt ərinin nəşini aparmaq üçün onun vəfat etdiyi Uorm-Sprinqs kurortuna gələndə daha bir pis xəbərlə qarşılaşır; öyrənir ki, qızı Enn atasının keçmiş sevgilisiylə təkrar görüşməyə başladığını və kurortda da onunla bərabər olduğunu bilirmiş (Bunu missis Ruzvelt qızına heş vaxt bağışlamır, həmin hadisədən sonra onların münasibətləri soyuyur). Amma həmişəki kimi təmkinli davranır, hətta prezidentin həmin günlərdə rəssam Elizabet Sammerə çəkdirdiyi portreti sevgilisinə göndərir.

Eleanor Ruzvelt

Eleanor Ruzvelt

Источник: Foto: arxiv

Dörd il sonra dərc etdirdiyi “Mən bunu xatırlayıram” adlı memuarlarında Eleanor ərinin ölümü haqqında yəqin ki, məhz xəyanət faktına görə soyuqqanlı yazır və onun zəif tərəflərini də göstərdiyi fikirlərini bu qeydlə tamamlayır – birlikdə yaşadığın insanı olduğu kimi qəbul etməlisən.

Franklin və Eleanor Ruzveltlərin az qala bütün bioqraflarının yazdığına görə, ərinin xəyanətini öyrəndiyi 1918-ci ildən sonra missis Ruzvelt əriylə eyni yataqda yatmayıb.

Bəziləri Eleanorun 1932-ci ildə tanış olduğu jurnalist Lorena Hikokla yaxın münasibətdə olduğunu qeyd ediblər – onların məktublarına əsasən. Missis Ruzveltin müdafiəçiləri isə həmin məktublardakı incəliyə birinci ledinin romantik təbiəti və sentimentallığıyla haqq qazandırıblar.

****

Ərindən sonra yaşadığı 17 il Eleanor Ruzveltin həyatının ən məhsuldar dövrüdür – bu illər ərzində o, gəncələrin və etnik azlıqların hüquqlarının müdafiəsiylə məşğul olmaqda, məqalələr yazmaqda davam edib. Prezident Harri Trumen onu ABŞ-ın BMT-dəki nümayəndəsi təyin edib. Eleanor bu qurumun insan haqları komissiyasının ilk sədri, BMT-nin İnsan Haqları Bəyannaməsinin həmmüəlliflərindən biri olub. Bir çox ölkəyə, o cümlədən, Hindistana, Yaponiyaya, Çinə, Mərakeşə səfər edib.

1950-ci illərdə hər il təxminən 150 dəfə çıxış edib, çoxu BMT-dəki fəaliyyətinə aid olan bu çıxışlarında durmadan bərabər hüquqlar ideyasını təbliğ edib.

BMT-nin baş Assambleyasındakı çıxışı gurultulu alqışlarla qarşılanan (1961) Eleanor Ruzvelti prezident Con Kennedi Sülh Korpusuna üzv təyin edib, Qadın Haqları üzrə Komissiya sədri postunu ona həvalə edib. Həmin il Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) hazırladığı Kubaya müdaxilə planı (Fidel Kastronu devirmək məqsədi daşıyan bu əməliyyatda yalnız kubalı emiqrantların iştirakı nəzərdə tutulmuşdu) fiaskoya uğrayandan sonra hərbi əsirlərlə bağlı komissiyaya üzv olub.

Artıq birinci ledi olmadığı üçün fikirlərini daha açıq bildirmək imkanı qazanan Eleanor digər irqlərin hüquqlarını daha aktiv şəkildə müdafiə etməyə başlayıb, irqçilər və konservatorlar buna görə tez-tez onu tənqid ediblər. Bir tərəfdən də icma məktəblərinin dövlət tərəfindən maliyyələşməsini kilsənin dövlətdən ayrı olması haqda qanuna zidd saydığı üçün buna qarşı çıxdığı üçün ABŞ-ın Katolik Kilsəsi ona savaş açıb, Nyu-York arxiyepiskopu kardinal Frensis Spellman buna görə onu antikatolik elan edib.

Missis Ruzvelt liberal-demokratları birləşdirən “Amerikalılar demokratik fəaliyyət uğrunda” ("Americans for Democratic Action") təşkilatının yaradılmasında yaxından iştirak edib, 1957-ci ildə SSRİ-yə səfər edərək Yaltada Xruşşovla görüşüb (Bu görüşdə onlar həm də mübahisə ediblər - kapitalizmin və sosializmin üstünlükləri haqda). 1960-cı ildə isə Polşaya gedib, Almaniyanın yenidən militaristləşməsindən narahat olan xarici işlır naziri Adam Rapatskiylə bu ölkənin NATO üzvlüyü məsələsini müzakirə edib, AFR-ə atom silahı istehsal etmək hüququnun verilməsinə qarşı çıxıb.

****

Bir dəfə Bronksda (Nyu-York) keçirilən tədbirdə iştirak edəndən sonra missis Ruzvelt qənaət üçün geriyə metroyla qayıtmaq qərarına gəlir. Vaqondakı basabasda ayağını tapdayan bir qadına narazılığını bildirəndə skamyada oturub kitab oxuyan bir kişi başını qaldırıb Eleanora baxır, tanıyıb qalxır və yerini ona verir. Həmin an digər sərnişinlər də Eleanorun kim olduğunun fərqinə varırlar. Sonralar bu hadisəni xatırlayanda “dünyanın birinci ledisi” yenə təvazökarlıq edəcəkdi: “Şadam ki, insanların çoxu Franklini xatırlayır”.

Övladları və nəvələriylə tez-tez görüşən, gəlinləri də daxil, heç birinin ad gününü unutmayan, Ruzveltlərinin üç nəsli onun evinə toplaşanda özünü xoşbəxt hiss edən missis Ruzveltin leykemiyadan əziyyət çəkdiyini, güclü ağrıları olduğunu çox az adam bilir. 1962-ci ildə həkimlər ona bir neçə ay, hətta bəlkə bir neçə həftə vaxtı qaldığını deyirlər. Eleanor onlardan xahiş edir ki, iynə-dərmanla əzablarının ömrünü uzatmasınlar, sakit ölməsinə şərait yaratsınlar. Yaxınları səhhətiylə maraqlananda onlara “Ölümdən qorxmuram” deyir.

Həmin ilin noyabr ayında Eleanor Ruzvelt vəfat edir.

Prezident Con Kennedi ABŞ-ın bütün dünyadakı bayraqlarının yarıya qədər endirilməsi haqqında əmr verir. Dəfndə ondan və vitse-prezident Lindon Consondan başqa, keçmiş prezidentlər Harri Trumen və Duayt Eyzenhauer də iştirak edirlər.

Diplomat Adlay Stivenson dəfn mərasimindəki çıxışında Eleanor haqqında belə deyir: “İkinci elə bir adam varmı ki, toxunuşuyla bu qədər çox insanın həyatını dəyişsin? O, qaranlığı lənətləməkdənsə, şam yandırmağa üstünlük verdi və onun işığı bütün düynanı isitdi”.

Missis Ruzvelti Hayd-Parkda; artıq milli-tarixi abidə olan evinin bağçasında basdırılmış əri Franklin Ruzveltin yanında dəfn edilir. “Nyu-York Tayms” qəzeti onun ölüm xəbərini bu başlıqla dərc edir: “O, qadınların dünyadakı yeni rolunun simvoluydu”.

Çoxsaylı təltifləri olan, heykəlləri ucaldılan, haqqında məqalələr, kitablar yazılan və filmlər çəkilən Eleanor Ruzveltin insan haqlarıyla bağlı fikirləri hazırda onlarla ölkənin konstitusiyasında, beynəlxalq hüquq normalarında əks olunub.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/ju0e1e

Самое читаемое