Mirvari Qəhrəmanlı: Kəskin hava şəraitində neftçilər taleyin ümidinə buraxılır

“Səhər saatlarında açıq dənizdə küləyin sürəti 25-30 m/s-, dalğanın hündürlüyü 4-5 metr təşkil edib”

Source:

“Neftçilər köhnə, təhlükəli dəniz özüllərindən evakuasiya olunmayıblar”

“Sentyabrın 25-i axşam saatlarından 26-sı səhərə kimi Bakıda hava şəraiti pisləşib. Amma güclü külək olacağı bilindiyi halda dənizdə olan neftçilər köhnə, təhlükəli dəniz özüllərindən evakuasiya olunmayıblar”.

Bunu Meydan TV-yə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyir. Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilata Neft Daşları 3,1 və 5 saylı mədənin özüllərindən, həmçinin Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsindən məlumatlar daxil olub. Neftçilər bununla bağlı narahatlıqlarını bildiriblər.

“Neftçilər deyirlər ki, hava şəraitinin dəyişəcəyi, küləyin surətinin artacağı ilə əlaqadar “Azneft” İstehsalat Birliyindən telefonoqramma daxil olub. Bununla belə, təhlükəli, köhnə dəniz özüllərindən işçilər evakuasiya olunmayıblar. Səhər saatlarında açıq dənizdə küləyin sürəti 25-30 m/s-, dalğanın hündürlüyü 4-5 metr təşkil edib. Güclü yağış yağıb və külək əsib. Dənizdəki stasionar dəniz özülləri beşik kimi yellənir, köşklər su içindədir”, – Qəhrəmanlı söyləyib.

O, hava şəraiti ilə bağlı baş vermiş faciələri xatırladıb və kəskin hava şəraitində neftçilərin taleyin ümidinə buraxıldığını qeyd edib.

Dövlət Neft Şirkətindən isə Meydan TV-yə deyiblər ki, pis hava şəraitində dənizdəki neftçilərin təhlükəsizliyi təmin olunur.

Ana səhifəSosialMirvari Qəhrəmanlı: Kəskin hava şəraitində neftçilər taleyin ümidinə buraxılır