Milli Şuranın sədri: “Hökumət demoqrafik mənzərəni güzgü kimi ortaya qoymalıdır”

“Yüzlərlə rejim əleyhdarın milli-etnik mənsubiyyətindən asılı olmayaraq işgəncə altında məhv etdilər”

Foto: Meydan TV


ATİŞ-in həmsədri: Hesabatı oxusalar, görəcəklər ki, faktlara əsaslanıb

"II Qarabağ savaşından sonra müxtəlif ölkələr və beynəlxalq təşkilatlar Azərbaycana qarşı hansısa yöndən təzyiqlər üçün yeni modellər axtarırlar. İndi də talışların hüquqlarının pozulması, yaxud təhsil almaq hüququnun olmadığı barədə yeni format tapıblar".

Bunu deputat, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Fazil Mustafa Azərbaycan Talışların İctimai Şurasının (ATİŞ) hesabatındakı fikirləri şərh edərkən deyib.

Azərbaycan Talışların İctimai Şurası (ATİŞ) sentyabrın 15-də hesabat

yayıb

.

Hesabat Avropa Şurasının 2016-2021-ci illər ərzində “Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Sazişinə istinad edərək Azərbaycanda talış xalqına münasibətdən bəhs olunur.

Bildirilir ki, Azərbaycan hökuməti talışları xalq olaraq tanımır, onların dil, kimlik və təhsil hüquqlarına hörmətlə yanaşmır.

Fazil Mustafa isə hesabatdakı iddaları tamamilə yanlış adlandırıb: "Halbuki talışların dördüncü sinifə qədər təhsil almaq hüququ var, ondan sonra bu dilin inkişaf perspektivləri, mədəni komponentləri ilə bağlı hər cür şərait yaradılıb. Ümumiyyətlə, hansısa bir dərslik, ya da qramatik tədris vaəsaiti hazırlanıb ki, hökumət ona qarşı çıxsın? Bütövlükdə bu hüquqlar həm də qanunla tənzimlənir, Azərbaycanda "Milli azlıqların, azsaylı xalqların və etnik qrupların hüquqlarının qorunması haqqında" Qanun var".

022100024906.jpg
Azərbaycan Talışların İctimai Şurası


AŞPA üzvü: “Onlar şimal və cənub qonşumuz tərəfindən dəstəkənir”

Fazil Mustafa 44 günlük savaşda talışların fəal iştirak etdiyini qeyd edib: "Bu müharibədə də talışlar çox fəal iştirak etdilər və böyük qəhrəmanlıq göstərdilər. Necə oldu ki, bir qrup insan Azərbaycan üçün fədakarlıq etdi, digərləri isə separatçılığı təbliğ edib Ermənistanda radio proqramlar açıb düşmən təxribatına dəstək verdi? Deməli, bu cür hesabat kiçik qrupun yanaşmasıdır, onlar da şimal və cənub qonşumuz tərəfindən dəstəkənir, orada da bunların sərbəst hərəkəti üçün tam şərait yaradılıb. Avropa strukturlarını da bu işə qoşublar, sanki azlıqların hüququ qorunmur deyə bu mexanizmi işlədirlər. Diqqət edin, Türkiyəyə də eyni mexanizm tətbiq edilib, bu ölkədə kürdlərə dillərində danışmaq, oxumaq, bütün ali məktəblərdə oxumaq hüququ da verilib, amma dilin arealı geniş olmayanda, sabah bir bölgədə yetişən talış övladı 10 il təhsil aldısa, sonra hansı universitetdə təhsilini davam etdirəcək?! Azərbaycanda dövlət dili Azərbaycan dilidirsə, deməli, bu dildə təhsili davam etdirməlidir. Bütün dünyada da eyni mexanizmdir".


“Qadağa olsaydı, təndir olan yerdə talış təndiri yazılardımı?”

O deyir ki, bu cür hesabatlar talış xalqı ilə Azərbaycan cəmiyyətinin yadlaşdırılmasına hesablanmış addımdır: "Qadağa olsaydı, Bakının mərkəzində çörək satılan yerdə, yaxud təndir olan yerdə "Talış təndiri" yazılardımı? Yaxud qadağa vardısa, Şuşada "Xarı Bülbül" festivalında talış dilində necə icazə verildi? Bizim gözəl nənələrimizin mahnılarını dünyaya çatdırdıq. Biz göstərdik ki, rəngarəngliyimiz bütün xalqlardır. Yəni ləzgi, kürd, tat, talış və başqalarına da eyni münasibət var. Əgər təbliğatda maraqlı olmasaydı, eləcə Azərbaycanda türklərin yaşadığını deyərdik də. Ona görə bunlar hamısı qondarma, Azərbaycana qarşı yeni təzyiq formalarından biridir, amma yeriməyəcək. Çünki separatçılığa rəvac verəcək heç bir addım yoxdur".

fazil mustafa 2504.jpg
Fazil Mustafa

Deputat hesabatda talışların sayı ilə bağlı statistikanı da real saymır: "Sayın azaldılmasını deyirlər, çox sayda türklər var ki, sənədində özünü azərbaycanlı yazdırır. Eyni zamanda, talışların da xeylisi özünü azərbaycanlı kimi idenfikasiya edirsə, burda nə qəbahət və diskriminasiya var? Mən türkəm, amma sənədimdə azərbaycanlı yazılıb, deməli, Azərbaycanda türklərin sayı azaldılıb da. Belə məntiqsiz yanaşma olarmı? Bütövlükdə talış xalqının 44 günlük savaşdakı qəhrəmanlığı göstərdi ki, separatçılıq meyllərini yaşadan qruplardır. Ona görə də bizim birliyimizi pozacaq qərarlar çox işlək qərarlar olmayacaq və Azərbaycana qarşı çox mənasız ittihamlardır".


“Bunları yeni siyasi oyun saymıram”

Deputat Asim Mollazadə də hesab edir ki, bu cür hesabatlar talış xalqı haqqında böhtan xarakterlidir və beynəlxalq ictimaiyyəti aldatmaq üçün hazırlanıb: "Əvvəla, Ermənistan xüsusi xidmət orqanları bu cür əməliyyat həyata keçirdirlər. Ölkələrində Azərbaycana qarşı bəzi talışlardan istifadə edərək radio proqramlar yayımlayırlar. Həm Avropa Şurasında, həm Avropa Parlamentində onların bu cür böhtan bəyanatlarını görmüşük. Ona görə bunları yeni siyasi oyun saymıram. Ermənistan monoetnik ölkədir, bütün dinlərin və milllətlərin nümayəndələrini diskriminasiya ediblər, etnik təmizləmələr nəticəsində isə yüzminlərlə azərbaycanlılar qovulub. Azərbaycanda isə provaslavlar, katoliklər, yəhudilər normal yaşayır və mədəniyyətlərini yaymaq imkanındadırlar. Azərbaycanın multikultural ölkə olduğu beynəlxalq ictimaiyyətə məlumdur. Ermənistan pis vəziyyətdə olduğndan DTK əməkdaşlarını cəlb edərək bizə qarşı bu istiqamətdə işləyirlər".

Asim Mollazadə
Asim Mollazadə


“Hesabat faktlara əsaslanır”

ATİŞ-in Avropada mühacir həyatı yaşayan həmsədri, hüquqşünas Ataxan Əbilov isə hesabatda yazılanların arqumentlərə əsaslandığını deyir.

Onun sözlərinə görə, sənəd Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Sazişinin normalarının izahı və və bu kontekstdə pozulmuş hüquqlarla bağlı konkret faktların müqayisəsi edilməsi ilə xarakterizə olunur: “Hesabatda “Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Sazişinin normaları sadalanır. Həmin normaların Azərbaycan vətəndaşları olan talış xalqına münasibətdə realizəsi ilə bağlı konkret faktlar sadalanır, həmin faktların mənbələri də göstərilib. Bizi tənqid edənlər bu hesabatı tam oxumayıblar. Azərbaycanın Nazirlər Kabineteninin Terminalogiya Komissiyasının gəldiyi nəticə haqda qərarı var. Komissiya belə hesab edir ki, "Talış" sözü Azərbaycanda aşağılayıcı sözdür, gülməli adlar sırasına daxil edilməlidir. Bu, normativ sənəddir, yəni bu adı uşaqlara qoymaq olmaz. Mən altından imzamı qoyub demək istəyirəm ki, əgər həqiqətən, hökumət ideoloji xətt olaraq etnik adın uşaqlara qoyulmasını istəmirsə və bunu ümumi şəkildə edəcəksə, bu, normal haldır. Yox, bunu yalnız talışlara münasibətdə edirsə, artıq Konstitusion hüququn pozulmasıdır, ayrı-seçkilikdir, diskriminasiyadır, Ana Yasanın normalarının çox ciddi şəkildə pozulmasıdır. Bu, bir faktdır, təkzib etmək üçün heç nə yoxdur, araşdıra bilərsiniz. Şura hesabatda bunu qeyd edib və özündən uydurmayıb”.


“Rəsmi statistika ifrat dərəcədə saxtalaşdırılıb və xalqın assimilyasiyasına xidmət edir”

Ataxan Əbilov deyir ki, hökumət talışların sayı ilə bağlı statistikanı təhrif edir və onları 120 min nəfər göstərir: “Ancaq talışların məskunlaşdığı rayonların hər birində bu rəqəmdən iki dəfə çox əhali yaşayır. Talışlar təkcə talış regionunda yaşamır, Bakıda, Sumqayıtda xeyli talış yaşayır. Ona görə də rəsmi statistikanın ifrat dərəcədə saxtalaşdırıldığını və bunun xalqın assimilyasiyasına hesablandığını düşünürəm. Məqsəd beynəlxalq hüquq gərəkli hüquqların verilməməsidir. Məncə, rəsmi statistika assimilyasiya siyasətinin tərkib hissəsidir və bariz nümunələrindən biridir”.

Ataxan Əbilov
Ataxan Əbilov


“Hökumət müraciətlərimizə bütün səviyyələrdə cavab vermir”

A.Əbilovun fikrincə, sənədi ratifikasiya edən dövlət öhdəliyin yerinə yetirilməsi ilə bağlı hər 5 ildə hesabat verməlidir: “Ancaq Azərbaycan hökuməti indiyə qədər 3 dəfə hesabat verib. Bu il isə dördüncü hesabatını təqdim etməlidir. Eyni zamanda, Avropa Şurası çərçivəsində qayda var ki, müstəqil qeyri-hökumət təşkilatları da hər hansı məsələ ilə bağlı alternativ hesabat təklif edə bilər. Mən görürəm ki, sosial şəbəkələrdə hətta savadlı, özünə hörmət edən insanlar sənədi hazırlayanlara cinayət məsuliyyəti tələb edirlər. Hansı əsasla, nəyə görə? Bəli, hesabatın hansısa sözü, vergülü ilə bağlı mübahisələr ola bilər. Əgər səhv varsa, arqumentlərinizi verin. Azərbaycan Talışlarının İctimai Şurası ölkə Konstitusiyası çərçivəsində fəaliyyət göstəriri, ərazi bütövlüyümüzə hörmətlə yanaşır. Təşkilat 2 ilə yaxındır ki, fəaliyyət göstərir, amma Ədliyyə Nazirliyi təşkilatı qeydə almır. Hökumət müraciətlərimizə bütün səviyyələrdə cavab vermir, Nazirlər Kabineti, Təhsil Nazirliyi, Prezident Adminstrasiyası səviyyəsində bizi boykot edir. Biz talış xalqı adından çıxış etdiyimizi iddia etmirik, yalnız təşkilatda toplaşan talışlar adından çıxış edirik. Təşkilat da talış xalqının bir hissəsidir, sabah başqa biri deyə bilər ki, o da talışdır, assimilyasiya olmağa razıdır. Amma biz assimilyasiya olmaq istəmirik, əksinə, Azərbaycan cəmiyyətinə inteqrasiya etmək iddiasındayıq. Talışlar Stalin dövründə repressiyaya məruz qalıblar, indiyə qədər reabilitasiyası davam etməyib. Talışlar müstəqillik qazanmağımızda, ərazi bütövlüyümüz uğrunda borclarını çox şərəflə yerinə yetiriblər. Amma Azərbaycan hökuməti də qarşılıqlı addım atmalı, öz xalqı kimi baxmalı, talışı tanımalıdır”.


““Talış xanlığı” ifadəsini “Lənkəran xanlığı” ilə əvəz etməyə heç bir ehtiyac yox idi”

Milli Şuranın sədri, professor Cəmil Həsənli hesabatın tam mətni ilə tanış olmadığını bildirib: “Yalnız təqdimat zamanı səsləndirilmiş bəzi fikir və mülahizələrə münasibət bildirə bilərəm. Əvvəla, 44 günlük müharibə və bu müharibədə ölkədə yaşayan bütün xalqların və millətlərin nümayəndələrinin vətən uğrunda eyni səngərdə birləşməsi Azərbaycanın böyük tarixi nailiyyəti idi. Bununla yanaşı, Azərbaycan hakimiyyətinin aşırı multikultural hoqqabazlıqlarına baxmayaraq, xalqların, etnik qrupların və millətlərin konstitusiyan hüquqlarının təmin edilməsində, onların tarixinin, etnoqrafik özəlliklərinin inkişafında, dil, təhsil, mədəniyyət məsələlərində bir sıra ciddi problemlər qalmaqdadır”.

Cəmil Həsənli hökumətin 20 il əvvəl “Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Sazişidə üzərinə götürdüyü öhdəliklərin bir çoxunu yerinə yetirmədiyini deyir: “Lakin bu yalnız milli azlıqlarla bağlı məsələyə deyil, Azərbaycan hökuməti eyni ilə 20 il əvvəl Avropa Şurası qarşısında insan hüquqları, cəmiyyətin islahatlar yolu ilə inkişaf etdirilməsi, söz, mətbuat, media azadlığı kimi öhdəliklərini də yerinə yetirməkdən yayınıb. Bir müddət əvvəl də yazmışam ki, orta məktəbdə “Talış xanlığı” ifadəsin “Lənkəran xanlığı” ifadəsi ilə əvəz etməyə heç bir eytiyac yox idi. Bu xanlığı adı bütün tarixi mənbələrdə Talış xanlığı gedir. Təkcə Qafqaz Arxeoqrafiya Komissiyasının XII cildlik aktlarına baxmaq kifayətdir. Talışların, eləcəndə digər milli azlıq və etnik qrupların zəngin etnoqrafik və mədəni iris var. Bunu inkar etmək əvəzinə, ondan faydalanmaq, inkişafına qayğı göstərmək daha faydalı olardı”.


“Bircə kəndi assimilyasiya etmək mümkün olmadısa…”

Hər hansı bir xalqın assimliyasiya edilməsinə gəlincə, Cəmil Həsənli hesab edir ki, bu, mümkünsüzdür: “Lahıc kəndi 10 əsrdir öz dilin, öz mədəniyyətin, öz tarixi ənənəsin saxlayır. Bircə kəndi assimliyasiya etmək mümkün olmadı. O ki qaldı bir xalqa öz dilini unutdurmaq, öz mədəniyyətini unutdurmaq kimi sərsəm fikrə düşəsən. Ötən əsrin 50-ci illərində buna cəhd oldu, amma bir nəticə vermədi. 1959-cu il əhali sayımında talışların sayın sayın 10563 nəfər göstərilmişdi. Nə dəyişdi, kim öz dilindən imtina etdi? Halbuki bu 1926-cı il əhali siyahıyaalınmasının nəticələri ilə müqayisədə özünü anket sənədlərində talış yazdıran əhalinin sayında 8 dəfə azalma demək idi. Belə ki, sovetləşmənin ilk illərində, 1921-ci ildə aparılmış siyahıyaalmaya görə Sovet Azərbaycanında talışların sayı 66206 nəfər göstərilmişdi ki, bu da respublikanın ümumi əhalisinin 4,8 faizini təşkil edirdi. 1926-cı ildə ümumittifaq əhali sayımına görə Azərbaycanda talışların sayı 77323 nəfər olmuşdu. Nəticələri ləğv edilmiş 1937-ci siyahıya alınmasına görə respublikada 99.145 nəfər talış əhalisi vardə və bu kifayət qədər real rəqəm idi. Necə ola bilərdi ki, bu 22 il sonra 10563 nəfərə düşsün?”.

Cəmil Həsənli
Cəmil Həsənli

Cəmil Həsənli ötən əsrin 70-ci illərində baş verən bir hadisəyə də diqqət çəkir: “1972-ci ildə Masallının Qızılavar kənd sakinləri olan Bağır Şahbazov və Z.Eynəli Sov.İKP MK-ya teleqram vuraraq bir sıra milli tələblər irəli sürmüşdülər. Həmin vaxt Heydər Əliyevin tapşırığı ilə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutuda İqrar Əliyev, Fuad Əliyev, Yevgeniy Tokarjevskiy 1973-cü ilin yanvar ayıın 25-də “Talışlar və Talış diyarı haqqında” gizli arayış hazırladılar. Teleqramda qaldırılan məsələləri araşdırmaq üçün Sov.İKP MK aparatı onu Azərbaycan partiya təşkilatına göndərdi. Masallı və ümumilikdə, cənub bölgəsində sosial-iqtisadi vəziyyəti araşdırmaq üçün teleqram müvafiq nazirliklərə, sənəddə qaldırılan tarixi və demoqrafik məsələlərin araşdırılması Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutuna tapşırıldı. “Talışlar və Talış diyarı haqqında” İnstitutun əməkdaşları tarix elmləri doktorları İqrar Əliyev, Fuad Əliyev və Yevgeni Tokarjevskinin hazırladığı gizli arayışda qeyd edilirdi ki, Azərbaycan və ona yaxın olan ərazilərdə İran dilləri yerli dil deyil və həmin dil eramızdan əvvəl birinci əsrdən başlayaraq yüzilliklər boyunca bura gətirilib. Onlar bildirirdi ki, öz mənşəyinə və antropologiyalarına görə talışlar Hind-Aralıq dənizi irqinin Xəzər tipinə aiddir və Azərbaycan ərazisində ilk dövlətlər yarananda talışlar Midiya, sonra isə Atropaten dövlətlərinin tərkibinə daxil olublar, orta əsrlərdə isə onlar Sasanilər, Ərəb xilafəti, Səlcuqlar, Hülakilər və Teymurlar dövlətlərinin hüdudlarında yaşayıblar. Düzdür, orada talışların assimilyasiya edildiyi qeyd olunurdu, amma bu kağız üzərində idi, gercək həyatda tamam ayrı mənzərə vardı. Arayışda qeyd edilirdi ki, talışların mədəniyyət və məişəti azərbaycanlılara müstəsna dərəcədə yaxın olduğu üçün onların obyektiv şəkildə sürətlə inkişaf edən Azərbaycan sosialist millətinin tərkibinə inteqrasiya prosesi baş verib və Azərbaycan dili onlar üçün doğma dil olub. Məhz bu proses nəticəsində onların sayı 1959-cu il siyahıya almasına görə 10563 nəfərə düşüb. Şübhəsiz ki, bu, cəfəngiyyat idi”.


“Novruzəli Məmmədov Prezident yanında Milli Azlıqlar üzrə Komissiyanın üzvü olub”

Cəmil Həsənli “Talış” sözünün qadağan olunması ilə bağlı hesabat müəlliflərinin fikrini belə qiymətləndirib: “Əgər avtoritar, totalitar, kleptokratik, antimilli Əliyev hakimiyyəti dövründə belə bir tendensiya hiss edililirsə, bu o demək deyil ki, milli azlıqlara, o cümlədən talışlara münasibət həmişə belə olub. Məsələn, prezident Elçibəyin dövründə, 1992-ci ilin payızında "Milli azlıqlar haqqında" Fərman verilib, milli azlıq və etnik qrupların, (o cümlədən talışların) mədəniyyət mərkəzləri yaranıb və qeydiyyatdan keçib. Bakı şəhərində onlar yerlə təmin ediliblər. Həmin mədəniyyət mərkəzlərinə və onların mətbuat orqanlarına “Tolişə sədo” qəzeti də daxil olmaqla, Prezidentin Ehtiyat Fondundan maliyyə yardımı göstərilib. Qəzetin redaktoru Novruzəli Məmmədov Prezident yanında Milli Azlıqlar üzrə Komissiyanın üzvü olub. Baş nazirin müavinlərindən biri, onlarla yüksək vəzifəli şəxslər talış xalqının nümayəndələri idi. Məsələn, hesabat müəllifləri qeyd edirlər: "Ölkədə talış dilində radio və televiziya yoxdur, üstəlik, talışlar ana dilində təhsil hüquqlarından məhrumdur”. Lakin həmişə belə olmayıb axı. Talışların və digər milli azlıqların radio və təhsil hüququnun təmin edilməsi istiqamətində 1992-1993-cü illərdə ilk və əhəmiyyətli addımlar atıdı. 1992-ci ildə Azərbaycan radiosunda milli azlıqların dilində 4 redaksiya təşkil olundu və milliyətcə talış olan, tanınmış şair və publisist Əhəd Muxtar talış redaksiyasının baş redaktoru vəzifəsinə təyin edildi. Qısa müddətdə milli azlıqların, o cümlədən talışların ana dilində ibtidai sinif dərslikləri hazırlanıb nəşr edildi. I-IV siniflərdə ana dilində təhsilin həyata keçirilməsi, qalan siniflərdə ana dili dərslərin tədrisi işinə başlandı. Bütün bunları AXC hökuməti hansısa beynəlxalq təşkilat qarşısında hansısa bir öhdəlik götürmədən öz iradəsi və ölkədə yaşayan milli azlıq və etnik qruplara saygısına görə həyata keçiridi. Belə faktlar çoxdur. Mən yalnız bəzilərini xatırlatdım".

"İddia olunur ki, “Talış regionunda icra hakimiyyəti başçıları talış millətindən olmayan şəxslərdir”. Birincisi, icra başçısı sistemi mərkəzdən təyin edilən avtoritar idarəçilikdir və türk, talış, ləzgi olmamasından asılı olmayaraq, bütün xalq bu idarəçilikdən əziyyət çəkir. Yerlərdə seçkili orqanların idarəçiliyi təmin edilməlidir və bu da öz-özlüyündə bir sıra sosial, iqtisadi, milli azlıq problemini də aradan qaldırmış olur. Rayonların talış icra başçıları tərəfindən idarə edilməsinə gəldikdə isə bu məsələnin həlli deyil. Necə ki talış millətindən olan bir neçə icra başçıları və digər yüksək vəzifəli şəxslər Əliyev rejimi daxilində milli-etnik əlamətlə deyil, korrupsiya və rüşvət şəbəkəsində yeri və rolu ilə müəyyən edilir”, – Cəmil Həsənli belə deyib.


“Talışların sayı ilə bağlı müstəqil ekspertlərə istinadən göstərilən rəqəmlər həqiqətəuyğun deyil”

Cəmil Həsənli hesabatın təqdimatında talışların sayının düzgün elan olunmadığı qənaətindədir: “Məsələn, rəsmi statistikada onların sayı 112 min nəfər göstərilir. Lakin hesabat müəllifləri bildirirlər ki, müstəqil ekspertlər talışların sayının bundan ən azı 10 dəfə çox, 1-2 milyon atasında olduğunu düşünürlər. Rəsmi statistikada və əhali sayımında talışların sayı azaldılırmı? Əlbəttə, azaldılır və həm də süni şəkildə, nadancasına azaldılır. Şübhəsiz ki, bu ən yüngül formada desək, saxtakarlıqdır. Amma Azərbaycan hakimiyyətinin statistikada etdiyi yeganə saxtakarlıq deyil. Məsələn, hökumət demoqrafik mənzərəni güzgü kimi ortaya qoymalıdır. Ölkədə nə qədər real əhali yaşayır. MSK bir rəqəm göstərir, Statistika Komitəsi ayrı rəqəm. Bu saxtakarlıq talışa da, türkə də, digərlərinə də aiddir. Amma talışların sayı ilə bağlı müstəqil ekspertlərə istinadən göstərilən rəqəmlər də həqiqətəuyğun deyil. Yəni talışların real sayı statistikada göstəriləndən 3 – 3,5 dəfə çoxdur, 10 dəfə çox deyil. Bunun üçün 1897-ci il, 1921-ci il, 1926-cı il, 1937-ci il, 1939-cu il əhalini siyahıya almalarının nəticələrinə baxmaq lazımdır. Yəni Azərbaycan əhalisinin orta artım tempinə uyğun olaraq Azərbaycanda 350-400 min talış əhalisi var. Yəni “respublika əhalisinin azı 20 faizini təşkil” etmək, 1-2 milyon məsələsi nə tarixi, nə sosial, nə də etnoqrafik baxımdan öz təsdiqini tapır. Əhalinin ümumi sayında milli azlıq və etnik qrupların, o cümlədən talışların xüsusi çəkisinin bir qədər aşağı düşməsinin ayrı bir obyektiv səbəbi son 70-75 ildə Ermənistan və Gürcüstandan azərbaycanlı əhalinin toplu şəkildə (1948-1953, 1988-1989) və tədricən respublikaya köçməsi ilə bağlıdır. Burada söhbət haradasa 500-600 min əhalinin həmin respublikalardan Azərbaycana gəlməsindən gedir”.

“Hesabatın təqdimatında tanınmış dilçi alim Novruzəli müəllimin də adı çəkilir. Şübhəsiz ki, Novruzəli Məmmədova qarşı baş verənlər rəzalət, ağır cinayət hadisəsi idi. Amma bu yalnız talış olmaqla bağlı deyildi. Əliyevlərin onlarla, yüzlərlə yüksək vəzifəli və imkanlı talış korrupsiya ortaqları var. Bunlar üçün əleyhdar, bunların ölçülərinə uyğun gəlməyənlər var. Bu meyarlara görə yüzə-yüz türk olan Şahmərdan Cəfərovu da, bloger Mehman Qələndərovu da, mübariz qadın Gözəl Bayramlını da öldürdülər. Yüzlərlə rejim əleyhdarın milli-etnik mənsubiyyətindən asılı olmayaraq işgəncə altında məhv etdilər. İntihar adı altında polis bölmələrinin pəncərələrindən atdılar. Məsələni belə qoymaq doğru deyil ki, Əliyev rejimi yüzlərlə istedadlı gəncin cibinə narkotik atıb saxta ittihamla tuta bilər, amma o gənclərdən biri Astaradan olanda bu talış kimliyinə görə edilir. Bu rejim cinayətkardır, milli-etnik mənsubiyyətindən asılı olmayaraq hər kəs bu kleptokratik, korrupsioner, kriminal rejimdən əzab çəkir”, – deyə Cəmil Həsənli bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi hesabatla bağlı münasibət bildirməyib

Ana səhifəSiyasətMilli Şuranın sədri: “Hökumət demoqrafik mənzərəni güzgü kimi ortaya qoymalıdır”