Məmməd İbrahim: Hamısı başdan-ayağa yalandır

Məhkəmədə həm özü, həm də vəkili bildirib ki, ona qarşı sanksiyada hətta ömürlük həbs nəzərdə tutulan dövlət çevrilişinə cəhd ittihamı irəli sürülüb, amma ortada heç bir sübut yoxdur.

Source:


AXCP funksionerinin şikayəti təmin olunmayıb

Qarabağa dəstək yürüşünə görə dövlət çevrilişi ittihamıyla həbs olunan AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin apelyasiya şikayətinə baxılıb. Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyilə keçirilən məhkəmə prosesində M.İbrahimin özü də iştirak edib.

Məhkəmədə həm özü, həm də vəkili bildirib ki, ona qarşı sanksiyada hətta ömürlük həbs nəzərdə tutulan dövlət çevrilişinə cəhd ittihamı irəli sürülüb, amma ortada heç bir sübut yoxdur.

M.İbrahim bildirib ki, Qarabağ yürüşü ilə bağlı əmlaka ziyan vurma, polislərə müqavimət, ictimai asayişin pozulması və dövlət çevrilişinə cəhd ittihamlarının hamısı qondarmadır. AXCP funksioneri vurğulayıb ki, nə özü həmin yürüşdə iştirak edib, nə də kiməsə göstəriş verib: “İttihamların hamısı başdan-ayağa yalandır”.

M.İbrahimin şikayəti təmin olunmayıb. Cinayət Məcəlləsinin 186 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulması), 278 (hakimiyyəti zorla ələ keçirməyə və ya zorla əldə saxlama yönəlik hərəkətlər) və 315 (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələri ilə onun barəsində ilkin olaraq, 4 aylıq həbs-qətimkan tədbiri seçilməsinə dair Nəsimi Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

M.İbrahimin vəkili Əsabəli Mustafayev bildirib ki, onun ev dustaqlığına buraxılması üçün vəsatət verəcək. Vəkilin sözlərinə görə, M.İbrahimin səhhətilə bağlı problemi yoxdur. Amma o, özündən bir neçə gün öncə koronavirus yayma ittihamıyla həbs olunan oğlu Mehdi İbrahimovdan narahatlığını dilə gətirib: “Dedi ki, “əsas narahatlığım oğlumdandır”.

M.İbrahimlə yanaşı, AXCP Rəyasət Heyətinin daha bir üzvü Fuad Qəhrəmanlı da Qarabağ yürüşünə görə dövlət çevrilişinə cəhddə ittiham olunur. Ümumilikdə, Qarabağ yürüşündən sonra AXCP 45 fəalının saxlandığını, onlardan 17 nəfər haqqında cinayət işi başlandığını, daha 18 fəala isə karantin qaydalarını pozma ittihamıyla 30 sutka həbs cəzası kəsildiyini açıqlayıb. 10 nəfər isə sərbəst buraxılıb.

M.İbrahimin oğlu Mehdi İbrahimov haqqında cinayət işində onun iyulun 20-də axşam saatlarında Nobel prospektində karantin rejimini pozduğuna görə saxlandığı, daha sonra müayinə zamanı onda COVİD-19 infeksiyası aşkarlandığı yazılsa da, ailə üzvləri bunun yalan olduğunu bildirir. Ailəsinin bildirdiyinə görə, M.İbrahimov iyulun 15-də Qarabağa dəstək yürüşündən qayıdanda saxlanılıb, sonradan onun haqqında koronavirus yayma ittihamıyla saxta cinayət işi başlanıb. Onun həbsinin səbəbi isə M.İbrahimin oğlu olmasıdır.

Ana səhifəSiyasətMəmməd İbrahim: Hamısı başdan-ayağa yalandır