Məhkəmə Elina Hacıyevanın anasının iddiasını rədd etdi

Sevil Hüseynova həkimlərin də cəzalandırılmasını istəyir

Source: meydan.tv


Sevil Hüseynova həkimlərin də cəzalandırılmasını istəyir

162 saylı orta məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar edən 14 yaşlı Elina Hacıyevanın ölümünə görə həkimlərin məsuliyyəti məsələsi qaldırılıb. Səbail Rayon Məhkəməsində hakim Anar Tanriverdiyevin sədrliyilə Elinanın anası Sevil Hüseynovanın şikayətinə baxılıb. S.Hüseynovanın vəkilləri məhkəməyə ərizədə Bakı Şəhər Prokurorluğunun həm Kliniki Tibbi Mərkəzin həkimləri, həm də 162 saylı məktəbin direktor müavini, Elinanın ölümündən sonra vəzifəsindən çıxarılmış Lalə Məhərəmova haqqında qərarlarının ləğvini tələb edir. İstəyir ki, bu adamlarla bağlı məsələ yenidən hərtərəfli və obyektiv araşdırılsın, onlar məsuliyyətə cəlb olunsunlar. S.Hüseynovanın fikrincə, qızının ölümündə məktəbin direktoru Sevinc Abbasovadan başqa, onun müavini L.Məhərrəmova və həkimlərin də payı var.

Lakin bu iş üzrə cinayət məsuliyyətinə cəlb olunan yeganə şəxs S.Abbasovadır. L.Məhərrəmova və həkimlər (Kliniki Tibbi Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin baş ordinatoru Vaqif Rəhimov, həkim reanimotoloq Fazil Alıyev, Uşaq cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyev, həkim-cərrah Əkrəm Çovdarov, Toksikologiya şöbəsinin həkimi Faiq Süleymanov, qəbul şöbəsinin həkim-psixiatrı Aytən Namazova, Şüa-diaqnostika şöbəsinin müdiri Tamara Hacıyeva, həkim-radioloq Məhəmməd Əmrahov, USM həkimi Elvira İsmayılova, baş həkimin cərrahiyyə üzrə müavini Adil Salahov) haqqında isə cinayət işinin rədd olunması barədə qərar çıxarılıb. Vəkillər həmin qərarın ləğvi üçün məhkəməyə müraciət edib.

Zərərçəkmişin vəkili Sevinc Əliyeva bildirib ki, onların şikayəti təmin olunmayıb. Qərardan narazı qaldıqlarını vurğulayan vəkil apelyasiya məhkəməsinə şikayət edəcəyini vurğulayıb: “Bu işi Avropa Məhkəməsinə aparacağıq”.

E.Hacıyevanın ölümüylə bağlı cinayət işinin istintaqı Bakı Şəhər Prokurorluğunda aparılıb. Prokurorluq bu iş üzrə dindirilən Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, məktəbin psixoloqu Könül Ağayeva, Elinanın sinif rəhbəri Çimnaz Mehdiyeva, məktəbin tibb bacısı Ləman Nuriyevanın barəsində də cinayət işi başlanmasının rədd edilməsi haqda qərar çıxarıb.

E.Hacıyevanın ölümünə görə cinayət məsuliyyətinə cəlb olunan məktəbin keçmiş direktoru S.Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2 (səhlənkarlıq, ağır nəticələrə səbəb olduqda) maddələrilə təqsirli bilinib. Səbail rayon Məhkəməsinin hökmüylə ona 2 il 2 ay azadlığın məhdudlaşdırılması cəzası verilib. Yəni o, bu müddətdə elektron bilərziklə hərəkət edəcək, gecə saat 23.00-dan səhər saat 07.00-a qədər evdən çıxa bilməyəcək. Elinanın anası onun cəzasının ağırlaşdırılması üçün apelyasiya şikayəti versə də, təmin edilmədi.

Direktor özü də hökmdən şikayət vermişdi. O, özünü təqsirli bilmir.

Hər iki tərəf Ali Məhkəməyə şikayət edəcəyini bildirib.

Ana səhifəXəbərlərMəhkəmə Elina Hacıyevanın anasının iddiasını rədd etdi