Məhkəmə arvadını baltalayan kişini həbsxanaya yox, xəstəxanaya göndərdi

“Baltanın küt tərəfi ilə Zalxanın başına vurdum”

Foto: Meydan TV


Hakimlər belə nəticəyə gəlib ki, qətl hadisəsini törədərkən o, anlaqsız vəziyyətdə olub

Zaqatala rayonunun Yengiyan kəndində məişət zəminində baş vermiş qadın qətliylə bağlı məhkəmə araşdırmaları yekunlaşıb. Nəticədə qadının əri onu qətlə yetirməkdə təqsirli bilinsə də, məhkəmə onun həbsxanaya göndərilməsinə yox, psixiatriya xəstəxanasında məcburi müalicəsinə qərar verib.

Hadisə 2020-ci il oktyabrın 21-də günorta saatlarında baş verib. İttiham aktında yazılanlara əsasən, 1970-ci il təvəllüdlü Fazil İsmayılov fındıq kollarının dibindəki kökləri kəsəndə həyat yoldaşı ilə üç gün əvvəl baş vermiş mübahisə yadına düşüb. Elə həmin fikirlərin təsiri altında gedib 1978-ci il təvəllüdlü arvadı Zalxa İsmayılovanın baş nahiyəsindən balta ilə zərbələr endirərək, onu qətlə yetirib.

Fazil İsmayılov 1998-ci ildə ailə qurub. Zalxa İsmayılova ilə birgə nikahlarından 4 övladları dünyaya gəlib.

Fazil İsmayılov istintaqa ifadəsində bildirib ki, əvvəllər başında kəskin ağrılar olduğuna görə bacısıgil onu həkimə aparıb, müalicə kursu yazılıb. Onun sözlərinə görə, bir müddət əvvəl kənddəki çayxanada Rəcəb adlı şəxs onu təhqir edib, ətrafdakılar da gülüb. Həmin vaxt buna görə Rəcəbi vurduğunu deyən təqsirləndirilən şəxs bildirib ki, ona görə övladlarının da ünvanına nalayiq ifadələr işlədildiyini eşidəndən sonra özünü çox pis hiss edib, daim fikirli olub.

Həyat yoldaşına gəlincə, Fazil İsmayılov bildirib ki, heç vaxt ondan şikayəti olmayıb, səhv hərəkətini nə görüb, nə də eşidib. Hadisə günü də səhər birlikdə inəkləri sağıb, sonradan fındıq bağına gediblər: “Orada işləyəndə birdən Rəcəbin dediyi sözlər yadıma düşdü, əsəbiləşdim. Bundan iki-üç gün əvvəl də Zalxa mənə demişdi ki, dəliyəm, özümü apara bilmirəm, ona görə boşanacaq. Bu da yadıma düşdü. Fikirləşdim ki, məndən boşanıb başqa kişiyə gedəcək. Ona görə əvvəl Zalxanı, sonra özümü öldürməyi düşündüm. Onda Zalxa qoz yığırdı. Baltanın küt tərəfi ilə Zalxanın başına vurdum. Qırqırıb dedi ki, “dəli olmusan?” Bundan sonra bir neçə zərbə də vurdum, yıxıldı. Burnundan qan gəldi. Qorxudan əsirdim. Tez qaçıb bulaqda baltanı yudum. Sonra özümü asmaq üçün oradan uzaqlaşdım…”

Fazil İsmayılovun sözlərinə görə, bir qədər sonra yolda polis əməkdaşları onu saxlayıb.

Tibbi ekspertizanın rəyində yazılıb ki, Fazil İsmayılov “depressiv tipli şizoaffektiv pozuntu” formasında psixi pozuntudan əziyyət çəkir. O, hadisəni törədəndə anlaqlı vəziyyətdə olmayıb. Sənədlərdən belə məlum olub ki, onun psixi durumunda 2005-ci ildən dəyişiklik başlayıb.

Fazil İsmayılov hadisədən sonra həbs olunaraq, 2021-ci ilin martına qədər istintaq təcridxanasında saxlanılıb. 2021-ci ilin martında Zaqatala Rayon Məhkəməsi onun psixiatriya xəstəxanasına yerləşdirilməsinə qərar verib.

Bu qətl hadisəsi Şəki Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Məhkəmədə təqsirləndirilən şəxs özü iştirak etməyib. Amma zərərçəkmişin hüquqi varisi qismində tanınan Zalxa İsmayılovanın qardaşı da daxil olmaqla, bir çox şahid dindirilib. Məhkəmə şahid ifadələri və sənədləri nəzərə alaraq, belə nəticəyə gəlib ki, Fazil İsmayılovun cinayəti anlaqsız vəziyyətdə törətdiyi sübuta yetirilib. Ona görə də həbs olunarkən ona ittiham verilmiş Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulan cinayət məsuliyyətindən və cəzadan azad olunmalıdır. Ona ixtisaslaşdırılmış psixiatriya xəstəxanasında məcburi müalicə təyin edilməlidir.

Ana səhifəBölgəMəhkəmə arvadını baltalayan kişini həbsxanaya yox, xəstəxanaya göndərdi