“Medianın İnkişafı Agentliyi bir daha prioritetlərini nəzərdən keçirməlidir”

Jurnalistlərə vahid vəsiqələrin verilməsi ideyası müzakirələrə səbəb olub

Source: Meydan TV


Jurnalistlərə vahid vəsiqələrin verilməsi ideyası müzakirələrə səbəb olub

“Azərbaycanda jurnalistlərə vahid vəsiqə verilməsi “Media haqqında” yeni qanun layihəsinin hazırlanması prosesində müzakirə olunacaq”.

Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov “Real TV”yə müsahibəsində deyib.

O bildirib ki, jurnalist işləmədən cibində hər hansı bir vəsiqə gəzdirənlər, cəmiyyətin içərisində fəaliyyət göstərən insanlar da var, amma indiki halda onların jurnalist olub-olmamasını müəyyən etmək mümkün deyil:

“Düşünürük ki, hazırda jurnalist olmaq üçün ali təhsil kifayətdir. Bizim təhlillərimiz onu göstərir ki, bu gün media nümayəndəsi olduğunu iddia edən hər bir şəxsin cibində jurnalist vəsiqəsi var. Jurnalistlərimiz və media subyektlərimiz bundan böyük bir narahatlıq keçirirlər. Ona görə də jurnalistlərə sürücülük vəsiqəsi kimi vahid vəsiqənin verilməsi təklifləri ilə çıxış edə bilərik və “Media haqqında” yeni qanun layihəsinin hazırlanması prosesində bunu müzakirə edəcəyik”.

Bakı Mətbuat Klubunun rəhbəri, jurnalist Arif Əliyev hesab edir ki, jurnalistlərə vahid vəsiqə verilməsi məsələsi reallaşmayacaq:

“Jurnalistlərə vahid vəsiqənin verilməsi məsələsini ağıllı təklif hesab etmirəm. Düşünmürəm ki, ciddi müzakirə nəticəsində belə bir təklif reallaşa bilər. Jurnalistlərə vahid vəsiqə verilməsi bəzi ölkələrdə tətbiq olunur. Ancaq orada da jurnalistlərin özünütənzimləmə qurumları, məsələn, mətbuat şuraları və yaxud jurnalist birlikləri belə vahid sənədlər tətbiq edirlər. Az-çox demokratik mühitdə jurnalistlərə dövlət orqanı tərəfindən vahid vəsiqə verilməsi faktı yoxdur”.

Arif Əliyev
Arif Əliyev

Media eksperti Seymur Kazımov Meydan TV-yə bildirib ki, əslində bu, yeni təcrübə deyil:

“Mətbuat Şurası yarananda müəyyən redaksiyalara vahid media kartı paylandı. Doğrusu, heç bir effekti olmadı. Belə çıxır ki, kartı olanlar əsl jurnalistdir, digərləri yox. Jurnalistin çalışdığı redaksiyadan vəsiqəsi olması kifayətdir. Bunun üçün əlavə bir kartın verilməsinə ehtiyac yoxdur. Müstəqil fəaliyyət göstərən jurnalistlərə digərlərindən fərqləndirmək üçün müəyyən vəsiqələr vermək olar. Amma bunu Medianın İnkişaf Agentliyi və yaxud hansısa bir qurum etməli deyil. Redaksiyada işləyən jurnalistlə, müstəqil fəaliyyət göstərən jurnalisti fərləndirmək redaksiyaların işidir. Jurnalistin kimliyini təsdiqləyən orqan Medianın İnkişaf Agentliyi yox, işlədiyi həmin redaksiya olmalıdır. Medianın İnkişaf Agentliyi necə müəyyənləşdirəcək ki, Seymur Kazımov jurnalistdir, digəri jurnalist deyil? Reket jurnalistikanın qarşısını almağın yeganə yolu odur ki, peşəkar mediaya inkişaf və iş şəraiti yaratmaq lazımdır. Yoxsa, siz bütün azadlıqları məhdudlaşdırın, mediaya reklam verməyin, bəzi saytları bloklayın, yaxud da hansısa qanunları jurnalistlərin əleyhinə sərtləşdirin. Bir tərəfdən də kart verin ki, biz reket jurnalistikanın qarşısını alacağıq. Vahid kart sisteminin tətbiqini doğru hesab etmitəm. Əsl peşəkar jurnalist həmin kartı əldə edə bilməsə, o zaman nə olacaq? Kim bizə təminat verə bilər ki, bu kartın verilməsində, kiminsə subyektiv amilləri nəzərə alınmayacaq? Mənə kart verilməsə, neyləyəcəyəm? Jurnalist işləməyəcəyəm? Axı işim jurnalistikadır, uzun illərdir bu sahədə çalışıram. Kim müəyyənləşdirəcək ki, Seymur Kazımov reketdir, yoxsa peşəkardır? Belə bir mexanizmin tətbiqi mümkün deyil”.

Seymur Kazımov
Seymur Kazımov

“Hörmətli dövlət və hökumət nümayəndələri ilk öncə jurnalist olmayanların cibində vəsiqə daşıması probleminə baxmalıdır”, – media hüququ üzrə ekspert Ələsgər Məmmədli belə deyir:

“Cibində hökumətin verdiyi vəsiqəni daşıyan reketliklə məşğul ola bilməz? Hökumət medianın, jurnalistlərin fəaliyyətinə qarışmamalıdır. Hökumətin öhdəliyi ümumi azad media mühiti yaratmaqdır. Bu mühit hər kəsin informasiya almaq hüququna hörmətlə yanaşmaq və ona təminat verməkdir. Həmçinin dövlət qurumlarını şəffaf tutmaq, bütün informasiya sorğularına – istər şifahi, istərsə də yazılı olsun – qeyd-şərtsiz cavab verməkdir. Bu, hökumətin vəzifəsidir. Hökuməti təmsil edən Medianın İnkişafı Agentliyi bir daha prioritetlərini nəzərdən keçirməlidir. İnformasiya əldə etmək, ya da özünü ifadə etmək, sadəcə, jurnalitslərə deyil, hər kəsə verilmiş bir hüquqdur. Bu, tamamilə diskriminasiyadır. Konstitusiyasının 50-ci, 47-ci maddələrini, habelə, Konvensiyanın 10-cu maddəsini açıq şəkildə görməzlikdən gəlməkdir. Çünki hər üçündə “jurnalistlərin informasiya əldə etmək hüququ var”,- demir. “Hər kəsin informasiya almaq hüququ var”, – deyir. Ümumiyyətlə, bu düşüncəni kənara qoymaq lazımdır. Jurnalistlərin özlərini tənzimləmə mexanizminə qarışmamaq gərəkdir”.

esger-sayt-cover (1).png
Ələsgər Məmmədli

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev arqument.az-a deyib ki, Əhməd İsmayılov öz işi ilə məşğul olsa, yaxşıdır:

“Dünya praktikasında belə bir şey yoxdur. Vəsiqəni öz əməkdaşına çalışdığı media orqan verməlidir. Bu, Əhməd İsmayılovun işi deyil. O, medianın digər problemləri ilə məşğul olsun. Mən media qurumun rəhbəriyəmsə, özüm bilərəm, vəsiqəni kimə verirəm, kimə vermirəm”.

_36405.width-1024.jpg
Mehman Əliyev

Jurnalist, teletənqidçi Qulu Məhərrəmli deyir ki, ölkədə jurnalistlərin hamısına vahid, standart vəsiqə verilməsi ideyası birmənalı qarşılanmır:

“Əgər məqsəd, hər kəsin bu sferaya girməməyi, jurnalist vəzifəsindən, media adından sui-istifadə etməməyidirsə, əlbəttə, burada müəyyən işıqlı nüanslar var. Amma dünya praktikasında vahid vəsiqə praktikasına çox nadir hallarda rast gəlmək olar. Qardaş Türkiyədə “Sarı kart” anlayışı var idi. Həmin kart özündə əlavə keyfiyyətlər, imtiyazlar ehtiva edirdi. Məsələn, vəzifənin icrası zamanı nəqliyyatdan pulsuz istifadə, yaxud hər hansısa bir situasiyada kimdənsə kömək almaq mümkün idi. Azərbaycanda vahid vəsiqə verilməsi məsələsi suallar doğurur? Birincisi, vəsiqə kimə veriləcək? İkincisi, müstəqil fəaliyyət göstərən jurnalistlərə vahid vəsiqə veriləcəkmi? Bunun əleyhinə olan adamlar bu arqumenti şişirdə bilərlər ki, bu vəsiqə bir növ jurnalistika fəaliyyəti üçün lisenziya rolunu oynaya bilər. Üçüncüsü, jurnalistlər var ki, bloger fəaliyyəti ilə məşğuldur. İşləri informasiya, araşdırma aparmaqdır. UNESCO-nun təsbitinə görə bu da jurnalistika fəaliyyəti sayılır. Onlara da vəsiqə veriləcəkmi? Bunların hamısı xeyli suallar doğurur. Bu istqamətdə addımlar artmasını təqdir edirik, amma bu, heç bir halda, nə jurnalist fəaliyyətini, nə də mətbuat azadlığının məhdudlaşdırılmasına yönələ bilməz”.

Qulu Məhərrəmli
Qulu Məhərəmli
Ana səhifəXəbərlər“Medianın İnkişafı Agentliyi bir daha prioritetlərini nəzərdən keçirməlidir”