Konstitusiya Məhkəməsinin qərarı üstündür, yoxsa prezident fərmanı?

Konstitusiya Məhkəməsinin qərarı üstündür, yoxsa prezident fərmanı?

Source: Meydan TV


Konstitusiya Məhkəməsinin qərarı üstündür, yoxsa prezident fərmanı?

İntiqam Əliyev: “Prezident faktiki olaraq o qərarı ləğv etməklə bir daha Konstitusiya Məhkəməsinə də, bu cür şikayətlərin hamısını rədd edən Ali Məhkəməyə də və bizim hər birimizə anladıb ki, ölkədə Qanun da odur, Məhkəmə də”

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında prezident İlham Əliyev fevralın 28-də

Fərman

imzalayıb. Həmin fərmanla minlərlə vətəndaşımızın (prezident onların sayının 850 min olduğunu deyib, onun köməkçisi Əli Həsənovsa bu rəqəmin 500 mindən bir qədər artıq olduğunu bildirir, AXCP sədri Əli Kərimli isə iqtisadçılara istinadla problemli krediti olanların sayının 1 milyon 300 min nəfər olduğunu deyir) kredit borcu problemi həllini tapacaq. Bu borcların necə yaranmasını yada salaq.


Devalvasiya

2015-ci il fevralın 21-də və elə həmin il dekabrın 21-də baş verən devalvasiya ilə manat dollar qarşısında dəyərini itirdi. Bu dəyər itkisi banklardan kredit götürən minlərlə vətəndaşın da böyük itkilərlə üzləşməsi demək idi. Dollarla kredit götürən vətəndaşlarımız ovaxtkı kursa uyğun 0.78 manata götürdüyü krediti 1.05, 1.55, ya da 1.70 nisbətiylə ödəməli idi. Banklar da zamanla bunlardan birinə uyğun kursla krediti ödəməyi tələb edirdi. Bəziləri tam, bəziləri qismən kreditlərini qaytardılar. İmkansızlar heç onu da ödəmədilər. Devalvasiyalardan sonra ölkə məhkəmələrində baxılan əsas işlər elə bank-vətəndaş çəkişməsiylə bağlıydı. Bütün bunlardan daha dəhşətlisisə kreditini ödəyə bilməyən vətəndaşlarımızın intihar xəbərləriydi…

Problemli kreditlərlə bağlı banklara, eyni zamanda müxtəlif dövlət qurumlarına müraciətlər də olurdu. Banklarsa birmənalı olaraq kreditləri yeni kursa ödəməyi tələb edirdi. Vəziyyətin getdikcə daha kəskin şəkil almasını görən bir qrup iqtisadçı prezidentə müraciət qərarı verdi. İqtisadçı Vüqar Bayramov bununla bağlı “Facebook” hesabında fikirlərini, daha sonra həmin müraciəti paylaşdı.

"Dollarla götürülən kreditlərə dövlət tərəfindən kompensasiyanın ödənilməsi məsələsini dəfələrlə gündəmə gətirməyimizə baxmayaraq, Mərkəz Bank tərəfindən bu istiqamətdə hələlik heç bir addım atılmayıb" – yazan iqtisadçı ekspert daha sonra vurğuladı: "Son monitorinqlər göstərir ki, kreditlərin ödənilməsi ilə bağlı ciddi çətinliklər müşahidə edilir. Dollar kreditləri manat ifadəsində 2 dəfə artıb və bu da belə kredit götürənlərin sosial vəziyyətinə də neqativ təsir göstərir. Bütün bunları nəzərə alaraq bir qrup iqtisadçı adından Azərbaycan Prezidentinə müraciət

etdik".

Həmin müraciətdə iqtisadçılar vəziyyətdən çıxış yolu kimi aşağıdakı təklifləri vermişdi:

1) Fiziki şəxslərin müflisləşməsi haqqında qanunun qəbul edilməsi. Mövcud Azərbaycan qanunvericiliyi yalnız hüquqi şəxslərin müflisləşməsi məsələlərini tənzimləyir;

2) Mərkəzi Kredit Bürosunun yaradılması. Bu qurumun statusu Publik Hüquqi şəxs kimi görünür və təsisçiləri arasında Mərkəzi Bankın, ASAN xidmətin və Nəzarət Palatasının olması, rəyimizcə məqsədə uyğun ola bilər. Kredit Bürosunun yaradılması eyni zamanda Azərbaycanın Doing Business hesabatındakı reytinqini də yüksəldər;

3) Maliyyə Ombudsmanı institutunun təsis edilməsi. Bu institut vətəndaşların qarşılaşdıqları maliyyə mübahisələrinin (banklarla və digər qurumlara) həllində və onların maraqlarının qorunmasında mühüm rol oynaya bilər;

4) Pərakəndə ticarətin inkişafı üçün TAKSİT sisteminin (Türkiyə və digər ölkələrdə populyar olan) tətbiqi həm vətəndaşların istehlak problemlərinin həlli, həm də eyni zamanda bu gün bir çox ticarət obyektində qeyri-qanuni fəaliyyət göstərən kredit verənlər sisteminin ləğvinə xidmət edər;

5) Lombardlar və lizinq qurumlarının fəaliyətinə nəzarətin gücləndirilməsi. Bu qurumlar vətəndaşların borclanması sisteminin digər həlqələridir. Burada da ciddi institusional islahatlara ehtiyac duyulur.


Konstitusiya Məhkəməsinin məmur-oliqarx marağına cavab verən qərarı

2016-cı il martın 14-də yayılan o müraciətə heç bir reaksiya verilmədi. Tərif dolu məktublar, müraciətlər prezident saytını bəzəsə də, bu çağırış ora yol tapa bilmədi. Bank-vətəndaş çəkişməsi isə məhkəmələrin başağrısına çevrildi. Banklar fiziki şəxslərə qarşı 600 mindən çox mülki iddia qaldırmışdılar. Görünür, bütün bunları nəzərə alan və getdikcə artan şikayətlərdən bezən məhkəmələr problemin həlli üçün yuxarı instansiyaya – Konstitusiya Məhkəməsinə üz tutmaq zorunda qaldı. Bakı Apelyasiya Məhkəməsi Mülki Məcəllənin 422-ci maddəsinin şərhi üçün Konstitusiya Məhkəməsinə müraciət etdi. Həmin müraciətə 2018-ci il sentyabrın 7-də (iqtisadçıların prezidentə müraciətindən 2 il 5 ay sonra) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə baxdı; maraqlı subyektlərin nümayəndələri Bakı Apelyasiya Məhkəməsinin hakimi İkram Şirinov, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin böyük məsləhətçisi Fərid Hacıyevin iştirakıyla. Eyni zamanda mütəxəssislər – Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının məsləhətçisi Vüqar Quliyev, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquqi təminat idarəsinin rəisi vəzifəsini icra edən Tural Feyzullayev də plenumun işində iştirak etdi.

Əvvəlcə Mülki Məcəllənin 422-ci maddəsinin əsas hissəsinə

baxaq:

Maddə 422. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi

422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

Mülki Məcəllənin yuxarıdakı verdiyimiz maddəsini şərh edən Konstitusiya Məhkəməsi aşağıdakı qərarı verdi:

“Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA

ALDI:

  1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz.
  2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
  3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
  4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Sədr Fərhad Abdullayev.

Yeri gəlmişkən, həmin qərara elə Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfov xüsusi rəyi ilə yox dedi: “Konstitusiya Məhkəməsinin Plenum qərarına hörmətlə yanaşaraq, qərarın təsviri-əsaslandırıcı hissəsi ilə qismən razıyam, nəticə hissəsi ilə isə razı deyiləm. Buna görə də xüsusi rəyimi

bildirirəm”.

Həmin xüsusi rəyin bir hissəsi ilə siz də tanış olun: “…Vətəndaş mənzil almaq məqsədi ilə bankla kredit müqaviləsi bağlayaraq, illik 19 faiz olmaqla, 48 ay müddətinə 102.000 ABŞ dolları kredit götürmüşdür. Və həmin müqavilə öhdəliyinin təminatı kimi də üçüncü bir şəxs S.Nəcəfova ilə zaminlik və ipoteka müqavilələri bağlamışdır. Vətəndaş borc aldığı vaxt 1 ABŞ dollarının Azərbaycan manatına nisbəti 0,78 manat olmuş, cəmi 12 gün sonra 1 ABŞ dolları 1,05 manat, bir müddət sonra 1,50 manat, qısa müddətdə isə 1,75 manat olmuşdur. Vətəndaşın da bu halla bağlı vəziyyəti pisləşmiş və bağladığı müqavilənin şərtlərinin dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə banka müraciət etmişdir. Lakin razılığa gəlmədikləri üçün MM-nin “şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi” adlı 422-ci maddəsini qanuni əsas kimi göstərərək bankla bağladığı müqavilənin ləğvini və ya dəyişdirilməsini məhkəmədən tələb etmişdir.

Konstitusiya Məhkəməsinin Plenum materiallarından görünür ki, manatın devalvasiyası nəticəsində vətəndaş banka 190.000 manat əsas kredit və illik bank faizinin 19% olmaqla, ümumi məbləği 30 min manatadək bank faizi verməlidir. Ödəmə müddətinin də 4 il olmasını nəzərə alsaq, onda başa düşmək olar ki, kreditorun maliyyə vəziyyəti necə olacaqdır.

…vətəndaş, bu halda bağladığı ipoteka müqaviləsinin dəyişdirilməsi və ya ləğv edilməsi ilə əlaqədar Mülki Məcəllənin 422-ci maddəsinə əsasən məhkəməyə müraciət etməkdə haqlıdır”. Hakim: İsa Nəcəfov.

Maraqlı məqam odur ki, ölkə rəhbəri və səlahiyyətli şəxslər devalvasiyanın qaçılmaz olduğunu bilsələr də, xalqa yalan danışmışdılar. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclasında (2015-ci il 10 yanvar), devalvasiyadan təxminən 1 ay 10 gün qabaq, xariciləri belə əmanətlərini manatla saxlamağa

çağırmışdı:

“…Manatın məzənnəsi, – artıq burada deyildi, – bir çox məsələlərin həlli üçün bizə imkanlar yaradır, ilk növbədə, ölkəmizin dinamik və uğurlu inkişafına xarici investorlarda inamı artırır, Azərbaycan əhalisinin rahat yaşamasını təmin edir. Manatın sabit qalması insanların birbaşa yaşayış səviyyəsinin yaxşılaşmasına xidmət edir və əlbəttə ki, bu amillər hər bir ölkə üçün önəmlidir. Hər bir ölkə üçün onun milli valyutası müstəqilliyin atributlarından biridir. Bu gün manat dünya miqyasında ən sabit valyutalardan biridir. Hesab edirəm ki, xarici vətəndaşlar və xarici şirkətlər öz vəsaitini manat hesablarında saxlasalar uduzmazlar. Həm pullar yerində qalacaq, eyni zamanda, o pullar onlara əlavə gəlirlər gətirəcəkdir. Çünki indi dünyada bir çox maliyyə institutlarında depozitlərə artıq faiz vermirlər. Sadəcə olaraq depozitləri bir əmanət kimi saxlayırlar”.

Mərkəzi Bankın rəhbərisə devalvasiyadan 2 gün qabaq devalvasiya olmayacağını demişdi. Konstitusiya Məhkəməsinin həmin qərarı qəbul etməsində, şübhəsiz, bank sektorunun hakim ailənin və məmurların nəzarətində olmasının rolu var. KM-in məsuliyyəti kredit götürənin boynuna qoyması, bu problemin məhkəmə çəkişməsi predmeti olmadığı barədə qərarı tamamilə qanunsuz idi.


Hüquqçu rəyləri

Prezidentin fərmanı ətrafında müxtəlif fikirlər səsləndirilir, bəziləri fərmanın Konstitusiya Məhkəməsinin qərarıyla ziddiyyət təşkil etdiyini deyir. Hüquqçi rəyi ilə məsələyə aydınlıq gətirək. Doğrudanmı fərman Konstitusiya Məhkəməsinin qərarına ziddir?

Hüquqçu Ənnağı Hacıbəyli: Məncə, məsələyə bu cür yanaşma hadisənin mahiyyətinə uyğun deyil. KM-in qərarı da, Fərman da hüquqdan çox siyasətin qərarıdır. Hər iki aktın müəllifi eynidir. Çünki ölkədə bankların da, iqtisadiyyatın da, siyasətin də sahibi eyni şəxslərdir və onlar özlərini belə böyük məbləğdə varidatdan məhrum edə bilməzdilər. Əslində, bütün yükün bankların üzərinə qoyulması da mümkün deyildi, bu, iqtisadiyyatın daha da çökməsinə gətirib çıxara bilərdi. Ona görə də durum ağırlaşmamış, minlərlə adam intihar etməmiş və ya müflisləşməmiş bu qərarı vermək olardı. Ancaq hakimiyyət nə etdi? Öncə KM-ə antikonstitusion, qanunvericiliyə zidd, absurd təfsir verdirdilər, sonra isə durum ağırlaşanda tərs qərar verdilər. Əslində, şəraitin önəmli dəyişməsi KM-in qərarında inkar, Fərmanda isə bir növ təsdiq olunur. Ancaq bunların hüquq nəticələri prinsipial baxımdan fərqlidir. MM-in 422-ci maddəsi kredit götürənlərə daha geniş hüquqlar verir. Fərman isə problemi həll etmir, sadəcə müəyyən kateqoriya vətəndaşların probleminin bir hissəsini yüngülləşdirir. 422-424-cü maddələrə düzgün təfsir verilsəydi, müqavilələrin ləğvi və dəyişdirilməsi nəticəsində hər iki tərəfin mənafeyinə uyğun normal, icrası mümkün öhdəliklər müəyyən etməklə durumdan daha ağrısız çıxış yolu tapmaq olardı. Məhkəmələr də ümidsiz iddialar, ədalətsiz qərarlar bataqlığında batmazdı.

Hüquqçu İntiqam Əliyevin fikrincə, baş verənlər ölkədə hüququn da, məhkəmələrin də ağlamalı durumunun göstəricisidir:

“Əslində, baş verənlər ölkədə təkcə məhkəmə-hüquq sisteminin deyil, bütövlükdə idarəçilik sisteminin ağır durumunun göstəricisidir. Təsüdüfi deyil ki, hətta Prezident də dilə gəlib dedi ki, “ölkədə ciddi məhkəmə-hüquq islahatlarına ehtiyac var”; yəni deyir ki, nə vaxta qədər siz qanunsuz qərarlar verəcəksiz, mən də üstündən iki-üç (bəzən də beş-on il) keçəndən – millətin bir hissəsi qırılandan, xəstəliyə tutulandan, intihar edəndən, ölkədən qaçandan, həbsxanaya atılandan sonra sizin səhvinizi aradan qaldırmalı olacam…

Bu ölkədəki duruma az-çox bələd olan hər kəs bilir ki, bu cür məsələlərdə Konstitusiya Məhkəməsinin rolu ona daxil olan göstərişi öz möhürü ilə təsqiqləməkdir. Əslində, bu işlə bağlı təkcə son fərman Prezident Administrasiyasında verilməyib, Konstitusiya Məhkəməsinin 2018-ci ildəki də, ondan əvvəlki və sonrakı qərarları da orada verilib.

Düşünmürəm ki, KM-in yüksəl ranqlı hüquqşünas-hakimləri, – ciddi islahatlara ehtiyacı olan məhkəmə hakimiyyətinin bu mənəvi-psixoloji ağır durumunda üstünə çox getməyərək “məmurları” sözünü işlətmirəm, – vətəndaşların üzərinə əsassız olaraq həddən artıq yük qoyan bu qərarın qanunsuz olduğunu bilməmiş deyildilər; o qədər də savadsız ola bilməzlər. Ölkənin nüfuzlu hüquqşünasları, iqtisadçıları KM-in banklara (dövlətə) qarşı və vətəndaşların xeyrinə qərar vermək üçün o qədər ciddi arqumentlər gətirirdilər ki, hətta İsa Nəcəfov da dilə gəlmişdi. İnsaf naminə onu da deyim ki, bu məsələdə KM həmin o yükü bankların üzərinə qoymuş olsaydı, yenə ədalətli qərar sayıla bilməzdi: bu halda vətəndaşın üzərinə qoyulan qədər ağır olmasa da, banklar yüklənmiş olacaqdılar. Kredit məsələsində baş verənlərin bütün məsuliyyəti idarəçilərin və hamının tərifinə çıxdığı o fərmanı vermiş Prezidentin üzərindədir, sorğulanmalı kimsə varsa da, bu, ilk növbədə onun özüdür.

Absurd durum yaranıb: KM qərar verib altında yazır ki, qərarım qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Bu qərarı çıxarmaq səlahiyyətini ona Konstitusiya, qanunlar verib. Prezident isə faktiki olaraq o qərarı ləğv etməklə bir daha Konstitusiya Məhkəməsinə də, bu cür şikayətlərin hamısını rədd edən Ali Məhkəməyə də və bizim hər birimizə anladıb ki, ölkədə Qanun da odur, Məhkəmə də.

Belə situasiyada məhkəmə-hüquq sahəsində hansı ciddi islahatlar ola bilər sualına cavab verməkdə çətinlik çəkirəm”.

Beləliklə, prezident son fərmanıyla problemli kreditlərin qanun yoluyla çözülməsi istiqamətində, rəsmi təbliğatda deyildiyi kimi, humanist deyil, problem yaradan addım atıb. 10 min dollara qədər krediti olanların problemi, yoluna qoyulsa da, iri məbləğdə kredit götürənlər yenə boyunduruq altındadır. Elə son addımların da məntiqi nəticəsi budur ki, problemli kreditlər yoxdur, idarəetmə problemi olan hakimiyyət var. Belə addımlar da onu daha dərin bataqlığa salır; çıxılması mümkünsüz bataqlığa…

Ana səhifəXəbərlərKonstitusiya Məhkəməsinin qərarı üstündür, yoxsa prezident fərmanı?