Keşikçidağ və müxalifət ”keşikçiləri”

Ona görə bunu informasiya üçün deyirəm: AXC-dən sonra yaradılan, hələ 30 yaşına çatmayan YAP-ın bütün rayonlarda yerli təşkilatlarının binası, paytaxtda isə mərkəzi ofisi, aylarla tədbir keçirilməyən böyük-böyük iclas zalları var…

Mənbə: Meydan TV


''Prezidentə məktub'' silsiləsindən

Cənab Prezident! Xəbəriniz var, yəqin, Azərbaycanın başı üstündən bəla əskik olmur, hər yoldan ötən sataşır. Bu gün hər platformada yenə başlıca mövzu sərhəd, ölkənin təhlükəsizliyidir. Ərazisinin 20 faizi işğal altında olan ölkədə təhlükəsizlikdən, sabitlikdən danışmağın nə qədər düzgün olduğunu dəqiq bilmirəm. 30 ilə yaxındır torpaqların işğal altında olması elə ölkənin təhlükə içində olması deməkdir, üstəlik, tez-tez əsgərlərimiz düşmən gülləsindən ölür. Demək, təhlükədən qurtarmamışıq, elə təhlükə içindəyik, yəni təhlükəsizliyimiz əldən gedib. Onun qayğısına qalmalı, onun dərdini çəkməliyik.

Ancaq bütün dövlətin güclərinin bu işə səfərbər olunması əvəzinə həmin güclərin gücünün başqa işlərə sərf olunduğuna şahidlik edirik. Niyə, cənab prezident? Bildiyimi deyim. Ona görə ki, hakimiyyət olaraq başlıca işiniz düşmənə qarşı mübarizə aparmaq, torpaqları işğaldan qurtarmağa çalışmaq yox¸ gücsüz saydığınız daxili güclərə – müxalifətə, müxalif düşüncəli adamlara, iflasa aparan siyasətinizi dəstəkləməyənlərə qarşı savaş açmaqdır. Bu mübarizə də paradokslarla zəngindir. Müxalifəti tənqid edir, həm də müxtəlif adlar altında özünüzə “müxalif” oyuncaq partiyalar yaradır, onları maliyyələşdirirsiz. Müxtəlif tədbirlərdə çıxışlarınızda müxalifəti aşağılamaqla yanaşı, onların heç bir güc yiyəsi olmadığını, ümumiyyətlə, olmadığını deyirsiz. 2013-cü ilin prezident seçkisindən sonra keçirdiyiniz yığıncaqda – Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramlarının icrasına həsr olunmuş konfransda (5 fevral 2014), dəxli olmasa da, demişdiz: “Bəzi satılmış müxalifət qruplarının fəaliyyəti heç bir səmərə vermir. Bizim ayağımıza dolaşmaq istəyənlər yenə də rəzil olurlar. Son prezident seçkiləri də bunu göstərdi”.

Yaxşı, hələ uzaq 2013-cü ildə “rəzil olmuş” müxalifət təmsilçilərinin sonrakı illərdə həbsləri nə deməkdir? Təkcə 2019-cu ilin yanvar-may aylarında AXCP-nin 55 üzvü müxtəlif müddətlərə inzibati qaydada həbs olunub, 24 üzvü isə müxtəlif məbləğlərdə cərimələnib. Həm də bu həbslər və cərimələr siyasi fəaliyyətə görə olub. Bu adamlar konstitusion hüquqlarından yararlanmaq istədiklərinə görə saxlanılıb, cərimə olunublar. Bəs onlar yoxdursa, mübarizə aparmırlarsa, müxalifətçi deyillərsə, onda niyə həbs olunurlar? 6 il qabaq “rəzil olan” müxalifətçilərə niyə yubiley tədbiri keçirməyə yer və imkan verilmir? Axı onlar zəifdilər, yoxdular, “rəzil”dilər. Belələrindən topu, topxanası, lap elə zorxanası olan hakimiyyətə hansı zərbə dəyə bilər? Zaman da göstərir, onlar düşmən deyil, vətənini sevən, onun müstəqilliyi yolunda savaşa atılan, torpaqlarımızın işğaldan qurtarması uğrunda döyüşən, şəhid, qazi olan insanlardı. Onların mübarizəsi Azərbaycanın qurtuluşu, demokratiya üçündür. Azərbaycanasa bəla həmişə kənardan gəlib. Elə ölkənin bütün güc strukturlarının AXCP-nin yubiley tədbirinin qarşısını almağa səfərbər olunduğu günlərdə baş verən “Keşikçidağ” hadisəsi də. Sərhəddə…

Cənab Prezident!

Gürcülər Azərbaycan ərazisində sərhədçi əsgərimizin əlindən silahını alanda hüquq-mühafizə orqanının əməkdaşı Saatlının Azadkənd kəndində, AXCP Saatlı rayon şöbəsinin sədri Şamil Hacıbəylinin yaşadığı küçədə keşik çəkirdi. Öyrəndim. Günlərdir keşik çəkirmiş ki, Ş.Hacıbəyli Saatlı cəbhəçilərini başına yığıb yubiley tədbiri keçirə bilməsin. Bu mənim şəxsən gördüyümdür. Belə “keşikçilər”, aldığımız xəbərə görə, demək olar, ölkənin bütün rayonlarında AXCP-nin 30 illik yubileyi ərəfəsində cəbhəçi ovuna çıxıblar, onların hər addımını izləyiblər. İzləyiblər ki, onlar illərdir sıralarında olduqları, qürur duyduqları təşkilatın 30 illik yubileyini qutlaya bilməsin. Çünki paytaxt Bakıda da, elə regionlarda da qərargahı olmayan 30 yaşlı təşkilatın yubiley tədbirinin keçirməsinə imkan, yer verilməmişdi. Mərkəzdən qaynaqlanan yubiley qadağası ilə bağlı göstəriş regionlara da verilmişdi. Guya tədbir keçirilsəydi, nəsə baş verəcəkdi? Əslində düz deyirsiz, sizin hakimiyyət onları iqtisadi baxımdan “zəlil” gününə salıb, bir-birlərinin toyuna, yasına belə getməkdə çətinlik çəkirlər. Onların heç fişəng atmağa belə topları yoxdur. Bunun əvəzində onların böyük ürəyi, əqidəsi var. Ancaq hakimiyyət toplarının mənasız tədbirlərlə bağlı açdığı yaylım atəşləri, havaya sovrulan fişənglər bütün ölkəni titrədir, fərqindəsinizmi? Həm də təkcə səsinə görə yox, neçə xəstəni xilas edəcək büdcə vəsaiti havaya sovrulduğu üçün…

Yazını yaza-yaza belə adam XXI əsrdə yaşadığına, sadaladıqlarının həqiqət olduğuna inanmaq istəmir, ölkə adına xəcalət təri tökə-tökə klavişləri döyəcləyir.

Ölkə boyu sizə şikayətlər ünvanlanır, ancaq adamlar düşünür ki, bu şikayətlər sizə çatmır, rəhbəri olduğunuz diyarda baş verənlərdən xəbərsiz qalırsız. Ona görə bunu informasiya üçün deyirəm: AXC-dən sonra yaradılan, hələ 30 yaşına çatmayan YAP-ın bütün rayonlarda yerli təşkilatlarının binası, paytaxtda isə mərkəzi ofisi, aylarla tədbir keçirilməyən böyük-böyük iclas zalları var…

Ana səhifəXəbərlərKeşikçidağ və müxalifət ”keşikçiləri”