Keçmiş müsavatçı ölkə vətəndaşlığından çıxmaq üçün Prezidentə müraciət edib

Mirvari Qəhrəmanlı Vüqar Qurbanov və Gülnarə Fərzəliyevanın işdən çıxarılandan sonra 1 ay müddətinə məhkəməyə şikayət vermələrini vacib hesab edib:

Source: Meydan TV


Ailə sosial problemlərin öhdəsindən gələ bilmədiklərini deyir

5 uşaq atası Vüqar Qurbanov işsizlikdən əziyyət çəkdiyini deyir. Vaxtilə həyat yoldaşı Gülnarə Fərzəliyeva ilə birlikdə Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) çalışsalar da, sonradan hər ikisi işini itirib.

Vüqar Qurbanovun sözlərinə görə, buna səbəb vaxtilə Müsavat Partiyasının fəalı olmasıdır. O, 1999-2006-cı illərdə Müsavat Partiyasının üzvü olub.


“Bank pensiya kartını bağlayıb”

Vüqar Qurbanov deyir ki, işi itirmələri ailəsinin sosial vəziyyətini çox çətinləşdirib. Övladının birinin əlilliyi olsa da, ailəyə buna görə hər hansı müavinət verilmir.

Ailə vəziyyətdən çıxmaq üçün bankdan kredit götürmək məcburiyyətində qalıb və 2014-cü ildə Gülnarə Fərzəliyeva Beynəlxalq Bankdan 10 min manat alıb.

Vüqar Qurbanov deyir ki, ölkə başçısının 28 fevralda imzaladığı problemli kreditlər haqda fərmanına qədər banka 12 min manat ödəyiblər. Amma fərmandan sonra bank Gülnarə Fərzəliyevadan 6 min manat da ödəməsini tələb edib və xanımın pensiya kartını qapadıb. Nəticədə ailə sonuncu gəlir yerindən də məhrum edilib.

“Halbuki, Maliyyə Bazarlarına Nəzarət Palatasından bizə 7 min 643 manat kompensasiya ödənilməsinin qanunauyğun olduğu bildirilmişdi,”- Vüqar Qurbanov deyir.


SOCAR-da haqsızlıq

Vüqar Qurbanov deyir ki, 1999-cu ildə partiyaya üzv olandan rayon təşkilatının Nəzarət-Təftiş Komissiyasının sədri vəzifəsində çalışıb. Amma 2005-ci ildən etibarən partiyadan uzaqlaşıb, siyasi proseslərdən kənara çəkilib.

Onun sözlərinə görə, SOCAR-da Natiq Əliyevin rəhbərlik etdiyi illərdə təzyiqlərlə üzləşsə də, Rövnəq Abdullayevin prezidentliyi dövründə daha çox haqsızlıqla qarşılaşıb:

“Söhbət 2005-ci ildən gedir. Təsəvvür edin, mənzil növbəsində 51-ci adam idik, ilyarımdan sonra 71-ci yerdə olmağımız haqda məktub verdilər. Bir xeyli sonra 73-cü olduğumuzu bildirəndə müvafiq orqanlara müraciət etdik. Aldadıcı cavab aldıq ki, siyahılarda birləşmə getdiyindən arxaya düşmüşük. Amma bizim həyəcan təbilimizdən sonra zərbələr aldıq”.

Vüqar Qurbanov eyni münasibəti Neft Şirkətinin Həmkarlar İttifaqından da gördüyünü bildirib:

“2006-cı ildə məni “Süleyman Vəzirov” gəmisində kapitanın üçüncü köməkçisi vəzifəsindən çıxartdılar. Hələ 2005-ci ilin aprelin 13-də xəbərdarlıq almışdım, demişdilər ki, istiqamətini dəyiş, diqqət yetirmədim və düz bir il sonra işdən azad edildim. Mən Səhiyyə Nazirliyinin Əlillərin Reablitasiya Mərkəzinin Həkim Sosial Ekspert Komissiyasına göndərildiyim halda “praqul” yazıblar, guya, işdə olmamışam. Bu qanunsuzluqla bağlı idarə rəisi Rafiq Rüstəmov Baş İdarənin kadrlar üzrə rəhbərinə zəng edib əlimdə sənədimin olduğunu söyləsə də, “heç bir məktub rol oynamır” deyə əhəmiyyət verilmədi”.

Şikayətçi deyir ki, 2006-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sənəd təqdim edib ki, işdə olduğum zaman “proqul” yazıla bilməz:

“Çağırdılar “Azneft” İstehsalat Birliyinin kadrlar şöbəsinə və bərpa etdilər. Səhəri gün bərpa olunmağım haqda məktubu donanma rəhbərliyinə təqdim etdim. Bir gün sonra yenidən Kadrlar Şöbəsinə çağırıb bildirdilər ki, başda Mübariz Mədətov olmaqla donanma rəhbərliyi etiraz edir. Deyirlər ki, Vüqarı işə bərpa edirsinizsə, biz hamınız işdən çıxırıq. Kadrlar Şöbəsindən dedilər, sən bunlara nə etmisən ki, onlar səndən belə qorxurlar? Mən donanma rəhbərliyi ilə mənzil sıramı arxa yerə salanda üz-üzə gəlmişdim, şirkətdən komissiya gələndə söhbətimiz olmuşdu. Elə o görüşlərdən sonra işdən çıxarılacağım haqda xəbərdarlıq aldım. Son nəticədə başqa idarəyə, Neft-Qaz Tikinti Trestinə göndərdilər, fəhləlikdən başladım. 5-6 ay sonra Xüsusi Texnika İdarəsində mühəndis, 2 il sonra hüquqşünas təyin etdilər. 2010-cu ildə bir məsələ ilə bağlı haqqımda həbs tədbiri seçildi, amma 4 ay həbsdə qalandan sonra Nəsimi Rayon Məhkəməsinin hakimi İkram Şirinov işə xitam verərək azad etdi. Amma mən işə qaytarılmadım”.

Vüqar Qurbanov işdən qanunsuz çıxarıldığını desə də, məhkəməyə müraciət etməyib:

“Onminlərlə adamın işlədiyi şirkətdə ədaləti bərpa edəcək səlahiyyətli kişi yoxdursa, məhkəmənin qərarı mənə lazım deyil. Hazırda da şirkətdə acınacaqlı durumdur, insanları yerdəyişmə adıyla işdən uzaqlaşdırırlar”.

O, qarşılaşdığı qanunsuzluqlarla bağlı Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinə müraciət etsə də, real nəticələr əldə olunmadığını söyləyir.

Copy of Untitled Design (4).png
Vüqar Qurbanov


“İrad bildirəndə “onsuz da sən işdən çıxarılacaqsan” cavabını aldım”

Gülnarə Fərzəliyevə 1995-ci ildən Xəzər Dəniz Neft Donanması İdarəsində hüquq məsləhətçisi kimi çalışıb. 1999-cu ildə İxtisaslaşdırılmış Dəniz Neft Donanması İdarəsi yaradıldıqda onu həmin idarəyə hüquqşünas göndəriblər. 2011-ci ilə qədər həmin idarədə işləyib. Həmin il idarənin bağlanması məsələsi gündəmə gəlib, ona qədər Gülnarə Fərzəliyevaya Təchizat İdarəsində iş təklif ediblər:

“İmtina edəndə, dedilər ki, onsuz da çıxarılacaqsan, ora getsən çıxarılmazsan. Məsələ ondadır ki, yeni iş yeri ixtisara düşəcəkdi və perspektiv olmayacaqdı. Cabir Niyazov İxtisaslaşdırılmış Dəniz Neft Donanması İdarəsinin baş hüquqşünası təyin olunandan sonra mənə münasibət daha da pisləşdi. Bütün məhkəmə işlərini mənim üstümə qoysalar da, öhdəsindən gəlirdim. Hətta mən onun proseslərdəki səhvlərini deyirdim ki, növbəti səhvlərə yol verib özünə problem yaratmasın, amma ondan bunun müqabilində “onsuz da sən çıxarılacaqsan” cavabını eşitdim. Elə situasiya yarandı ki, idarə ləğv olundu, təcrübəsiz işçilərə başqa idarələrdə yer tapılsa da, uzunmüddətli stajı və hüquqi biliyi olan məni kənarda saxladılar. 8-9 ay işsiz qaldığım zaman maaş ödənmədi”.

Hüquqşünas məcbur qalıb Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya şikayətlər yazıb. Lakin şikayətlər işdən çıxarıldığı idarəyə göndərilib:

“Şirkətin Həmkarlar İttifaqının sədri Cahangir Əliyevdən “məsələnizə baxacağıq” cavabını alandan bir müddət sonra kadr məsələlərini tənzimləyən İnsan Resursları Departamenti məni çağırdı. Departamentə getməzdən əvvəl Qaz İdarəsinə göndəriləcəyim haqda xəbər gəlsə də, bu məsələ də gündəmdən çıxdı. Halbuki, vakansiya vardı, məktubum da ora göndərilmişdi. Ancaq sonra dedilər ki, rayonlarda yer olsa da, uzaqdır. Ardınca Marketinq İdarəsini desələr də, bildirdilər ki, sənin orda işləməyə savadın çatmaz. Soruşdum ki, savad deyəndə nəyi nəzərdə tuturlar, tutarlı cavab ala bilmədim. İngilis dilindən danışıq səviyyəm olsa da, nəzərə almadılar”.

Gülnarə Fərzəliyeva deyir ki, 2013-cü ilin mayında prezidentin müşaviri Vahid Axundovun qəbulunda olandan 1 ay sonra İnsan Resursları Departamentinin rəisi Asif Bəkirliylə şirkətin Kadrlar İdarəsinin rəisi Xaliq Məmmədovun birgə məktubu əsasında Səngəçalda Nərimanov adına Neft-Qaz İdarəsinə göndəriblər:

“Amma ora çox uzaq idi, təxminən 2 saat yolda vaxt itirəcəkdim, sadəcə, maddi durumumuz acınacaqlı olduğu üçün getməyə məcbur idim. Ora gedəndən sonra idarə rəhbəri Xalid Şəfiyev xahiş etdi ki, ilk dəfə olduğundan bir illik müqavilə bağlayaq. Onlar “20 ilə yaxındır şirkətə çalışıramsa, niyə sınaq müddəti olmalıdır” sualıma cavab verdilər ki, müqavilə bağlansa da, bunun sizə aidiyyatı olmayacq, 1 il sonra müddətsiz müqavilə imzalanacaq. Zaman keçdi, amma müqavilə imzalanmadı, tələb edəndə dedilər ki, SOCAR-a sənin haqqında məlumatlar işçi kimi gedir, narahat olma. Elə vaxt olurdu şənbə günü də işə çıxırdım, ancaq bunların müqabilndə əmək müqaviləsinin müddəti bitdiyindən işdən azad etdilər. Qaradağ Rayon Məhkəməsinə müraciət etdim, qarşı tərəfin nümayəndəsi gəlmədi. Təsəvvür edin ki, hakim Rəşad Mustafayevin sədrlik etdiyi prosesdə ədalətli qərar çıxarıldı, amma 1 ay sonra əleyhimə qətnamə qəbul edildi. 40 ilin hüquqşünası kimi ilk dəfə idi belə əcaib vəziyyətlə üzləşirdim. Hakim məni çağırıb üzrxahlıq etdi, dedi ki, xeyrinizə qərar qəbul edib ya işdən çıxmalıyam, ya da… Hakim rəhbərlikdən göstəriş aldığını gizlətmədi. Sonradan öyrəndik ki, məhkəmə sədri Araz Kazımovla “AzNeft İstehsalat Birliyi”nin hüquq şöbəsinin sədri Aslan Ramazanov tələbə yoldaşı olublar. Biz apelyasiya şikayəti versək də, şirkətin xeyrinə qərar qəbul edildi. Yenidən Ali Məhkəməyə müraciət etdik, məhkəmə Əmək Məcəlləsinin 414-cü maddəyə əsasən Apelyasiya Məhkəməsinə tövsiyə yazdı ki, işə bərpa olunmalıyam. Amma Bakı Apelyasiya Məhkəməsinin hakimi Tofiq Səmədov “AzNeft İstehsalat Birliyi”nin xeyrinə qərar qəbul etdi. Hazırda iş Ali Məhkəmədədir”.


“Şikayətçilərin sözlərində təzad var”

SOCAR-dan Meydan TV-yə məsələ ilə bağlı danışmaq istəməyiblər. Bu səbəbdən də şikayətdə adıçəkilən şəxslərdən münasibət öyrənmək mümkün olmayıb.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Murvari Qəhrəmanlı is düşünür ki, Vüqar Qurbanov və Gülnarə Fərzəliyevanın danışdıqlarında əlaqəsizliklik və təzad var:

Мирвари Гахраманлы
Mirvari Qəhrəmanlı

“Vüqar Qurbanov və yoldaşı şikayətlərində gah Xəzər” Dəniz Neft Donanması İdarəsinin, gah “Azneft”in, gah “Xəzərdəniz” Neft-Qaz Tikinti Trestinin, gah da “Azneftyağ”ın adını çəkirlər. Bu idarələr bir-biri ilə əlaqəli deyil, hamısı şirkətə əlahiddə tabedirlər”.

Mirvari Qəhrəmanlı 100 minə qədər işçisi olan şirkətdə siyasi baxışlara görə kimlərinsə izlənildiyi, yaxud təqibə məruz qaldığı ilə rastlaşmadığını deyib:

“Düzdür, Əmək Məcəlləsinin 21-ci maddəsində idarə və müəssisələrdə siyasi partiyaların və dini qurumların fəaliyyətinə icazə verilmir, amma buna rəğmən hakim partiya üçün əlahiddə otaqlar ayrılıb. İşçiləri YAP-a məcburi yazdırıb əməkhaqlarından tuturlar. Amma siyasi baxışlara görə təqib yoxdur”.

Komitə sədri xatırladıb ki, SOCAR-da Əmək Məcəlləsinin 45-ci maddəsinin dördüncü bəndinin pozulduğunu həmişə qeyd ediblər:

“Çox təəssüf ki, Milli Məclis həmin bəndə müəyyən qədər əlavələr edib. Bənddə qeyd olunub ki, iş daimi xarakterə malik olduqda, işçi ilə işə götürən arasında müvəqqəti müqavilə imzalana bilməz. ARDNŞ hökumət qarşısındakı hesabatlarında işçilərin kütləvi surətdə işdən çıxartmadığını, ixtisar etmədiyini göstərdiyi üçün işçilərlə müvəqqəti müqavilə bağlayırlar, bu isə qanunaziddir. Ümumiyyətlə, şirkət işçilərinin 60 faizi ilə qanunu pozmaqla müvəqqəti müqavilə bağlayıb. Məsələ ondadır ki, məcəllənin 47-ci maddəsində qeyd olunub ki, hər iki tərəfin razılığı əsasında müvəqqəti müzavilə bağlana bilər. Əslində, Gülnarə Fərzəliyeva hüquqşünas olduğu halda məcəllənin bu maddəsini əsas gətirib müvəqqəti müqaviləyə imza atmamalıydı. Məcbur ediblərsə, bu, artıq qanun pozuntusudur. Nəhayət, müvəqqəti müqavilə ilə işdən çıxarılanlar işə bərpa edilmir”.

Mirvari Qəhrəmanlı Vüqar Qurbanov və Gülnarə Fərzəliyevanın işdən çıxarılandan sonra 1 ay müddətinə məhkəməyə şikayət vermələrini vacib hesab edib:

“Ancaq onlar çox gecikib. Çox təəssüf ki, işdən azad olunan bir sıra insan məhkəməyə müraciət etmək əvəzinə müxtəlif orqanlara şikayət yazırlar, bu, zaman itkisidir. Halbuki, həmin qurumlar şikayətləri onları işdən çıxardanların üstünə göndərirlər, bu da qanunaziddir. 57-ci maddədə qeyd olunub ki, əgər işçi işə götürəndən şikayət edibsə, şikayət ərizəsini həmin quruma göndərmək qadağandır. Gülnarə Fərzəliyeva hüquqşünas olduğundan bunları bilməliydi, o və yoldaşı vaxt itirmədən məhkəməyə və Əmək Müfəttişliyinə müraciət etməliydilər. Əmək Müfəttişliyi də məsələni gəlib yerində araşdırmalıydı. Əmək Məcəlləsinin 317-ci maddəsində qeyd olunub ki, ictimai nəzarəti Həmkarlar İttifaqı həyata keçirir. Güman ki, onlar yalnız qəbula gediblər, sona qədər problemin üstündə dayanmayıblar. Ali Məhkəmə də Gülnarə Fərzəliyevanın iddiasını təmin etməyəcək, çünki müvəqqəti müqaviləsi var. Ümumiyyətlə, onların 9 il sonra işə bərpa gözləyirlərsə, bu, absurddur”.


Ekspert deyir ki…

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Meydan TV-yə bildirib ki, manat kreditləri üzrə kompensasiya yoxdur. Sadəcə, vətəndaşın krediti varsa, fərmanda banklara tövsiyə verib ki, bank müştəri ilə 1 faiz civarında 5 illik müqavilə bağlayıb krediti qapasın. Gülnarə Fərzəliyeva gərək məsələni məhkəmədə mübahisələndirməli idi, əgər mübahisələndirməyibsə, öz səhvidir”.

Ailə artıq çıxış yolunu ölkə vətəndaşlığından imtinada görür. Onlar buna görə Prezident İlham Əliyevə müraciət ediblər.

Ana səhifəXəbərlərKeçmiş müsavatçı ölkə vətəndaşlığından çıxmaq üçün Prezidentə müraciət edib