Jurnalistləri qoruyan toz basmış inzibati qanunvericilik

Son onillikdə bu sferada baş verən yeganə gözəgəlimli gəlişmə “İnformasiya əldə edilməsi haqqında” qanunun icrasına nəzarət mexanizminin Ombudsmana həvalə edilməsi olub.

Foto: Meydan.TV


Zahirən hər şey elə rəsmilərin dediyi kimidir

“Jurnalistin informasiya əldə etməsinə maneçilik yaradılmasına qarşı ən yaxşı qanunlar bizdə də var. Jurnalistə zorakılıq olarsa, onu həbs gözləyir. Jurnalistin sorğusuna cavab verməyənləri isə inzibati cəza, cərimə gözləyir, daha nə olsun?”

Bu sözləri yaxın keçmişdə keçirilən beynəlxalq tədbir zamanı rəsmilərdən biri söhbətimizdə dilə gətirmişdi. Onun dediyi məzmunda qanunların mövcudluğunu inkar etməmiş, sadəcə, həmin qanunların işləmədiyini qeyd etmişdim. Bu günlərdə jurnalistə bilgi verməməyə görə inzibati məsuliyyət nəzərdə tutan qanunvericiliyi araşdırarkən, məlum oldu ki, həmin qanunvericiliyin ümumiyyətlə, kağız üzərində belə icra mexanizmi işlənib hazırlanmayıb. Bu yazıda bunun detallarına işıq tutmağa çalışacağıq.


Həm köhnə, həm də yeni məcəllə məsuliyyət nəzərdə tutur

Söhbət İnzibati Xətalar Məcəlləsinin jurnalist sorğularına cavab verməməyə, informasiya əldə edilməsi haqqında qanunvericiliyin pozulmasına görə, cərimə cəzası nəzərdə tutan maddələrindən gedir. Hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsi yenidir, 2016-cı il martın 1-də qüvvəyə minib.

Ondan əvvəlki İnzibati Xətalar Məcəlləsi isə 2000-ci ildən qüvvədə idi. Yeni məcəllədə olduğu kimi, artıq qüvvədən düşmüş məcəllə də jurnalist sorğularına cavab verilməməsinə, informasiya əldə edilməsi haqqında qanunvericiliyin pozulmasına görə, inzibati məsuliyyət – cərimə cəzası nəzərdə tuturdu. Əslində, köhnə məcəllədəki müddəalar kiçik korrektələrlə yeni məcəlləyə köçürülüb. Söhbət hansı maddələrdən gedir?


Jurnalistin işinə yarayan maddələr

Qüvvədən düşmüş məcəllənin 181-ci maddəsi “İnformasiya əldə etmək haqqında qanunvericiliyin pozulması” ilə bağlı idi. 186-cı maddə isə “Jurnalistlərin hüquqlarının pozulması” hallarını tənzimləyirdi. Həmin maddələr jurnalist sorğularına cavab verməyənlərin, qanunvericiliyi pozanların minimum 20, maksimum 90 manat cərimə edilməsini nəzərdə tuturdu.

Yeni məcəllədə eyni məzmunlu maddələr saxlanılıb. Məcəllənin 382-ci maddəsi “Jurnalistlərin hüquqlarının pozulması (sorğuya cavab verməmək)”, 374-cü maddəsi isə “İnformasiya əldə etmək haqqında qanunvericiliyin pozulması” ilə bağlı məsələləri tənzimləyir. Cərimələrin məbləği isə köhnədəkindən ciddi fərqlidir. Jurnalist sorğusuna cavab verməməyə görə 200-500, informasiya əldə edilməsi qanunvericiliyinin pozulmasına görə isə 100 manatdan 1 500 manata qədər inzibati cərimə cəzası nəzərdə tutulur.

Zahirən hər şey elə rəsmilərin dediyi kimidir. Qanunlar jurnalistin bilgilərə çatım rejimini qoruyur, bilgi sahiblərinin üzərinə bilgiləri açıqlamaq vəzifəsi qoyur, bu vəzifəni icra etməyənlərin də yüksək məbləğdə cərimələnməsini nəzərdə tutur. Zahirən belədir, mmahiyyət tamamilə fərqlidir. Əslində, xatrılatdığımız bu müddəaların işləmək mexanizmi mövcud deyil, yaradılmayıb. Həm də bu, yalnız yeni məcəllə ilə bağlı deyil, informasiyaların qapalı tutulmasına, jurnalist sorğularının cavablandırılmamasına görə məsuliyyət müəyyən edən müddəaların tətbiqi mexanizmi 2000-ci ildən bu yana yaradılmamış qalıb.


Maddələrin tətbiqi mexanimzləri yaradılmayıb

Detallarına toxunaq. 2000-ci ildə İnzibati Xətalar Məcəlləsi qüvvəyə minəndə onun tətbiqi mexanizmləri “İXM-nin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” qanunun tətbiq edilməsi barədə ölkə başçısının fərmanında əksini tapıb. Həmin fərmanda maddələr üzrə səlahiyyətli qurumlar müəyyən edilib. Məsələn, yol hərəkəti qaydaları ilə bağlı inzibati işlərə Daxili İşlər Nazirliyi, teleradio qanunvericiliyinin pozulması ilə bağlı işlərə Milli Televiziya və Radio Şurası baxır. Bir azda açıqlasaq yol hərəkəti qaydası pozulanda protokolu DİN, teleradio qanunvericiliyi pozulduqda isə MTRŞ tərtib edir. Məcəllənin tətbiqi mexanizmini nəzərdə tutan fərmanda jurnalistlərin yardımına yetişə biləcək maddələrlə bağlı mexanizmin müəyyən edilməsi isə unudulub – protokolu kim tərtil etməlidir, sualı açıq buraxılıb.

2016-cı il martın 1-dən qüvvəyə minən İnzibati Xətalar Məcəlləsində də durum eynidir. Maddələr var, icra mexanizmi mövcud deyil. Məcəllənin 43-cü maddəsində yazılır ki, məhkəmələr jurnalistlərlə əlaqəli 374, 382-ci (eləcə də digər) maddələrdə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müvafiq icra hakimiyyəti orqanı isə jurnalistlərin yardımçısı ola biləcək maddələrdəki inzibati xətalar üzrə protokol tərtib etmək səlahiyyətini indiyə kimi heç kimə verməyib.

Öncə də xatırlatdığımız kimi yol hərəkəti ilə bağlı pozuntular üzrə səlahiyyət DİN-ə, teleradio qanunvericiliyi ilə bağlı pozutulara görə səlahiyyət MTRŞ-yə verilsə də, jurnalistlərlə əlaqəli 2 maddənin tətbiqi məsələləri yenə də unudulub. “İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan prezidentinin 15 fevral 2016-cı il tarixli fərmanında jurnalsit sorğularının cavablandırılmaması, informasiya əldə edilməsi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət müəyyən edən maddələrin adı belə çəkilməyib…


Nə etməli?

İllərdir bu durum davam edir. Son onillikdə bu sferada baş verən yeganə gözəgəlimli gəlişmə “İnformasiya əldə edilməsi haqqında” qanunun icrasına nəzarət mexanizminin Ombudsmana həvalə edilməsi olub. Ancaq Ombudsman indiyə kimi jurnalistin işinə yarayan bu müddəaların işə düşməsi üçün heç bir təşəbbüsl irəli sürməyib. Jurnalistlərlə bağlı durumlarda söz söyləmək zərurəti hiss edən Mətbuat Şurası da bu məsələni bir dəfə olsun, gündəmə gətirməyib. Hazırda gərəkli olan məcəllənin tətbiqi ilə bağlı məsələləri tənzimləyən sənədə (Azərbaycan prezidentinin 15 fevral 2016-cı il tarixli fərmanı) müvafiq dəyişikliyin edilməsidir.

Ana səhifəXəbərlərJurnalistləri qoruyan toz basmış inzibati qanunvericilik