Jurnalistin yazdığından təşvişə düşən qadın polis rəisinin köməkçisi olub?

Şikayətçi məhkəməyə məcburi gətiriləcək

Source:
Anar Məmmədov
Anar Məmmədov


Şikayətçi məhkəməyə məcburi gətiriləcək

“Criminalaz.com” saytının baş redaktoru Anar Məmmədovun yazılarından təşvişə düşdüyünü deyərək ondan şikayətçi olan Gülnar Muradova haqqında məcburi gətirilmə qərarı çıxarılıb. Gəncənin sabiq polis rəisi, mərhum Rasim Musayevin köməkçisi olmuş G.Muradova jurnalistin işi üzrə məhkəmə prosesinə gəlməkdən imtina edir.

Fevralın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyilə keçirilən prosesdə A.Məmmədovun vəkili Elçin Sadıqov bildirib ki, Gülnar Muradova mütləq məhkəməyə gəlməlidir. Onların bu şahidə sualları var.

G.Muradova 2006-2011-ci illərdə polis sistemində işləyib.

Vəkil yazılara rəy verərək, orada dövlət əleyhinə çağırış xarakterli ifadələrin yer aldığını iddia edən ekspertin də məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, ekspert rəyində anlaşılmayan bir çox ifadə var.

Dövlət ittihamçısı Orxan Kəngərli vəsatətə etiraz etməyib. Prokuror bildirib ki, cinayət işinin materiallarında ekspert rəyi var və bu ittiham tərəfini qane edir. Lakin müdafiə tərəfi ekspertə suallar vermək istəyirsə, buna şərait yaradılmasına etiraz etmir.

Məhkəmə müşavirədən sonra vəsatəti təmin edib və növbəti prosesə ekspert də dəvət ediləcək.

Prosesin davamında hakim məhkəmə zalında olan jurnalistlərə və digər proses iştirakçılarına xəbərdarlıq edib. Bildirib ki, ötən prosesdə iştirak edən iki şahid qadının (onlar da yazılardan həyəcanlandıqlarını iddia edənlər olub) fotosu çəkilərək, sosial şəbəkələrdə və mətbuatda dərc edilib. Hakim buna icazə verilmədiyini bildirib və sonuncu xəbərdarlığı etdiyini söyləyib.

Məhkəmə fevralın 19-də davam etdiriləcək.

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı 2018-ci il iyulun 3-də törədilmiş sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi.

Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı.

İyulun 12-də A.Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindirilmişdi. Bundan sonra ölkə daxilində bir neçə sayta, o cümlədən “Criminal.az” saytına girişə məhdudiyyət qoyulmuşdu.

Dekabrın 12-də Anar Məmmədov haqqında açılmış cinayət işinin istintaqı başa çatıb. A.Məmmədov Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Ana səhifəXəbərlərJurnalistin yazdığından təşvişə düşən qadın polis rəisinin köməkçisi olub?