İŞİD-lə əlaqədə ittiham olunan 11 azərbaycanlıya hökm oxundu

Onların özləri isə təqsirsiz olduqlarını, böhtana məruz qaldıqlarını deyirlər

Source: google.az


Onların özləri isə təqsirsiz olduqlarını, böhtana məruz qaldıqlarını deyirlər

İŞİD-ə maliyyə yardımı, terror cəhdi, qadağan olunmuş ədəbiyyat əldə etmə kimi ittihamlarla həbs olunan 11 azərbaycanlıya ümumilikdə 49 il azadlıqdan məhrumetmə cəzası verilib. Mayın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyilə onlara hökm oxunub.

Hökmdən əvvəl təqsirləndirilən şəxslərin vəkilləri çıxış edərək, müvəkkillərinin təqsirsiz olduğunu bildirib. Onlar vurğulayıb ki, irəli sürülən ittihamların heç biri təsdiqini tapmayıb, ortada mötəbər sübutlar yoxdur.

Prosessual qaydalara görə, müdafiə çıxışlarından sonra təqsirləndirilən şəxslər məhkəmədə son sözünü deməlidir. Onlar son sözə hazırlaşmaq üçün məhkəmədən vaxt istəyiblər. Lakin Səbuhi Hüseynov, Zeynal Ağayev və Azad Məcidovdan ibarət hakimlər kollegiyası onlara vaxt verməkdən imtina edib. Məhkəmə zalını tərk edən hakimlər bir neçə dəqiqədən sonra müşavirədən qayıdaraq hökmü elan edib. Hökmə əsasən, Samir Qurbanov 8 il, Amil Həsənov, Əflatun Bayramov, Babək Məmmədlinin hər biri 7 il, Tehran Qasımov 5 il, Orxan Qurbanov, Cavid Əmənov, Ələddin İbişov, Yusif İmanov, Elgün İsmayılov və Şəhriyar Cabbarov isə 2 il 6 ay azadlıqdan məhrum edilib. Onlar Cinayət Məcəlləsinin 167-3 (dini ekstremist materialları hazırlama, saxlama, yayma), 28,214.2.6 (dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində terrora hazırlıq), 218 (cinayətkar birlik yaratma), 228 (qanunsuz silah saxlama) və başqa maddələrilə təqsirli bilinib.

Amma onlara münasibətdə Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq olunmaqla, daha aşağı cəza təyin edilib. Prokuror təqsirləndirilən şəxslərə 9 ildən 18 ilə qədər cəza verilməsini istəmişdi.

Hakim hökmü elan edərkən təqsirləndirilən şəxslər saxlandıqları şüşə kabinənin içində etiraz ediblər. Onlar başlarını şüşəyə vurublar. Penitensiar Xidmətin konvoyları dərhal müdaxilə edib, təqsirləndirilən şəxslərdən birinin vəziyyəti pisləşib.

Onların ailə üzvləri də hökmün ədalətsiz olduğunu, məhkəmənin obyektiv keçirilmədiyini vurğulayıblar.

Babək Məmmədlinin atası Rəşid Məmmədov bildirib ki, oğluna qarşı ittihamları təsdiqləyən heç bir sübut ortaya qoyulmadı: “Bu, qurama işdir. Mən özüm də 25 il orqanlarda işləmişəm. Açıq-aşkar görünür qurama olduğu…”

Təqsirləndirilən şəxslər də ittihamları qəbul etmir, günahsız olduqları halda böhtana məruz qaldıqlarını deyirlər.

Valideynlər də iddia edir ki, ölkədə terrora qarşı mübarizə görüntüsü yaratmaq məqsədilə onların övladlarını qurban verirlər.

Ana səhifəXəbərlərİŞİD-lə əlaqədə ittiham olunan 11 azərbaycanlıya hökm oxundu