İran-İraq müharibəsi

İran-İraq müharibəsi

İran-İraq müharibəsi

22 sentyabr 1980-ci il tarixində səkkiz il davam edəcək, yüzminlərlə insanın qurban verilməsi və yüzmilyardlarla dollar vəsaitin xərclənməsi bahasına başa gələcək, sonda da müharibədən əvvəlki status-kvonun bərpası ilə heç-heçə nəticələnəcək İran-İraq müharibəsi başlandı.

(birinci hissə)

***

Osmanlı və Səfəvi dövlətləri arasındakı hərbi qarşıdurmanın birinci mərhələsi 1555-ci ildə Amasya sülh müqaviləsinin imzalanması ilə başa çatdı. Müqavilə Osmanlı-Səfəvi sərhədini də müəyyən edirdi. Sonrakı dövrlərdə bəzən osmanlıların üstünlüyü nəticəsində sərhəd dəyişsə də, qarşı tərəf tezliklə revanşa nail olur və əvvəlki sərhədi bərpa edirdi.

Səfəvilərin 1612 və 1639-cu illərdə, Nadir şah Afşarın 1746-cı ildə, nəhayət, Qacar xanədanının 1823-cü və 1847-ci illərdə Osmanlı dövləti ilə bağladığı müqavilələrdə sərhəd əsasən Amasya müqaviləsində göstərilən şəkildə (son iki müqavilədə Rusiyanın artıq işğal etdiyi Cənubi Qafqaz ərazisi istisna olmaqla) təsbit edilirdi.

Osmanlı imperiyasının çöküşündən sonra ərazisinin bir hissəsində yaranan İraq dövlətinin İranla sərhədi də məhz Amasya müqaviləsindən sonra formalaşan xətt üzrə çəkildi. Cəmi 1458 kilometr təşkil edən sərhəd xəttinin kiçik bir hissəsi Şəttül-Ərəb və ya İranda deyildiyi kimi Ərvəndrud çayı təşkil edirdi. Ölkələr arasındakı əsas qarşıdurma mənbəyi də məhz bu kiçik, lakin əhəmiyyətli hissə üzündən baş vermişdir.

Şəttül-Ərəb adı beynəlxalq şəkildə qəbul olunduğundan, biz də məqalədə bu addan istifadə edəcəyik. 195 km uzunluğu olan çay Dəclə və Fərat çaylarının qovuşmasından yaranır, təxminən yarıya qədər sırf İraq ərazisindən axır. Daha sonra isə şərqə meyllənərək İraq-İran sərhədinin bir hissəsini təşkil edir və sonda Fars körfəzinə tökülür.
Problem onda idi ki, İraqın dənizə çıxışı ehtiyacı olduğundan qat-qat azdır. Böyük neft ixracatçısı olan ölkənin sahil zolağı cəmi 58 km təşkil edir. Müqayisə üçün göstərək ki, cırtdan Küveytdə bu rəqəm 499 km-ə bərabərdir. Ona görə də İraq İranla sərhədinin Şəttül-Ərəb çayının şərq sahilindən keçməsində, çayın tamamilə öz ərazisinə aid edilməsində maraqlıdır. Belə olardısa, bol sulu çay vasitəsilə dənizə çıxan ərazisi xeyli artardı.

1930-cu illərdə Böyük Britaniya region ölkələrini öz patronajlığı altında birləşdirmək üçün bir sıra addımlar atdı. 1937-ci ildə Türkiyə, İran, İraq və Əfqanıstandan ibarət "Yaxın Şərq Antantası" adını alacaq hərbi blok formalaşdırıldı. Elə həmin zamanda Böyük Britaniyanın təzyiqi ilə İran İraqla sərhədinin Şəttül-Ərəb çayının şərq sahilindən keçməsi, çayın akvatoriyasının tamamilə İraqa aid olması ilə razılaşdı.

30 il keçəndən sonra isə İran öz mövqeyini dəyişdi. Bu illər ərzində İran xeyli qüvvətlənmiş, İraq isə mütəmadi hərbi çevrilişlər nəticəsində zəifləmiş və beynəlxalq nüfuzunu itirmişdi. İran hökmdarı Məhəmməd Rza şah 1969-cu ilin aprelində verdiyi bəyanatda əvvəlki razılaşmadan imtina etdiyini, sərhədin Şəttül-Ərəb çayının talveqi (ən dərin yeri) üzrə keçməli olduğunu bildirdi.

Nəticədə İran-İraq münasibətlərində gərginlik artmağa başladı. Diplomatik münasibətlər pozuldu, sərhəddə tez-tez atışmalar, pozuntlar müşahidə edildi, İran İraqdakı kürd üsyançılarına dəstək verməyə başladı. Lakin bu dövrdə İraq bütün cəhətlər - hərbi, iqtisadi, beynəlxalq mövqe - üzrə İrandan açıq-aşkar zəif olduğundan qonşusunu 1937-ci il müqaviləsinə sadiq qalmağa məcbur etmək üçün ciddi addımlar atmaq imkanı yox idi.

1975-ci ilin martında OPEC ölkələrinin Əlcəzairdə keçirilən sessiyasında iştirak edən Məhəmməd Rza şah və İraqın vitse-prezidenti Səddam Hüseyn dövlətləri adından müqaviləyə imza atdılar. “Əlcəzair razılaşması” adlanacaq bu sənəd İranın mövqeyini qəbul edir və sərhədin Şəttül-Ərəb çayının talveqindən keçməsini qərara alırdı.

İran və İraq dövlətlərinin sonrakı yaxın illər ərzində tarixində müəyyən oxşarlıq var. Hər iki dövlət 70-ci illərdə neft qiymətlərinin kəskin artımından faydalanır, həyat səviyyəsi (xüsusən, İraqda) yüksəlirdi. Həm İran, həm də İraq xəzinəyə axan milyardlarla dollardan öz hərbi potensiallarını artırmaq, bir-birilərinə əzələ nümayişi üçün istifadə edirdilər.

Lakin bəzi, özü də çox ciddi fərqlər də vardı. İranda şahın həyata keçirdiyi islahatlar bəzi nöqsanları üzündən hakimiyyətdən narazılığın artmasına, etiraz hərəkatının güclənməsinə səbəb olurdu. İraqda isə rəsmən ikinci, reallıqda isə çoxdan birinci şəxsə çevrilən Səddam Hüseynin islahatları daha sosialyönümlü (pulsuz təhsil, səhiyyə və s.) olduğundan iqtidarın nüfuzunu xeyli artırırdı.

1978-ci ildə tərəflər arasında münasibətləri istiləşdirən olay yaşandı. İran kəşfiyyatı rəsmi Bağdadı öz hərbçiləri tərəfindən hazırlanan çevriliş barədə xəbərdar etdi. Buna əvəz olaraq Səddam Hüseyn 14 il ərzində İraqda sığınacaq tapan İranın dini müxalifətinin lideri ayətullah Ruhulla Musəvi Xomeynini ölkədən çıxardı.

1979-cu ildə hər iki dövlətin tarixində taleyüklü hadisələr baş verdi. Fevralda İranda şah əleyhinə inqilab qalib gəldi və monarxiya devrildi. Bir müddət sonra İran İslam Respublikasının yaradıldığı elan olundu. İyulda isə real hakimiyyəti çoxdan itirən İraq prezidenti Əhməd Həsən əl-Bəkr istefa verdi, onun yerinə Səddam Hüseyn keçdi.
Prezident kimi ilk çıxışılarının birində Səddam Hüseyn İran islam inqilabına müsbət qiymət verdi, bir-birinin daxili işlərinə qarışmamağa əsaslanan dostluq münasibətlərinin qurulmasına çağırdı. Lakin qalib gələn bütün inqilabçılara xas maksimalizm İranın yeni lideri ayətullah Xomeyniyə də yad deyildi.

O, islam inqilabının ixracından danışır, bu sırada İrandan sonra ən çox şiələrin yaşadığı İraqın adını ilk növbədə çəkirdi. Xomeyni İraq möminlərini dünyəvi BƏƏS rejimini devirməyə çağırırdı. Belə çağırışlar, təbii ki, İran-İraq münasibətlərinin yaxşılaşmasına xidmət etmirdi.

Əgər İraqdakı hakimiyyət dəyişikliyi xüsusi təbəddülatlar olmadan baş verdisə, İrandakı hadisələr haqqında bunu söyləmək olmaz. İslam inqilabı ölkənin bütün dayaqlarını silkələdi, köhnə dövlət aparatını yerlə-yeksan etdi. Saysız-hesabsız hərbçi, xüsusi xidmət orqanlarının əməkdaşı, dövlət məmurları öldürüldü və ya həbs edildi. Bütün bunlar şübhəsiz ki, ölkənin müdafiə qabiliyyətinə təsirsiz ötüşə bilməzdi.

Əlcəzair razılaşmasını məcburi addım kimi qiymətləndirən, bir gün onun ləğvinə nail olacağına inanan Səddam Hüseyn İranda baş verən prosesləri diqqətlə izləyirdi. Xüsusən İran ordusunda baş verən repressiyalar, eləcə də, hakimiyyəti mənimsəyən qüvvələrin daxilində ruhanilər və sekulyaristlər arasında gedən mübarizə İraq prezidentini hərbi qələbənin mümkünlüyünə inandırırdı.

42 yaşında İraqın prezidenti postuna yiyələnən, apardığı islahatlar nəticəsində ölkədə hüdudsuz populyarlığa malik olan Səddam Hüseyn özünü yerlisi, orta əsrlərin böyük cəngavər-hökmdarı Səlahəddin Əyyubinin varisi kimi görürdü. O, Misir prezidenti Camal Əbdül Nasirin ölümündən sonra aşkar lidersiz qalan ərəb dünyasının yeni rəhbəri olmağa hazırlaşırdı.

1980-ci il İran-İraq münasibətlərinin getdikcə kəskinləşməsi ilə müşayiət olundu. Tərəflər bir-birlərinin əleyhinə bəyanatlar verir, diplomatik addımlar atır, sərhəd xəttində atışır, İraq İran kürdlərini, İran isə İraq kürdlərini silahlandırırdı. Nəhayət, iyul ayında Səddam Hüseyn öz generallarına müharibəyə hazırlaşmaq üçün bir ay vaxt verdi.

Prezidentdən fərqli olaraq, İraq generalları öz ordularının döyüş qabiliyyəti haqqında yüksək fikirdə deyildilər, buna görə də göstərişi məyusluqla dinlədilər. İraq generalları 1967 və 1973-cü illərdə İsrailə qarşı bir neçə gün davam edən və ağır məğlubiyyətlə nəticələn müharibələrdə ikinci dərəcəli iştirakdan başqa hərbi fəaliyyətdə fərqlənməmişdilər və daha çox hərbi çevrilişlər üzrə ixtisaslaşmışdılar.

Digər tərəfdən, İraq SSRİ-dən külli miqdarda müasir ağır texnika alsa da, hərbçilər onları (xüsusən təyyarələri və tankları) əsaslı surətdə mənimsəməmişdilər və bütün üstünlüklərindən yararlana bilmirdilər. Lakin ali hərbi rəhbərlikdən kimsənin bu və digər çatışmazlıqları Səddam Hüseynə deməyə cəsarəti çatmadı.

Yuxarıda deyildiyi kimi, 1970-ci illərdə İran da öz hərbi potensialının güclənməsinə xeyli vəsait ayırırdı və bu zaman Qərb silahlarına üstünlük verilirdi. ABŞ-dan "Fantom F-4" təyyarələri və AH-1 Kobra helikopterləri alınırdı. Böyük Britaniyanın istehsal etdiyi Çiften tanklarının ən kütləvi (896 ədəd) alıcısı da Tehran idi. İran ordusunda Çiftenlərin sayı hətta Böyük Britaniya ordusundakından çox idi.

Üstəlik, İran hərbçiləri, xüsusən də pilotlar iraqlı həmkarlarından peşəkarlıq baxımından daha üstün idilər. Şah rejimi təkcə texnika almaqla kifayətlənməyərək, öz pilotlarını tez-tez ABŞ-a və digər NATO ölkələrinə hərbi təlim və təcrübə keçməyə göndərirdi.

Lakin İranın öz problemləri də vardı. Bunun bir qismi artıq xatırladığımız ordu və kəşfiyyat strukturlarının məruz qaldığı repressiya idi. İran inqilab məhkəməsinin hakimi ayətullah Sadeq Xalxali zabitləri dəstə-dəstə edama göndərirdi. Xeyli sayda zabit repressiyalardan qaçaraq mühacirət etmişdi. Digər problem isə İslam inqilabından sonra ölkənin məruz qaldığı embarqo idi. Bu embarqo nəinki yeni silahlar alınmasına imkan vermir, hətta mövcud hərbi texnikanın ehtiyat hissələrlə təmin edilməsini müşkülə çevirirdi.

Bundan əlavə, inqilabdan sonra ordu demək olar ki, yox idi. Fərarilik böyük miqyas almışdı. Yeni rəhbərlik xarici müdaxilə ehtimalını ciddi saymadığından diqqəti daha çox daxili düşmənlərlə mübarizəyə yönəldirdi. Buna görə də ordunun bərpasını deyil, İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepahe Pasdarane Enqelabe Eslami, qısaca Sepah) yaradılmasını daha ümdə vəzifə sayırdı. Nəhayət, inqilabdan sonra ölkənin iqtisadi və maliyyə vəziyyəti ağır olaraq qalmaqda idi.

Avqustun sonlarına doğru sərhəd toqquşmaları intensiv xarakter aldı. Tərəflər artıq təkcə yüngül silahlardan deyil, ağır silahlardan, artilleriyadan da istifadə edir, sərhəd yaxınlığında qüvvələrini artırırdılar. Sərhəd istər qurudan, istərsə də havadan mütəmadi və əsasən İraq tərəfindən pozulurdu.

Sentyabrın 16-da İraqın ali hərbi rəhbərliyini toplantısında Səddam Hüseyn müharibənin yaxın günlərdə başlayacağını bildirdi. Yalnız İraq kəşfiyyatının (Muxabbarat) rəisi, prezidentin yaxın qohumu, sonralar kürdlərə qarşı zəhərli qaz işlətdiyinə görə Kimyəvi Əli adını alacaq Əli Həsən əl-Məcid ölkənin müharibəyə hazır olmadığını bildirdi. Lakin başqa kimsə onu dəstəkləmədi.

Ertəsi gün Bağdad Əlcəzair razılaşmasından imtina etdiyini, Şəttül-Ərəb çayının tamamilə özünə aid olduğunu bildirdi və İranı danışıqlara dəvət etdi. Lakin Tehran bu təklifi qəbul etmədi. Sentyabrın 18-də İraq özünün müdaxilə planını tam hazırladı. İran rəhbərliyi müharibənin başlanmasına o qədər inanmasa da, hər ehtimala qarşı sentyabrın 20-də səfərbərlik elan etdi. Bundan iki gün sonra İraq ordusu sərhədi keçərək müharibəyə başladı.

***

Hətta iki hissəyə bölünən bir məqalə çərçivəsində 8 il davam edən hərbi əməliyyatları az-çox əhatəli təsvir emək qeyri-mümkündür. Ona görə də əsasən ümumi cizgilərə toxunacağıq. Zatən nadir istisnalarla bu əməliyyatları hərb sənəti incisi adlandırmaq çətindir.

İraq komandanlığının planına görə qoşunlar 10 gün ərzində Kermanşah, Abadan, Ahvaz, Dezful şəhərlərini tutmalı idilər. Son üç şəhər ərəblərin çoxluq təşkil etdiyi Xuzistan ostanında yerləşirdi. Səddam Hüseynin gümanlarına görə, yerli əhali iraqlıları sevinclə qarşılayacaq və İrana qarşı üsyana qalxacaqdılar. Hərbi məğlubiyyətlər isə ümumilikdə Xomeyni hakimiyyətinin nüfuzunu sarsıdacaq və tezliklə devrilməsinə səbəb olacaqdı.

Lakin bu ümidlərin heç biri doğrulmadı. Hətta Şəttül-Ərəb çayının sahilində yerləşən Xorrəmşəhri tutmaq üçün iraqlılara 1 ay vaxt lazım oldu. Göstərilən 4 şəhər isə heç vaxt tutulmadı. Xuzistan ərəbləri iraqlıların gəlişinə biganə yanaşdılar. İranın qalan əhalisində isə İraq təcavüzü kəskin dini və milli coşğu doğurdu.

Müharibənin ilk günlərində daha azsaylı olan İran tərəfi xeyli sayda könüllülərin hesabına sıralarını nəzərəçarpacaq dərəcədə genişləndirdi. Hələ edam olunmamış peşəkar hərbçilər həbsxanalardan azad edildilər. İran pilotları hava döyüşlərində iraqlılardan daha üstün olduqlarını nümayiş etdirdilər. Müharibənin ilk günlərindən İran aviasiyası İraqın neft sənayesinə ciddi zərbələr endirdi.

Noyabrın 28-də isə bütün müharibə ərzində nadir diqqətəlayiq əməliyyatlardan biri keçirildi. İran Hərbi Dəniz və Hərbi Hava qüvvələrinin birlikdə keçirdiyi "Mirvari" əməliyyatı nəticəsində Mina əl-Bəkr və Xor əl-Amiyədəki neft terminalları partladıldı. Daha sonra baş verən dəniz döyüşü zamanı isə İraqın dəniz qüvvələrinin 80%-i məhv edildi. O zamandan etibarən 28 noyabr İranda hərbi-dəniz donanması günü kimi qeyd olunur.

Hərbi əməliyyatların istədiyi kimi getmədiyini görən Səddam Hüseyn hələ sentyabrın sonlarında Tehranı danışqlar masasına dəvət etdi. O, İranın Şəttül-Ərəbdən və İraqın tutduğu ərazilərdən imtinası müqabilində sülh bağlamağı təklif edirdi. Bir neçə gün sonra isə Tehran sülh üçün öz şərtlərini açıqladı: Səddam Hüseynin istefası, İraqın rəsmən üzr istəməsi və təzminat ödəməsi, təzminat ödənənə qədər neftlə zəngin Bəsrə vilayətnin İranın nəzarətinə verilməsi. Aydındır ki, Bağdad bu təklifləri qəbul edə bilməzdi.

Elə həmin günlərdə BMT Təhlükəsizlik Şurası 479 saylı qətnamədə tərəfləri atəşi dayandırmağa, ixtilafı ədalət və beynəlxalq hüquq əsasında həll etməyə çağırdı. İraq dərhal qətnaməni qəbul etdiyini açıqladı. İran isə tərəflər arasında bərabərlik qoyulmasından, İraqın təcavüzkar olduğunun vurğulanmamasından narazılıq etdi və bildirdi ki, düşmən qüvvələri ərazisindən çıxmayana qədər hərbi əməliyyatları dayandırmayacaq.

Hərbi əməliyyatlar zamanı tərəflər bir-birlərinə bacardıqca maddi zərər vurmağa, iqtisadi cəhətdən tükəndirməyə çalışırdılar. Dekabrın 24-də İraq aviasiyası İranın Xark adasındakı nəhəng neft terminalını bombardman etdi. Bir neçə gün sonra İran aviasiyası Bəsrədəki neftayırma zavoduna zərbə endirdi. Hər iki tərəf milyardlarla dollar zərərə uğradı.

İlin sonunda İraq ölü olaraq 4000, yaralı olaraq 10000 insan, 450 tank və 350 digər zirehli texnika, 80 təyyarə və 30 helikopter itirdi. İran tərəfdə ölənlərin sayı 4500, yaralıların sayı 12000, itirilən tank 450, digər zirehli texnika 150, təyyarə 30, helikopter isə 60 idi. Qələbəyə ümidini itirən Səddam Hüseyn işğal etdiyi ərazilərin müdafiəsinə keçməyi və bu yolla İranı tükəndirərək sülhə vadar etməyi düşünürdü.

İran İraqda inşa edilən "Osirak" atom reaktorunu da bombalamağa cəhd etdi, lakin elə də uğur qazanmadı. Əvəzində 1981-ci ilin iyununda İsrail təyyarələri həmin reaktoru yerlə-yeksan etdilər. Bəzi iddialara görə, İran İsraillə düşmən münasibətlərinə baxmayaraq, kəşfiyyat məlumatları ilə bu əməliyyata müəyyən dəstək vermişdi.
1981-ci ilin ilk günlərində İran işğal altında olan ərazilərini tam təmizləmək üçün əks-hücuma keçməyə cəhd göstərdi. Lakin bacarıqsız hazırlanan və uğursuz vaxtda keçirilən əməliyyat məğlubiyyətlə nəticələndi. Baş verən böyük tank döyüşündə iranlılar 240 ədəd Çiften itirdilər.

Bu uğursuzluq prezident və ali baş komandan, sekulyar qanadın lideri Əbülhəsən Bənisədrin çöküşünü sürətləndirdi. İyun ayında ona parlament tərəfindən impiçment elan edildi və ev həbsinə alındı. Lakin o, ölkədən qaçmağı bacardı. 85 yaşlı Bənisədr indi də Parisdə yaşayır.

İranın uğur qazanmasına mane olan səbəblərdən biri də peşəkar ordu ilə Sepah qüvvələri arasında inamsızlıq, qarşılıqlı antipatiya idi. İranın siyasi hakimiyyəti də şah zamanı yetişən zabitlərə o qədər də bel bağlamır, uğursuzluqların onların sabotajının nəticəsi ola biləcəyini düşünürdü. Bununla belə, 1981-ci ilin payızındakı növbəti əks hücum İrana ilk qələbələr qazandırdı. Bu hücum nəticəsində İraqın işğal etdiyi ərazilərin 40%-ni geri qaytarmaq, Abadanın mühasirəsinə son qoymaq mümkün oldu.

1982-ci ildə İran İraqa ilk növbədə ağır iqtisadi zərbə endirdi. Tamamilə beynəlxalq izolyasiyada olan iranlılar özləri kimi şiə olan Hafez Əsədi tərəflərinə çəkə bildilər. Suriya prezidenti İraq neftindən imtina müqabilində İrandan daha ucuz neft almağa razı oldu. Bu hadisə İraq büdcəsinin hər ay 5 milyard dollar itirməsi demək idi. İtkini kompensasiya etmək üçün Bağdadın Səudiyyə Ərəbistanı, Küveyt və digər ərəb ölkələrindən külli miqdarda borc almaqdan savayı yolu qalmadı.

1982-ci ilin əvvəlcə mart, sonra isə may ayında keçirilən əməliyyatlar nəticəsində iranlılar xeyli ərazini, o cümlədən "İranın Stalinqradı" adını alan Xorrəmşehri azad etdilər. İraqın nəzarətində yalnız kiçik bir ərazi, əvvəllər işğal etdiyinin 10%-ə qədəri qaldı.

İyun ayında İsrailin Livana müdaxiləsi baş verdi. Sülh bağlamaq üçün bəhanə axtaran Səddam Hüseyn bu dəfə "müsəlman həmrəyliyi"ni əsas götürərək müharibəni dayandırmağı, İsrailə qarşı birgə savaşmağı təklif etdi. Bağdad Əlcəzair razılaşmasının yenidən qüvvəyə minməsinə və hətta özünün təcavüzkar olduğunu etiraf etməyə də razı idi. Öz "xoş məram"ını göstərmək üçün Səddam İraq qoşunlarına nəzarətdə saxladıqları İran ərazilərini tərk etmək göstərişi verdi.

İraq prezidentinin təklifi İran rəhbərliyində ciddi təbəddülat yaratdı. Prezident Əli Xamenei, baş nazir Mirhüseyn Musəvi, xarici işlər naziri Əli Əkbər Vilayəti və eləcə də ordunun qərargah rəisi general Əli Səyyad Şirazi təklifin qəbul edilməsinin tərəfdarı idilər. Onlar, ilk növbədə, İranın ağır iqtisadi vəziyyətini, eləcə də izolyasiya səbəbindən hərbi texnikanı yeniləyə və təmir edə bilməmələrini əsas gətirirdilər.

Müharibənin davam etdirilməsinin, İraqa müdaxilənin tərəfdarı olan qüvvələrə isə parlamentin sədri Əli Əkbər Haşemi Rəfsəncani rəhbərlik edirdi. Öncə tərəddüd keçirən ali dini rəhbər ayətullah Xomeyninin də onlara qoşulması ilə müharibə tərəfdarları qalib gəldilər. İraqın təklifi, eləcə də BMT-nin konfliktlə bağlı yeni, 514-cü qətnaməsi rədd edildi. Bununla da hər iki xalqa ağır fəlakətlər yaşadan müharibə daha 6 il uzandı.

(ardı var)

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/olme1k

Самое читаемое