İqtisadçı: Noyabrda dövlət büdcəsinin gəlirləri 57 faiz azalıb

”İslahatlara hökumətdən başlamaq lazımdır”

Source:


”İslahatlara hökumətdən başlamaq lazımdır”

İslahatlara hökumətdən başlamaq lazımdır. Çünki hökumət imzaladığı büdcəni icra edə bilmir”, – “Facebook” səhifəsində iqtisadçı Nemət ƏLiyev belə yazıb.

İqtisadçı dövlət büdcəsinin gəlirlərinin noyabrda 57 faiz azaldığını söyləyir:

“Əgər oktyabrda büdcəyə 2 milyard daxil olmuşdusa, noyabrda bu göstərici 1 milyard 138 milyon azalıb və 862 milyon manata düşüb. Sonuncu göstərici büdcə qanunu ilə nəzərdə tutulan orta aylıq normadan da 39 faiz azdır. Büdcəyə daxilolmaların 11 aylıq həcmi isə proqnoz göstəricidən 2,5 milyard manat və ya 16 faiz az olub”.

Nemət Əliyev deyir ki, hökumət dövlət büdcəsi hesabına 3 milyard manatlıq maliyyələşməni də həyata keçirə bilməyib. Buna görə “yanvar-noyabr” dövründə nəzərdə tutulan maliyyələşmənin 18 faizi kəsirdə qalıb:

“Lakin itkilər bununla bitməyib. Manatın nisbətən yaxşı alıcılıq qabiliyyəti göstərdiyi aprel, may, iyun və iyul aylarında Neft Fondu üzərinə düşən öhdəliyi yerinə yetirməyərək dövlət büdcəsinə 2,4 milyard manatlıq ödəməni həyata keçirməyib. Aprel ayının ödəmə öhdəliyi sentyabr və oktyabr aylarında hissə-hissə icra olunsa da, sonrakı 3 ayın ödənişləri hələ də qalmaqdadır”.

İqtisadçı bildirir ki, vaxtında ödənilməmiş pul kütləsi sonrakı aylarda manatın ucuzlaşmasının təsiri ilə təxminən 180-190 milyon dollarla ölçülən zərər yaradıb:

“Başqa sözlə, dövlət ehtiyacları üçün 4-7 ay əvvəl daha çox mal almaq, iş və xidmətlər yerinə yetirmək mümkün idi. Ödəmələrin vaxtında icra olunmasına nail olmaqla 5-6 ay əvvəl real sektora investisiya qoyuluşunu genişləndirmək də olardı. Lakin bütün bu imkanlar əldən verilib. Hətta ötən illə müqayisədə həcmi 2 dəfədən çox azaldılmış investisiyalar üzrə öhdəliklər də 21-25 faiz kəsirlə yerinə yetirilib”.

Nemət Əliyev deyir ki, beləliklə, büdcə qarşısında vəzifə və öhdəliklərin yerinə yetirilməməsi iqtisadi fəallığı hədəfə gətirərək onu daha da zəiflədib. Buna iqtisadi sabotaj da demək olar:

“Büdcəyə belə münasibət iqtisadi tənəzzülün sərhədlərini daha da böyüdəcək. Odur ki, müsbət nəticələrə nail olmaq naminə islahatlara hökumətdən başlamaq lazımdır”.

Ana səhifəAnalitikaİqtisadçı: Noyabrda dövlət büdcəsinin gəlirləri 57 faiz azalıb