İntiqam Əliyev

Источник: Foto: Meydan TV

Başlıq: İntiqam Əliyev

İntiqam Əliyev: Dərslərdən nəticə çıxarmasaq, işimiz çətin olacaq

“Etiraz dinc xarakterlidirsə, iştirakçılardan zorakılıq gəlmirsə, icazənin olmaması əsası ilə toplantını dağıtmaq, iştirakçılarını döymək, həbs etmək olmaz”

Hüquqşünas İntiqam Əliyevlə 9 fevral növbədənkənar parlament seçkilərindən əvvəl söhbət etdik. İntiqam Əliyev Avropa Şurasının siyasi məhbuslarla bağlı qərarı, islahatlar və seçkilər haqda qismən danışdı.

Parlament seçkisi tarixə qovuşsa belə, hələ də müzakirələr davam edir, narazı qalmış namizədlər MSK-nın, DSK-nın qarşısında aksiyalar keçirir, mitinq qərarı, parlamentə mandat qazananın qanunverici orqana gedib-getməməsi məsələləri mübahisələr doğurur.

Bu məqsədlə gündəmin suallarını yenidən İntiqam Əliyevlə müzakirə etdik.

- İntiqam müəllim, ReAL Partiyasının liderlərindən və seçkinin müxalifətdən olan tək qalibi Erkin Qədirli dünən “Kütləvi tədbirlər, o cümlədən etiraz toplantıları icazəli və ya razılaşdırılmış yerlərdə olmalıdır. Bir halda ki, mitinq üçün Lökbatandakı yer ayrılıb, oraya getmək lazımdır”, - deyə yazıb. Mübahisə yaradan bu açıqlama haqda fikirinizi bilmək istərdik?

- Erkin bəy (yeri gəlmişkən, icazəsiz toplantıları qanunsuz sayan tanınmış hüquqçulardan tək o deyil) desəydi ki, hakimiyyətin etirazı dağıtmaq üçün zora əl atacağı bəlli olduğu halda şəhərin mərkəzində toplantının keçirilməsi məqsədə uyğun deyil, bunu hardasa anlamaq olardı. Amma açıq-aşkar qanunsuz və siyasi motivlə icazə verilməyən toplantını qanunsuz adlandırmasını belə kalibrli hüquq adamına yaraşdırmadım.

Piketin, mitinqin, yürüşün mahiyyətində əksər hallarda etiraz dayanır. Etiraz isə o zaman effektli olur ki, idarəçilərdə narahatlıq doğursun. Onları ona görə gediş-gəlişin gur yerlərində keçirirlər ki, daha çox eşidilsin. Ən vacibi də, bu hay-küy hökumətin qulağına çata bilsin, o, narahat olsun. Yüz adamın şəhərin mərkəzində keçirdiyi toplantı minlərlə adamın gözdən-qulaqdan uzaq, qapalı yerdə keçirdiyindən qat-qat effektlidir. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunda Konstitusiyaya (49-cu maddə) zidd icazə şərtləri həddən artıq yayğın olmaqla sui-isifadəyə geniş imkanlar açır; hakimiyyət bu imkandan opponentlərinin ifadə və etiraz haqqını boğmaq üçün istifadə edir.

- Ancaq Bakı Şəhər İcra Hakimiyyəti mitinqə icazə verməyib…

- Mitinqə icazə verilməməsi onu avtomatik qanunsuz etmir və onun dağıdılmasına əsas vermir. Belə normalara əsaslanan və amoral məqsəd güdən hakimiyyətin addımları da legitim sayıla bilməz. Bu cür addımlar Avropa Məhkəməsinin çoxsaylı (o cümlədən Azərbaycanla bağlı) qərarlarında pislənilib. Avropa Məhkəməsi dəfələrlə bəyan edib ki, hər hansı insident nəticəsində hətta yığıncağın gedişində zorakılıq və ya iğtişaş baş verdiyi halda belə, bu, həmin toplantını həm milli, həm də beynəlxalq hüququn müdafiəsindən məhrum etmir. Etiraz dinc xarakterlidirsə, iştirakçılardan zorakılıq gəlmirsə, icazənin olmaması əsası ilə toplantını dağıtmaq, iştirakçılarını döymək, həbs etmək olmaz. Hətta toplantı gedişində zorakılığa çağırış olduğu halda belə, onu dağıdan dövlət sübut etməlidir ki, bunu etməsəydi, ictimai iğtişaşlar baş verə, başqalarının həyat və sağlamlığına ziyan dəyə bilərdi və bunu təsdiqləyən təkzibolunmaz sübutlar (məsələn, təşkilatçıların silah paylaması, zorakılığa çağırışlar) təqdim etməlidir. Son illər müxalif camiyənin (təkcə siyasi müxalifətin yox) belə bir toplantısı olmayıb ki, hakimiyyətə zora əl atmağa əsas versin.

- Bütün hallarda hakimiyyət aksiyaların niyə şəhərin mərkəzində keçirilməsinə rədd cavabı verir?

- Bu sualın cavabı çox sadədir. Mərkəzi narazı kəsimin üzünə açsa, bunu yığışdırmağın çətin olacağını anlayırlar. Fevralın 12-də MSK-nın qabağındakı ilk baxışdan ziyansız görünən və MSK sədrinə “ləzzət verən” oturaq toplantı çox qısa zamanda dağıdılmasaydı, soyuq və şaxtaya baxmayaraq ora gələnlərin sayı saatbasaat artacaqdı. Növbəti gün isə dağıdılmayan aksiyaya minlərlə adamın qatılmayacağına da təminat yox idi. Hökumət bunu çox yaxşı anlayır, ona görə milləti əvvəl “Motodrom”a, sonra “Məhsul”a, indi də daha uzağa - Lökbatana göndərir. Hökumətə haqlı etirazını toplaşaraq dilə gətirmək istəyən insanların çöllü-biyabana göndərilməsi onların toplaşmaq haqqını faktiki heçə endirir. Ora getməkdən imtina etmək və qanunlara, beynəlxalq hüquqa zidd bu praktikaya son qoyulması üçün səyləri daha da gücləndirmək gərək. Bu, o sahələrdən biridir ki, hətta bir-birilərini söyən müxalif partiyalar və onlarla çox halda yola getməyən vətəndaş cəmiyyəti bir yerdə fəaliyyət göstərə bilər.

- Fevralın 16-na planlaşdırılan etiraz mitinqinin tələblərindən biri də bütün dairələr üzrə seçkilərin nəticələrinin ləğvidir. Buna münasibətiniz necədir?

- Haqlı tələbdir. Məsələ elə bu cür də qoyulmalıdır. Seçkiyə gedənlər də, onu boykot edənlər də umu-küsünü kənara qoyub, bu məsələdə birgə fəaliyyət göstərməlidirlər.

- İntiqam müəllim, Erkin Qədirlinin parlamentə getmək qərarı ciddi müzakirələrə səbəb olub. Ümumiyyətlə, parlamentə gedək, getməyək dilemasının həllini necə görürsünüz?

- Ədalət naminə öncə onu qeyd edim ki, indiyə qədər olan bütün parlamentlərin tərkibi yalnız azad olmayan seçkilər yolu ilə və hakimiyyətin xeyir-duasıyla ora düşənlərdən formalaşıb. İstisnasız olaraq bu, hər kəsə aiddir; hətta halal səslə rəqiblərinə qalib gələnlərə belə: hakimiyyət istəməsəydi, bütün dünya yığılıb gəlsəydi belə, onlar parlamentə düşə bilməzdilər. Halal səsləri haramla ört-basdır etmək üçün iqtidarın resursları (maddi, polis, indi haqlı-haqsız ən çox təhqir olunan müəllimlər də daxil dövlət qurumlarında çalışanlar, hərbi hissələr, həbsxanalar və digər qapalı müəssisələr və s.) qarşı tərəfi susdurmaq üçün həmişə yetərindən artıq olub. Əgər Erkin Qədirlinin parlamentə getmək qərarı yanlışdısa, eyni yanlışlığın öncələr də baş verdiyini etiraf etməliyik. Erkin bəyə gəldikdə, nə yalan deyim, ona olan bütün hörmətimə rəğmən, qalib sayıldığı dairənin birincilər sırasında ləğv olunmasını istərdim. Bir müxalif siyasi partiya liderinin xeyrinə saxtalaşdırmanın bu cür “səliqəli” forması bir iqtidar nümayəndəsinin xeyrinə saxtalaşdırmanın qaba formasından daha iyrəncdir. Təkcə ona görə yox ki, çoxu kimi mən də saxta parlamentdə topluma hər hansı fayda verməyin mümkünlüyünə inanmıram, onu itirmək istəmirəm, həm də bu addımın adamların müxalif camiyəyə (təkcə siyasi partiyaları nəzərdə tutmuram) olan inamına zərbə vurduğunu düşünürəm.

- Bəs Erkin bəyin dili ilə desək, ona səs verən seçicilərin, seçkidə canını qoyan müşahidəçilərin zəhməti, etibar və etimadı necə olsun?

- Suala sualla cavab vermək də olar. Bəs qalan 124 dairədə seçici, müşahidəçi, məşvərətçi səs hüquqlu komissiya üzvləri, səlahiyyətli nümayəndələr, jurnalistlər... necə? Məncə, bir lider bu cür məsələlərdə daha geniş düşünməli, izahatları da daha ağlabatan olmalıdır. Onu da nəzərə alsaq ki, Erkin bəy gələcəkdə durumdan asılı olaraq mandatdan imtina edəcəyini də istisna etmir. Sualları artırmaq olar. Erkin bəyin söyülüb, təhqir olunmasının, linçlənməsinin heç tərəfdarı deyiləm, amma toplumun ona və təmsil etdiyi partiyaya suallar vermək və onlara ağlabatan cavablar almaq haqqı var...

Yeri gəlmişkən, deyilənlərdən, yazılanlardan belə anladım ki, Erkin bəy qərarı tək yox, təmsil etdiyi partiyanın əsas fiqurları ilə razılaşdırıb verib. Bütün dairələrdə seçkilərin nəticələrinin ləğvini tələb edən və sabah insanları etiraza çağıran ReAL isə öz üzvünün mandatı ilə bağlı rəsmi mövqeyini Konstitusiya Məhkəməsinin qərarından sonra açıqlayacağını bəyan edir. Bu, təkcə öz üzvünü pis vəziyyətdə qoymaq deyil, həm də ikibaşlı oyun təəssüratı yaradır...

İntiqam Əliyev

İntiqam Əliyev

Источник: Meydan TV

- Yaxşı, indiyə qədər olan bütün seçkilər saxtalaşdırılıbsa və bu hakimiyyətin dövründə azad seçkilərin keçirilməsi mümkünsüz görünürsə, onda seçkiyə getməyin nə mənası qalır?

- İcazənizlə mən bir az da qabağa gedim. Dörd dairənin nəticələri ləğv edilib; bu say arta da bilər. Tutaq ki, təkrar seçkilərdə hökumət işə qarışmadı, - nə müşahidəçiləri döydülər, nə karusel oldu, nə qutulara əlavə bülleten doldurdular, nə də kiminsə səsini başqasına verdilər, - şəffaf seçki keçirildi və nəticədə, daha 4-5 layiqli müxalif və müstəqil namizəd mandat qazandı. Onda necə, onların haqlarını tanıyacağıqmı? Əslində, seçkiyə qatılan demokratik kəsimin bu və çox sayda digər suallarla bağlı aydın mövqeyi olub və onu öncədən topluma anladıb da seçkiyə getməsi daha doğru olardı. Bu barədə düşünülmüş, razılaşdırılmış hər hansı yanaşmanın olduğu təəssüf ki, hiss olunmurdu. Dərslərdən nəticə çıxarmasaq, işimiz çətin olaraq qalacaq.

- Hər bir parlament və prezident seçkiləri ərəfəsində "bu seçki bir şansdır, qaçırsaq, Azərbaycan üçün böyük itki olacaq" fikri ictimai rəydə dövriyyəyə buraxılır. Necə düşünürsünüz, 9 fevral şans idimi və itkilərimiz nədən ibarətdi?

- Məsələnin bu cür kəskin qoyulmasının tərəfdarı deyiləm, çünki çox ziyanlı fəsadları olur. Ölkədə ədalətli seçki keçirmək üçün mühit olmadığı, bunu təmin edəcək institutların faktiki məhv edildiyi, hakimiyyətin həm seçkini saxtalaşdırmaq, həm də mümkün etirazları yatırmaq üçün resurslarının hələ çox güclü olduğu şəraitdə toplumu real olmayan avantürist gözləntilərə kökləməyin sonu ruh düşkünlüyü, çarəsizlik sindromunun güclənməsidir. Seçkilərə dəyişikliklər uğrunda prosesin bir hissəsi kimi yanaşmaq, amma real qüvvələrimizi də adekvat qiymətləndirmək gərək. Demokratiya uğrunda hərəkat çətin prosesdir, asan olsaydı, dünyada avtoritar ölkələr qalmazdı.

- 9 fevraldan sonra seçki ilə nəyisə dəyişmək mümkünsüzdür deyənlərin sayı artıb. Bu açıqlamanı bölüşürsünüzmü?

- “Nəyisə dəyişmək” ifadəsi bir az yayğındır, baxır dəyişiklik deyəndə nəyi nəzərdə tuturuq. Mənə görə, nəticələri toplumda böyük məyusluq yaradan 9 fevral seçkilərində fədakarlıq göstərən namizədlərin, seçicilərin, müşahidəçilərin və s. səyləri də dəyişikliklər prosesinə töhfədir, saxtakarların ifşası da, Avropa Məhkəməsinə göndəriləcək çoxsaylı şikayətlər də (bu qurumun qərarları artıq hakimiyyət üçün başağrısına çevrilib), gənclərin topladığı təcrübə də, sosial şəbəkələrdə aparılan iş də, beynəlxalq təşkilatların sərt hesabatları da... Baxın, bu seçkidə əvvəllər “bizi siyasətə qatmayın” deyə ağızlarına su almış təbəqələrin nümayəndələri də baş verən qanunsuzluqlara etiraz etməkdən çəkinmirdilər, hətta iş o yerə gəlib çıxıb ki, Dadaş Dadaşlinski də dilə gəlib...

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/ryvsg1

Самое читаемое