İlham Əliyevə görə evi dağıdılan ailə: İnsanı bu qədər əzmək olmaz

“Bizi oradan köçürəndə az qala yalvarırdılar ki, tezliklə İlham Əliyev gəlməlidir, əraziyə baxmalıdır, bu evlər sökülməlidir. İlham Əliyev gəlib-gedəndən dərhal sonra sizin də ev məsələniz həll olunacaq. Beləcə, ordan çıxartdılar, bağımı dağıtdılar, evimi sökdülər. Oralar hələ də çöllükdür, heç nə tikilməyib. Əvəzində 4 ildir ki, bu daxmada arvadımla çürüyürəm. Xəstəliklər tapmışıq, bundan o tərəfə yaşaya bilmirik daha…” ,- Gəncə sakini Heybət Əsgərov belə deyir.

2014-cü ilin oktyabrında prezident İlham Əliyev xanımı Mehriban Əliyevayla birlikdə Gəncə şəhəri, Kəpəz rayonu, Depo qəsəbəsində “Stadler” vaqon istehsalı zavodunun təməlqoyma mərasiminə qatılır. Həmin vaxt nəqliyyat naziri vəzifəsində işləyən Ziya Məmmədov və İsveçrənin “Stadler Rail Group” şirkətinin prezidenti Piter Şpuler prezidenti burada inşa olunacaq vaqon zavodunun sxemi, istehsal ediləcək vaqonların eskiz layihələri ilə tanış edirlər. Buna qədərsə ərazidə yaşayan ailələr köçürülür, evlər sökülür, bağ sahələri şumlanır. Bağ sahəsi və mənzili “yox edilənlərdən” biri də ikinci qrup əlil Heybət Əsgərov olur. 4 ildir ki, o, həyat yoldaşı Ofelya xanımla birlikdə Kəpəz rayonu, Şıxzamanlı qəsəbəsində keçmiş icra başçısı Elmar Vəliyevin göstərişi ilə ayrılmış torpaq sahəsində, öz gücünə düzəltdiyi balaca, şəraitsiz köşkə sığınıb.

Bizi aldatdılar

Heybət Əsgərovun 56, həyat yoldaşı Ofelya xanımın 54 yaşı var. Heybət Əsgərov uzun illər Gəncə Əlvan Metalların Emalı Zavodunda işləyib, əmək veteranıdır. Müxtəlif xəstəliklərdən əziyyət çəkir. Xroniki astma xəstəliyinə görə ona ikinci qrup əlillik təyin olunub. Ofelya xanım uzun illər xalçaçılıq sahəsində çalışıb, o da əmək veteranıdır. Hipertoniyadan (qan təzyiqi) əziyyət çəkir. Uzun illərdir ailə qurmalarına baxmayaraq, cütlüyün övladı yoxdur.

Bir neçə il əvvəl Heybət Əsgərova işlədiyi zavoddan Kəpəz rayonu, Depo qəsəbəsində 5 sot torpaq sahəsi ayrılıb. O da öz hesabına həmin torpaq sahəsində bağ salıb, ev tikib, sənədləşdirib, ünvanlaşdırıb. 4 il əvvəl Heybət Əsgərovun da qapısı ərazidə yaşayan digər sakinlərin qapısı kimi dövlət qurumları tərəfindən döyülməyə başlayıb:

“Bizi ordan aldadıb çıxartdılar. “Azca səbr eləyin, ev veriləcək”, -dedilər. Ancaq mən 6 ay “palatka” qurub yaşamalı oldum. Gördük mümkün deyil, beş kvadratlıq bu “budka”nı düzəltdim, içinə sığındıq”.

Orda taxta ev idi, yığışdırdıq

Gəncə Şəhər İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, 2014-cü ildə Gəncə şəhərinin sosial-iqtisadi inkişafı çərçivəsində Kəpəz rayonunun Depo qəsəbəsində “Stadler” vaqon istehsalı zavodunun tikintisi ilə əlaqədar təmizlik və abadlıq işləri aparılarkən Heybət Əsgərov tərəfindən zəbt olunmuş torpaq sahəsində quraşdırılmış taxta konstruksiyalı tikili ərazidən götürülüb. Əvəzində ailəyə Kəpəzin Şıxzamanlı qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 4 sot torpaq sahəsi ayrılıb və ev tikilib. Heybət Əsgərovsa deyir, icra hakimiyyəti başqa qurumların məktublarına da eyni məzmunlu cavab verir, əslində isə qurumları aldadır:

“Gəlsinlər, baxsınlar, görsünlər, bu, evdir? Köşkdür, özüm düzəltmişəm. Torpağı da o vaxt keçmiş icra başçısı verib, sənədi də yoxdur. Sökdükləri isə taxta yox, daşdan tikdiyim ev idi.

Heydər Əliyevin 1997-ci ilin 10 yanvarında verdiyi 534 saylı Fərmanında da göstərilib ki, kollektiv kooperativ bağ təsərrüfatları onların istifadəsinə əvəzsiz olaraq verilir. Həmin Fərmana əsasən, mənim bağım xüsusi mülkiyyətim hesab olunurdu. Yoldaşımla çörəyi duza batırıb yeyə-yeyə, maaşımızı qəpik-qəpik toplayıb ev tikmişdik, bağ salmışdıq, deyir “taxta evdə yaşayıblar”. Traktoru salıb daş evimi bir saatda yoxa çıxartdılar”.

4 ildir daşdan səs çıxır, hökumətdən yox…

Deyir, səhhəti əmək fəaliyyəti ilə məşğul olmağa imkan vermir. Getdikcə fiziki hərəkətləri məhdudlaşır, görmə qabiliyyəti aşağı düşür. Bundan sonra nə yaşı, nə sağlamlığı, nə də maddi imkanı ona ev tikməyə əl verir. Başına gələnlərlə bağlı müraciət etmədiyi qurum qalmayıb. Ancaq necə deyərlər, 4 ildir ki, daşdan səs çıxır, dövlət qurumlarından yox… Heybət Əsgərov söhbətinə davam edir:

“Konstitusiyamızda bizim hüquqlarımız haqqında var axı… 33-cü maddədə yazılıb ki, hər bir vətəndaşın mənzil toxunulmazlığı var. Heç kəsin mənim evimə girməyə, sökməyə ixtiyarı yoxdur. 43-cü maddədə isə yazılıb ki, heç kim mənzilindən məhrum edilə bilməz. Ancaq bu qanunları yazanlar məni bu yaşda mənzilimdən məhrum ediblər, küçəyə atıblar. Düzəldib içinə girdiyim 5 kvadratlıq köşkün nə qazı, nə suyu, nə şəraiti var. Bu balaca yer həm mətbəxdir, həm hamamdır, həm yataq yerimizdir. Növbəylə yatırıq. Çünki bura bir çarpayını zorla sığışdırmışıq. Mən yatanda yoldaşım növbə gözləyir, bir neçə saatdan sonra mən oyanıram, yeri ona verirəm”.

Bizi nə qədər ayaqlamaq olar?

Söhbətə həyat yoldaşı Ofelya xanım qarışır:

“1 il yoxdur ki, köşkümüzə işıq verilib. O vaxta qədər burda işıq da yox idi. Gəncədə doğulub, böyüyüb, yaşa dolmuşuq. Ancaq faktiki insan kimi yaşamaq üçün heç bir haqqımız, hüququmuz yoxdur. 4 ildir ki, İlham Əliyevə, xanımına saysız-hesabsız teleqramlar vururam, məktublar yazıram, cavab yoxdur. Axı, onlar bizim qarantımızdır. Teleqram, məktub göndərib, oturub ümidlə gözləyirik ki, cavab gələcək. Cavabsa yoxdur”.

Ofelya xanım deyir, 190 manat təqaüd yoldaşı, 173 manat təqaüdsə özü alır. Təqaüdlərinin çox hissəsi supuluna və teleqrama, məktublara gedir. Həer həftə gələn su maşınına 15 manat ödəyib su alırlar. Hər ay təqribən 50 manat da daşa, torpağa xərcləyirlər ki, özləri demiş, köşkün yan-yörəsini düzəltsinlər ki, yağış başlarına yağmasın:

“O gün getdim yenə Mehriban xanıma teleqram vurdum, yağış başladı, qaça-qaça gəldim, gördüm yorğan suyun içindədir. Birtəhər qurudub yoldaşımın üstünə saldım. Soyuqdan, yaş yorğan-döşəkdə yatmaqdan xəstəliklərimiz də artıb. Birdən təzyiqim 220-ni ötür. Yoldaşım onsuz da astma-bronxitdir, bu şəraitdə yaşamaq onun ömrünü günbəgün qısaldır. Ali savadlı adamdır, görün nə vəziyyətə düşüb. Son 1 ildə, ümumiyyətlə, haldan düşüb, əsəb, sarsıntı… Bizi nə qədər ayaqlamaq olar… Nə qədər haqsızlıq olar?.. Bacarmırıq…”


Hüquqşünas: “Məmurlara itirdiyi vaxtı məhkəməyə sərf etməliydi”

Zavod inşası ilə bağlı 2014-cü ilin oktyabr ayında baş tutan rəsmi təməlatma mərasimindən sonra müəssisənin tikintisi ilə bağlı hazırlıqların davam etdiyi barədə daha bir neçə dəfə rəsmi məlumatlar dərc olunur. Ancaq tələmatmadan 4 il keçməsinə baxmayaraq, zavod hələ də inşa olunmayıb. Halbuki, rəsmi məlumatlara görə, illik 60 vaqon istehsal gücünə malik zavod 2016-cı ildə işə düşməliydi.

Hüquqşünas Vaqif Alıyev deyir, “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə görə, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir:

Hüquqşünas Vaqif Alıyev
Hüquqşünas Vaqif Alıyev

“Bu mülkiyyət vətəndaşa məxsus olur və Konstitusiya ilə toxunulmazdır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna görə isə dövlət ehtiyacları üçün torpaq sahəsi mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən kompensasiya edilməklə alına bilər. Heybət Əsgərov dövlət qurumlarına yazmaqdansa, indiyədək məsələni hüquq müstəvisinə daşımalı və məhkəmə yoluyla çözməliydi”. Hüquqşünas deyir, Heybət Əsgərov indiyədək rəsmi qurumlara, prezidentə və vitse-prezidentə yazdığı şikayət məktublarının, vurduğu teleqramların qəbzlərini də əlavə edərək, İnzibati İqtisad Məhkəməsində zavod tikintisini aparan quruma qarşı kompensasiya iddiası qaldırmalıdır.

Ana səhifəVideoİlham Əliyevə görə evi dağıdılan ailə: İnsanı bu qədər əzmək olmaz