Heyvanlar və adamlar

Çantamı yığarkən ən çox arzuladığım şey evdən dərhal uzaqlaşmaqdı

Source:
Nazlı Ağayeva
Nazlı Ağayeva

Çantamı yığarkən ən çox arzuladığım şey evdən dərhal uzaqlaşmaqdı. Elə ki, qonşu Sevincgilin nərmənazik firuzəgöz “Büllur” pişiyi gəlib üzümə baxa-baxa əllərimi yaladı, çəkilib bir qıraqda oturdum. Büllur qucağıma atılıb pəncələrini ehtiyatla çiynimə qoydu. Başını qatmaq üçün ona yemək verib işimə qayıdanda Büllur qaçıb təzədən çantanın üstünə qalxdı. Onda mən həyətə düşüb köhnə çənin altında oturdum ki, Büllur düşəndə sivişib yuxarı qalxaram. Daim arxamca gəzən Büllur bu dəfə pilləkənin başında oturub “sözlü-sözlü” mənə baxmağa başladı. Bu baxışların tərcüməsi “getmə!” idi…

Amma getməmək əlimdə deyil ki, Büllurum. Heyvan olsun, insan olsun, bütün hallarda bir hədd keçiləndən sonra vəhşilik əmələ gəlir. Bircə qırnıq canınla sən bunun nə demək olduğunu bilirsən… Səndən dəfələrlə böyük olsam da, daim bu həddin qırmızı işıq zonasında olmaqdan mənim də canım çox yandı. Səni qoyub getmək qədər, məsələn. Getmək dediyim əslində özümü aldatmaq, sənin olmadığın yerlərdə it kimi darıxmaqdır. Ən pisi də üstümdə anormal təcrübə aparan beş-üç səlahiyyətli qulduru “haqlı çxartmaqdır”. Haqqın nə olduğunu bilməyənləri. Üzülmə, o haqqı alıb onların aşılanmış sifətlərinə çırpmaq üçün qayıdacam. Əsas olan sənsən, sənin kimi günahsız varlıqlardı…

Yadındamı, isti bir yay günü eyvana qalxıb özünü qucağıma atdın. O zamanlar hələ bizə öyrəşməmişdin, qoyduğum yeməyi xəlvət yeyib qaçırdın. Çox təəccübləndim. Əlimi ehtiyatla üstünə çəkəndə daha da dizlərimə pərçim olub yazıq-yazıq üzümə baxdın. Gözlərindəki ağrını, əzabı görüb özümüzü Sevincə çatdırdım. Sevinc səni qucağımdan götürüb tələsik uzaqlaşanda vəziyyətin nə qədər ümidsiz olduğunu anladım.

Heyvan ölümləri ölümlərin ən ağırıdı, çünki yanlarında son borclarını ödəmək üçün vurnuxan adamlar olmur. Bəlkə elə bu səbəbdən çox heyvanlar ölümləri çatanda yaşayış yerlərini tərk edirlər. Getməyə halı olmayanları həmin o “mərhəmətli” adamlar evdən-eşikdən atırlar. Sevinc isə can çəkişən xırda varlığı bağrına basıb evinin baş guşəsinə apardı. Onunla birgə mənim partlamaq dərəcəsinə gələn ürəyimi də. Dalınca gedə bilmədim, çünki əl boyda canlının çabalayaraq ölməsini çarəsizcə izləməyə gücüm çatmazdı. Onu maşına verilmiş zibil yeşiyindən son anda tapıb həyata qaytarmış üzgün Sevincə əmanət etməkdən savayı əlimdən bir şey gəlmədi. Çünki mən Sevinc kimi cəsur deyiləm.

Sevinclə Sevda məhləmizin əkiz bacılarıdır. Əslində məhləmizin yox, şəhərimizin. Özlərini tanıyan gündən güvəndikləri tək şey əllərinin zəhmətidir. Xəstə analarını, qəfil yatağa düşən atalarını erkən itirən qızlar ən ağır işlərə aşkar çiyin verib ehtiyaclarını, əskiklərini gizlədərək ürəklərində daşıyıblar. Onlar bu ölkənin bahalı turist qəbələsində kimsəyə fikir vermədən öz iddiasız, sadə həyatlarını yaşayırlar. Dünya boyda ürəkləriylə sökülmüş evlərinə əvəz quraşdırılmış hökumət gecəqondusuna sığınıblar. Kafedə, evlərdə, şəhərin mağazalarında təmizlik etməklə çalışıb qazandıqlarının çoxu atılmış, incidilmiş heyvanların qidalanmasına, dava-dərmanına gedir. Qanadlarının altına alıb yuxusuz gecələr keçirdikləri növbəti canlının həyatı xilas olunca, özlərini dünyanın ən xoşbəxt adamı bilirlər. Bunun əksi baş verəndə günlərlə bulud kimi dolan qızların üzünə baxmaq olmur.

Əslində bacılar əliyalın, heç bir yardımsız və köməksiz fərqində olmadıqları möhtəşəm bir layihəni həyata keçirirlər. Həm də “cəmiyyət” adlanan toplumun: “Pişik balasının ayağını gipsə qoyub qucağında gəzdirən hansıdır?” “Onları ayırmaq olmur ki, itin ayağından mismar çıxardırdı biri o gün şəhərin ortasında”. “Oyy, gülməkdən öldüm, allergiyam da tutdu” və sairə tənələri altında.

Və Büllur…

Məndən götürəndə körpə, qanmaz Büllurun qarnındakı şişkinlikdən Sevincin xəbəri var idimi bilmirəm. Amma Sevincin də, bacısının da o vəhşətlə üz-üzə o gecə nələr yaşadığını təsəvvür edə bilirəm. Döyməyə qapı yox, çağırmağa adam yox… Sadəcə ağrıdan bayılmış xırda bir canlı var. Onda həyatının riskinə qərar verən Sevinc Allah bilir hansı tərəddüd və əzablarla naşı əllərlə peşəkar həkim kimi Bülluru və qarnındakı canları qurtarmağa çalıışır. Və xeyli çəkən möcüzə çalışma hamısının xilas olmasıyla nəticələnir. Hərçənd yarımcan “anacıq” səhərə qədər bacıların qucağında ölüb-dirilir, nəhayət, dərin, rahat bir yuxuya gedir.

***

Dastan, nağıl kimidir bacıların həyatı, ha yaz, bitib tükənməz. Büllur hələ də ağacdan düşən yarpaqlarla oynayır. “Xırda büllurları” isə südəmər balaları əlindən alınıb azdırılmış normal ana pişik əmizdirib böyüdür.

Bu ölkənin insanları da hər fürsətdə müxtəlif vəhşiliklərlə zorlanır, Büllurum. Burda insan olmaq heyvan olmaqdan daha çətindir. Üstəlik sizin Sevinc-Sevdanız da var…



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəHeyvanlar və adamlar