Həyat yoldaşı: Polad Aslanova təzyiqlər var, əfv yazması tələb olunur

O bildirib ki, Penitensiar Xidmətin tabeliyində olan müəssisələrdə saxılanılan şəxslər arasında kimliyindən asılı olmyaraq, heç bir fərq qoyulmur.

Source: Архив


“Tələblərə əməl etməyəcəyi təqdirdə cəzalandırılacağı deyilib”

“Xeberman.com” saytının təsisçisi və baş redaktoru, dövlətə xəyanət ittihamıyla 16 il azadlıqdan məhrum edilən Polad Aslanovun təzyiqlərə məruz qaldığı deyilir.

Bu barədə Meydan TV-yə həyat yoldaşı Gülmirə Aslanova məlumat verib.

O deyir ki, iyunun 17-də həyat yoldaşının saxlandığı 1 saylı cəzaçəkmə müəssisəsində Penitensiar Xidmətin vəzifəli şəxsləri Polad Aslanovla görüşüb, onun qarşısında müəyyən tələblər qoyublar.

Tələblərə əməl etməyəcəyi halda, cəzalanacağı ilə hədələnib.

Həyat yoldaşının sözlərinə görə, tələblərdən biri də Polad Aslanovun əfv ərizəsi yazması olub: “Penitensiar Xidmətin nümayəndəsi görüş zamanı Polad Aslanova bu şərtləri çatdırıb: gündəmdə olmamaq; cəzaçəkmə müəssisəsindən korrupsiya və qanun pozuntuları ilə bağlı heç bir məlumatı ictimailəşdirməmək; əfv ərizəsi yazmaq. Polad Aslanov onun təkliflərini rədd edib. Bundan sonra Polad Aslanov cəzaçəkmə müəssisəsində “məhbus”ların təzyiqinə məruz qalıb. Hətta ona xəbərdarlıq olunub ki, deyilənlərlə razılaşma, onu Qobustandakı qapalı həbsxanaya göndərəcəklər”.

Gülmirə Aslanovanın dediklərinə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Amma bundan öncə oxşar iddiaları Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov təkzib edib.

O bildirib ki, Penitensiar Xidmətin tabeliyində olan müəssisələrdə saxılanılan şəxslər arasında kimliyindən asılı olmyaraq, heç bir fərq qoyulmur. Bütün məhbusların qanunvericilikdə nəzərdə tutulmuş hüquqları eyni qaydada təmin olunur.

Polad Aslanov 2019-cu il iyunun 12-dən həbsdədir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 16 il azadlıqdan məhrum edilən sayt rəhbəri Cinayət Məcəlləsinin 274-cü maddəsilə – dövlətə xəyanətdə təqsirli bilinib.

Cinayət işinin materiallarında iddia olunur ki, Polad Aslanov İranın xüsusi xidmət orqanlarıyla məxfi əməkdaşlıq edib, ölkədən kənarda onlarla gizli görüşlər keçirib, informasiyalar ötürüb və bunun müqabilində pul alıb.

Baş redaktor isə bu iddiaların yalan olduğunu deyir və özünü təqsirli bilmir.

O, tənqidçi jurnalist fəaliyyətinə, xüsusən DTX əməkdaşlarının zəvvarları ziyarətə aparan şirkətlərdən rüşvət alması barədə yazılarına görə cəzalandırıldığını deyir: “Məşhəd, Kərbəla ziyarətinə gedənlərin hər birinə görə 10-20 dollar rüşvət alınması heç kimə sirr deyil. Mən də xüsusi xidmət orqanlarının bu korrupsiya əməllərini işıqlandırdığıma, mənə təklif olunan rüşvət qarşılığında yenə də o yazıları silməyə razılaşmadığıma görə bu gün buradayam”.

Polad Aslanov səhhətindəki problemlərlə əlaqədar uzun müddət hərbi xidmətə aparılmasa da, 2018-ci ilin aprelində ona qəfil çağırış gəlib.

O, hərbi xidmətini 2019-cu ilin aprelində başa vurub. İki ay sonra isə həbs edilib.

Ana səhifəSiyasətHəyat yoldaşı: Polad Aslanova təzyiqlər var, əfv yazması tələb olunur