“Heç bir dövlət işçisi ətrafı təbiətsevər kimi təmizləyə bilməz“

Dövlətin isə ən yaxşı dəstəyi zibillərin daşınmasına kömək etmək olar

Source: Specify Source


Ekoaktivistlər təbiəti zibillərdən təmizləyir

Üç nəfər ekoaktivist 2 günün içində Qubanın Alpan və Digah kəndləri yaxınlığındakı Şımı gölünün ətrafını zibillərdən təmizləyib. Onlar ərazidən böyük bir maşın dolusu zibil toplayıblar. 2 yerdə zibil atmaq üçün 4 kvadratmetr, 6 kubmetr ölçüdə çəpər düzəldiblər. Bu qədər işin görülməsinə isə cəmi 210 manat xərcləyiblər.


“Müxtəlif insanlar bizə dəstək oldu”

Həmin ekoaktivistlərdən biri olan Cavid Qara Meydan TV-yə bildirib ki, bu, əslində belə bir dövrdə xərcdir. Ancaq təbiət sevgiləri onlara üstün gəlib. Onlar etdikləri işlə bağlı sosial şəbəkələrdə paylaşım edəndən sonra insanlar onlara maddi dəstək veriblər. Cavid Qara deyir ki, 2 gün ərzində 920 manat civarında pul toplanıb. Bu, onların xərclədikləri puldan artıqdır. Odur ki, yerdə qalan vəsaiti başqa təbiət ərazilərinin təmizlənməsinə xərcləməyi düşünürlər.

quba_zibil_t__mizl__m___10.jpg
Şımı gölü


“Bölgələrdə zibillərin toplanması, daşınması mexanizmi yoxdur”

Cavid Qara deyir ki, Azərbaycanın bölgələrində zibillərin toplanması, daşınması mexanizmi yoxdur. Bu, həm ekoloji problemdir, həm də kənd təsərrüfatına ziyan vurur. Bölgələrdə zibilxanalar yalnız rayon mərkəzlərində var və kəndlərdə yaşayanlar adətən artıqları evlərinin yaxınlığındakı dərələrə, göl kənarlarına, bir sözlə, təbiətə atırlar. Odur ki, Şımı gölü kimi bir sıra göllərin, dərələrin, çay kənarlarının, meşələrin ətrafı zibilliklərə çevrilib:

“Düzdür, dünyanın bir çox yerində təbiətin hər guşəsinə zibil qutuları qoyulmayıb. Ancaq çox gedilən yerlərdə var. Bizdə isə nə çox, nə az gedilən yerdə zibil qabları qoyulub. Tutaq ki, bir insan düşünür, zibili təbiətə atmayım. “Bəs hara atsın” – sualı yaranır. Axı heç yerdə zibil qabı yoxdur. Aparıb kəndindəki dərəyə atsa da, eyni şeydir. Hər ikisi təbiətdir və korlanır”.

quba_zibil_t__mizl__m___7.jpg
“Bizdə isə nə çox, nə az gedilən yerdə zibil qabları qoyulub”


“Üzdə qalmasın deyə, zibilləri kolların diblərinə gizlədirlər”

Şımı gölü çıxmaz göl sayılır. Hətta suvarmada da istifadə edilmir. Ancaq içində balıqlar yaşayır. İnsanlar bura balıq tutmağa gəlirlər. Eyni zamanda, örüş sahəsinə gedən mal-heyvan buradan su içir. İllərdir əraziyə balıq tutmağa, yeyib- içməyə gələn insanlar ərazini zibilləyib. Cavid Qara deyir ki, kimi də üzdə qalmasın deyə, zibilləri kolların diblərinə gizlədib. Nəticədə onları həmin yerlərdən çıxarmaq zülmə çevrilib:

“Təmizlədik ki, insanlar başa düşsün, atmaq olmaz. Durub, “bura zibilxanadır, insanlar zibilləyir” demək çıxış yolu olmazdı. Onsuz da həmişə təbiətə zibil atanlar olacaq. Başqa biriləri də həmin zibilləri təmizləyəcəklər. Elə bizim kimi. 2 günə ərazinin 70-80 faizini tərtəmiz etdik”.

quba_zibil_t__mizl__m___5.jpg
“Durub, “bura zibilxanadır, insanlar zibilləyir” demək çıxış yolu olmazdı”.


“Heyvanlar sellofanları yeyib, zəhərlənir”

Cavid Qara təbiətdə gec həll olan zibillərdən, ən çətin təmizlənən atıqlardan da danışıb. Deyir, plastik torbalar ən pisidir ki, torpağın altına girir. Çıxaranda yarısı cırılıb içəridə qalır. Bəzən bir torbanı çıxarmaq üçün torpağı qazmalı olur. Üstəlik, bu artıqlar torpaqda həll olmur, illərlə qalır. Bəzən vəhşi heyvanlar, eləcə də ev heyvanları bu sellofanları yeyir. Nəticədə zəhərlənib ölənlər də olur, mədə-bağırsağında problem yarananlar da. Ən ağır qalıqlar isə plastik və şüşə butulkalardır:

“Son zamanlar bir də enerji içkilərinin qabları peyda olub. Hamısını küçələrə atırlar. Və bunların heç biri torpağa qarışmır”.


“Yerə, təbiətə zibil atmaq olmaz”

Cavid Qara düşünür ki, təbiəti təmizləmək, zibilləməmək ümumi təbliğata çevrilməlidir. Bunu hamı etməlidir. Yoxsa bilinən qaydadır. Bir yerdə 4-5 zibil varsa, ora zibilxanaya çevrilir. Ancaq kimsə təmiz yerə zibil atmaq istəməz:

quba_zibil_t__mizl__m___1.jpg
“2 günə ərazinin 70-80 faizini tərtəmiz etdik”

“Odur ki, belə ərazilər vaxtaşırı təmizlənməlidir. Avropa da zaman-zaman bu yollardan keçib. Onlar da təbiət ərazilərini təmizləyiblər, yenə çirklənib, yenə təmizləyiblər və artıq bir mədəniyyət formalaşıb. Yerə, təbiətə zibil atmaq olmaz”.


“Təbiət ərazilərindən zibillərin toplanıb, daşınması infrastrukturu yaranmalıdır”

Ekoaktivist deyir ki, Avropada, eləcə də inkişaf etmiş ölkələrdə zibil atmamaq, zibilləməmək məsələlərinin hər yerdə təbliğatını aparırlar. Bağça, məktəb, sosial media, televiziyalar ələ-ələ verib sanki:

“Bizdə isə belə şey yoxdur. Bundan əlavə, düşünürəm ki, ölkə miqyasında zibillərin toplanması infrastrukturu yaranmalıdır. Bizdə hələ təkrar emaldan və s. danışırlar. Halbuki hələlik, bu işlərə uzağıq. Ancaq zibil poligonlarını səliqəyə sala bilərik. Poligonların idarə olunması və təbiət ərazilərindən zibillərin toplanıb, daşınması infrastrukturu yaranmalıdır. Bu yaranandan sonra zibil atanı cərimələmək də olar”.


“Prosesi rüşvət mənbəyinə çevirməməlidirlər”

Cavid Qara düşünür ki, restoranlara, kafelərə, istirahət mərkəzlərinə də ətrafı təmiz saxlamaq öhdəliyi qoyulmalıdır:

“Ətrafı səliqəli saxlasınlar, zibilləməsinlər. Həm də buna nəzarət olmalıdır. Prosesi yalandan rüşvət mənbəyinə çevirməməlidirlər. Məsələn, restoranın ətrafı zibillidirsə, onlar sadə insanlardan qat-qat artıq cərimə ödəməlidirlər”.

quba_zibil_t__mizl__m___6.jpg
“Təbiəti təmizləmək, zibilləməmək ümumi təbliğata çevrilməlidir”


“Gördüyümüz iş nəticə əsaslıdır”

Gördükləri könüllü təmizləmə işinə gəlincə, Cavid Qara deyir ki, bu, nəticə əsaslı bir işdir və buna uyğun təbiətsevər vətəndaşlar onlara ödəniş də edib:

“Məsələn, biri var deyəsən, “filan yer çirklənib, oranı təmizləmək istəyirik, bizə kömək edin”. Burada hətta mənim özümdə də sual yaranır. Bilmirəm bunun üçün mənə nə qədər pul lazımdır. İnsanlarda da sual yarana bilər. “Bəlkə gedib pulu xərcləyəcək”, “bəlkə yaxşı təmizləməyəcək” və s. Ona görə cəlbedici gəlmir. Biri də var, işi görüb, bitirirsən. Sonra qeyd edirsən ki, bu qədər xərcim çıxıb. İnsanlar da görələr ki, böyük bir ərazini təmizləyiblər və buna 210 manat xərcləyiblər. Bu qədər pul ödəməyə dəyər, xərc effektivdir və kömək etməyə başlayırlar”.


“İsmayıllıda “Aşıq Bayram” gölünü təmizləmək istəyərik”

Onlar ərazini könüllü təmizləyiblər. Sonra gördükləri işlə bağlı sosial şəbəkələrdə paylaşım ediblər. Bundan sonra onlara dəstək verən insanlar olub:

“Dünən biz test üçün elan etdik. Dedik, filan qədər xərcimiz çıxıb. Biz bu xərclə filan işləri görmüşük. Bizə kömək etsəniz, bu işi davam etdirərik və s. 920 manat pul köçürüblər. Biz bununla növbəti təmizlik aksiyası edəcəyik. İsmayıllıda “Aşıq Bayram” gölünü təmizləmək istəyərik. Bundan sonra da başqa yerlərə keçəcəyik”.

quba_zibil_t__mizl__m___8.jpg
“Belə işlər təbiəti sevən insanlara həvalə edilməlidir”

“Belə işlər təbiəti sevən insanlara həvalə edilməlidir”

Cavid Qara çox istəyər ki, gələcəkdə bu işlərə şirkətlər, dövlət də dəstək versin. Deyir, məsələn, bir ərazini təmizləyirlər, 500 manat xərcləri çıxır. Hansısa bir şirkət həmin xərci ödəyib, təmizlik işini öz üzərinə götürə bilər:

“Həmin təmizliyə çox asanlıqla sponsorluq etmiş olar. Dövlətin isə ən yaxşı dəstəyi zibillərin daşınmasına kömək etmək olar. Mən düşünürəm ki, heç bir dövlət işçisi lap gününə 50 manat qazansa belə bir təbiətsevər kimi təmizləyə bilməz göl kənarını, meşəni, dərəni, çayı. Heç kim əlini kolların dibinə salıb, oradakı butulkanı çıxarmaz. Məncə, belə işlər təbiəti sevən insanlara həvalə edilməlidir”.

quba_zibil_t__mizl__m___9.jpg
“Heç kim əlini kolların dibinə salıb, oradakı butulkanı çıxarmaz”


“Bu işi daha da genişləndirmək olar”

Sonda Cavid Qara əlavə edir ki, dəstək göstərən, kömək edən olsa, gələcəkdə bu işi genişləndirə bilərlər. Üstəlik, bu, əməktutumlu fəaliyyət növüdür. Bölgələrdə nə qədər insan azdan-çoxdan çörək pulu qazanar:

“Geniş miqyas alsa, daha çox adam gəlir əldə edər. Bundan əlavə, gələcəkdə meşə mühafizəsinin güclənməsi, təbii bərpa tədbirləri, təmizlik aksiyaları üsulları ilə pulu ehtiyacı olan insanlara çatdırmaq olar”.

Cavid Qara və ekoaktivist dostlarına gələcəkdə belə işləri genişləndirmək üçün dəstək ola bilərsiniz. “Facebook”dakı “Ecofront” səhifəsində necə dəstək olacağınızla bağlı məlumatlar var.

quba_zibil_t__mizl__m___3.jpg
“Dövlətin isə ən yaxşı dəstəyi zibillərin daşınmasına kömək etmək olar”
Ana səhifəBölgə“Heç bir dövlət işçisi ətrafı təbiətsevər kimi təmizləyə bilməz“