Həbsdəki generalların istəyi rədd olundu

Apelyasiya Məhkəməsi əvvəlki qərarı qüvvədə saxladı

Foto: Azərtac
Ləğv edilmiş MTN rəhbərliyi
Ləğv edilmiş MTN rəhbərliyi


Apelyasiya Məhkəməsi əvvəlki qərarı qüvvədə saxladı

MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin sabiq rəisi Sübahir Qurbanov, müavini, polkovnik Füzuli Əliyev, bu idarənin əməkdaşları Zaur Məmmədov və Natiq Alıyev, Monitorinq Mərkəzinin keçmiş Teymur Quliyev, Əməliyyat-Texniki İdarənin işçisi olmuş Fərhad Atayev və Anar Şirəliyevin apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb. Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyilə çıxarılan qərara əsasən, keçmiş MTN generalları və zabitlərinin şikayəti təmin olunmayıb. Bakı Hərbi Məhkəməsinin hökmü qüvvədə saxlanıb.

2015-ci il oktyabrın 17-də MTN-də keçirilən əməliyyat nəticəsində nazir Eldar Mahmudov vəzifəsindən azad olunub, nazirliyin 5 generalı (Akif Çovdarov, Natəvan Mürvətova, Sübahir Qurbanov, Teymur Quliyev və Elçin Quliyev) və daha 16 nəfər müxtəlif rütbəli əməkdaşı saxlanılıb. Onlardan yalnız Natəvan Mürvətova ev dustaqlığında olub. MTN-in Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyev isə həbsdindən iki ay sonra Bakı istintaq təcridxanasında intihar edib.

Həbs olunan şəxslərin işi bir neçə qrupa ayrılıb. MTN-in Monitorinq İdarəsinin rəisi Teymur Quliyev, Əməliyyat Texniki İdarənin rəisi Natəvan Mürvətova və Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi Sübahir Qurbanov yeddi nəfər əməkdaşları ilə birlikdə mühakimə olunub.

Müxtəlif iş adamlarının əmlaklarını, pullarını hədə-qorxu ilə əllərindən almaqda, onları bu məqsədlə qanunsuz olaraq, MTN-ə gətirib orada saxlamaqda, qanunsuz telefon dinləmələrində, əməliyyatlara ayrılmış vəsaitləri mənimsəməkdə təqsirləndirilən Sübahir Qurbanov və müavini Füzuli Əliyevə 14 il, Teymur Quliyevə 12 il, Zaur Məmmədov və Natiq Alıyevə 10 il 6 ay, Anar Şirəliyev və Eşqin Əliyevə isə 3 il azadlıqdan məhrumetmə cəzası verilib.

Natəvan Mirvətova, Fərhad Atayev və Elşad Əzizov isə şərti cəza verilib.

Anar Şirəliyev və Eşqin Əliyevin cəzası başa çatıb və onlar buraxılıblar.

Məhkəmənin hökmündə keçmiş MTN-çilərin general və digər rütbələrinin alınması üçün müvafiq dövlət orqanlarına təqdimat göstərilməsi, onların əmlaklarının müsadirə olunması da əksini tapıb.

MTN-çilərlə yanaşı, zərərçəkənlər də hökmdən narazıdır. Onlar vaxtilə MTN-ə verdiklərini iddia etdikləri pulların geri qaytarılmasını tələb edirlər. Buna görə məhkəmədə mülki iddia qaldırsalar da, təmin olunmayıb.

Ana səhifəXəbərlərHəbsdəki generalların istəyi rədd olundu