Hafiz Hacıyev: Seçkilər normal keçirilsə, mən 55 faizlə prezidentəm

“Vitse-prezidentlik də seçki yolu ilə olmalıdır”

11 apreldə keçiriləcək növbədənkənar prezident seçkisinin imzatoplama kampaniyası davam edir. Prosesə qatılan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bəyanatları ilə diqqət çəkir. Meydan TV gündəmin maraq doğuran suallarını Hafiz Hacıyevə ünvanlayıb.  
 
-  Hafiz bəy, 11 aprel prezident seçkisində özünüzə rəqib kimi görürsünüz?
 
-  Özümə rəqib hazırkı prezident İlham Əliyevi görürəm və ondan başqa mənə rəqib ola biləcək adam yoxdur. Hər halda bizim ikimizin arasında böyük yarış gedəcək. Ona görə ki, mən müxalifət partiyasının sədri olaraq seçkilərdə iştirak edirəm. Azərbaycan cəmiyyətində son illər rüşvətxorluğa, məmur özbaşınalığına,  korrupsiyaya qarşı ən kəskin mübarizə aparan partiya lideri varsa, o da mənəm.
 
-  Yəni siz başqa namizədləri alternativ hesab etmirsiniz?
 
- Xeyr.
 
-  Siz bildirmişdiniz ki, hər halda prezident seçiləcəm və İlham Əliyevin bu dəfə mənə güzəştə gedəcəyini düşünürəm. Niyə hər halda və niyə Əliyevin sizə güzəştə gedəcəyini düşünürsünüz?
 
-  Hesab edirəm, Azərbaycan cəmiyyətində belə bir əhval-ruhiyyə var ki, bir nəfərin bu qədər hakimiyyətdə olmasını qəbul edə bilmirlər. Bugünkü dövlətçiliyin qorunub saxlanılmasında, müəyyən məsələlərin həllində daha konstruktiv və radikal addımlar atmaqda özümdə cürət hiss edirəm. Bəli, İlham Əliyevin siyasi kursu davam etməlidir. Bu mənada prezident seçilsəm, Əliyevin siyasi kursunu davam etdirəcəm, kurs deyəndə dövlətçilik məsələsini nəzərdə tuturam. Rüşvətxorları, korrupsionerləri bağışlamayacam.
 
-   Komandanı dəyişəcəksinizmi?
 
-  Təbii, komanda birmənalı şəkildə dəyişməlidir, indiki “qocalar evi” buraxılmalıdır və onların Azərbaycan xalqından indiyə qədər oğurladıqları var-dövlət əllərindən alınmalıdır. Söhbət bundan gedir. Bilirsiniz, İlham Əliyev həddən artıq humanist insandır, mən onunla görüşdən sonra bu qənaətə gəlmişəm.
 
-  Siz qardaşınız adlandırdığınız İlham Əliyevlə görüşürsünüzmü?
 
-  O, həmişə mənim qardaşımdır, rəqib olsaq da. Bilirsiniz, necədir, mən həmişə dosta, qardaşa “qardaş” demişəm, düşmənə də “düşmən”. Düşünürəm ki, vətəndaş müharibəsinin olmaması və ölkədə sabitliyin qorunması üçün Hafiz Hacıyev lazımdır. Həm də Dağlıq Qarabağın qaytarılmasında mənim bir nömrəli xidmətim ola bilər.
 
-  O məsələyə gələcəyik. Deyirsiz ki, İlham Əliyev qardaşınızdır, bəs niyə qardaşınızla söhbət edəndə komandanı dəyişmək kimi məsələləri  qaldırmırsınız?
 
-  Çox qaldırmışam.
 
-  Bəs nə cavab verir?
 
-  Çox böyük işlər görülüb. Biz ən böyük “kitlər”i vurmuşuq.
 
-   Adlar çəkə bilərsinizmi?
 
-  Məsələn, Ziya Məmmədovu məhv etmişik, əlində olan, Azərbaycan xalqından oğurladığının bir hissəsini almışıq. Qalanını isə xaricdə gizlədir.
 
-  Sonra...?
 
- Eldar Mahmudov. Azərbaycan dövlətçiliyinə xəyanət etdiyinə görə onu məhv etmişik. Üçüncü, yaxın günlərdə Fazil Məmmədovun Azərbaycan xalqından oğurladığı 45 milyardı mən açdım və bu məsələni də gündəmə gətirməklə ciddi şəkildə bu cür qüvvələrin üzərinə getdik. Artıq nəticəsi bəllidir, bunlar başlanğıcdır. Hələ nə qədər belə məmurlar var. Bu insanlar İlham Əliyevin humanistliyindən və demokratikliyindən istifadə etdilər. Ölkəni indiki vəziyyətə gətirdilər, narazılıq yaratdılar.
 
- Dəfələrlə həmin məmurların yerlərində möhkəm oturduğunu demisiniz, bu mənada onları dəyişmək sizə asan gəlirmi?
 
- Bu, mənim üçün 1+1-in cavabıdır.
 
- Bəs niyə qardaşınıza bunu demirsiniz?
 
- Qardaşıma deyirəm, o, bu məsələlərə başlayıb, gedir. Düşünürəm ki, ya o, ya da mən seçiləcəm, fərqi yoxdur, o da həmin addımları atmalıdır və atacaq da. Bilirsiniz, “qocalar evi”ndə Baş nazirin müavinləri kabinetlərində dirsəklə oturublar, yeriyə bilmirlər, qalxa bilmirlər.
 
- Ad çəkə bilərsinizmi?
 
- Məsələn, Abid Şərifov. Yaxud Elçin Əfəndiyev. Düzdür, onun atasına böyük hörmətimiz var. İsmət Abbasov, kənd təsərrüfatına baxır, bu adam rayonlara çıxır, amma taxılın harada əkildiyini bilmir. Digər müavinlər də o cür. Eyni zamanda, başqa nazirlər, bu adamlar ölkəni elə bir həddə gətiriblər ki, böyük narazılıq dalğası var.
 
- Bunu etiraf edirsiniz də...?
 
- Bəli.
 
- Daha çox hansı sahələrdə narazılıq var?
 
- Rayonlarda işsizlik böyük narazılıq yaradır. Artıq mağazalarda nisyə dəftərləri dolub, verə bilmirlər. Camaatın alıcılıq qabiliyyəti aşağı düşüb, bunu da məmurlar edir.
 
-  Ancaq prezident keçirdiyi müşavirələrdə özü və məmurları kənd təsərrüfatında inkişafın və idxaldan asılılığın azaldığının olduğunu deyir...
 
-  Mən qorxmadan və cəsarətlə həqiqəti deyən insanam. Kənd təsərrüfatını məndən çox tənqid edən olmayıb. Amma son vaxtlar rayonlarda keçirdiyim görüşlərdə nisbi inkişafın olduğunu görürəm. Kənd təsərrüfat muzeyi yaradıblar və heç bir dövlətdə bu yoxdur, amma sadəcə, reklam edə bilmirlər. Yaxud aqrar sektordakı inkişafı ortaya qoya bilmirlər. Bu, bəzi insanların monopolist düşüncəsindən irəli gəlir.
 
- Bəzi insanlar kimlərdir?
 
- Məsələn, kartofu niyə başqa yerdən gətirirlər?
 
-  Kim gətirir?
 
-  Şeyximiz.
 
-  Allahşükür Paşazadə?
 
- Bəli.
 
-  Ancaq Allahşükür Paşazadə prezident İlham Əliyevi dəstəkləyir, mollaları, din xadimlərini ona səs verməyə çağırır...
 
- Elə ona görədir. Bu işlərin üstünü basdırmaq üçün hər hansı sahədən yapışmalıdırlarmı?!
 
-  Daha sonra?
 
- Azərbaycanda xüsusi sahələr var ki, monopoliyadadır, inkişafına imkan vermirlər. Niyə biz taxılı başqa dövlətlərdən gətirməliyik? O cümlədən əti. Bu gün quşçuluq fabriklərində kifayət qədər quş əti istehsal olunur, niyə Ukraynadan mənşəyi bilinməyən toyuq əti gətirirlər?!
 
-  Sizdə bununla bağlı faktlar varmı?
 
- Bəli. Gəlin, marketlərin birinə gedək, orda selofana bükülü, mənşəyi bilinməyən ət satıldığını görəcəyik. Qoy, zəhmət çəksin, ərzaq təhlükəsizliyinə cavabdeh şəxs bununla bağlı münasibət bildirsin. Bilmirəm, kiminsə qohumunu ora təyin ediblər.
 
-  Kimdir o?
 
- Bilmirəm, mənə dedilər ki, Əhliman Əmiraslanov pulunu alıb, həmin adamı ora qoyub.
 
- Bunlar çox ciddi ittihamlardır, sabah onlar sizi məhkəməyə verə bilərlər, cavab verə biləcəksinizmi?
 
-  Qoy, versinlər. Niyə cavab verə bilmərəm ki? Bilirsiniz, bizim bəzi məmurlar var, gecə kiminlə yatıb-dururlarsa, sabah onun bacısı və ya bacısının əri vəzifədədir. Ona görə biz bugünə qalmışıq.
       

-   Hər seçkidən sonra Nazirlər Kabineti buraxılır. Siz kabinetdə kimin saxlanılmasının tərəfdarısınız?

 
- Bir neçə nazir istisna olmaqla kiminsə qalmasını düşünmürəm.
 
-  Konkret ad deyə bilərsinizmi?
 
-  Ad çəkməyəcəm.
 
-  Deyin bilək də...
 
-  Ad çəksəm deyəcəklər ki, filan nazirlər Hafiz Hacıyevi öyrədib, maliyyə verib və s.
 
-  Onsuz da deyirlər və adınızı müxtəlif nazirlərlə bağlayırlar...
 
-  Çox şey deyirlər. Hər gün yerli və xarici medianı izləyərək işə başlayıram. O cümlədən, “Youtube”-də deyilənlərə baxıram. Bəzi namizəd olan partiya sədrləri Vidadi İsgəndərliyə deyirlər ki, filankəslərə milyonlarla verirlər. Bu, düzgün deyil, hər halda görüşəndə onlara deyəcəm. Söhbət Azərbaycan xalqından 20-30 il oğurladıqlarından gedir.
 
-  Bəs İlham Əliyev 20-30 illik məmurları niyə vəzifədə saxlayır?
 
- İlham Əliyev təkdir. Bu gün dünyada elə proses gedir ki, ancaq Azərbaycanda İlham Əliyevi görürlər. Avropanın şəhərlərində İlham Əliyevlə mənim şəkillərimi xoşagəlməyən yerlərə yapışdırırlar. Sual yaranır; bəs mən bunların nəyini yemişəm? Tək niyə İlham Əliyevdən yapışıblar? Hanı Azərbaycanın xaricdəki səfirlikləri? Heç olmasa yapışdırılan şəkilləri cırsınlar. Hanı Azərbaycan məmurlarının xaricdə saxladıqları 5-10 arvadı və onlardan olan uşaqları, niyə gedib həmin şəkilləri cırmırlar?
 
-   Çox ciddi ittihamlar səsləndirirsiniz, bəs faktlarınız varmı?
 
- Bəli. Nəyə görə məmurların hamısının Londonda villaları var?  
 
-  Adlar çəkə bilərsinizmi?
 
- İsmət Abbasovun.
 
-  Niyə yalnız İsmət Abbasovun adını çəkirsiniz...?
 
- Ziya Məmmədovun və başqalarının da var.
 
-   Yəqin televiziya çıxışlarınızda bunlardan söhbət açacaqsınız?
 
- Təbii. Bu gün Azərbaycanda haqsızlıq görürəm. Niyə təkcə iki nəfərdən yapışıblar- İlham Əliyevdən və Hafiz Hacıyevdən? Niyə ölkənin 45 milyardını xaricə ötürən Fazil Məmmədovdan danışmırlar? Niyə rayon icra başçılarının Köln şəhərində ermənilərlə klinikalarının olduğunu demirlər?
 
-  Hansı rayonların icra başçılarının?
 
-  Deməyəcəm.
 
-   Bəs nə vaxtsa bu barədə danışacaqsınızmı?
 
- Bəli, açacam bu məsələləri. Bu gün Azərbaycanda elə bir şərait yaranıb ki, bir nəfərdən yapışırlar. Halbuki, ölkənin sərvətlərini dağıdırlar.
 
- Buna kim şərait yaradır?
 
- Bir nəfər hamıya nəzarət edə bilərmi? Edə bilməz.
 
- Niyə İlham Əliyev özünə dəstək almaq üçün sizi yüksək vəzifəyə təyin etmir?
 
- Hər halda seçkidən sonra ən yüksək vəzifələrdə olmağa layiqəm. Dördüncü dəfədir prezidentliyə namizədliyimi irəli sürürəm, yeganə müxalifət partiyasıyıq ki, seçkilərdə iştirak edirik.
 
- Hansı sahəni normal vəziyyətə gətirə bilərsiniz?
 
- Mən prezident olmaq istəyirəm, ondan aşağı vəzifə görmürəm. Hər halda koalision hökumət qurmağa hazıram. İstəyirəm ki, mağazalarda nisyə dəftərləri yığışdırılsın. Azərbaycan xalqının yüksək səviyyədə yaşamağa mənəvi haqqı var. Nəyə lazımdır yüz komitə, yaxud komissiya yaradaq? Keçmişdə bir “Aqroprom” vardı, onun da sədri Baş nazirin müavini idi. Vitse-prezidentlərdən biri bu sahəyə baxmalıdır. Ümumiyyətlə, vitse-prezidentlik də seçki yoluyla olmalıdır. Özüm prezident olandan sonra bunları həll edəcəm.
 
- Türkiyə əhalisinin sayı 80 milyondur, 27 nazirlik və komitə var, 10 milyon əhalisi olmayan Azərbaycanda baş nazirin 4 müavini var, hələ komitə və nazirliklər də...
 
- Bunlara ehtiyac yoxdur. Kabinet 40 faiz ixtisara getməlidir. Vitse-prezidentlərdən biri ərzaq təhlükəsizliyinə baxmalıdır, bununla bağlı komitə də yarana bilər, aqrar sektor da bura daxil edilməlidir. Baş nazirin müavini də bunlara nəzarət etməlidir. Bizdə işi bilməyənlərə tapşırırlar. Atın qabağına ət, itin qabağına arpa qoyuruq və nəticədə narazılıq dalğası yaranır. Niyə demirlər, hökumət hara baxır? Elə prezidenti görürlər.
 
-  Konstitusiyaya görə məsuliyyətin prezidentin üzərində olduğunu bilirsinizmi?
 
-  Bəli. O zaman hökumət və nazirlər nəyə lazımdır?

- O sualı prezidentə verin də.
 
- Prezident dəfələrlə ictimai nəzarətin güclənməsinin vacibliyini vurğulayıb. Biz partiyamızda İctimai Nəzarət Palatasını yaratdıq.
 
- Hafiz bəy, imzaları toplayarkən hansı rayonlarda daha çox narazılıqla qarşılandınız?
 
-  Məsələn, Suraxanı. İcra başçısı deyir ki, burda mənəm, Bağdadda kor xəlifə. Axı sən kimsən? İlqar Məmmədovsan? Bir əlin xaricdən maliyyələşən qüvvələrin cibindədirsə, hakimiyyətə necə sadiq ola bilərsən?
 
-  Neçə faiz səs toplayacağınıza əminsiniz?
 
- Tam əminəm ki, seçkilər normal keçirilsə, mən 55 faizlə prezidentəm. Bu qədər səs gözləyirəm. Bu gün iki nəfərdən başqa heç kimin şansı yoxdur. Digər namizədlərə hörmətim var, amma onları tanımırlar. Çünki xalqın dərdini mən deyirəm. Sona qədər dövlətimin problemlərini deyəcəm, istəyirlərsə, yaxşı, firavan həyat qurulsun, məmurların xaricə daşıdıqlarını ölkəyə gətirək, Qarabağı qaytaraq, mənə səs versinlər. Söz verirəm, 1 aya Qarabağı qaytarıram.

Redaksiyadan: Müsahibədə səsləndirilən ittihamlarla bağlı qarşı tərəfi dinləməyə hazırıq

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/k7bme7

Самое читаемое