Gəncə məhbusu danışır: Polislərdən biri məni murdarlamaq istədi, başımı divara çırpıb yardım

B.Əliyev bildirir ki, daha sonra onu sürüyə-sürüyə Cavid adlı müstəntiqin olduğu otağa aparıblar

Foto: Meydan.TV


''Xocalı zülmünü mən öz ölkəmdə yaşadım, özümü əsirlikdə hiss edirəm''

Ötən ilin iyulunda Gəncədə baş verən hadisələrdən sonra həbs olunanlardan biri də Bəkrəm Əliyevdir. O, daha yeddi nəfərlə birlikdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri tərəfindən Bakıda – Sabunçu Rayon Məhkəməsinin inzibati binasında mühakimə olunur. Onlar kütləvi iğtişaşların təşkili və iştirak, polislərə qarşı müqavimət göstərmə, zor tətbiq etmə və s. ittihamlarla məhkəmə qarşısına çıxarılıb.

B.Əliyev Gəncədə ötən il icra başçısının güllələnməsindən sonra 10 iyulda keçirilən aksiyada polislərdən birinə xəsarət yetirməkdə ittiham olunur. O, etiraf edir ki, polisi vurub. Lakin bildirir ki, öncə polis onu vurub, o da özünümüdafiə məqsədilə onu itələyib.

B.Əliyev ondan sonra bir həftə Gəncədə Nizami Rayon Polis İdarəsində, daha sonra iki həftə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağlasığmaz işgəncələrə məruz qaldığını deyir. Bu barədə ətraflı danışan B.Əliyev bildirir ki, onu Bakıya çatmağa az qalmış – Nəvai postunda mülki formalı şəxslər saxlayıb, öz maşınlarına mindirib Gəncəyə aparıblar. Onu əvvəlcə DTX-nin Gəncə şöbəsinə gətiriblər. Təxminən 4-5 saat orada saxlayandan sonra Nizami Rayon Polis İdarəsinə təhvil veriblər. İdarədə isə onu birbaşa rəisin otağına aparıb, orada video-görüntü göstəriblər. Həmin görüntülərdə onun özü də olub.

B.Əliyevin sözlərinə görə, idarədə təsdiqləyib ki, videodakı özüdür, polis onu vurub, bu üzdən özünümüdafiə məqsədilə onu itələyib.

B.Əliyev bildirir ki, bundan sonra onu başqa bir otağa aparıblar. Orada mülki geyimdə olan üç nəfər onu döyməyə başlayıb:

“Əllərim qandallı vəziyyətdə məni yerə yıxıb təpikləyirdilər. Başıma, belimə, böyrəklərimə təpiklə vururdular. Otağa gələnlərə də “Samiri vurub yıxan budu” deyib, məni belə təqdim eləyirdilər. Bunu eşidən kimi gələn də başlayırdı vurmağa. Samirlə iş yoldaşı olmuşdular deyə, məni çox döydülər, zülm verdilər. Qalın kitablarla başıma vururdular. Otaqda 18-20 polis var idi. Hamısı döyürdü. Sanki hamısı məndən acıqlı idi. Oradakıları indi görsəm, hamısını tanıyaram”.

B.Əliyevin sözlərinə görə, tutularkən üstündə olan pulu da götürüb ona qaytarmayıblar:

“Mülki formada olanlardan biri mənim ciblərimi yoxladı. 115 manat pulum var idi. Pulumu götürdü, qayıtdı ki, “100-ü mənim, 15-i sənin”. Dedim ki, qaytar pulumu. Başladı məni vurmağa. Sonra çıxıb getdi. Sonra başqa adam gəldi, ona dedim ki, bayaq gedən adam pulumu götürüb, ona deyin, gətirib qaytarsın. Bir az keçəndən sonra qayıdıb gəldi, başladı məni döyməyə ki, “bütün şöbəyə yaymısan, Ramin pulumu götürüb”. Dedi ki, pulu mənə verənə söyüş qoyub. Bir də söydü, pulumu da götürüb getdi”.

B.Əliyev bildirir ki, daha sonra onu sürüyə-sürüyə Cavid adlı müstəntiqin olduğu otağa aparıblar. Müstəntiq ondan Gəncədəki meydana getməsinin səbəbini, orada olanları soruşub:

“Mən də olanları danışmağa başladım. Az sonra 6-7 nəfər polis gəldi. Birinin əlində çəlik var idi. Başa düşdüm ki, həmin polis Samirdi. Başqa polislər də onun sağ və sol tərəfdən qoluna girmişdi. Samir çəliyilə məni döyməyə başladı. Müstəntiq otaqda idi, amma heç nə demirdi. Zərbənin çoxu başıma və sağ qoluma dəyirdi. Sağ qolum çiynimdən əlimə qədər qapqara olmuşdu, başım da şişmişdi. Onların içində bir mayor var idi. Üstümə gəlib tüpürdü, getdi. Məni yerdən qaldırıb stulda oturtdular. Müstəntiq dedi ki, bu sənədlərə qol çək, bir-iki il yatıb çıxarsan. Yoxsa, bunlar sənin içalatını tökəcəklər burda, yazıqsan. O, bunu deyib, otaqdan çıxdı. Müstəntiq çıxandan sonra otaqdakılar yenə başladı məni döyməyə”.

B.Əliyevin sözlərinə görə, onu daha sonra birinci mərtəbəyə düşürüb orada döyməyə başlayıblar. Həmin vaxt orada – dəhlizdə Gəncə hadisələrinə görə həbs olunmuş çoxlu sayda başqa adamlar da olub. Onlara da işgəncə verilirmiş:

“Otuza qədər adamı yerə çökdürüb, üzü divara saxlamışdılar. Arxadan da polislər döyürdülər. Məni də yumruq-təpiklə döydülər. Sonra yerə yıxıb belimə çıxdılar. Sonra məni şöbənin həyətinə çıxartdılar. Həyətdə “spesnazın” polisi var idi. Əlində avtomatla gəzirdi. Məni onun yanında saxlayıb başqalarını gətirməyə getdilər. Çox pis vəziyyətdə idim. Paltarım cırıq-cırıq idi. Başım şişmişdi. Həyətdə dayanan polis mənə dedi ki, “canını qurtarmaq istəyirsənsə, qaç, güllələyim səni. Onsuz da sizdən üçünü öldürmüşük”. Sonra başqa adamları gətirdilər həyətə. Bizi dustaq maşınına mindirib Kəpəz Rayon Polis İdarəsinə apardılar. Şöbəyə girəndə sağ tərəfdə bir otaq vardı, məni ora salan kimi orada olan Nizami adlı mayor başladı məni döyməyə. Məndən tələb elədi ki, yerdə sürünüm. Uzanmadım. Başladı məni döyməyə, iki-üç nəfər polis də ona qoşuldu. O qədər döydülər, gözüm qaraldı, özümdən getdim. Bir də ayıldım ki, məni sürüyə-sürüyə kameraya salırlar”.

B.Əliyevin dediyinə görə, 2-3 saat sonra onu kameradan çıxarıb, polkovnik rütbəli bir polisin yanına aparıblar. Həmin vaxt otaqda olan başqa bir kapitan isə ona qarşı alçaldıcı hərəkətə cəhd göstərib:

“Dedi ki, səni murdarlayacam. Mən də başımı yerə-divara vurdum, başım yarıldı. O polisi otaqdan çıxartdılar. O birilər yenə başladı məni vurmağa. Sonra yenə kameraya apardılar. Axşam yenə döyə-döyə kameradan çıxarıb, dustaq maşınına mindirdilər. Təxminən 10-12 nəfər idik. Bizi Nizami Rayon Məhkəməsinə apardılar. Hakim sanksiya verdi. Sonra yenə döyə-döyə dustaq maşınına mindirib Kəpəz Rayon Polis İdarəsinə apardılar”.

B.Əliyev deyir ki, ertəsi gün onu Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. İdarəyə axşam çatıblar, onu dərhal kameraya salıblar. Amma səhəri gün ikinci mərtəbəyə qaldırıb, döyüblər:

“İki nəfər mülki geyimli içəri girən kimi əllərindəki dubinka ilə məni döyməyə başladı. Əllərim qandallı idi. Yerdə halsız vəziyyətdə qalmışdım. Hiss elədim ki, barmağıma məftil bağlayırlar. Başımı qaldırdım, gördüm stolun üstündə nəsə qara aparat var. Başladılar “tok” verməyə. 3-4 dəfə özümdən getdim. Naşatır iylədib ayıldırdılar, bir də “tok” verirdilər. Barmaqlarımın əti parçalanmışdı. Bir o yadıma gəlir ki, iki polis məni sürüyə-sürüyə kameraya aparıb uzatdı. Bir -iki gün keçdi, bədənimi yoxladılar. Krem, dərman verdilər ki, bədənimə sürtüm. Bütün bədənim gömgöy idi. Dəhşətli ağrılardan yata bilmirdim. İnsanlara Xocalıda verilən zülmlərdən daha betərini mən öz ölkəmdə yaşadım. Özümü ermənilərə əsir düşmüş kimi hiss edirdim. Məni “banditizm”dəm Kürdəxanı təcridxanasına aparanda başıma torba keçirmişdilər. Yolboyu daha nələr fikirləşmədim… Hara apardıqlarını bilmirdim. Çox qəddarlıq elədilər”.

B.Əliyev bildirir ki, üstündən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də başında kəskin ağrılar var.

B.Əliyev və digər Gəncə məhbuslarının işgəncə şikayətləri əsasında prokurorluq on ay sonra ekspertiza təyin edib. Ekspertlər gəlib onları müayinə ediblər:

“Prokurorluqdan işgəncə faktını yoxlamaq üçün ekspert gəlmişdi. Artıq aradan on ay keçmişdi. On aydan sonra bədənimdə izlər qalmasa da, bir onu bilirəm ki, bu vəhşiliklər, bu işgəncələr həyatımda silinməz izlər qoydu…”

Daxili İşlər Nazirliyi isə işgəncə iddialarını təkzib edir və bu barədə səslənən şikayətlərin həqiqətəuyğun olmadığını bildirir. Nazirlik bəyan edib ki, bu şəxslərin təqsirli olduğunu təsdiqləyən konkret sübutlar var. Onlar məsuliyyətdən yayınmaq üçün işgəncəyə məruz qalmaları barədə yalan danışırlar.

Ana səhifəXəbərlərGəncə məhbusu danışır: Polislərdən biri məni murdarlamaq istədi, başımı divara çırpıb yardım