”Gəncə hadisələrində evdən götürülən 1500 avro pul da qayıtmayıb…”

Dövlət ittihamçısı Fuad Musayev bu vəsatətin də təmin edilməməsini istəyib. Hakim də qısa müşavirədən sonra vəsatətə “yox” deyib.

Source: meydan tv


Vəkillərin əşyaların qaytarılması ilə bağlı vəsatətləri təmin olunmayıb

Gəncə hadisələrinə görə saxlanılan şəxslərin evlərində də axtarış aparılıb, tutulanlara heç bir aidiyyəti olmayan xeyli əşyalar götürülüb – ailə üzvlərinin telefonları, planşet, pul… Hadisələrdən bir il keçsə də, həmin əşyalar qaytarılmayıb.

Gəncə hadisələrinə görə həbs olunan şəxslərdən Eşqin Quliyev, Urfan Məmmədov, Abbas Abbasov, Hüseyn Bayramov, Elşən Məmmədov, Oqtay Hüseynzadə və Rauf Bayramovun daxil olduğu qrupun məhkəməsində vəkillər bu barədə vəsatət qaldırıblar. Onların işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Bakının Sabunçu Rayon Məhkəməsində baxırlar. Hakim Xaqani Səmədovun sədrliyilə keçirilən məhkəmədə evdən götürülən əşyaların qaytarılması barədə vəsatət təmin olunmayıb. Hakim deyib ki, cinayət işinin materialların arasında evdən götürülən əşylarla bağlı sənədlər yoxdur.

Təqsirləndirilən Abbas Abbaszadənin valideyni deyir ki, axtarış zamanı evdə olan 1500 avro pul da götürülüb və bu günə qədər qayıtmayıb.

Təqsirləndirilən Oqtay Hüseynzadənin vəkili isə Dövlət Sərhəd Xidmətilə bağlı etirazını bildirib. Həm vəkil İlqar Şahməmmədov, həm də hakim Xaqani Səmədov Oqtay Hüseynzadənin ölkəyə giriş-çıxışı barədə məlumat almaq üçün Dövlət Sərhəd Xidmətinə sorğu göndərib. Hakimə cavabda Oqtayın Azərbaycandan İrana getdiyi, vəkilə cavabda isə Gürcüstana getdiyi yazılıb. Vəkil bildirib ki, eyni dövlət orqanının eyni məzmunlu sorğuya müxtəlif cavablar verməsi anlaşılan deyil.

Vəkillər təqsirləndirilən şəxslərin işgəncəyə məruz qalmaları barədə şikayətlərlə əlaqədar onların yenidən ekspertizadan keçirilməsi barədə vəsatət qaldırıblar. Bildiriblər ki, iş materiallarındakı ekspert rəyi obyektiv deyil. Ekspertiza təqsirləndirilən şəxslərin bəzilərinin zədəli olduğunu, lakin bunun 1il altı ay öncə və ya ondan daha əvvələ aid xəsarətlər olması haqda rəy verib. Yəni bu şəxslərin üzərindəki xəsarət izləri Gəncə hadisələrindən əvvələ aiddir.

Dövlət ittihamçısı Fuad Musayev bu vəsatətin də təmin edilməməsini istəyib. Hakim də qısa müşavirədən sonra vəsatətə “yox” deyib.

Bütün vəsatətlərin rədd edilməsinə vəkillərdən Qanqa İbrahimov etiraz edib. Hakim isə vəkilə “sizin heç nəyə etiraz etmək hüququnuz yoxdur” deyərək, ona fikrini başa çatdırmağa imkan verməyib. Vəkil isə hüquqi normanı hakimə xatırladaraq bildirib ki, qanun müəyyən hallarda vəkilə də etiraz etmək hüququ verir.

Məhkəmə prosesi iyulun 12-də davam edəcək.

Gəncə hadisələrinə görə 80-ə qədər şəxs həbs olunub. Onların işi bir neçə qrupa bölünərək məhkəməyə göndərilib. Daha 17 nəfərin işi üzrə isə istintaq davam edir. Onların arasında Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə təqsirləndirilən Yunis Səfərov da var.

İşi məhkəməyə göndərilən 5 qrupdan üçünə hökm oxunub. Onlara 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilib. Onlar əsasən, 10 iyul aksiyasıyla əlaqədar Gəncədə kütləvi iğtişaşların təşkilində, həmin hadisələr vaxtı polislərə qarşı zorakılıqda, müqavimət göstərməkdə təqsirləndirilirlər. Amma təqsirləndirilən şəxslər ittihamı qəbul etmirlər. Onlar hökmdən apelyasiya şikayəti veriblər. Daha iki qrupun işi üzrə araşdırmalar isə birinci instansiya məhkəməsində davam edir.

Ana səhifəXəbərlər”Gəncə hadisələrində evdən götürülən 1500 avro pul da qayıtmayıb…”