Fermerlərin suvarma problemi

O bildirib ki, hektara görə onlardan 7 manat alınsa da, iri təsərrüfatlara su 3-3,50 qəpiyə satılır

Source: Specify Source


"Hər il bu problemlə üzləşirik”

Koronavirus pandemiyası səbəbindən bütün dünyada kənd təsərrüfatı ciddi zərərlə üzləşib, ərzaq təchizatı pozulub. Nəticədə məhsul istehsalı azalıb. Lakin Azərbaycanda fermerlər infeksiyanın yaratdığı təsirlərdən daha çox suvarma problemindən ziyana düşüblər. Mütəxəssislər deyirlər ki, suvarma üçün yeni texnologiyaların quraşdırılmasına hər il milyonlarla manat ayrılsa da, fermerlərin suvarma problemi həllini tapmır.


“Gecə-gündüz kanalda əllərimizlə palçıq təmizləyirik ki, bəlkə bizim də sahəyə su gələr”

Sabirabad rayonunun Şıx Salahlı kəndinin sakinləri deyirlər ki, bu il də əkin sahələri susuzluqdan məhv olur.

“Qarğıdalı, günəbaxan, arpa olmaqla ümumilikdə 8 hektar sahədə məhsul əkmişəm. Əkin sahəsinin yaxınlığından kanal keçir, su nasoslarla iri təsərrüfatlara verilir. Gecə-gündüz kanalda əllərimizlə palçıq təmizləyirik ki, bəlkə bizim də sahəyə su gələr”,-adının açıqlanmasından ehtiyat edən fermerlərdən biri deyib. Onun sözlərinə görə, köməklik göstərilməsi üçün rayon icra hakimiyyətinə, Melorasiya və Su Təsərrüfatı Açıq Səhimdar Cəmiyyətinə, hətta Kənd Təsərrüfatı Nazirliyinə müraciət ediblər, amma bir nəticəsi olmayıb. Kənddə içməli su problemi yoxdur, buna baxmayaraq sahələri suvarmağa su tapmırlar.

Sabirabadın digər kəndlərində də su problemi olduğu bildirilir.

Kürdəmir rayonunun Karrar kəndi və ətraf kəndlərdə də fermerlər su problemindən şikayətçidirlər. Meydan TV-yə yazan kənd sakinlərinin sözlərinə görə, bu isə məhsuldarlığa ciddi təsir edir.


“Ümidimizi qışda qara, yazda yağışa bağlamışıq”

Bərdədə də əkin sahələrinin suvarılması problemə çevrilib. Kəndlərdə məhsul susuzluqdan yanır. Fermerlərdən Aydın Məmmədov bildirib ki, 12 hektar sahədə məhsul əkib, amma sahələri suvarmaq üçün su çatmır:

“Demək olar ki, hər il bu problemlə üzləşirik. Ümidimizi qışda qara, yazda yağışa bağlamışıq. Guya ki, fermerlər arasında növbəlik prinsipi qorunmur. Hamı sahəsini suvarmağa çalışır”.

Bərdədə əsasən pambıqçılıqla məşğul olan fermerlər susuzluqdan ziyan çəkdiklərini deyirlər.

Ağdaşlı fermerlər isə deyiblər ki, onların su problemi yoxdur, amma 1 hektar sahəyə görə 7 manat ödəyirlər:

“Mən 20 hektar sahəni suvarmaq üçün ayda 140 manat ödəyirəm. Bu, təkcə suya çəkilən xərcdir. Bu il arpanın məhsuldarlığı çox olmayıb. Yəni xərci-borcunu ödəməyəcək",- fermerlərdən biri deyib. O bildirib ki, hektara görə onlardan 7 manat alınsa da, iri təsərrüfatlara su 3-3,50 qəpiyə satılır:

“Digər rayonlarla da maraqlanmışıq, qiymətlər arasında fərq var. Amma qiymətin hansı prinsiplərlə müəyyənləşdirildiyini bilmirik. Neçə dəfə suyun qiymətinin aşağı salınması ilə bağlı müraciət etmişik. Səsimizə səs verən yoxdur”.


Prezident sərəncam imzalayıb

Prezident İlham Əliyev bu il, aprelin 15-də “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə baş nazirin müavini Şahin Mustafayevin sədrliyi ilə komissiya yaradılıb.

Melorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən Meydan TV-yə bildirilib ki, problemin həlli istiqamətində işlər görülür. Cəmiyyətin

sayt

ında isə qeyd olunub ki, sərəncamın icrasının təmin edilməsi məqsədilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC iki dövlət proqramı hazırlayaraq komissiyaya təqdim edib:

unnamed.jpg
Melorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti

“Birinci, “Azərbaycan Respublikasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin inkişafına dair 2020-2030-cu illər üzrə” dövlət proqramıdır. İkincisi isə “Suvarma suyundan səmərəli istifadə edilməsinə və su itkilərinə qarşı ilkin mübarizə tədbirləri haqqında” dövlət proqramıdır.

Bu proqramlar ölkə iqtisadiyyatının, əsasən də qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan kənd təsərrüfatının dayanıqlı inkişafında və iqlim dəyişiklikləri şəraitində su təhlükəsizliyinin təmin edilməsi üçün strateji əhəmiyyət kəsb edən meliorasiya və su təsərrüfatı sektorunda görüləcək işləri müəyyənləşdirəcəkdir.

Tədbirlərin 2020-ci ildən başlayaraq ondan sonrakı dövrlərdə həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər 2025-ci ilədək ortamüddətli və 2030-cu ilədək uzunmüddətli dövrdə iqlim dəyişiklikləri ilə əlaqədar ölkənin su təhlükəsizliyinin təmin edilməsi üçün transsərhəd sulardan asılılığın azaldılması istiqamətində, o cümlədən daxili çaylar üzərində su anbarlarının tikintisi, alternativ sulardan istifadənin genişləndirilməsi, suya qənaətedici suvarma texnikası və texnologiyalarının tətbiqi, suvarma suyundan səmərəli istifadə mexanizminin hazırlanması, su itkilərinə, çayların sel və daşqın sularının zərərli təsirinə qarşı mübarizə tədbirlərinin aparılmasına nail olunmaq hədəflənməkdədir”.


Deputatın parlamentdə edə bilmədiyi çıxışı

“Həm suvarma, həm də içməli su ilə bağlı cavabdeh olan qurumların açıqlamaları qəti şəkildə qəbuledilməzdir".

Bu sözləri deputat Razi Nurullayev sosial şəbəkədə paylaşıb.

O bildirib ki, bu çıxışı parlament tribunasında etmək istəsə də, vaxt çatmayıb:

55554426_2422951921309737_3766900332517392384_o-1-1024×736.jpg
Razi Nurullayev

"1991-ci ildə tələbə oldum və suyu 200 metrlik bir məsafədən daşıyırdıq. O gündən bu günə yadıma gəlmir ki, harada yaşayıramsa yaşayım, suvarma və içməli su problemim olmasın. Bütün sorğu etdiyim insanlarda, söhbətim olan burada oturan həmkarlarımda da analoji problemlər yaşanıb. Bakı və Azərbaycanın rayon kəndlərində vətəndaşlar bağ salıb, həyətyanı sahələrində, bağ evlərində həvəslə ağaclar əkib, yaşıllıqlar salıb və onlar quruyub. Hər il də əkirlər ki, bəlkə düzələr, amma hər il eyni vəziyyət təkrarlanır. Onun üçün də bir çox hörmətli həmkarlarım da artıq dözüm nümayiş etdirə bilmir. Parlament rəhbərliyindən həm suvarma, həm də içməli suya cavabdeh qurumların rəhbərlərini parlamentə dəvət etməsini istərdim. Onlar gördükləri işlər barədə məlumat versinlər və gələcəkdə görüləcək planlar barədə danışsınlar. Bizim onlara hörmətimiz-izzətimiz var, onlara qarşı fikirlərimiz şəxsi motivlərə əsaslanmır. İstəyirik ki, vətəndaşlarımız dövlətindən, dövlətçiliyindən razı qalsın. Xahiş edirəm ki, hörmətli sədr bu məsələnin mümkünlüyünü nəzərdən keçirəsiniz".

Ana səhifəBölgəFermerlərin suvarma problemi