Fərman Ceyranlının cəzası azaldılıb

Gürcüstan Apelyasiya Məhkəməsi qərarını elan edib

Source:
Fərman Ceyranlı
Fərman Ceyranlı


Gürcüstan Apelyasiya Məhkəməsi qərarını elan edib

Gürcüstan Apelyasiya Məhkəməsi dekabrın 20-də həbsdəki azərbaycanlı cərrah Fərman Ceyranlının cəzasını 6 ildən 2 il 3 aya endirib.

Apelyasiya şikayətində cərrahın dərhal azadlığa buraxılması istənilmişdi.

F.Ceyranlının şikayəti üzrə qərar may ayından yubadılırdı. O, məhkəmələrdə dəfələrlə demişdi ki, seçkidən sonranı gözləyirlər.

F.Ceyranlı artıq 18 aydan çoxdur ki, həbsdədir. Onun 2 il 3 aylıq cəzası gələn ilin avqust ayında başa çatacaq.

Əslən Gürcüstandan olan F.Ceyranlı 1980-ci illərdən Azərbaycanda yaşayıb, burada təhsil alıb və işləyib.1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. O, bir neçə il əvvəl Gürcüstana gedib. Orda “Lancet” klinikasının yaradıcılarından biri olub və ötən il mayın 22-də həbs edilib


F.Ceyranlı

Gürcüstan Cinayət Məcəlləsi ilə dələduzluqda, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə ittiham olunurdu.

Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürülməsindən sonra vəfat etmiş bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb.

Tbilisi Şəhər Məhkəməsi bu il fevralın 8-də ona 6 il həbs cəzası verilməsi haqda hökm çıxarıb. Hökmdə vurğulanır ki, məhkəmə zamanı cərraha qarşı irəli sürülmüş dələduzluq ittihamı təsdiqini tapıb.

F.Ceyranlı bildirib ki, o, Azərbaycandan verilən sifarişlə, haqsız yerə həbs edilib. O, bunu Azərbaycan müxalifətinə yaxın olması ilə izah edib. Cərrahın bu açıqlamasına nə Azərbaycan, nə də Gürcüstanın hüquq-mühafizə orqanlarından münasibət bildirilib. Ancaq Azərbaycanda hakimiyyəti müdafiə edən şəxslər və bəzi deputatlar vurğulayıblar ki, F.Ceyranlının siyasi baxışlarına görə həbs edildiyini deməsinin heç bir əsası yoxdur.

Ana səhifəXəbərlərFərman Ceyranlının cəzası azaldılıb