Zərdüşt Əlizadə

Источник: Meydan TV

Başlıq: Zərdüşt Əlizadə

Erməni türklər və türk ermənilər

Pulun içində üzən hakimiyyət cəmiyyətin zarıltı və yalvarışlarına rəğmən dilənçi payı qədər cüzi olan “uşaqpulu”nu əhalidən əsirgəyir

Xaliqdən gizli deyil, məxluqdan niyə gizli olsun? Qonşu xalqımızda ən ağır təhqir bir erməninin digərinə “turkes” deməsidir.

Dünyanın bütün dəb və oyunlarına açıq olan xalqımız da son Qarabağ olayları başlayandan bəri bu adəti qonşu xalqdan rahatca əxz edib və bir azərbaycanlı digərini aşağılamaq istəyəndə təhqirlərinin zirvəsi kimi ona “erməni” mayası qoyur.

Bu zaman həm orada, həm burada başlayır mərəkə!

Ermənistandakı “paron” qəzəbindən nəfəsi kəsilə-kəsilə sonuncu dəfə soruşur ki, “mənəmi turkes dedin?” Cavab müsbətdirsə, “iş çatır ölüb-öldürməyə”. Öldürsə və məhkəmədə sübut edə bilsə ki, öldürülən ona “turkes” demişdi, hakim tərəddüd etmədən bunu qətl cinayətinin cəzasını yüngülləşdirən ciddi amil kimi nəzərə alacaq.

Azərbaycandakı “bəy” qonşu “paron”a nisbətən daha qanacaqlıdır. Öldürməyə öldürməz, ancaq bir yumruq vurar, bir kəllə atıb sir-sifətini qana bulayar. İş məhkəməyə çatsa və cinayətini ağır təhqirlə izah etməyə çalışsa, bizim hakim dünyada analoqu olmayan tolerantlıqla deyər ki, “nə olsun ki, o, sənə “erməni” demişdi, sən də ona deyəydin, əvəz-əvəz olardınız, işin məhkəməyə düşməzdi. Lakin düşübsə, onda get evdən gəl”.

İki qonşu xalqın davranış mədəniyyətlərinin kiçicik bir nüsxəsini sərgiləməkdən məqsədim əsla millətlərarası münaqişə barəsində növbəti yazı deyil. Məqsədim millətiçi münasibətlərdən yazmaqdır.

Əminəm ki, xislət və təfəkkür baxımından dünyada biri digərinə ən yaxın olan bu iki qonşu qəribə xalqın millətiçi münasibətlərində daima gizli bir “turkes” və “erməni” yanaşması durur.

Özünü kübar və zəngin sayan istənilən erməni kübar saymadığı kasıb ermənini əslində “turkes” yerinə qoyur. Yəni onu tamhüquqlu insan saymır, saymadığı üçün də onun haqqını yeməyin nəinki caiz, hətta savab olduğunu düşünür. Məhz buna görədir ki, ümumən kasıb Ermənistanda ağlasığmaz sərvət toplamış xeyli məxluq dik-dik gəzib-dolanır və ətrafında acından günorta duran erməni əksəriyyətini vecinə almır. Almır, çünki daxilən, qəlbində əmindir ki, bu kasıb ermənilər əslində “turkes”dirlər.

Azərbaycanda da neft gəlirlərinin şir payını inhisara almış hakim zümrə sərvət şəhvəti qarşısında tab gətirməyib girişir kasıb əksəriyyətin qəpik-quruşuna. Allahdan qoxmurlar deməyin mənası yoxdur, zira KQB və partnomenklatura ailəsində böyümüş İlham Əliyev hara, Allah sevgisi və qorxusu hara! Yerdə qalan ali vəzifəli məxluqat da həmçinin: sovet Azərbaycanının nümunəvi əyalətində yetişmiş nümunəvi milli məmur hara, halal ruzu, alicənablıq, mərhəmət və abır-həya kimi ali əxlaqi dəyərlər hara! Bu zümrənin anladığı məfhum vəzifə və onun doğurduğu qarət imkanlarıdır. Bu zaman istənilən insanı ən bəd əməllərdən qoruya biləcək əxlaq və iman əyləci bizdə işləmir, çünki hakim zümrə əmindir ki, onlardan olmayan azərbaycanlılar əslində “erməni”dirlər.

Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayevə səsləndirdiyi səfeh fikri ictimailəşdirmək əmrini vermiş müdirləri əmindirlər ki, kasıb azərbaycanlılar “erməni”dir. Erməni qələt edir taksidə gəzir! İndi Qarabağı almağa qeyrətimiz çatmırsa, erməniyə Bakıda taksidə gəzməyi qadağan etməyə gücümüz çatmazmı?

Çatar. Çatır. Çatacaq. Qələt edir türk-azəri erməni! Dövlət əlimizdədir. İstənilən əbləh, alçaq və namərd qərarı qanunun belinə mindirmək səlahiyyətini bizə Ulu öndər verib! Onun vəsiyyətinə sadiqik! Bir əmrlə yüzlərlə “erməni” taksi sürücüsünü də, minlərlə “erməni” kasıb sərnişini də böyrü üstə qoyarıq!

Nə qədər adam xırda pərakəndə ticarətdən dolanırdı! Topdansatış tayfa əyanlarında idi, lakin pərakəndə satış sadə adamlara müəssər idi. Yüz minlərlə insanın ruzusu baqqal Məşədi İbadın sənətindən çıxırdı. Zülm növbəsi müasir Məşədi İbada çatdı.

Olmaz! Yüz minlərlə “erməni” nə üçün Azərbaycanda miyanə dolansın? Buna yol vermək olmaz! Dünya tərəqqisi Azərbaycana gəlib xırda biznesi boğmalıdır! İri biznes xırda biznesi gömməlidir! Budur ha, iri supermarketlər şəbəkəsi ölkəni hörümçək toru kimi bürüyüb xırda dükanların sahiblərinin və işçilərinin ruzusunu əlindən aldı.

Həyata məzə ilə yanaşan xalq bu nadürüstlüyə də məzə ilə yanaşdı, tez bir lətifə qoşdu. “Yeni Azərbaycan Partiyasının qurultayında əvvəlcədən öyrədilmiş adamlar zalın ortasında ayağa qalxıb alğış qışqırırlar: “Yeni Azərbaycan Partiyasına “Bravo! Bravo!”

Gümrük Komitəsinin növbəti antimilli qərarına görə nahaq yerə bu Komitənin sədri Səfər Mehdiyevi qınayırlar. Səfər Mehdiyev nəkarədir ki, belə qərarı versin? Bu qərarı gözü yaşıl rəngli “islahat”lardan doymayan İlham Əliyev verib. Ölkənin ən böyük inhisarçısı məhz İlham Əliyevdir və istənilən inhisarçı qərarı da o verir. Nə üçün belə “adamyeyən” qərarları verir? O da azəri “erməni”ləri sevmir.

Hakimiyyət Tofiq Yaqubluya ağlasığmaz ədalətsiz hökm oxudu. Niyə? Çünki onu “erməni” sayır. Erməniyə zülm savabdır.

Pulun içində üzən hakimiyyət cəmiyyətin zarıltı və yalvarışlarına rəğmən dilənçi payı qədər cüzi olan “uşaqpulu”nu əhalidən əsirgəyir. Niyə? Bu ermənilərin kökünü kəsmək lazımdır. Qarabağı ala bilməsək də, uşaqpulunu verməyə bilirik! Qoy yana-yana qalsınlar.

Bilmirəm, gülməlidirmi, yoxsa ağlamalı, aşağı kasıb təbəqə də yuxarı varlı təbəqəni “erməni” sayır. Yəni onlara nəinki yad, hətta düşmən gözlə baxır. Müxalifət hakimiyyəti, hakimiyyət müxalifəti erməni sayır.

Millət içində “turkes”lərlə “erməni”lər arasında dərin uçurum var. Belə parçalanmış vəziyyətdə biz hansı müharibəyə gedirik? Növbəti daxili vətəndaş müharibəsinə, ya vətən naminə müharibəyə? Hər halda danılmaz həqiqətdir ki, birinci 1989-1994 illərin müharibəsində hakimiyyət aşiqləri millət içində apardıqları müharibəni Qarabağ naminə müharibədən daha vacib sayırdılar.

Bu sualın cavabını, çox güman ki, xəstə millətlərin özləri yox, gələcək tarix alimləri verəcək. Qədim sənədlərdən, kitablardan, videoçarxlardan öyrənib verəcəklər.

Zira soruşulası canlı şahidlər qalmayacaq.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/h30eur

Самое читаемое