Eldar Mahmudovun əmisi oğlu azadlığa buraxıldı (yenilənib)

Hakim bildirib ki, hökm bu gün saat 16.00-da elan olunacaq.

Eldar Mahmudov. Foto: Meydan TV

***


Noyabrın 28-də Bakı Hərbi Məhkəməsində keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudova hökm oxunub. Hakim Elbəy Allahverdiyevin sədrliyilə çıxarılan hökmə əsasən, V.Mahmudova 2 il həbs cəzası təyin edilib və bu müddət noyabrın 3-də başa çatdığına görə o, məhkəmə zalından azadlığa buraxılıb.


Məhkəmə Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələbetmə), 193-1 (cinayət yoluyla əldə edilmiş vəsaitlərin leqallaşdırılması) və 302-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) maddələrilə ilə ona bəraət verib.


Cinayət Məcəlləsinin 179 (mənimsəmə) və 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ona qanunda nəzərdə tutulan müddətdən də aşağı cəza təyin edilib. MTN-in büdcəsindən vəsaitlərin mənimsənilməsinə görə 1 il 6 ay, hakimiyyətdən sui-istifadəyə görə isə 1 il. Bu cəzaları da qismən toplamaq yoluyla ona 2 il cəza təyin edilib.


Hakim bildirib ki, V.Mahmudovun üzərində həbs olan əmlakları da müsadirə edilir.

***


Vüqar Mahmudov: “Mənə danışmamağı tövsiyə ediblər”

Keçmiş Milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu, nazir kimi onun köməkçisi vəzifəsində işləmiş, hazırda isə həbsdə olan Vüqar Mahmudovun məhkəməsi başa çatır.

Noyabrın 28-də Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyilə keçirilən məhkəmə prosesində elan edilib ki, Dövlət Təhlükəsizliyi Xidməti keçmiş MTN dövründə mənimsənilmiş vəsaitlərlə əlaqədar V.Mahmudova qarşı qaldırdığı iddiadan imtina edib.

Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub və prokuror çıxış edib. Dövlət ittihamçısı sabiq nazirin əmisi oğlunun 4 il azadlıqdan məhrum edilməsini istəyib. Prokuror MTN-də hədə-qorxu ilə pulları alınmış zərərçəkmişlərin pullarının geri qaytarılması tələbilə qaldırdıqları mülki iddiaların isə baxılmamış saxlanmasını təklif edib.

V.Mahmudovun vəkili onun haqqında bəraət hökmü çıxarılmasını xahiş edib. Ardınca onun özünə son söz demək təklif olunub. O isə son söz deməkdən imtina edib. Yalnız bunu deyib ki, ona danışmamağı tövsiyə ediblər.

Hakim bildirib ki, hökm bu gün saat 16.00-da elan olunacaq.

Polkovnik-leytenant V.Mahmudov 2017-ci il noyabr ayının əvvəlində həbs edilib. O, MTN-də nazir köməkçisi kimi fəaliyyət göstərsə də, rəsmi vəzifəsi Antiterror Mərkəzinin şöbə rəisinin müavini olub.

V.Mahmudov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində MTN-in vəzifəli şəxsləri haqqında cinayət işi üzrə istintaqa öncə şahid qismində cəlb olunub. Sabiq MTN generallarının məhkəməsində də şahid kimi dindirilib. Lakin MTN hadisələrindən iki il sonra onun özünü də həbs ediblər.

V.Mahmudova qarşı Cinayət Məcəlləsinin 179 (mənimsəmə və ya israf etmə), 182 (hədə-qorxu yolu ilə tələb etmə), 302.1 (qanuni əsas olmadan əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi), 302.2 (qanuni əsas olmadan gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etmə) 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. O da adamlardan hədə-qorxu ilə pul alınması, telefonların gizli dinlənilməsi, MTN-in büdcəsindən vəsaitlərin mənimsənilməsi kimi əməllərdə təqsirləndirilir.

1574945121717_9NbnlCon.jpeg
Vüqar Mahmudov
Ana səhifəSiyasətEldar Mahmudovun əmisi oğlu azadlığa buraxıldı (yenilənib)