Ekspert: Nazirlik yaxın zamanlarda qiymətlərin kəskin enəcəyini necə müəyyən edə bilər?

Ümumiyyətlə, Azərbaycanda paradoksal vəziyyət yaranıb, əhalinin alıcılıq qabiliyyəti aşağıdır, məhsulun qiyməti düşməlidir, amma aqrar siyasət düzgün müəyyənləşmədiyindən qiymət enmir.

Foto: arxiv


''Normal ölkələrdə Kənd Təsərrüfatı Nazirliyi ərzaq təhlükəsizliyinin təmin edilməsi vəzifəsini üzərinə götürür''

“Bazarda meyvə-tərəvəzin qiymətlərinin artması yağıntılarla əlaqədar sahələrdən məhsulun kütləvi yığımının ləngiməsi ilə bağlıdır”.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov iyulun 16-da “Report”a danışıb.

Şöbə müdiri bildirib ki, indiyədək məhsul yığılan sahələrin əksəriyyəti istixana üsulu ilə əkin aparılmış sahələrdir:

"Hava şəraiti ilə əlaqədar açıq sahə məhsulunun yetişməsi gecikir, yığımı çətinləşdirir, nəticədə bazara məhsul təklifi azalır. Yağıntıların azalması məhsulun kütləvi yığınına şərait yaratmaqla, açıq sahə məhsulunun bazara çıxarılmasını sürətləndirəcək. Nəticə etibarilə qısa müddətdə qiymətlərin nəzərəçarpacaq dərəcədə azalacağı gözlənilir”.

Vüqar Hüseynovun sözlərinə görə, oxşar hallara əvvəlki illərdə də rast gəlinib. Məsələn, 2017-ci ildə hava şəraitindən asılı olaraq, pomidorun yetişmə fazası gec başlayıb, hava şəraitinin normallaşması ilə qısa müddətdə təklif artıb və qiymətlər ciddi şəkildə aşağı düşüb.

Ancaq kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov nazirlik rəsmisinin dedikləri ilə razılaşmayıb. O, nazirliyin rəsmilərini qeyri-peşəkarlıqda suçlayıb:

“Nazirlik yaxın zamanlarda qiymətlərin kəskin enəcəyini necə müəyyən edə bilər? Axı qiymətləri bazar müəyyən edir, hətta istehsal artsa da, bu, qiymətlərin enməsi anlamına gəlmir. Bəli, bazar müəyyən zamanda inzibati yolla tənzimlənir, bir həftə qiymətləri süni şəkildə salırlar, ondan sonra qiymətlər yenidən artır. Bu işlə məşğul olanlar sonradan qiymət fərqini kompensasiya edirlər. Ümumiyyətlə, Azərbaycanda paradoksal vəziyyət yaranıb, əhalinin alıcılıq qabiliyyəti aşağıdır, məhsulun qiyməti düşməlidir, amma aqrar siyasət düzgün müəyyənləşmədiyindən qiymət enmir. Normal ölkələrdə Kənd Təsərrüfatı Nazirliyi ərzaq təhlükəsizliyinin təmin edilməsi vəzifəsini üzərinə götürür. Azərbaycanda isə bazara süni müdaxilələr olur. Ən əsası yağış yağanda bitki daha yaxşı inkişaf edir, bitkinin normal temperaturu üçün 20-25 dərəcə daha yaxşıdır, çünki fotosintez prosesi daha yaxşı gedir. Yalnız 5 dərəcəyə düşəndə inkişaf prosesi dayanır. Nazirliyin rəsmisinin bu mənada dedikləri absurddur. Bu il bitkiçilikdə normal temperatur olub, çünki yağışların da yağması müsbət qidalanma yaradır”.

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

Vahid Məhərrəmov meyvə-tərəvəz ixracının artması haqda nazirliyin açıqlamasını bölüşsə də, idxalın da artdığını söyləyib:

“Keçən ilə nisbətən bu ilin 6 ayında 16 min ton meyvə-tərəvəz idxalı artıb, təxminən 11 milyon dollar edir. İxracda artım böyükdür, əsasən də pomidor, amma əhali əsasən pomidorla qidalanmır. Yəni pomidorun ixracının artımı yalnız nazirliyin fəaliyyətinin nəticəsi deyil. Azərbaycan sahibkarları uzun müddətdir istixana obyektlərini genişləndirirlər və nisbətən məhsuldarlığı artırırlar. Burda nazirliyin üzərinə düşən vəzifə odur ki, həmin məhsullar daxili bazarda öz yerini tapsın, monopoliyanı aradan qaldırsın. Fermerlərə istixana şəraitində istehsal etdikləri tərəvəzi Bakı bazarlarına çıxartmağa imkan vermirlər. Yaxud sahibkarlar bir neçə topdansatış mərkəzinin yaranmasına imkan vermirlər. Məsələn, Şəmkir, Göyçay fermerlərinə paytaxt ətrafında topdansatış mərkəızi qurmağa icazə verilmir. Mənim Şəmkirdə tanıdığım sahibkarlar Rusiyaya apardıqları pomidordan ziyana düşüblər. Halbuki, Bakı bazarına girişi mümkün olmadığınıdan məhsullarını Rusiyaya göndərdirlər”.

Ana səhifəXəbərlərEkspert: Nazirlik yaxın zamanlarda qiymətlərin kəskin enəcəyini necə müəyyən edə bilər?