Əkrəm Əylislinin Azərbaycanda qadağa edilən kitabı ABŞ-da təqdim edilib

“Daş yuxular” ingilis dilinə tərcümə edilib

Source:
əkrəm Əylisli (Foto: Eurasianet – Joshua Kucera)
əkrəm Əylisli (Foto: Eurasianet – Joshua Kucera)


“Daş yuxular” ingilis dilinə tərcümə edilib

Azərbaycanlı yazıçı Əkrəm Əylislinin “Daş yuxular” romanının ilgilis dilində ilk nəşri yanvarın 8-da Vaşinqtonda təqdim edilib.

“Turan” agentliyinin məlumatına görə, kitab ingilis dilinə tərcüməçi Ketrin Yang tərəfindən tərcümə edilib.

“Kitab Amerika auditoriyasını vicdanın səsi ilə tanış edir və Azərbaycanın son otuz ildə müstəqilliyinin formalaşması zamanı qarşılaşdığı problemlər haqqında məlumatı artırır”, deyə Yang mərasimdə bildirib.

O qeyd edib ki, Əylislinin kitabları yandırılıb, özü isə milli ədəbiyyat mükafatlarından məhrum edilib.

“Amma 81 yaşlı yazıçı “Daş yuxular” romanını yazdığına görə təəssüf etmir. Yazıçının işi ürəyindəkiləri yazmaqdır… Milli siyasətin və ya dəbin nə diktə etdiyi vacib deyil”, deyə Yang bildirib.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç (1994-1997) Azərbaycanda bu gün mövcud olan fikri ifadə azadlığı ilə bağlı problemlərə diqqət çəkib, bloger və fəal Mehman Hüseynovun, jurnalist Mustafa Hacıbəylinin və bir çox digər şəxslərin təqibini nümunə göstərib.

“Ədəbiyyat və KİV nümayəndəsi olan bu insanlar yüzlərlə digər siyasi məhbuslar arasındadırlar və onlar hamısı xüsusi diqqətə layiqdir”, deyə o bildirib.

Söz azadlığının boğulması təkcə siyasi cəhətdən narazı olanların susdurulması deyil. Bunun Azərbaycanın Ermənistanla sülh bağlamaq şansına zərbə endirə biləcəyi təhlükəlidir, deyə tədbirdə natiqlər qeyd ediblər.

Belə ki, onillər ərzində hər iki ölkədə digər tərəfin yaşadığı faciələrə toxunmaqdan qaçıblar.

“Daş yuxular”ın dərc edilməsi Azərbaycanda qəzəb yaradıb, deyə Yang bildirib. Ölkə prezidenti Əylislinin milli mükafatlarından və aylıq ədəbi təqaüddən məhrum edilməsi haqqında fərman imzalayıb.

“Azərbaycan hakimiyyəti yazıçının təqibinə son qoymalıdır”, deyə dövlət katibinin insan hüquqları və əmək üzrə köməkçisinin keçmiş müavini Tomas Melia bildirib.

PEN İnternational-ın bu yaxınlarda yaydığı bəyanata görə, Əylisli 2019-cu ilin yanvarında İsveçrədə beynəlxalq ədəbiyyat tədbirində iştirak etmək imkanından məhrum edilib. O, əvvəlki kimi uydurma ittihamlarla üç ilə qədər həbs təhlükəsi ilə üz-üzədir və onun ölkədən çıxması qadağan edilib. O, iki il yarımdan çoxdur ki, məhkəməni gözləyir.

Yazıçı Əkrəm Əylisli 6 dekabr 1937-ci ildə Ordubad rayonunun Yuxarı Əylis kəndində doğulub.

ADU-nun filologiya fakültəsini bitirəndən sonra M.Qorki adına Ədəbiyyat İnstitutunun nəsr şöbəsində oxuyub.

1974-1978-ci illərdə Azərbaycan Nazirlər Soveti Dövlət Kinematoqrafiya Komitəsinin baş redaktoru işləmiş, sonra “Azərbaycan” jurnalının baş redaktoru olub.

Polşanın Poznan şəhərinin Fəxri vətəndaşıdır. Belorusiya SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, “Şərəf nişanı” ordeni və medallarla təltif edilib.

2005-ci ildə Azərbaycan Milli Məclisinə üzv seçilib.

Əkrəm Əylisli “Daş yuxular” əsərindən sonra Azərbaycanın tarixi ilə bağlı gerçəklikləri təhrif etməsi ilə ittiham edilərək, ölkə başçısının 7 fevral 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən və “Xalq yazıçısı” fəxri adından məhrum edilib.

Ə.Əylisli haqqında 2016-cı ilin aprelində CM-nin 315.1 maddəsi (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) ilə cinayət işi açılıb, onun ölkədən çıxışına qadağa qoyulub.

Ana səhifəXəbərlərƏkrəm Əylislinin Azərbaycanda qadağa edilən kitabı ABŞ-da təqdim edilib