Ehtiyatda olan hərbçi: Bu da bizə verilən dəyər…

“Məni ordudan xəstəliyə görə tərxis edə bilərdilər, ancaq “xidməti uyğunsuzluğa görə” bəndi ilə tərxis etdilər”

Source: Specify Source


“Müdafiə Nazirliyinə dəfələrlə müraciət etmişəm, ancaq köməklik edilməyib”

“Anam yaşadığımız mənzili satmağa məcbur oldu, o pulla İranda, Azərbaycanda müalicə olundum, ancaq pul tükəndi, müalicələrim yarımçıq qaldı. Hazırda müalicələrə ehtiyacım var, ancaq maddi imkanım yoxdur ki, davam etdirim. Müdafiə Nazirliyi isə müalicəmə köməklik göstərmir”.

Bunu Meydan TV-yə Qaradağ rayonu, Puta qəsəbəsi sakini, ehtiyatda olan hərbçi, 28 yaşlı Vaqif Cəfərov deyir. Onun sözlərinə görə, 2010-cu ilin iyulundan Azərbaycan Ordusunda Xüsüsi Təyinatlı Kəşfiyyat Taborunun Xüsüsi Təyinatlı Bölüyün Kəşfiyyatçısı kimi xidmət edib. Yaxşı xidmətə görə dəfələrlə təltiflənib. Deyir, 3 il əvvəl səhhətində problemlər yaranıb, ayaqlarında və ürək damarlarında tromblaşma başlayıb. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına müraciət etsə də, müalicə ala bilməyib.


“Müalicə etməkdənsə, qovdular”

Sonradan başına gələnləri belə nəql edir:

“Əvvəlcə xəstəliyim haqqında deyim. Damarlarda 64 faiz yığılma var, sağ ayağımı tamamilə hiss etmirəm, ayağım qaralıb, müalicə ala bilmirəm deyə, artıq qanqrenaya çevrilir. Gecələr ağrıdan yata bilmirəm, qıcolmalarım baş verir. Nəfəs ala bilmirəm, çünki qanda oksigen çatışmazlığı yaranıb. Tromblaşma ürək damarlarıma qədər irəliləyib. Mən hələ səhhətimdə problemlər təzə başlayanda hospitala müraciət etdim, biganə yanaşdılar, müalicəmlə məşğul olmadılar. 2018-ci ildə səhhətim getdikcə ağırlaşırdı deyə, tabor komandirinə, taborun qərargah rəisinə bildirdim ki, müalicəm üçün aidiyyəti qurumlara müraciət etsinlər, bəlkə onları eşidən olar. Bildirdilər ki, sənə hospital yiyə durmursa, biz nə edə bilərik ki… Öz xoşunla tərxis ol, get, evində müalicənlə məşğul ol, sənin də canın dincəlsin, bizim də. Özümə qarşı bu münasibəti görəndən sonra ordudan təxris olunmaq üçün raport yazdım, çox məyus olmuşdum, xidmətlərimə görə məni daim tərifləyən və təltiflərə layiq görən ordum məndən belə rahatca imtina edirdi. Beləcə, xidmətə uyğunsuzluq maddəsi ilə ordudan tərxis olundum”.

6536.png
Analizin nəticəsi


“Anamın, atamın pensiyası dərmanlarıma xərclənir”

Vaqif Cəfərov deyir, ordudan tərxis olunandan sonra da müalicə üçün Müdafiə Nazirliyinə dəfələrlə müraciət edib, ancaq köməklik olmayıb. Anası yaşadıqları mənzili dəyər-dəyməzinə satıb, əldə olunan pulu müalicəyə xərcləyib, ancaq bu da yetərli olmayıb. Hazırda müalicəyə, bunun üçün isə pula ehtiyacı var.

“Dolanışığımız çətindir. Atam da, anam da hərəsi 130 manat pensiya alır. O da mənim dərmanlarıma xərclənir. Anam evi satandan sonra qohumlar balaca bir otaq düzəltdilər bizə, ona da ev demək olmaz. Canımızı dişimizə tutub yaşayırıq. Mən təkcə trombdan müalicə almamışam, onun yaratdığı fəsadları da müalicə etdirmişəm. Ayaqlarımda infeksiya yaranmışdı, qanıma keçmişdi, ayaqlarıma su yığılırdı, tez-tez çəkirdilər suyu… Sol böyrəyim də sıradan çıxıb, hazırda həm də ona görə müalicə almalıyam. Hospitalda səhv diaqnoz qoymuşdular. Gah dedilər qızıl yel, gah dedilər tromblaşma, gah dedilər infeksiya… Gördüm başlarından edirlər, anladım ki, heç müalicə də etməyəcəklər, bankdan pul götürdüm, müalicəyə başladım, sonra da malicələr yarımçıq qalmasın deyə, qeyd etdiyim kimi, evimizi satdıq”.


“Bu, mənə qarşı haqsızlıq idi”

Vaqif Cəfərov tez-tez Prezidentə müraciət edir. Deyir, məktubları Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə göndərilir. Ordansa dəvət edib bildirirlər ki, bu xəstəliyin müalicəsi ilə məşğul olmurlar. Vaqif Cəfərovu bir sual maraqlandırır: əgər həmin xəstəxana bu müalicə ilə məşğul olmursa, onun Prezidentə yazdığı məktub niyə oraya göndərilir? O, həm də “Hərbi xidmətkeçmə haqqında” Qanunun 156-cı maddəsinin “e” bəndi ilə uzaqlaşdırılmasını qəbul edə bilmir:

image_from_ios (4).jpg
Hospitalda analizin cavabları

“Məni ordudan xəstəliyə görə tərxis edə bilərdilər, ancaq “xidməti uyğunsuzluğa görə” bəndi ilə tərxis etdilər. Bu, mənə qarşı haqsızlıq idi. Məqsəd də o idi ki, məni xəstəliyə görə tərxis etsəydilər, gərək müalicəmi etdirəydilər. Fəxri fərmanlar, təltiflər, xidməti xasiyyətnamə… Bunların ardından da xidməti uyğunsuzluq bəndi ilə ordudan qovmaq. Mən buna qovmaq deyirəm. Nə yaşım var ki – cəmi 28… 18 yaşından hərbi xidmətə çağırıldım, hərbi xidməti başa vurandan sonra da qalıb vətənə xidməti davam etdirdim, pislik etmədim ki… Bu da hərbçiyə verdikləri dəyər”.

Meydan TV müxbiri Müdafiə Nazirliyindən məsələyə münasibət öyrənməyə çalışsa da, alınmayıb.

Bu ilin martında qurumun Tibb Baş İdarəsinin rəisi Natiq Əliyevin, bu ilin iyununda isə idarə rəisi vəzifəsini icra edən Elxan İbrahimovun imzası ilə vətəndaşa gəlmiş eyniməzmunlu məktublarda deyilir ki, 20 il və daha çox xidmət etmiş, xəstəliklərə görə buraxılmış hərbçilər hərbi tibbi müəssisələrdə tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququna malikdir. Tibb idarəsi Vaqif Cəfərova müalicə üçün Səhiyyə Nazirliyinə müraciət etməyi tövsiyə edib.

Vaqif Cəfərov hazırda hər həftə qan analizləri verir, müalicələrini borc-xərclə qarşılamağa çalışır. O, növbəti dəfə ölkə başçısına müraciət edib. Müraciətində qeyd edib ki, xəstəliyi onu böyrək çatışmazlığı ilə üz-üzə qoyub. O isə gənc yaşında həyatını itirmək istəmir.

image_from_ios (3).jpg
Müdafiə Nazirliyinin cavab məkubu
Ana səhifəSosialEhtiyatda olan hərbçi: Bu da bizə verilən dəyər…