Əbülfəz Bünyadovun kassasiya şikayəti təmin olunmadı

Vəkil Bəhruz Bayramov bildirib ki, “Müsəlman Birliyi” Hərəkatının terrorçu təşkilat kimi təqdim olunması yanlışdır.

Foto: arxiv


''Nardaran məhbusu''nun yaxınları Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklər

"Müsəlman Birliyi" Hərəkatının İdarə Heyətinin üzvü, Nardaran əməliyyatında onurğasından güllələnib iflic olan Əbülfəz Bünyadovun kassasiya şikayətinə baxılıb. İyunun 12-də Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyilə keçirilən prosesdə Ə.Bünyadovla yanaşı, onunla birlikdə mühakimə olunan Elxan İsgəndərovun da şikayəti araşdırılıb.

İlahiyyatçı Taleh Bağırzadə, Abbas Hüseynov və digərlərinin həbs olunduğu Nardaran əməliyyatı Ə.Bünyadovun evində keçirilib. Həmin gün güllələnib iflic olmasına baxmayaraq, onun özü də həbs olunub.

E.İsgəndərov isə 2015-ci il noyabrın 5-də "Müsəlman Birliyi" Hərəkatının sədr müavini Elçin Qasımovun saxlanmasına etiraz olaraq, Sabunçu Rayon Polis İdarəsinin qarşısındakı aksiyada iştiraka görə 15 sutka inzibati həbs cəzası alıb. Azadlığa buraxılandan sonra isə haqqında cinayət işi başlanıb və Nardaran hadisələrinə görə axtarışa verilib. O, 2017-ci ilin martında tutulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Ə.Bünyadov 15 il, E.İsgəndərov isə 14 il azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

Ali Məhkəmədə vəkilləri isə onların günahsız olduğunu bildirib, bəraətverici əsaslarla barələrindəki cinayət işinə xitam verilməsini istəyiblər.

Vəkil Bəhruz Bayramov bildirib ki, "Müsəlman Birliyi" Hərəkatının terrorçu təşkilat kimi təqdim olunması yanlışdır. Çünki o, qeyri-hökumət təşkilatı kimi yaradılıb, nizamnaməsi var. Nizamnamədə də fikir plüralizmi, mənəvi dəyərlərdən bəhs olunur. Bu təşkilatın qeydiyyatı üçün Ədliyyə Nazirliyinə müraciət olunub.

"Nardaranda polisin silahlı əməliyyat keçirməsinə ehtiyac yox idi. Çünki ondan əvvəl Taleh Bağırzadəni MTN, Yasamal Rayon Polis İdarəsi çağırmışdı, hamısına da getmişdi. Bu dəfə niyə çağırmadılar? Yol polisi adi sürücünü saxlayanda çəkiliş aparır. Bu boyda böyük əməliyyatın çəkilişi niyə yoxdur? Daxili İşlər Nazirliyi və Baş Prokurorluq məhkəmə olmadan, əməliyyatdan dərhal sonra yaydığı bəyanatda adamları cinayətkar, terrorçu adlandırmaqla, onların təqsirsizlik prezumpsiyası hüququnu pozub", – deyə B.Bayramov bildirib.

Ə.Bünyadovun durumundan danışan vəkil deyib ki, onun həyatı təhlükə altındadır. Bədəninin 80 faizi işləmir: "Ən azı, humanizm baxımından belə vəziyyətdə olan adama elə cəza vermək ədalətsizlikdir. Mən hər dəfə onun yanına gedib-gələndə on gün özümə gələ bilmirəm".

Vəkil Fəxrəddin Mehdiyev çıxışında bildirib ki, təqsirləndirilən şəxslərə 20 maddə ilə ittiham verilib, amma ortada heç bir mötəbər sübut yoxdur. Ə.Bünyadovdan danışan vəkil onun vəziyyətinin kritik olduğunu söyləyib: "Cəza insana işgəncə, məhrumiyyət gətirməməlidir. Yaponiyada bir ildə cəzalandırılan şəxslərin cəmi 3 faizinə azadlıqdan məhrumetmə cəzası verilir, bizdə isə bu rəqəm 56 faizdir".

Vəkillərdən sonda prokuror bir cümlə ilə deyib ki, kassasiya şikayətləri əsassızdır, təmin olunmamalıdır.

Qısa müşavirədən sonda hakimlər də elə o cür qərar qəbul ediblər.

Ə.Bünyadovun yaxınları bildirib ki, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklər.

Ana səhifəXəbərlərƏbülfəz Bünyadovun kassasiya şikayəti təmin olunmadı