“DİN yayılan video ilə bağlı araşdırmaya başlayıb” – (Yenilənib)

Ailəsi övladlarının polis bölməsində bu cür təhqir edilməsini qınayır.

Source:


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov “Report”un sorğusuna cavab olaraq bildirib ki, avtoxuliqanlıq etdiyinə görə inzibati qaydada həbs edilmiş 23 yaşlı Məhəmməd Hüseynli barəsində müvafiq araşdırmalar aparılıb.

Müəyyən edilib ki, o, xeyli müddətdir paytaxt ərazisində günün müxtəlif saatlarında özünə məxsus qırmızı rəngli 99-RA-367 və etibarnamə ilə idarə etdiyi ağ rəngli 99-TV-117 dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobillərlə cəmiyyətə açıq hörmətsizlik etməklə, digər hərəkət iştirakçılarının – sürücü və piyadaların həyatına real təhlükə yaradıb. O, bu hərəkətlərinin çəkilişlərini apararaq sosial şəbəkələrdəki özünə aid olan səhifələrdə yerləşdirməklə hüquqazidd əməllərini təbliğ edib.

Eləcə də istifadəsində olan nəqliyyat vasitələrinin konstruksiyalarına dəyişikliklər etməklə paytaxt yollarında yol polisi əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərmiş, avtomobillərinə quraşdırılan, istifadəsi qanunla qadağan olunan sayrışan işıqlar, yüksək avazlı səs siqnallarından, saxta qeydiyyat nişanlarından istifadə etməklə avtoxuliqanlıq hərəkətlərini davam etdirib. Əksər hallarda avtomaşınlarını dövlət qeydiyyat nişanları olmadan nəqliyyat axının əksinə hərəkət etdirib.

M.Hüseynli mayın 12-də növbəti avtoxuliqanlıq hərəkətləri edərkən Binəqədi DYPŞ əməkdaşları tərəfindən saxlanılıb və barəsində toplanmış materiallarla birlikdə rayon məhkəmsinə göndərilib. Məhkəmənin qərarı ilə 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə o, 30 sutka inzibati qaydada həbs edilib. Ehsan Zahidov niyə ona tualet təmizlətdirildiyi, bu videonu kimin çəkib paylaşdığı haqda heç bir məlumat verməyib.

****


Videogörüntülərin 43-cü polis bölməsində çəkildiyi bildirilir

Daxili İşlər Nazirliyinin (DİN) sosial şəbəkələrdə yayımlanan video ilə bağlı araşdırma apardığı bildirilir. Bu barədə görüntüsü yayılmış şəxsin yaxınlarına məlumat verilib.

Həmin görüntülərdə vətəndaş kamera qarşısında "günahını" etiraf edir, buna görə üzr istəyib, ayaqyolu təmizləyir.

Həmin şəxs videoda avtoxuliqanlığa görə həbs edildiyini söyləyir.

Ailəsi övladlarının polis bölməsində bu cür təhqir edilməsini qınayır. Deyirlər ki, bu, ona o qədər pis təsir edib ki, telefonda ailəsinə həbsdən çıxandan sonra özünü öldürəcəyini deyib:

“Ailəli adamdır, uşaqları var. Yoldaşı da indi deyir ki, mən də özümü öldürəcəm. Biz bilmirik nə edək. Bir insan günahkar olsa, lap adam öldürsə belə, onu bu cür təhqir etməzlər”.

Ailə bildirir ki, hadisə Binəqədi rayonunun 43-cü polis bölməsində baş verib. Həmin şəxsi avtoxuliqanlıq adı ilə həbs ediblər. Daha sonra məhkəmə qarşısına çıxarıb, 30 sutka həbs cəzası veriblər. Məhkəmədən sonra həbsxanaya yox, polis şöbəsinə aparıb, etiraf etdirib, tualet təmizlədib, üzr istədiblər. Bunun da videosunu çəkib, sosial şəbəkələrdə yayıblar:

“Əvvəla, o deyir ki, ümumiyyətlə, avtoxuliqanlıq etməyib. Polis onu təqib edib, o da sadəcə saxlamayıb. Yol polisi də onu qovub, saxlayıb, maşını cərimə meydançasına aparıb, özünü də polisə təhvil verib. Məsələ bundan ibarət olub. Lap deyək ki, avtoxuliqanlıq edib. Hanı bunun kamera görüntüləri? Yoxdur. Lap deyək ki, yoxdur, amma qayda pozub. Cəza vermisiniz, çəkəcək. Onun videosunu niyə çəkib yayır, təhqir edirsiniz? Məhkəmədən sonra polis bölməsinə gətiriblər ki, 30 sutkalıq həbs cəzasını rəsmiləşdirsinlər. Həmin vaxt çəkilib o video”.

Yaxınları bildirir ki, polis əməkdaşları ondan kamera qarşısında səhvini etiraf etməyi tələb edib. Sonra da öz şəxsi hesabının şifrəsini alıb, oradan yayıblar:

“Biz bilən kimi öz səhifəsindən sildik. Sonra adından başqa səhifələr açıb, oradan yaymağa başladılar. Heç kimin belə bir şey etməyə haqqı yoxdur”.

Yayılan videogörüntüdə həbs cəzası almış şəxs ayaqyolu təmizləyir. Daha sonra isə avtoxuliqanlıq etdiyini və bunun düzgün hərəkət olmadığını deyir. Gənclərə belə qayda pozuntularına yol verməmələrini tövsiyə edir.

Ailə bildirir ki, video Meydan TV-də yayımlanandan sonra sosial şəbəkələrdə yayımlanan görüntülər silinib. DİN onların şikayətlərini araşdırmağa başlayıb.

Binəqədi rayon 43-cü polis şöbəsindən Meydan TV-yə bildirilib ki, idarələrində belə bir hadisə olmayıb, yalandır:

“Videodan xəbərimiz yoxdur. Ancaq bilirəm ki, bizdə belə bir hadisə olmayıb. İnsanların videosunu çəkib, yaymaqdan söhbət gedə bilməz”.

Ana səhifəSosial“DİN yayılan video ilə bağlı araşdırmaya başlayıb” – (Yenilənib)