“Dilənməli olsam da, uşaqlarımı oxutduracam”

“Dilənməli olsam da, uşaqlarımı oxutduracam”

“16 yaşımda istədilər, ailəm verdi. Düzdü, mən də uşaq idim, həmin vaxt. Onlar soruşanda dedim, “hə”. İnsan sonradan şiddət, ya nəsə görəndə deyir ki, niyə bu oldu? Mən istəyərəm ki, 16 yaşıma geri qayıdam. Geri qayıdım, elədiyim səhvə yol verməyim”.

16 yaşına qayıtmaq istəyən Xədicə Qurbanova indi 24 yaşlı tənha anadır. Üçüncü övladı bətnində ikən həyat yoldaşı tərəfindən tərk edilib.

“Hamilə olanda daha asan gəlirdi. İşləyirdim. Amma indi körpəni təhvil verəbiləcəyim heç kimim yoxdu. Gedirəm qonşuya, deyirəm, gəlim uşaqla evini təmizləyim. 5 manat verərsən, çox istəmirəm. Sağ olsun onlar da, elə köməklik edirlər. Uşağı yanımda aparıram, 5-3 manat qazanıram. Çörək alıram, "pampers" alıram körpəyə”.

Xədicə Qurbanova nə dövlətdən sosial yardım ala bilir, nə də keçmiş həyat yoldaşından uşaqları üçün aliment. Təmizlikçiliklə əlinə keçirdiyi pulu da qaldıqları evin kirayəsinə ödəməli olur.

“Hökümətdən heç nə almıram. Süd pulu düşür. Mən gərək rayona gedəm. Gedib orada düzəltdirəm. Getməyə də pul yoxdu. Mən heç bir ədəd çörək ala bilmirəm. Oğlumun ayağında problem var. Pullu dəmrov xəstəliyi var ayağında. Bir oğluma pensiya düzəltsələr, ya sosial düzəltsələr… Bir də ki, bir otaqlı evim olsa, bilərəm ki, kirayə vermirəm. Gedim işləyirəmsə, qazandığımı uşaqlarıma xərcləyə bilirəm. Hər ay gəlir, vallah adam utanır. Haçana kimi deyəsən ki, pulum yoxdu. Haçana kimi kimsə səbr edə bilər ki, vermə”.

“Məktəbə getmirlər heç biri. İmkan yoxdu qoya bilmədim”.

“Bizim ailədə də atam qoyub bizi, gedib Rusiyaya. Anam baxıb bizə. Anam həmişə danışanda deyir ki, bala, mənim günüm sənə borc oldu. Mən çəkdiyim günü sən də çəkirsən”- anasının taleyini yaşayan Xədicə zənciri qırmağa qərarlıdır. Uşaqlarına fərqli gələcək qurmaq üçün tək başına mübarizə verir.

“İstəyərdim qayıdım uşaqlığıma. Oxuyam, əlimin sənəti ola… Ən çox polis olmaq istəyirdim. Bir də həkim. İndi oğlum deyir polis olacam, qızım da həkim olmaq istəyir. Mən dilənçilik etməli olsam, onları oxutduracam. Özüm arzularıma çata bilmədim, onların arzuları üçün hərşeyi edəcəm”.

Ana səhifəVideo“Dilənməli olsam da, uşaqlarımı oxutduracam”