Deputatlığa namizəd Zaqatalada posterlərinin yoxa çıxdığını bildirib

“Bundan başqa İcra nümayəndəsi Şamil Xasməmmədov məntəqənin qarşısındakı lövhədə şəkilimi yuxarı sırada asdığımı görərək, lövhəni yenidən düzənə salıb, deputat Elşən Musayevin 3 şəkilini əlavə asdıraraq, şəkilimi aşağıda yerləşdirib”.

Source: Foto: arxiv


İcra nümayəndəsi: “Əgər hər hansı şübhəsi varsa, hüquq-mühafizə orqanlarına müraciət etsin”

110 saylı Zaqatala Seçki Dairəsindən namizədliyini irəli sürən Nurlana Cəlil yerli icra nümayəndələrinin onun görüşlərinə maneçiliklər yaratdığı barədə məlumat paylaşıb.

Nurlana Cəlil yazır ki, yanvarın 21-də Muxax kəndində görüşdən bir gün sonra İcra Hakimiyyəti nümayəndələri başda olmaqla deputat və hazırda deputatlığa namizəd Elşən Musayevin tərəfdarları seçki prosesinin pozulması istiqamətində bütün addımlara rəvac verirlər.

Nurlana Cəlil oxşar situasiyanın Yuxarı Çardaxlar kəndində yaşandığını da qeyd edib:

“Kənd icra nümayəndəsi Əli Şabanov və Bələdiyyə sədri Əminət Həsənova mənə qarşı təxribat törətdilər; sözlü hücum etdilər, oturduğumuz çayxanadan insanları zorla bayıra atdıraraq, çayxananı bağlatdılar. Bir neçə kəndli buna etiraz etsə də zorbalığın öhdəsindən gəlmək olmadı. Şabanova icranın sifarişi ilə bunu etdiyini və bu davranışla qanunu pozduğunu dedim. Qarşılığında mənə cavab verdi ki, icra başçısını prezident təyin edib və o, prezindentin dediklərini edir, ona xidmət edir”.

Nurlana Cəlil ərazilərdə yaydığı posterlərinin müəmmalı şəkildə yoxa çıxdığını qeyd edib:

“Yaxud posterlər asıldığı yerlərdən məcburən çıxardılır. Bu gün Muxax, Mosul, Bəhmətli kəndlərində posterlərim yığışdırılıb. Bəhmətli kəndində mağazasından posterimi asan sahibkarları icra başçısının elçisi İdris Babayev vergi qurumları ilə təhdid edərək, şəkillərimi yığışdırmağı əmr edib. Sahibkar da qorxusundan buna əməl edib. Bundan başqa İcra nümayəndəsi Şamil Xasməmmədov məntəqənin qarşısındakı lövhədə şəkilimi yuxarı sırada asdığımı görərək, lövhəni yenidən düzənə salıb, deputat Elşən Musayevin 3 şəkilini əlavə asdıraraq, şəkilimi aşağıda yerləşdirib. Lahıc kəndində də posterimi asdığımda Lahıc kənd icra nümayəndəsi məni təqib etdi”.

Meydan TV Nurlana Cəlilin söylədikləri ilə bağlı Şamil Xasməmmədovla əlaqə saxlayıb.

Şamil Xasməmmədov N.Cəlilin söylədiklərini təkzib edib:

“Biz icra nümayəndələri Nurlana Cəlilin təbliğat kampaniyasına müdaxilə etmirik. Onun lövhələrə yapışdırılan şəkillərini biz qorumalı deyilik ki? Əgər hər hansı şübhəsi varsa, hüquq-mühafizə orqanlarına müraciət etsin, araşdırsınlar. Əgər sahibkar vergisini vaxtında ödəyirsə, icra nümayəndəsi niyə onu təhdid etməlidir? Ümumiyyətlə, prezidentin sahibkarların fəaliyyətinə müdaxilə etməməklə bağlı tapşırığı var. Biz icra nümayəndələri nə üçün onların işinə qarışmalıyıq? Bunlar hamısı yalandır”.

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısının köməkçisi Xaqani Məmmədova sorğumuza cavabında icra başçısının seçkiyə qarışmadığını bildirib:

“Hansı icra nümayəndəsi icra başçısının qanunu pozması barədə ona tapşırıq verdiyini deyər, məntiqsizdir axı”.

Ana səhifəSiyasətDeputatlığa namizəd Zaqatalada posterlərinin yoxa çıxdığını bildirib