Deputat Lənkəran Hava Limanının icarəyə verilməsini təklif edir

İqtisadçı vurğulayır ki, hava limanlarının rentabelliyini artırmaq üçün müxtəlif variantlar var.

Mənbə: Report.az


''Qapılar açılmalı, AZAL-ın inhisarçılığı sındırılmalıdır''

“Lənkəran Hava Limanı Rusiyadan olan hər hansı güclü kommersiya strukturlarından birinə təklif oluna bilər. Qismən təklif edilsə, Azərbaycanın hər hansı kommersiya strukturu ilə şərikli istifadə edilər”.

Mayın 21-də deputat Rüfət Quliyev Milli Məclisdə “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı belə deyib.

Lənkəran Hava Limanının yenidənqurulmasına 2005-ci ildə başlanıb. Limanın təmiri 2008-ci ildə başa çatıb. Elə həmin ildən bura beynəlxalq hava limanı statusu verilib.

Hazırda hava limanından həftədə bir dəfə, 5-ci gün Moskvanın Vnukova Hava Limanına reys var.

ReAl idarə heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli daxili hava limanlarının iqtisadi səmərəliliyini artırmaq üçün müxtəlif variantların olduğunu deyir. Onun fikrincə, bu variantlardan biri də hava limanlarını xarici şirkətlərə icarəyə verməkdir:

“Yalnız Rusiya şirkətləri nəzərə alınmamalıdır. Açıq tender elan olunmalıdır. Yaxud Gürcüstan nümunəsindən istifadə etmək olar. Onların Kutaisi Hava Limanı çox az istifadə edilirdi. Macarıstanın aşağıbüdcəli avaşirkəti olan “WizzAir”-ə icarəyə veriləndən hava limanında canlanma yaranıb. Bu şirkət çox aşağı qiymətlərlə buradan uçuşlar həyata keçirir”.

N. Cəfərli deyir ki, Kutaisidən hazırda Avropanın 10-dan artıq ölkəsinə, 30-dan çox şəhərinə ucuz uçuşlar təşkil edilir:

“Azərbaycanlılar belə Avropaya Kutaisidən uçurlar. Bu mənada Lənkəran Hava Limanını o cür beynəlxalq şirkətlərə icarəyə verib, ucuz reyslər təşkil edəndən sonra mənzərə dəyişə bilər. Bu, yalnız Lənkərana yox, digər hava limanlarına da aid edilməlidir, Qəbələ, Zaqatala və digərlərinə. Qapılar açılmalıdır və AZAL-ın inhisarçılığı sındırılmalıdır. Bu şirkətin inhisarçılığı xarici şirkətlərin Azərbaycana ucuz uçuşuna imkan vermir”.

Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadçı vurğulayır ki, hava limanlarının rentabelliyini artırmaq üçün müxtəlif variantlar var. Sadəcə, Azərbaycanda biznes məntiqi işləmir və dövlət bütün sahələrdə hegemon olmağa çalışdığından büdcə vəsaitini boş yerə xərcləməklə məşğuldur.

Türkiyənin aşağıbüdcəli aviaşirkəti olan “Pegasus” 2015-ci ilin martından həftədə 3 dəfə Qəbələ-İstanbul və İstanbul-Qəbələ reysini həyata keçirirdi.

Ancaq qısa zaman sonra şirkət reysi bağladı. “Pegasus”-un Biznes İnkişafı Departamentinin direktoru Ozan Ortaç açıqlama verərək bildirdi ki, şirkətin Qəbələ reysləri gözlənən nəticəni verməyib, uçuşlar gəlirli olmayıb. Zərər etməmək üçün reysləri bağlamalı olublar.

Sərnişinlərin çoxu Bakıdan olduğundan, şirkət nümayəndəliyi ayrıca Bakı-Qəbələ və Qəbələ-Bakı avtobus marşrutu da açmışdı. Gediş-gəliş qiymətləri isə 15 manat civarında idi.

Səyahət yazarları və iqtisadçılar “Pegasus”un Azərbaycanda davam gətirə bilməyən ilk aşağıbüdcəli aviaşirkət olmadığını deyirlər. Daha öncə də ucuz uçuş həyata keçirən hava yolları ilə problemlər yaşanıb. Məsələn, 2014-cü ilin oktyabrına qədər Macarıstanın “WizzAir” aviaşirkəti Bakı-Budapeşt reysini həyata keçirirdi. 2013-cü ildə Bakı-Budapeşt-Bakı reysinin qiyməti 40-60 avro arası dəyişirdi. Sonra Bakıdan Avropaya ən ucuz çıxış olan bu reys bağlandı. Sonradan isə yenidən bərpa edildi. Ancaq əvvəlki qiymətlərdən bir qədər baha. Hazırda gediş-gəliş təxminən 100-200 avro arası dəyişir.

“WizzAir”-in ölkəyə ikinci dönüşü zamanı “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Arif Məmmədov jurnalistlərə açıqlamasında bildirmişdi ki, macar aviaşirkətinə Budapeştə uçuşları Qəbələdən yerinə yetirmək təklif olunsa da, onlar bunu qəbul etməyiblər. Bakıdan uçmaqda israr ediblər. Son nəticədə AZAL “WizzAir”-lə razılaşıb.

“Pegasus”, “OnurAir”, “AtlasJet” – bunlar Türkiyənin aşağı büdcəli aviaşirkətləridir. Bir ara “OnurAir” Gəncədən İstanbula uçuşlar həyata keçirirdi. Həmin reys də “Pegasus” Qəbələ-İstanbul reysi kimi bağlandı. Avropanın da aşağı büdcəli aviaşirkətləri var. Məsələn, “RyanAir”, “EasyJet”, “German Wings”, “WizzAir”, “Corendon”, “Vueling” və s. Bunlardan cəmi birinin, “WizzAir”-in Azərbaycana çıxışı var. O da çoxsaylı mübahisələrdən sonra…

Ana səhifəXəbərlərDeputat Lənkəran Hava Limanının icarəyə verilməsini təklif edir