Daha bir AXCP üzvü inzibati cəza aldı

Tural Atakişiyev polisin tələbinə tabe olmamaqda təqsirləndirilir

Source: Meydan TV


Tural Atakişiyev polisin tələbinə tabe olmamaqda təqsirləndirilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha bir fəalı Tural Atakişiyev həbs olunub. Avqustun 11-də Xətai Rayon Məhkəməsində onun 30 günlük inzibati həbsi barədə qərar çıxarılıb. Hakim Cavid Hüseynin çıxardığı qərara əsasən, cəbhəçi gənc İnzibati Xətalar Məcəlləsinin 535.1 (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddəsilə təqsirli bilinib. Bu barədə Meydan TV-yə partiyanın mətbuat xidmətindən məlumat verilib.

AXCP-dən bildirilib ki, T.Atakişiyevi dörd gün əvvəl də saxlayıb, sonradan buraxmışdılar.

Avqustun 11-də həmçinin Qarabağ yürüşünə görə iyulun 16-da saxlanılıb, bir gün sonra buraxılan AXCP üzvü Mətanət Mahmarzayevanın mənzilində axtarış aparılıb. M.Mahmarzayevanın verdiyi məlumata görə, axtarışa gələnlərin əlində Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun imzaladığı qərar olub. Baş Prokurorluğun İstintaq İdarəsində araşdırılan, Qarabağ yürüşü ilə bağlı cinayət işi üzrə bu qərar verilib.

Son yarım ay ərzində AXCP-nin 45 fəalı saxlanılıb. Onlardan 18 nəfərə karantin rejimini pozma ittihamıyla 30 sutka həbs cəzası verilib. Daha 17 nəfər haqqında cinayət işi başlanaraq, barələrində istintaq dövrü üçün həbs-qətimkan tədbiri seçilib. 10 nəfər isə sərbəst buraxılıb.

AXCP bu həbslərin repressiya olduğunu və Prezident İlham Əliyevin 15 iyulda Nazirlər Kabinetinin iclasında Xalq Cəbhəsi haqda nifrət çıxışından qaynaqlandığını bəyan edib. Partiyadan bildirilib ki, ittihamlar uydurmadır, həmin gün dövlət çevrilişi etməkdə ittiham olunan Fuad Qəhrəmanlı və Məmməd İbrahim və sıra başqa cəbhəçilər ümumiyyətlə, yürüşdə iştirak etməyib.

Ana səhifəXəbərlərDaha bir AXCP üzvü inzibati cəza aldı