Yadigar Sadıqlı

Источник: Meydan TV

Başlıq: Yadigar Sadıqlı

Corc Bleyk, “Qızıl” əməliyyatı və 42 il həbs

KQB-nin bu qədər qoruduğu qiymətli agenti banal xəyanətin güdazına getdi

2020-ci ilin son günlərində, dekabrın 26-da soyuq müharibə dövrünün ən görkəmli casuslarından biri Corc Bleykin vəfat etməsi xəbəri yayıldı. Bleyk sovet kəşfiyyatının xeyrinə məhsuldar fəaliyyəti, ifşa olunduqdan sonra Britaniya tarixində görünməmiş 42 illik həbs cəzası və heyrətamiz qaçışı ilə məşhur idi.

***

Corc Bleyk (ilkin soyadı Behar) 1922-ci ildə Niderlandda, Rotterdam şəhərində anadan olub. Anası holland, atası isə Misir əsilli, Britaniya vətəndaşlığı almış yəhudi idi. Atasının 1936-cı ildə ölümündən sonra yeniyetmə Corc bir müddət Qahirədə, bibisinin yanında qalır və burada təhsil alır. Üç il sonra vətəninə qayıdır.

1940-cı il mayın 10-da nasist Almaniyası Niderlanda hücum edir. Almanlar kiçik ölkəni birgünə məğlub edəcəklərini düşünürdülər, amma hollandlar daha ciddi müqavimət göstərirlər, döyüşlər beş gün çəkir. Bu zaman Corcun doğma Rotterdam şəhəri amansız aviasiya hücumuna məruz qalır və İkinci Dünya müharibəsi zamanı total dağıntıya uğrayan ilk şəhər olur.

İki il müddətində gizli müqavimət hərəkatında iştirak edən Corc 1942-ci ildə İspaniyadan keçərək İngiltərəyə gedir. Onun anası və bacıları hələ müharibənin əvvəllərindən burada idilər. Anasının təşəbbüsü ilə ailənin Behar soyadını Bleyk ilə dəyişməsi də bu zaman baş verir.

Corc Bleyk İngiltərədə əvvəlcə hərbi-dəniz donanmasında xidmət edir, 1944-cü ildə isə Məxfi Kəşfiyyat Xidmətində (daha çox Mİ-6 kimi tanınan SİS - Secret Intelligence Service) işləməyə başlayır. Müharibə bitənə qədər SİS-in Niderlandda keçirdiyi əməliyyatlarla məşğul olur. 1946-1947-ci illərdə işğal altındakı Almaniyanın Britaniya işğal zonasında fəaliyyət göstərən Bleyk, növbəti bir ili İngiltərədə rus dilini öyrənir. 1948-ci ilin payızında isə o, vitse-konsul vəzifəsi altında kəşfiyyat məqsədilə Seula göndərilir.

***

1904-1905-ci illərdə Rusiya ilə müharibədən qalib çıxan Yaponiya Koreya yarımadası üzərində əvvəlcə protektoratlığını elan etdi, 1910-cu ildən də öz ərazisinə qatdı. İkinci dünya müharibəsində məğlub olduqda isə yarımadanı itirdi, burada bölgü xətti 38-ci paralel olmaqla SSRİ və ABŞ-ın işğal zonası yaradıldı. Şimaldakı sovet zonasında kommunistlərin, cənubdakı Amerika zonasında isə antikommunistlərin hakimiyyəti formalaşdı. 1948-ci ildə həm sovetlər, həm amerikalılar yarımadadan çıxdılar.

Koreyaya gələn Bleykin vəzifəsi Çin və Şimali Koreya, eləcə də sovet Uzaq Şərqi haqqında məlumat toplamaq idi. Amma 1950-ci ildə şimallılar hücuma keçərək Seulu tutdu. Böyük Britaniyanın BMT mandatı altında müharibəyə qoşulmasından sonra isə ingilis diplomatları əsir alınırlar. Sonralar özünün dediyinə görə, Bleyk məhz həbsdə oxuduğu Marksın “Kapital” və Leninin “Dövlət və inqilab” əsərlərinin təsirilə, üstəlik ABŞ aviasiyasının Koreya kəndlərini bombalaması üzündən kommunist olur.

Sonralar müsahibələrinin birində deyirdi: “Hiss edirdim ki, lazım olan tərəfdə deyiləm. Bu da məni tərəfimi dəyişməyə sövq etdi. Mən əmin idim ki, kommunizmin qalib gəlməsi bəşəriyyət üçün daha yaxşı olar”. Bundan sonra Pxenyandakı SSRİ səfirliyinə məktub yazan Bleyk sovet kəşfiyyatı ilə əməkdaşlıq etmək istədiyini bildirir. Maraqlıdır ki, onun əsas şərtlərindən biri xidmətinə görə pul ödənilməməsi olur.

Corc Koreya müharibəsi bitdikdən sonra, 1953-cü ildə İngiltərəyə qayıda bilir və burada qəhrəman kimi qarşılanır. Növbəti ildə evlənir, seçdiyi qız da elə SİS əməkdaşı olur. 1955-ci ildə isə onu Berlinə göndərirlər. Bleyk burada sovet vətəndaşlarını ingilis kəşfiyyatı ilə əməkdaşlığa cəlb etməli idi.

O zaman bütün Almaniya kimi Berlin də İkinci Dünya müharibəsində qalib gələn dörd dövlətin (ABŞ, Böyük Britaniya, Fransa və SSRİ) işğal zonasına bölünmüşdü. Hələ Berlin divarı yox idi. Qərbi Berlin sakinlərinə 1954-cü ildən Şərqi Berlinə gediş-gəliş qadağan olunsa da, şərqi berlinlilər, eləcə də üçüncü dövlətlətin vətəndaşları dörd sektor arasında sərbəst hərəkət edə bilərdilər. Demək artıqdr ki, belə vəziyyət Berlini müxtəlif kəşfiyyatların oylağına çevirirdi.

Corc Bleyk Berlində sovet vətəndaşlarını əməkdaşlığa cəlb etmək və məlumat toplamaq əvəzinə artıq əməkdaşlığa cəlb olunanlar barədə sovet tərəfinə məlumat verməklə məşğul olur. Onun nə qədər Qərb kəşfiyyatçısı və əməkdaşlığa cəlb edilən casuslar barədə məlumat verməsi hələ də dəqiq məlum deyil, bəzi ehtimallar var. Məsələn, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (Central Intelligence Agency, CIA) SSRİ-də ilk əhəmiyyətli casusu sayılan Pyotr Popovun məhz Bleykin məlumatı əsasında həbs və edam olunduğu güman edilir.

Sonralar CİA-nın hazırladığı raporta əsasən, Bleyk SSRİ-yə 4720 səhifəlik məxfi sənədlər ötürüb. Onların arasında Qərb kəşfiyyatı ilə əməkdaşlıq edən agentlərlə yanaşı, SİS-in strukturu, maraqlandığı obyektlər, sosialist ölkələrinə qarşı əməliyyatları barədə məlumatlar olur. Amma onun casusluq fəaliyyətinin ən önəmli hadisəsi “Qızıl” (“Gold”) əməliyyatının ifşasıdır.

***

Corc Bleyk

Corc Bleyk

Источник: google.az

Avstriya 1938-1945-ci illərdə Almaniyanın tərkibində olduğundan İkinci Dünya müharibəsindən sonra həm ölkə, həm də paytaxt Vyana müttəfiqlər tərəfindən işğal edilərək zonalara bölünmüşdü. Burada 1949-cu ildə britaniyalılar maraqlı bir əməliyyat apardılar. Onlar guya tvid parça satan dükan aldılar və buradan tunel qazaraq sovet hərbçilərinin istifadə etdikləri telefon xəttinə qoşuldular. “Gümüş” (“Silver”) adı verilən bu əməliyyat 1952-ci ilə kimi davam etdi. Həmin il üzərindən keçən tramvayın titrəyişləri səbəbindən tunel uçdu.

Hələ Vyana tuneli işlək ikən ingilislər oxşar əməliyyatı Berlində keçirməyin mümkün olub-olmaması ilə maraqlandılar. Şərqi Berlin telefon stansiyasından əldə etdikləri məlumat sovet hərbçilərinin və diplomatlarının, eləcə də Şərqi Almaniya hökumət strukturlarının istifadə etdikləri yeraltı telefon və teleqraf xətlərinin bir yerdə Amerika zonasının yaxınlığından keçdiyini göstərirdi.

Aydın məsələdir ki, ingilislər özləri Amerika zonasında tunel qaza bilməzdilər. Buna görə də ideyanı amerikalılarla bölüşmək lazım gəldi. Onlar da dərhal əməliyyata rəhbərliyi öz əllərinə aldılar, ingilislərə “kiçik qardaş” rolu ayrıdılar. O da həqqətdir ki, ingilislər bu rola çox etiraz etmədilər, çünki amerikalılar xərcləri öz üzərilərinə götürürdülər. Əməliyyatın adı isə Vyanadakı ilə assosiasiyadan yarandı: “Qızıl”.

Böyük Britaniya tərəfindən əməliyyatda çox məhdud sayda adam iştirak edirdi. Amma o adamlardan biri Corc Bleyk idi. Nəticədə, Moskva əməliyyat barədə hələ 1953-cü ilin sonlarından, o, sadəcə müzakirə mərhələsində olanda xəbər tutdu. “Vaşinqton Post” qəzeti bu yaxınlarda Bleykin ölümünə həsr etdiyi məqalədə bunu belə təsvir edirdi: “Hələ ilk külüng alman torpağına dəymədən Bleyk çoxmilyonluq işi sabotaj etdi”.

Əməliyyat 1954-cü ildə yayın sonlarında Amerika zonasında “anbar” tikməklə başlandı. Həmin tikilinin içindən isə əvvəlcə şaquli, sonra da sovet zonasına tərəf uzanan üfüqi tunel qazıldı. Yerin 6 metr dərinliyində, insanların sərbəst hərəkət edə biləcəyi diametrdə olan tunelin uzunluğu 450 metr idi və qurtaracağında sovet tərəfinin istifadə etdiyi yeraltı telefon xəttinə qoşulurdu. Tunel o dövrün ən müasir dinləmə texnologiyaları ilə təchiz edildi. 6,5 milyon dollara başa gələn işlərdən sonra 1955-ci il mayın 11-dən etibarən telefon danışıqları dinlənilməyə başladı.

Bleykin əməkdaşlıq etdiyi SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsi (Komitet Qosudarstvennoy Bezopasnosti, KQB) tərəfi “Qızıl” əməliyyatı barədə xəbərdar olsa da, dərhal əks-tədbirlər görmədi, çünki bu, Bleyki ələ verə bilərdi. KQB öz agentini qorumaq məqsədilə sovet hərbi kəşfiyyatını və Şərqi Almaniyanın “Ştazi” Təhlükəsizlik Nazirliyini belə telefon xətlərinin dinlənilməsindən xəbərdar etmədi. Hətta Şərqi Almaniyada sovet qoşunlarının komandanı olan marşal Qreçko da məsələdən xəbərsiz idi. KQB özü isə danışıqlarını yerüstü telefon xətlərinə etibar edirdi. Yeraltı xətlərdən isə hərdən dezinformasiya ötürmək üçün istifadə olunurdu.

Belə olan halda aydın idi ki, KQB-nin əvvəlcədən xəbərdar olması məsələni ciddi surətdə dəyişmirdi. Tunel fəaliyyət göstərirdi və amerikalılar önəmli məlumat toplayırdılar. Dinləmənin qarşısı mütləq alınmalı idi, amma bunu mənbəni təhlükəyə atmadan etmək lazım idi.

Bleykin 1955-ci ildə Berlinə göndərilməsi bu istiqamətdə ilk addım oldu. Çünki o, SİS-in dinləmələrə bilavasitə aidiyyatı olan “Y” şöbəsindən uzaqlaşdı. Amma bir qədər gözləmək və inandırıcı səbəb tapmaq lazım idi. Nəhayət, dinləmələrin başlamasında 11 ay sonra belə bir bəhanə tapıldı.

1956-cı ilin aprelin ikinci ongünlüyündə Berlində bir neçə gün davam edən leysan yağışlar yağdı. Bu yağışların güya telefon əlaqəsini korladığını əsas götürərək sovet və Şərqi Almaniya hərbi rabitəçiləri xətləri yoxlamaq üçün göndərildilər. Məhz bu zaman sözügedən tunel aşkar edildi. Ertəsi gün sovet tərəfi mətbuat konfransı keçirərək baş verənləri danışdı. Hadisə dünya gündəmində partlayan bomba effekti verdi.

Tunelin aşkar olunması əməliyyatı inandırıcı alındı. Amerikalılar da, ingilislər də hər hansı xəyanətdən şübhələnmədilər və qısamüddətli araşdırmadan sonra tunelin təsadüfən aşkar olunduğu qənaətinə gəldilər. Yalnız Bleykin 1961-ci ildə həbsindən sonra gerçək səbəb bəlli oldu.

“Qızıl” əməliyyatı istənilən qədər davam etməsə də, tamamilə boşa getdiyini də söyləmək olmaz. Dinləmələr zamanı toplam 40 min saat təşkil edən yarım milyon telefon danışığı lentlərə yazıldı. Teleqraf trafiki isə 6 milyon saat təşkil edirdi. Toplanan material üzərində iş 1958-ci ilin sentyabrına kimi davam etdi.

KQB-nin bu qədər qoruduğu qiymətli agenti banal xəyanətin güdazına getdi. Bleyk özü Qərbə işləyən agentləri ələ verdiyi kimi, onu da Qərbə tərəf keçən bir kəşfiyyatçı ələ verdi. Aldığı 42 illik həbs cəzası və həbsdən heyrətamiz qaçışı haqqında isə növbəti məqalədə bəhs edəcəyəm.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/708pz9

Самое читаемое