Çernobılda radiasiya 16 dəfə artıb

Buna səbəb kimi ərazidəki meşə yanğınları göstərilir

Source: Meydan TV


Buna səbəb kimi ərazidəki meşə yanğınları göstərilir

Ukrayna dünyanın ən dəhşətli nüvə qəzasının baş verdiyi Çernobıl ətrafında meşə yanğını səbəbiylə məhdud zonada radiasiya səviyyəsinin əhəmiyyətli dərəcədə artdığını bildirib, “Guardian” xəbər verir.

“Pis xəbər var – yanğının mərkəzində radiasiya normadan artıqdır”, – Ukraynanın dövlət ekoloji müfəttiş xidmətinin rəhbəri Yeqor Firsov bazar günü “Facebook”-da bildirib.

Paylaşımda Qayqer sayğacının normadan 16 dəfə yüksək radiasiya nümayiş etdirdiyi video da yer alıb.

Firsov yazıb ki, yanğın 100 hektara yaxın əraziyə yayılıb.

Kiyev şənbə günü başlayan və Çernobıl elektrik stansiyasının yaxınlığındakı meşəlik ərazidə 20 hektar əraziyə yayılan yanğını söndürmək üçün əraziyə iki təyyarə, bir helikopter və 100-ə yaxın yanğınsöndürən səfərbər edib.

Bazar günü Fövqəladə Hallar Xidmətinin açıqlamasında deyilir ki, yanğın gözlə görünəcək səviyyədə deyil və havada radiasiya artımı müşahidə edilmir.

Bununla yanaşı qeyd edilib ki, şənbə günü bəzi ərazilərdə artan radiasiya yanğını söndürərkən “çətinliklərə” səbəb olub. Ətrafda yaşayan insanları həyati təhlükəsi olmadığı deyilir.

Çernobıl dördüncü reaktoru 1986-cı ilin aprelində partladığı zaman Avropanın böyük bir ərazisini çirkləndirib. Ən çox zərər elektrik stansiyasının ətrafındakı bölgəyə dəyib.

İnsanlara elektrik stansiyasının 30 kilometr məsafəsində yaşamağa icazə verilmir.

Çernobıldakı digər üç reaktor 2000-ci ildə elektrik stansiyası tamamilə bağlanana qədər elektrik enerjisi istehsalını davam etdirib. 2016-cı ildə dördüncü reaktorun üzərinə nəhəng qoruyucu günbəz qoyulub.

İstifadə edilməyən elektrik stansiyasının yaxınlığındakı meşələrdə yanğınlar təbii hal alıb.

Ana səhifəDünyaÇernobılda radiasiya 16 dəfə artıb