Qiyas İbrahim

Источник: Foto: Meydan TV

Başlıq: Qiyas İbrahim

Bu son. Bu başlanğıc

Seçkiyə getdik

Belə bir siyasi rejimin hakimiyyəti altında ona müxalif olaraq seçkiyə getmək üçün yetəri qədər yarımcan halda olsa da, getdik. Çünki getməliydik, gedilməli idi. Zəncirlənmiş olanlar belə o zəncirlərdən heç vaxt qurtulmayacaqlarını düşünməyib, mütləq onu ən azından silkələyirlər. Kim bilir, bəlkə də ən azı halqalardan hansısa lap çoxdan çürüyüb? Sistemin dalana dirəndiyi dəqiqdir. Bunu dilə gətirənləri utopist və s. adlandıranlar yanılırlar. Bəli, heç bir siyasi rejim kimi bizdəki də “perpetuum mobile” yəni daimi mühərrik deyil. Bəs bu tərpənişimizlə zəncirlərdən qismən qurtulmaq və ya çarxları dayandırmaq mümkün olacaqmı? Hələlik açıq qalmaqda olan sualdı amma böyük çoxluq YOX cavabını bəri başdan verib. Kaş ki, həmin böyük çoxluq o “YOX”u bu indiki sualın cavabı kimi deyil, 27 il əvvəl hansısa oktyabr günündə “HƏ”nin əvəzinə deyərdi... Həmin çoxluğun etdiyi o səhvi 27 il sonra bir ovuc azlıq (hələ ki) olan biz, az da olsa düzəltmək üçün zəif bir ümidlə cəhd etməyə çırmandıq...

“YOX” demişkən, bizdə növbədənkənar seçkinin elan olunduğu gündən bu günə, yəni artıq seçki prosesinin yekun mərhələsi başlayan günə qədər baş verənlər, çilili rejissor Pablo Larrainin 2012-ci ildə çəkdiyi məşhur “NO” filmi ilə böyük bir oxşarlıq təşkil etdi. Hələlik sonu xaric, çünki bizdəkinin sonuna dair yuxarıda qoyulan suala əksəriyyətin cavabı elə əvvəlcədən “YOX” olsa da, 9 fevraldan sonrakı tarixdə daha nəyin yox olub-olmayacağını konkret bilmirik. Bir çoxu üçün nəhəng dalğalara qarşı boşuna avar çəkməkdəyik. Bəlkə də, amma dalğaların bizi hansı sahilə atacağı ki dəqiq deyil. İzlənməyə dəyər “NO” filmində hadisələr Çilidə baş verir, o Çilidə ki, xalqın azad iradəsi ilə, demokratik yolla seçilən solçu lider Salvador Allende 1973-cü ildə xalqın iradəsinə qarşı gəlinərək, öz generalı Auqusto Pinoçet başçılığında, Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin dəstəyi ilə edilən hərbi çevrilişlə hakimiyyətdən devrilir. Tarixdən də bildiyimiz kimi, Pinoçet iqtidarda öz diktaturasını elan edərək, Çilidə bütün siyasi azadlıqları ortadan qaldırır. Çili irəlidəki 15 il üçün o dövr bir çox Latın Amerikası ölkəsinin taleyinə düşəcək qara paydan ilk nəsibini alaraq, neo-liberal kapitalizmin periferiya ölkələrində siyasi diktatura ilə doğulduğu yer olur.

Diktatorlar nə edər? Heç bir insan haqqını tanımaz. Bəli, Pinoçet də eynisini edir, həbslər, təqiblər, avtoritar dövlətin cinayətləri. 1988-ci il, 15 il keçib və qoca Pinoçetin siyasi diktaturasının qürub çağı yetişir, dünyanın istismarçı hegemoniyaları artıq 15 il ərzində Çilidən ala biləcəklərini almışdılar və siyasi meydan artıq müxalifət tərəfindən Çili hakimiyyətinə təzyiqlərin edilə bilməsi üçün nisbətən genişləmişdi. Beynəlxalq təşkilatların da basqısı artıq Pinoçeti sıxışdırmaqda idi. Müxalif qruplar bundan ümdilənməyə başlamışdılar. Güc yolu ilə hakimiyyəti almış qoca diktator təzyiqlərin qarşılığında demokrat qiyafəsi geyinməyə məcbur qalır. O, referendum təyin edir; hakimiyyətə gəlişi xalqa qarşı olaraq baş versə də, gedişini xalq müəyyən etməlidir. Referendumda Çili xalqına yalnız bir sual verilir: Pinoçet daha bir period hakimiyyətdə qalsınmı? Və yalnız dilemma: HƏ, yaxud YOX. Uzun müddət sonra ölkədə siyasi canlanma baş qaldırır, müxalif qruplar arasında ciddi müzakirələr, mübahisələr konflikt həddinə çatır. Bunun dünyanın gözünə kül üfürmək olduğunu, referendumun heç bir halda düzgün keçirilməyəcəyini, Pinoçetin hələ də istədiyi kimi müdaxilə edəcək qədər güclü olduğunu və istədiyi kimi saxtakarlıq edəcəyini və yenə zor işlədəcəyini, beləliklə də, demokratiya imitasiyası edərək hakimiyyətdə qalacağını israrla deyənlər, referendumda iştirak edib xalqı “YOX” deməsi üçün təşviq edən müxalif qrupları diktatorun demokratiya oyununa alət olmaqda ittiham edirlər. Ancaq nəhayətində seçki qutusunu Pandoranın qutusu kimi təsəvvür edib onun içində ən azından ümidin qaldığını fikirləşənlər müxaliflərin çoxluğunu təşkil edir və referendumda birgə iştirak qərarı verərək “YOX” uğrunda kampaniya başladırlar. Kampaniyanın gedişi də ciddi müzakirə və mübahisələrsiz ötüşmür. Bir qism təkid edir ki, kampaniyada istifadə ediləcək tv çarxlarının kontenti mütləq və mütləq diktaturanın ölkədə 15 il ərzində etdiyi əxlaqsızlıqlar, zorakılıq, ədalətsizlik və insan haqları pozuntularını göstərməkdən ibarət olmalıdır. Sən demə, 15 ildir bunları canlı şəkildə yaşayan və kütləvi müqavimət göstərə bilməyən Çili xalqı, 15 il sonra referendum kampaniyası zamanı bütün bunların xülasəsini tv ekranlarından video çarxlar şəklində görüb “oyanacaq” və axın-axın “YOX” deməyə gedəcəkmiş... Amma reklamçı Rene Saavedra fərqli düşünür, 15 il ərzində bütün bunları canlı olaraq yaşayan xalq ciddi bir reaksiya verməyibsə, indi tv ekranlarında patetik həyat hekayələrinin göstərilməsinin və mərsiyyə deməyin mənası yoxdur. “YOX” təşviqatçıları qərar verir: İnsanlar gülümsədilməlidir. “YOX”çular sona qədər təzyiq altında qalsalar və həyatları təhdid edilsə belə, apardıqları kampaniya ilə insanları gülümsədirlər, Çili xalqı yalnız “YOX” deyəcəyi halda, yalnız Pinoçetin iqtidarı bitəcəyi halda bu kampaniyadakı kimi gülməyə davam edəcəyinə inanır. Qərar vermək günü. “Pinoçet qalsınmı?” Çili xalqı “YOX” deyir. Pinoçet gedir... Sən demə, o imitasiya edəcək qədər güclü deyilmiş və referendumu saxtalaşdırmağa və daha sonrasında da istədiyi qədər zor tətbiq etməyə cəsarəti artıq tükənibmiş. Əslində isə blef, insanları “YOX” deməyə səsləyən müxalif qruplara edilən təzyiq və təhdid imiş. [1]

Və 2020-ci il, Azərbaycan. İki aydır ki, düşünürük bu necə bir imitasiya olacaq? Seçkiyə gedənlər olaraq belə bunu düşünürük. Siyasi rejimin təzyiqləri blefdirmi? Axı olduğu kimi davam etmək üçün nə qədər gücü qalıb? Tez-tələsik elan etdiyi bu seçkidə nə edəcək? Hazırlıqlar tək bir şeyi göstərir: Ənənəvi saxtakarlıq və zorakı təzyiq işartıları. Siyasi literaturada “rəqabətcil avtoritarizm” deyə bir anlayış mövcuddur. Bu, müxalif siyasi qrupların pis, yaxşı mövcud olduğu və seçkilərin davamlı keçirdildiyi, lakin müxalif qrupların mütəmadi təyiqə məruz qaldığı və kütləvi informasiya vasitələrinə əlinin çox-çox limitli şəkildə çatdığı bir siyasi şəraiti ifadə edir. 2003-cü ilə qədər olanları nə qədər demokratiya adlandırmaq olar sualı bir tərəfə, ancaq 2003-dən bu yana ölkənin siyasi şəraitini təsvir etmək üçün “rəqabətcil avtoritarizm” sözünün yetərli bir ifadə olduğunu fikirləşirəm. İndiki halda internet həmin o media əl çatarlığı limitini təşkil edir. Qəbul edək, bir periferiya ölkəsində axı hansı iqtidar avtoritarlaşmağa meyl etməzdi və etməz ? Hətta bir çevrə kapitalizmi ölkəsindən nisbətən daha irəlidə sayıla biləcək Türkiyədə belə iqtidarın necə bir avtoritarizm eşqinə düşdüyü gözlərimizin önündə baş verdi. Deməli, bütün böyük günah, iqtidar deyilən şeyin bu xarakterini sonuna kimi dərk etməyərək illər boyunca ondan demokrtik olmağı və hansısa islahatlar etməyi uman bizdə olub – müxaliflərdə. Bu səhvləri kimin qəbul edib, kimin etməyəcəyinin çox da əhəmiyyəti olmamalıdır. Biz, demək olar ki, böyük ölçüdə indiyə qədər anlamamışıq ki, “Azadlıq yalnız müxalif olanın azadlığıdır” [2]. Bəs 2020-ci ilin bu günü üçün bunu yetəri qədər başa düşdükmü? Başa-düşmüşüksə, bu ana qədər nə etdik və nə etməli idik. Baxaq, və etdiklərimizin və edəcəklərimizin nəticəsində nə olacağına dair ümidli? yaxud ümidsiz olmasından asılı olmayaraq hələlik sonuncu ehtimalı edək. “Rəqabətcil avtoritarizm” deyə biləcəyimiz bir siyasi hakimiyyətdə nələrisə dəyişə bilmək üçün müxalif olanların qarşısında dörd çətin vəzifə dayanır: Seçki blokunun yaradılması, rejimin seçkini uduzacağına xalqı inandırmaq, seçkilərdə iştirakı art;rmaq və seçiciləri müxalif bloku dəstəkləmək üçün tamamilə razı salmaq. Şübhəsiz ki, bunlar sehirli düstur deyil, ancaq belə bir avtoritar rejim şəraitində çarxı geri fırlatmaq üçün gərəkən zəruri minimal şərtlərdir [3]. Palitoloqlar Valerie Bunce və Sharon Wolchik bizimki kimi rejimlərdə hansısa seçki prosesi və sonrasında baş verənlərin nəticəsi olaraq hakimiyyətdəki qrupun müxalifət tərəfindən məğlubiyyətə uğradılıb-uğradılmamasının səbəblərini heç də bütünlüklə həmin ölkənin iqtisadi vəziyyətinə və siyasi rejimlərin struktural səlahiyyətlərinə bağlamağın kifayət olmadığını vurğulayırlar. Nə də ki, ölkə müxalifətinə beynəlxalq dəstəyin ölçüsü heç də həlledici rol oynamır. Yəni, ölkənin iqtisadi vəziyyəti də, iqtidarın əlində olanla nə edəcəyi də bir yana, müxalifət öz əlində olanla nə edir və necə edir? Müxaliflər nə etməli? Bütöv bir cəbhə şəklində birləşməli və koalisiya quraraq seçkidə namizəd və ya namizədlərini ortaq şəkildə təyin etməlidirlər; sivil toplum və siyasi müxaliflər arasında iş ortaqlığı yüksək səviyyədə təşkil olunmalıdır; bütün ölkə üzrə insanların dəstəyini almaq üçün yetəri qədər enerji ilə kampaniya aparmalı; kütlələrə necə xitab ediləcəyini müəyyən etməli; seçki yoluyla dəyişikliyi hədəfləyən gənclik hərəkatlarının ortaya çıxmasına xüsusilə ciddi dəstək verməli; nisbətən maliyyə qaynağına həmçinin siyasi təlimdən keçmiş təşkilatlanmalar yaradaraq belə qrupların vasitəsilə seçki prosesinin texniki tərəflərini, konkret desək, seçki məntəqələrinin güclü nəzarətini təşkil etməli [4]. Etməli idilər, etməli idik. Edə bildikmi? Əslinə qalsa, bu dəfə nələrinsə fərqli şəkildə nəticələnməsi üçün əlimizdə imkan vardı ki, sadalanan şərtlərdən böyük qismini təmin edək. Daha doğrusu, demək olar ki, bu şərtlər hamısı bir-birinə zəncirvari şəkildə bağlıdı. Hər şey özünü həqiqətən müxalif sayan qüvvələrin yumruğu birlikdə sıxıb ortaq namizədləri olan ağıllı-başlı bir koalisiya qurmasında idi. “Koalisiyalar” qurduq, kim kefi necə istəyirsə elə... Bir qism gənclər XIX əsrin rus narodnikləri sayaq evlərə, həyətlərə səpələnərək, dağınıq şəkildə də olsa nələrsə etmək həvəsinə gəldi. Politoloqların vurğuladıqları şərtlərə bir də diqqət etdikdə deyə bilərik ki, orda deyilənlərin hərəsindən bir az etmişik, amma heç birini tam etməmişik. Bəs niyə? Soruşsaq, bunu çox sadə bir cavabı var, seçki deyilən prosesə bir ay qalmış, hələ də “boykot, yoxsa iştirak?” davasının getdiyi bir şəraitdə bundan yaxşısına ümid edəcək qədər sadəlövh ola bilmərik. Müxalif sayılan digərləri yuxarıda “NO” filmindəki hadisələr misalında çəkdiyim kimi, prosesə qoşulan hamını xain elan edib, “əsl müxalifət” olmasından sosial şəbəkələrdə bolluca dəm vurmaqdadır. Və oturub, “İnqilab” adlı “Deus Ex Machine” yəni, “maşından tanrı”nı gözləyir. Bu “İnqilab” ara qarışıb, məzhəbin itdiyi vaxtda, eynən antik yunan teatrlarındakı “maşından tanrı” kimi göydən sallanaraq, hər şeyi özü yerbəyer edəcəkmiş. Where is revolution? [5].

Ancaq fikirləşirəm ki, əvvəldə də dediyim kimi, nə olursa-olsun biz bu seçkiyə qatılmalı idik. Nəyin nə qədər dəyişəcəyini, nəhayətində dəyişiklik üçün labüd hansı şərtləri nə qədər yerinə yetirib-yetirmədiyimizdən asılı olmayaraq, çox düşünməməli idik. Hərəkət etməliydik, bu ölkənin seçkilərdə hərəkət edilməsinə ehtiyacı vardı. İnqilabın hansı saatda olacağını heç vaxt bilə bilmərik, göydən düşməyəcəyisə dəqiqdir. Bizdən əvvəlkilərin bir çoxu siyasi rejimə qarşı mübarizəni uduzmuş oldular deyə bilərik. Ancaq daha çox özləriylə olan mübarizədə məğlub olmuşdular. Yeni nəsil, siyasi rejimlə qarşıdurmadan əvvəl özünün özüylə olan mübarizəsində qalib gəlməyə məcburdu. Gücü əlində tutanların nə etmək istədiyi aşağı-yuxarı hər zaman məlumdur. Biz nə etməli olduğumuzu daha yaxşı dərk eləməliyik, elə bunun üçün də özümüzə qalib gəlməliyik. Bu seçki və sonrasında olacaqlar nə olursa olsun, hər necəsə bir son və bir başlanğıc olacaq.

[1] “NO” (film), Pablo Larrain

[2] Rose Luxemburg

[3], [4] Bunce V. J. and Wolchik S.L. – Defeating dictators: Electoral change and stability in competitive authoritarian regimes.

[5]”Where is revelotion?” – Depeche Mode.

https://www.youtube.com/watch?v=jsCR05oKROA

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/tmlfkm

Самое читаемое